525.Az

"...Torpağı daddırdı bizə palçıqlı gölməçələr"


 

ELVİN İNTİQAMOĞLUNUN "İKİNCİ QARABAĞ" ŞEİRLƏR SİLSİLƏSİ HAQQINDA DÜŞÜNDÜKLƏRİM

"...Torpağı daddırdı bizə palçıqlı gölməçələr"<b style="color:red"></b>

Bəzən ədəbi prosesə nəzər salıb ideal ədəbi güc axtarışına çıxanda müxtəlif çək-çevirə məruz qalırıq. Çünki tamlığı ilə dərk edilməyən zərurəti çox vaxt hətta sonu belə görünən ədəbi komponent kimi tədqiq edir, nəticədə formal əhatə yaradırıq... Zənnimizcə, ideal fövqə qalxmaq üçün ciddi-cəhdə ehtiyac yoxdur. Bu günün ədəbiyyatını (da) hər dövrdə olduğu kimi xarakterizə etmək daha məqsədəuyğundur...

Yeni ədəbi nəsil müəyyən mənada poeziyaya başqa prizmadan yanaşır. Bu yazıda biz bəsit "hoqqa çıxardanlar"dan deyil, sadə, lakin düşüncəmizdə poetik tərz qura bilən bir şairdən, yeni ədəbi nəslin barmaqları qabarlı təəssübkeşlərindən biri - içi Vətən alovu ilə bərkimiş, Vətən müharibəsinin könüllü döyüşçüsü, istedadı ilə diqqətimizdə özünə əhatə qurmağı bacarmış Elvin İntiqamoğlundan bəhs edirik. Məlumat üçün deyək ki, Elvinin şeirləri ilə "Ədəbiyyat qəzeti"nin 14 avqust 2021-ci il tarixli sayında tanış olduq. Onun poetik ruhundakı çırpıntılar, "İkinci Qarabağ" şeirlər silsiləsində özünə yer tapmış bu şeirlərin canındakı Vətən tərpənişi Elvinin üzərində gəzdiyi torpağa məhəbbəti kimi xarakterizə edilə bilər.

Bu silsilədə hansı təpər rəng tapır, qısaca şərh edək:

"Mühasirə" başlıqlı şeirdə ədəbi qayə xof və sarsıntı içində çabalamaq, hadisələrə ayıq baxışdır. 

Məsələn:

...Ölüm qorxusu deyil,
əsir düşmək qorxusudur
qorxusuz müharibənin dərd tərəfi...

***

Rabitə xətlərindən
asılı qalıb komandir:
Kömək edin, cənab polkovnik-leytenant,
kömək göndərin bizə...
Etibarsız çıxdı rabitə daşı...
Təki Vətən sağ olsun,
çıxarın daraqları -

İçindən hərə bir güllə götürsün
atsın cibə...
...Mən onda bildim güllənin tərifini -
Bir dəqiqəlik sükut,
bir ömürlük göz yaşı...

Hər iki parçada həyatın bir anı və bu səksəkədə həyəcan doğuran son iztirab, son ümid ləngər vurur. Diqqətlə nəzər yetirdikdə görürük ki, Elvinin "...Çıxarın daraqları - İçindən hərə bir güllə götürsün, atsın cibə..." təlatümü "Əsir düşmək qorxusu" qədər yaxıcıdır. Bu zərrəvi boşluqda ömür insana daha fəlsəfə kimi deyil, mənasız vadi kimi görünür. Elvin bu çətin ehtivaya qaynar hislərlə düyün vurub, oxucuda - bəşər övladında (qısa bir an üçün) aşkar bir anlayış yaratmaq istəyir. Onun "...Mən onda bildim güllənin tərifini - Bir dəqiqəlik sükut, bir ömürlük göz yaşı..." fikri insanı qaça biləcəyi son nöqtəyə qədər izləyir...

"Yağış suyu" şeirində də biz eyni poetik-ictimai komponentə şahidlik edirik:

İlahi, bizi Sən qorudun,
yenə qoru - qoyma suya uduzaq,
əlinlə sıx, suyunu çıxart buludun...

Bu zahiri məqsəd də yuxarıdakı fikrin başqa bir ictimai tərzidir; yəni ömür Allahın əlində, güllə insana nəfəs qədər yaxın, bu proses ani də baş verə bilər, gec də, əsas odur ki, Yaradan insanı hifz etsin. Elvinin qənaəti budur ki, Allah asi düşənə də rəhm edir, imanlıya da, sadəcə, ömür hansı məqamda son tapır, buna Allah hökmrandır.

Axır düşmənin qanı
Vətənin can yerinə -
Yerdən narahat olma,
sən su tök göydən yerə
qan yerinə...

Bu ricət (bu müraciət) əslində, çox poetik, çox fəlsəfidir; gənc şair ruhunda çırpınan arzulara dəmir zireh geyindirir, yerin məsuliyyətinə cavabdehlik daşıyır. Və bu simmetrik gerçəyin ilıq ovqatında həsrət çalarları da diqqət çəkir:

Həsrətində olduğumuz torpağı
daddırdı bizə palçıqlı gölməçələr...
Qoyma, yağış dayansın,
Qarabağ suyunu içənə qədər...

Uzun illərin ayrılığı son verəndə, dil də, dodaq da hər şeyə təşnə halda çat verir. Elvin "palçıqlı gölməçələr"dən aldığı rahatlığı o çat yerlərinə məlhəm edir.

"Qaya 11" şeirinin ədəbi zərurəti (isə) fövqəltəbiidir: burada atanın arzusu övladının döyüşdən salamaq qayıtmasıdır, torpağın arzusu bütöv olmaqdır. Bu iki istiqamətli yolun tən ortasında kimin duası (kimin qurbanı) hasil olur, bunu ancaq zaman bildirir. Övladı qayıtmırsa, ata, bütöv olmursa, torpaq ağı deyir. Burada mahiyyət "qurban" ziddiyyətindədir. Elvinin demək istədiyi odur ki, ata oğlunun şəhid olmasına (haradasa) tab gətirir, torpağın tapdaq altda qalmasına dözmür...

"Şəhid anası" şeirinin iç qatındakı sərbəstlik diqqətimizi fərqli səmtlərə çəkir:

Çətindi övlad qəmi,
solğunlaşıb görkəmi -
Nəyin qarşılığıydı bu,
göyə neyləmişdi ana?

Elvin (şübhəsiz) istiqanlı, vətənsevər şairdir, onun söz boxçasında çırpınan duyğular nə qədər yavaş surətə malikdirsə, bir o qədər iti yerişlidir. Belə deyək, (onun) ən sadə sözünün belə çətin anlaşılan görkəmləri var. Yuxarıdakı parçada oğlu şəhid olmuş ananın naləsində bir sakitlik də təpər tapır. Bu o anlama gəlir ki, ana üçün övlad nə qədər əzizdirsə, Vətən daha vacibdir. Gənc şair hətta acı çəkən ananın gileyində titrəyiş tapan ahı bir qədər ilıq surətə bükür, ona göz yaşını qurutmaq gücü verir...

Səmimi deyək ki, bəhs etdiyimiz şeir silsiləsində Elvin İntiqamoğlunun ötkəm ruhu, pərişan ovqatverici təsirləri aşkar sezilir. Buradakı məyusluq və giley oxucunu düşündürür, onu obrazlarla dialoq qurmağa məcbur edir. Oxucu sanki müəllifi tam anlayır, islandığı halda üşümək istəməyən duyğulara aludə olur.

Bir tərəfdən, bu şeirlərin bəzilərində obrazlar hələ vəcdin nə olduğunu bilməyən mexaniki tərpənmələrə təşnədir və bu duyğu qatındakı ruhsallıq könül aynalarının gözlə güclə görünən cizgiləri kimi xarakterizə edir.

Bu şeirlərdəki hər bir ədəbi lövhədə duyğu ilə ünsiyyətin, baxışla görmək əzminin, adi hisslə qavramaq gücünün qabarıq istiqamətləri var. Bu məqam "Şəhid qızı" şeirindən də yan keçmir:

Anan yalan danışır:
Atan evə qayıdanda oyuncaq almayacaq -
Anan gündə bir oyuncaq gətirəcək,
deyəcək atan alıb:
Atan ancaq almayacaq...

Anan yalan danışır:
Yalanlar da atan kimi bir gün yoxa çıxacaq -
Sinif yoldaşların sənə
"Şəhid qızı" deyəcək...

Bu zəruri səbəbi Elvin doğru məcrada açır, fəqət onun şeirdəki "anan yalan danışır" ifadəsi yetim qalmağın nə olduğunu bilməyən uşağa təskinlikdir. Bu "yalan" da bir gün son tapacaq və uşaq atasızlığı dərk edəndə ananın "yalanlarına" haqq qazandıracaq. Şübhəsiz, belə poetik-fəlsəfi qata çıxmağı bacarmaq Elvinin ədəbi uğurudur.

"İtkin əsgər anası"nda da ananın Vətən sızıltıları dürüst məna tapır:

- Şəkillərini sildiyim əllərimi
açıram sənə, Allah:
Mən oğlumu bayrağa,
Oğlum məni torpağa
verməmiş öldürmə məni -
Ölüsünü, dirisini
görməmiş öldürmə məni...

"Pəncərə" şeirində də "İtkin əsgər anası"ndakı kimi həyatı sabit qılan müntəzir hisslər cəmdir:

Bəlkə, uzaq dəhlizlərdən görünmür
Laçın pəncərələri -
Havası çatmır Vətənin, boğulur,
açın pəncərələri...

Elvinin, bədii sanbalı frazeoloji aftmosferdə də təfərrüata çevirə bilməsi maraq doğurur. "Havası çatmır Vətənin, boğulur, açın pəncərələri..." eyhamında metaforik zərurət frazeoloji tərzlə uyğun mənzərə qurur.

Ümumiyyətlə, (bəzən) ithaf xarakterli şeirlər zəif, ya da duyğusuz olur. Elvinin silsilə tərtibatındakı təzəlik, yenilik bizə təəccüb yaşadır. Onun şeir dili, qəlbi, təfərrüatı, heç şübhəsiz, Allahdan gəldiyi üçün bizə bu qədər yaxın düşə bilir.

Elvinin Vətən çırpıntılı bu silsiləsində (başlıca olaraq) insan varlığı fərqli izharla təcəssüm tapır. O, burada insanın maddi obyektində hansı ucalıqların qərar tutduğunu əxz edir, oxucuda bu pünhan əhatəyə maraq oyadır. Məhz bəhs olunan şeirlərdəki fövqəllik bu parıltıda bərq vurur.
Nəhayət, belə anlayırıq ki, yüksək istək və arzularda yekun, cəm kimi görünən bütün sadəliklər Elvin İntiqamoğlunun vətəndaşlıq məsləkində çoxdan bərqərardır.

Yolun işıqlı olsun, Elvin İntiqamoğlu!

 





21.12.2021    çap et  çap et