525.Az

"Əllərimə ağlama, ağlama, qızcığaz..." - Nurəngiz GÜN


 

"Əllərimə ağlama, ağlama, qızcığaz..." -<b style="color:red"> Nurəngiz GÜN</b>

QƏFƏS BÜLBÜLÜ

...Pulum olmasaydı,
              ala bilərdimmi
              bu qəfəs bülbülünü?
Düz bir il əvvəl
              itiribmiş
              çəmənini, gülünü.
Bir mahir ovçunun
              şikarı bülbül!
El içində sevdalı eşqinin
              aşkarı bülbül!
Uç, uç!
Aldım bu qəfəsi,
açdım bu qəfəsi,
Açdım və buraxdım səni.
Uç, uç!
Geniş ormanlar yaxşıdır.
Baxma ki, pələngi, aslanı var.
Uç, uç!
Ormanlar bir yaşıl nağılın yağışıdır.
Pulum çatdı
               bu biricik qəfəs azadlığına.
Və əgər,
İşdi-şayəd,
           pulum daha çox olarsa,
onda açıb buraxacam
dünyadakı
bütün
        haqsız
               qəfəs düçarlarını!
                                               1979

ÜRƏYİMİ EŞİT, DÜNYA

Dünya çiyinlərimdə,
çiynim dünyadan ağır,
endirdim başımı çiynimin üstə,
gördüm qollarım yoxdur.
İki qolum - iki budaq.
İki qolum ikisi də dirəndilər göy üzünə...
Baxdım, bədən torpaq üstə,
iki qolum ikisi də
üzür keçir göy üzündən.

Ürəyimi eşit, dünya! 
Qollarım hövl eyləmiş, 
Torpaq iki haçadır, 
Körpu heyrət içində, 
Məftillər qocalıbdır.
Gör haçandır 
iki yol arasında 
qollar naçar qalıbdır! 

Dünya! Mənə həyan ol, 
Göyləri səksəndirmə, 
qollarım yol gedəsidir, 
Onu həsrət uçurub, 
qollarıma ana ol, 
qollarım yorulubdur, 
qollarımı ovundur!

Dünya, mənə yiyə dur! 
O sahilə... baxınca 
ürəyim suya dönür, 
Bədən qolsuz çırpınır, 
yerə-göyə sığınmır,
Dağlar boy vermir mənə, 
barı allah göyündə 
qollarıma yol eylə!

Dünya, özün cavab ver! 
Mənim bədənsiz qollarım 
gül-çiçək çələngini 
görən necə tutacaq? 
Dönüb bir cüt quş olunca 
ağarıb göy üzündə 
bədənsiz necə uçacaq? 
Ömrü darda, başı qalda, 
o təklənən torpağımı... 
görən, havax, hansı üzlə 
hansı təşviş içində... 
necə, nə cür qucacaq?!.
                    1990

GƏL BİRLİKDƏ UNUDAQ

Əllərimin içinə ağlama, 
ağlama qızcığaz, 
ağlama, canım, həyanım! 
Bilirəm, 
yox məndən qeyri kimsəyə gümanın. 
Sənə verəcəyim - 
Hələlik bunlardır: 
Çörək, su, yataq... 
Anan da ola bilərəm. 
Amma nə dadını, nə qoxusunu 
verə bilərəm ananın 
heç cürə. 
İllərdir, mən özüm gəzirəm 
itirdiyim o tamı, o duyğunu. 
Gəl razılaşaq. 
Gəl, körpə qızcığaz! 
Gəl, gəl, çətin olsa da,
Gəl birlikdə unudaq 
o ana qoxulu, -
o rəngbərəng,
o "yalqızlıq" qorxulu - 
O buludunda, selində boğulduğumuz, 
O sapsarı rüzgarında solduğumuz 
O səmum yelli yuxularımızı, qız!.. 
...Çırpıldım qayaya, 
çırpıldım dağa həyan olmadı.
Nə dəniz eşitdi, nə çay eşitdi, 
duyan olmadı. 
Qıvrım telli qızcığaz!
Əllərimin içindəki qıvrım telli başını qaldır, 
Kədərini anlayıram. 
Sənin dərdin öz dərdimə uyğundur. 
Əllərimə ağlama, ağlama, qızcığaz, ağlama, 
Ovuclarım onsuz da yaş əlindən yorğundur... 
Gəl razılaşaq!
Gəl, gəl, qıvrım telli qızcığaz.
                                                    1983

MƏNDƏN SONRA OLACAQ...

Bilirəm, məndən sonra olacaq olacaqlar!
Bəlkə də şamsız qalacaq
                   bəzi ocaqlar.
Demirəm çox, bircə gün.
Göz yaşı axıdacaq evimdəki
                 künc-bucaqlar.
Demirəm çox, bircə gün.
Künclərin birindən
                müqəddəs həzrəti-Məryəm
                kədərli baxışlarını yerə dikəcək.
Künclərin birindən anamın
                  şəkli diksinəcək
                  cavan, nakam anamın!
Qızımın -
                  gözəl-göyçək bircə qızımın
                  qara gözlərindən damla-damla
                             yaş dolaşacaq.
Evim-eşiyim
               sarı günəş tellərinə bulaşacaq.
Sonra hər şey adiləşəcək.
İyirminci əsr
Başımız üstündən əsir!
Ölənin dalınca ölməyəcəklər sürət əsrində,
Ölkənin niskilini bölməyəcəklər sürət əsrində
               hardasa ağa,
               hardasa qul insanlar,
                        məşğul insanlar...
Olsun ki, bir gün, bir səhər
Yazıları birtəhər
Ya par-par zər
Üzü qara, ya qırmızı
Bir kitabım çıxar,
                   Məndən sonra, inşallah!
Ya məni həyata bağlar,
Ya özü öz içindən ağlar
                   Məndən sonra, inşallah!


ÇƏRXİ-DÖVRAN

Əl üzmüşəm ruzulardan, nemətlərdən, 
Atdım ehtiyac daşımı 
sənin o daş bərəndən.
Asılı deyiləm səndən, asılı deyiləm daha
sənin məhbəs çörəyindən.
Dərviş eylədin sən məni
hayıf çıxdın kürəyimdən,
hayıf çıxdın, mənim vətən yataqlı
yaralı ürəyimdən;
Tifağımı dağıtdın,
kölgəmi marıtladın, yorulmadın məzəndən. 
Dövran, belin qırılsın, qırdın belimi ikiyə... 
sarı... saman... çöpündən... 
həsir çarıq da geydirdin,
atdın daşlı düzlərinə, saldın məni məzənnədən! 
Barışa bilmirəm sənlə,
Mənim gülüstanımda gül əkib, tikan bitirdin,
bu torpağın üstündə sən biganələr yetirdin! 
Çərxinə bax, çərxinə!
Əhmədi-biqəmlər imiş, kef içində hərlənirmiş! 
Yoxmuş, yoxmuş! Bu torpağın nə yiyəsi, nə haqq səsi, 
Yüz ildir deşir beynimi eyni qə
fəs zənguləsi! 
Bu dərədə bu dərdə dərman, əlac, "həkim" yoxmuş, 
Yoxmuş, yoxmuş! Heç kim yoxmuş bu torpaqda.

Üzülmüşəm, əl üzmüşəm, evimdən-eşiyimdən,
Tənha qalıb yurdum-yuvam!...
Nə açarlar əlimdədi, nə qıfılı məndədi,
Nə soy-köküm, nə də tayfam olmuş mənim,
Nə adam, nə də otam, guya daşdan yaranmışam,
Məni ana doğmayıbmış!
Nə bədən, nə də başam,
nə işarar, nə yaşaram, nə də ki, mən şairəm! 
Nə ürəyim, nə də köksüm varmış mənim, 
Köksüm elə partlamaqçın yaranıbmış! 
Bir heçəmmiş bu torpaqda;
nə nağılım varmış mənim, nə nağıllı nəfəsim...
nə də nağıllarımın... bir çiçəklik töhfəsi!..
Qədri yoxmuş əllərimin -
Ölüb axan ulduzları daha oxşamayacam,
bu da bir ehtiyacmış -
yaş içində əllərimi
alıb havalı başımdan, özünə bağışlayacam! 
Yoxmuş, yoxmuş! Çəkim yoxmuş bu torpaqda.
Üzülmüşəm, əl üzmüşəm yerdən, göydən... 
Keç günahımdan, allahım,
Əl üzmüşəm dərgahından, bütün səcdəgahlardan. 
Rüsum istəyirmişlər torpağa... 
üzüqaraymış əllərim, yerim yox imiş durmağa! 
Canımı ölü eylədi 
yaratdığın ölü canlar! 
Can içində cansız bədən olmuşam, 
Sərsəm baxıram hər şeyə, 
əşyalar tərsinə durur, itirmişəm dünyamı! 
Səsimi axtarıram, gözümü axtarıram, 
Axtarıram özümü, heç cür tapa bilmirəm.
Nə solum, nə də sağım, ortada can tələsi!
Bu tələ köhnə tələ! Gör necə də dözürmüşəm!
Açdım heyvanı buraxam, gördüm orda özümmüşəm!
Bundan rəzil heç nə yoxdu mənimçin!
Yoxmuş, yoxmuş! Qanun yoxmuş şifahi həbslərə,
Qərar yoxmuş, qəlbi qəfəs edənlərə!
Fırlanır aləm başıma, daha heç nə tanımıram,
Yoxdu, yoxdu! Nə yer üzü, nə zəmilər, nə sünbüllər...
Sünbüllər səhər yelində daha o cür yellənmirlər...
Doğma deyildir əsən meh! Daha heç nəyi duymuram,
Rəng də, ahəng də eyni, həvəng də, cəng də eyni!
Artıq mənçin nə əkin, nə də biçin,
nə kətmən, nə oraq var,
İndən belə könlüm üçün nə iman, nə bayraq var!
Yoxmuş, yoxmuş! Hakim yoxmuş bu torpaqda.
Yoxmuş, yoxmuş, kimsə yoxmuş bu göylərin qatında,
Yuvam uçmuş, tayfam köçmüş!..
Boş tələymiş ...
Torpaq yoxmuş ayağımın altında! 
1983
 

 





20.12.2021    çap et  çap et