525.Az

ABŞ yeni enerji alyansı yaradır


 

ABŞ  yeni enerji alyansı yaradır <b style="color:red"></b>

Prezident Co Bayden administrasiyası qlobal yanacaq bazarında yaranmış vəziyyətdən narahatdır və yanacaq bazarının effektiv tənzimlənməsi üçün mexanizmlər yaratmaq niyyətindədir. Prezident əvvəlcə ölkənin strateji ehtiyatlarından 50 milyon barel neftin satılması ilə bağlı fərman imzaladı.  Bu addımın Çin, Hindistan, Yaponiya və Böyük Britaniya tərəfindən dəstəklənməsi artıq öz təsirlərini göstərməyə başlayıb. İlk dəfə son üç ayda neftin qiymətində ucuzlaşma baş verib. Brent markalı neftin bir barelinin qiyməti 85 dollardan 75 dollara qədər ucuzlaşıb.

Lakin Vaşinqtonda anlayırlar ki, bu, yetərli deyil və əsas məsələ neft bazarında ciddi təsir rıçaqları əldə etməkdir. Keçmiş prezident Donald Tramp neft sektoruna, o cümlədən, şist sektoruna üstünlük verməklə bu problemin öhdəsindən gələ bilmişdi. Trampın hakimiyyəti illərində ABŞ-da benzinin qiyməti ən aşağı səviyyəyə düşmüşdü. Trampın reytinqinin daima yüksək olmasının səbəblərindən biri də benzinin qiymətinin aşağı olması idi. İndi neftin bahalaşması ilə ABŞ-da benzinin qiyməti də yüksəlib və bu da prezident Co Baydenin reytinqinin aşağı düşməsinə səbəb olub.

Co Baydenin "Yaşıl enerji" siyasətinə üstünlük verməsi, əksər dünya maliyyə nəhənglərinin karbohidrogenlərə investisiya qoymayacaqlarını açıqlamaları dünya neft-qaz bazarlarında vəziyyətin gərginləşməsinə səbəb olmuşdu.

Neft bazarlarını "şist barelləri ilə doldurmaq" artıq mümkün deyil. Üstəlik, strateji ehtiyatlarından neft satmaqla dünya enerji bazarlarında nəzarəti əla almaq mümkün deyil. Bunun üçün də yeni mexanizmlər yaratmaq lazımdır. Ona görə də ABŞ neft və qaz ticarəti ilə məşğul olan ölkələr üçün yeni platforma - Tullantısız Enerji İstehsalçıları Forumu formalaşdırır. Bu təşəbbüsün məqsədi göz qabağındadır. ABŞ neft və qazın hasilatına, nəqlinə və satışına nəzarət mexanizmi yaratmaq istəyir. Karbohidrogen layihələrinin maliyyələşdirilməsi bu platformaya bağlanacaq. Platformaya qoşulmayanlar cərimə ödəmək məcburiyyətində qalacaqlar. Yəni ya siz ABŞ-la birlikdə "yaşıl enerji" tərəfdarısınız, ya da çirkli tullantılara görə cərimə ödəmli olacaqsınız.

Artıq yeni enerji alyansında təmsil olunacaq bəzi ölkələrin adı məlumdur. Kanada, Norveç, Qətər və Səudiyyə Ərəbistanı ABŞ-ın təşəbbüsünə qoşulmağa hazırdır. OPEC-in aparıcı üzvlərindən biri olan Səudiyyə Ərəbistanının ABŞ-ın təşəbbüsünə qoşulması Rusiyada narahatlığa səbəb olub. Moskvada belə hesab edirlər ki, Səudiyyə Ərəbistanının ABŞ-ın təşəbbüsünə qoşulması müttəfiqlik öhdəlikləridən irəli gəlir.

ABŞ-ın bütün təşəbbüslərinə baxmayaraq, hələlik dünya enerji bazarlarında gərginlik qalmaqdadır və havalar soyuduqca bu gərginlik daha da artır. Rusiya isə aydın görünür ki, bu gərginliyi artırmaqda maraqlıdır. Dünya enerji bazarlarında yaranmış vəziyyətə görə isə Rusiyanın qaz nəhəngi "Qazprom" ittiham olunur. Belə görünür ki, dünya enerji bazarlarında çox sərt mübarizə gedir. Rusiya taktiki siyasəti, ABŞ isə strateji hədəfləri ilə enerji bazarlarında nəzarəti öz təsiri altına almağa çalışır. 
 

 





19.12.2021    çap et  çap et