525.Az

Vətəndaşların rifahı Prezidentin siyasətinin mərkəzində


 

YENİ SOSİAL PAKETDƏN 2 MİLYON NƏFƏRDƏN ÇOX VƏTƏNDAŞ BƏHRƏLƏNƏCƏK

Vətəndaşların rifahı Prezidentin siyasətinin mərkəzində<b style="color:red"></b>

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yüksəldilməsi dövlətin sosial-iqtisadi siyasətinin prioritetləri sırasındadır. Son illərdə bu istiqamətdə ciddi addımlar atılıb, bütün sahələrdə çalışan insanların əməkhaqları, o cümlədən, pensiyalar, təqaüdlər, sosial müavinətlər artırılıb. Prezident İlham Əliyevin son sosial paket çərçivəsində imzaladığı sərəncamlar vətəndaşların rifahının yüksəlməsi, gəlirlərinin artması baxımından növbəti əhəmiyyətli addımdır. 

Dövlət başçısının yeni sərəncamları ilə minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara imkan verəcək. Ümumilikdə minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq. Bununla yanaşı, Prezident dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda - dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin, eləcə də dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayıb.  Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.  Bu artım son 3 ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Qeyd etmək lazımdır ki, son 3 ildə ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.

Dövlət başçısının dekabrın 20-də imzaladığı növbəti sərəncamlar isə əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsin, o cümlədən, 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ildə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumunu (176 manat) üstələyəcək. 

Ümumilikdə sosial islahatların aparılması üçün ötən həftə və bu həftə imzalanmış fərman və sərəncamlardan 2 milyondan çox vətəndaş bəhrələnəcək.

Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir.

Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev mövzu ilə bağlı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində ölkədə islahatlar davam etməkdə və uğurla həyata keçirilməkdədir. Onun sözlərinə görə, əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında 16 oktyabr 2021-ci il tarixli sərəncama əsasən 2022-ci ildə sosial islahatların keçirilməsi artıq reallaşır: "İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək və dövlət tərəfindən bu məqsədlə 1,5 milyard manat vəsait ayrılacaqdır. 2022-ci ilin yanvarın birindən dövlət ümumtəhsil müəssisələrində, dövlət peşə təhsili müəssisələrində çalışan müəllimlərin əmək haqqının artırılması təhsilimizə, müəllimlərimizin sosial rifah halının yaxşılaşdırılmasına göstərilən qayğı və diqqətin ifadəsidir. Əmək haqqı artımı 165 min təhsil işçisini əhatə edir və bu məqsədlə də dövlət büdcəsindən 273 milyon manat vəsaitin ayrılması nəzərdə tutulubdur.

Cənab Prezident İlham Əliyevin imzaladığı yeni sərəncamda minimum əmək haqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır və dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləği də bu sərəncama uyğunlaşdırılacaq ki, bu da çoxsaylı insanları əhatə edəcəkdir. İmzalanan bu sərəncamlar bütün sahələrdə aparılan səmərəli islahatların davamı kimi qiymətləndirilməlidir. Bu, ilk növbədə ölkənin iqtisadi inkişafından, yeni gəlir mənbələrinin aşkar edilməsindən, iqtisadiyyatın və büdcənin düzgün istiqamətləndirilməsindən xəbər verir".

Deputat deyib ki, insan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır, ən başlıca vəzifə kimi qarşıya qoyulub və bu əməli fəaliyyətdə qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır: "Cənab Prezident bütün varlığı ilə Azərbaycan xalqının xoşbəxt gələcəyinə, dövlətimizin inkişafına və beynəlxalq aləmdə tanınmasına çalışır. İmzalanan sosial sərəncamlar və həyata keçirilən çox mühüm layihələr bunun parlaq nümunəsidir".

Deputat Sevinc Hüseynova isə deyib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atdığını bir daha təsdiqləyir: "Post-müharibə və pandemiya dövründə sosial sahəyə bu qədər önəmin verilməsi bir daha göstərir ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı dayanır. Son illər ərzində Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilib.Təkcə son bir neçə ilə nəzər yetirsək, Azərbaycanda sosial təminatın yaxşılaşdırılması istiqamətində nə qədər böyük işlərin həyata keçirildiyini aydın görərik. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib. Görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb".

PƏRVANƏ

 





21.12.2021    çap et  çap et