525.Az

Mələk və İblis


 

Mələk və İblis<b style="color:red"></b>

Mələk

Ali təhsil almaq üçün xarici ölkəyə üz tutmazdan əvvəl fikirləşirsən: görən, səni nə gözləyir? Samballı təhsil, qəliz imtahanlar, əcnəbi dostlar, yad dildə dərdini anlatma ehtiyacı, ara-sıra nostalji hisslər və s. Amma kim ağlına gətirə bilər ki, magistratura təhsili üçün qalxıb, İngiltərənin göbəyinə - Mançesterə gedəsən və sənin öhdənə belə bir ağır vəzifə düşə: iki gənc arasında ülvi hisslər yaratmaq, onların birgəliyi və məhəbbəti üçün dəridən-qabıqdan çıxmaq? Axı, hansı ağıllı dərsi-kitabı bir kənara atıb, bu şəxsləri necə birləşdirə, qoşalaşdıra bilərəm deyə fikir dəryasına qərq olar? Bəzən də özümə təskinlik verirəm; axı, günahım nədir ki? Yaxşı insan olmaq, məgər, qəbahətdir?!...

Hər şey ondan başladı ki, 2010-cu ilin soyuq bir qış axşamı universitetin qarşısındakı tənha parkda Bilalla büzüşə-büzüşə oturmuşduq. Dilimiz qıfıllanmışdı. Bütün günü kitabxanada notbuk və kitablar arasında qurdalanmış, mürəkkəb bir mövzuya dair referat üzərində çalışmışdıq. Bərk yorğunduq. Axşam yeməyini də qaçırmışdıq. Oxuduğum səhifələrdəki cümlələr başımda qarışqa kimi dolaşırdı. Baxışlarım uzaqlara zillənmişdi:
- Anna haqqında nə fikirləşirsən? - Bilalın ani səsi sükutu pozdu.

Ac, heysiz, dalğın birinə içində “fikirləşmə” sözü olan sual verərlər?! Qeyri-iradi dodağım qaçdı:

“Fikirləşmirəm” – deyib istehza etmək istədim, amma kiridim. Üzüm ciddiləşdi, qaşlarım çatıldı: “Bir dəqiqə. Anna haradan çıxdı? Və niyə məhz o?...” – deyə fikrə daldım.

Bilaldan bəhs edim. O da mənim kimi magistratura təhsili üçün uzaq vətəni Pakistanı tərk edib, Mançesterə gəlmişdi. Fərqli ixtisaslar üzrə oxusaq da, eyni yataqxanada qaldığımız üçün tez-tez yollarımız kəsişmiş, söhbətləşmiş və dostlaşmışdıq. Tezliklə dost çevrəmiz böyümüş, genişlənmişdi. Bilalla dərsdən sonra mütəmadi görüşür, birlikdə vaxt keçirir, əylənir və bəzən də qayğısız günlərin bədəlini ödəmək üçün kitabxana otaqlarına pərçimlənirdik.

Onunla ilk dəfə ünsiyyətdə olarkən çox yaxşı dinləyici olduğunu başa düşmüşdüm. Elə bil psixoloq idi! Otururdun yanında, danışırdın, danışırdın, içindəkiləri tökürdün çölə, rahatlanırdın və sonra yenə danışmaq istəyirdin. Bilal isə səni diqqətlə və səbrlə dinləyir, gözlərini yayındırmır, sözünü kəsmir və ən sonda şərhlərini bölüşürdü. Deyingən və günlük pəhrizində dilotu bol olan mənim kimi çox danışan biri üçün belə bir adam göydəndüşmə idi. Təzə-təzə tanış olanda mən xeyli danışmış, o isə xeyli dinləmişdi. Tezcə qərar vermişdim ki, biz mütləq dost olmalıyıq. Başqa yolu yoxdur.

Bilal ixtisası olan maliyyəni ovcunun içi kimi bilirdi, amma başqa sahələrlə də maraqlanırdı və hətta insanlardan öz köməyini əsirgəmirdi. Bir dəfə onu kitabxanada əlində fəlsəfə nəzəriyyəsinə aid kitabla yaxaladım. Dedi ki, bir nəfərə təqdimat hazırlamaqda kömək edir. Təəccübləndim:
- Sənin fəlsəfədən başın çıxır ki? – soruşdum.
Əvvəl duruxdu və sonra əminliklə dedi:
- Xeyr, amma dünən kitabxanada bir-iki kitab oxumuşam.

O, həm də yumşaq insan idi, mübahisələri sevməzdi. “Qarışqanı belə incidə bilməz” deyərkən onun kimiləri nəzərdə tuturdular.

- Yaxşı qızdır – deyə cavab verdim. Başqa heç nə ağlıma gəlmədi və ya qəsdən demək istəmədim...

Bilal İngiltərəyə gəlməzdən bir neçə ay əvvəl uzun müddətdir qarşılıqlı eşq yaşadığı qız ilə kədərli şəkildə ayrılmışdı. Keçmiş illərin xatirələri hələ də tez-tez onu ziyarət edir, əhvalını pozurdu. Vəziyyəti daha dəyişə bilməyəcəyini yaxşı başa düşürdü: keçmiş sevgilisi başqasına könül bağlamışdı.

Dostumun qəm yediyi həmin günlərdə mənim də ürəyim sıxılırdı, çünki ya onun görüşməyə həvəsi qalmırdı, ya da görüşsək də, bilirdim ki, məni dinləmir, fikri-zikri uzaq Hind okeanı sahillərindədir. Odur ki, onu ziyarət edən bu vaxtaşırı ələmi, bəlkə, yeni tanışlıq, yeni sevgi dağıda bilər deyə, dostlarla düşünürdük. Bir neçə dəfə ona şərqli, savadlı və xeyirxah tələbə qızlarla münasibət yarada biləcəyini söylədik. O isə bu təkliflərin hamısını rədd etmişdi.

Qrup yoldaşım Anna heç vaxt o namizədlər arasında olmamışdı. Ağlımıza belə gəlməmişdi. İlk baxışdan bir-birlərinə çox uzaq görünürdülər. Bu məsafə yalnız gəldikləri ölkələr arasındakı beş mindən çox kilometrlə ölçülmürdü. Bilal tipik şərqli idi: qara gözləri və hamar saqqalı vardı, ənənəvi şərq musiqisini sevirdi, bəzən milli libaslar geyirdi, çörəkdənsə düyüyə üstünlük verirdi, çaya da, xörəyə də ədviyyat qatırdı, əksər dost-aşnası şərqli idi. Anna isə şimali avropalı idi, sarışındı, mavi gözləri vardı. Hər gün 3-4 fincan kofe içirdi. Acı xörəklərə dözümü yox idi, burger, pizza və makaron sevirdi. Pop musiqisinin vurğunu idi. Adətən avropalılarla oturub-dururdu...

- Ciddisən? – soruşdum.

- Boş ver. Onsuz da alınmayacaq. – Bilal dedi və cibindən siqareti ağır-ağır çıxarıb alışdırdı.

Özümə acığım tutdu. İndiyə qədər Bilalı biri ilə münasibət qurması üçün həvəsləndirənlər arasında qabaqda gedənlərdən idim. Baş yorub ona ayrı-ayrı namizədlər təklif etmişdim. İndi isə Bilal ilk dəfə təmkininə qalib gəlib, özü bir nəfərin adını çəkmişdi. Məsələni o saat balta ilə kəsmək ədalətli idimi? Dost adına bu yaraşırdımı? Nə olsun ki, ikisi də fərqli dünyaların insanları kimi görünür. Məgər bu yeni mövzudur? “Əsli və Kərəm”, “Əli və Nino”, hətta deyirlər “Sarı gəlin” də xristian-müsəlman, şərqli-qərbli sevgisindən bəhs edən nəğmədir. Nə olar ki, yeni bir məhəbbət hekayəsi də XXI əsrdə Mançesterdə yazıla bilməzmi? Həm də düzüb-qoşanı özüm olaram!

O gündən sonra bu iki gəncin məhəbbəti naminə əzmkar səylərim başladı. Onları daha çox üz-üzə gətirmək və müxtəlif yollarla ünsiyyətə cəlb etmək istəyirdim. Qrup yoldaşlarımla növbəti dəfə restorana gedərkən Bilala da xəbər verdim. Həmin məclisdə qəsdən Annanın yanında əyləşdik. O vaxta qədər Bilalla Anna vur-tut iki-üç yığıncaqda qarşılaşmışdılar və məhdud ünsiyyətləri olmuşdu. Odur ki, masa başında nə vaxt münasib fürsət düşsə, Bilalın müsbət cəhətlərini tərənnüm edən cürbəcür əhvalatları nəql etməyə başlayırdım. Danışarkən hadisələrin üstünə üçünü-beşini də qoyur, dramatikliyi artırır və Bilalı ağ atlı oğlana çevirirdim.

Anna da başqaları kimi bu əhvalatları maraqla dinləyir və ara-sıra təbəssümlə “Doğrudanmı?” və ya “Ola bilməz!” kimi şərhlər verirdi. Mən bu sözləri eşitdikcə daha da həvəsə gəlir, coşur, barıtı bir az daha artırırdım. Ancaq bu hekayələr bitər-bitməz Anna üzünü çevirib, başqaları ilə söhbət edir, Bilala xüsusi diqqət göstərmirdi. Hətta yeməkdən sonra da küçədə dolaşdığımız zaman onlar arasında ciddi söhbət əmələ gəlmədi. Axşam Bilal ilə yataqxanaya qayıdarkən məyus idim. İçimdə bir səs deyirdi ki, gördün, alınmadı.

Bir neçə həftə keçmiş Annanın iki avropalı qız yoldaşı ilə Yorka gəzməyə getməyi planlaşdırdığını öyrəndim. Dərhal müraciət elədim:

- Nə yaxşı oldu! Bilalla mən də çoxdandır Yorka getmək istəyirdik, hələ qismət olmayıb. Deyilənə görə, ora çox gözəl şəhərdir. Biz də sizə qoşulsaq, narahat etmərik ki?

Qısası, özümüzü dəstəyə calaq elədim. Əla imkan idi! Bütün günü birlikdə olacaqdıq və Bilal haqqında Annaya danışmadığım hələ nə qədər dastan-nağıl vardı. Ümid edirdim ki, nəhayət, onu rəvayətlərlə ovsunlaya biləcəyəm və onlar York küçələrində qol-qola girib, baş-başa gəzəcəklər.
Amma və lakin, Anna bizim oğlana meyil salmadı ki, salmadı. Yorka təzəcə ayaq basmışdıq ki, o, yoldaşları ilə alış-veriş etmək istədiklərini səbəb gətirib, bizi azdırdı. Bir neçə dəqiqə keçmiş Bilalla xudmani kafedə oturmuşduq, qaşqabağımız yerlə gedirdi. Şəhəri də gəzməyə həvəsimiz yox idi, çünki Yorka birgə üçüncü səfərimizdi.

- Eybi yox. Mənim də bəxtim budur. – Bilal çiyinlərini çəkdi. 

Bu uğursuzluqlar məni məqsədimdən yayındırdımı? Qətiyyən! Annanın qəlbi buz idisə, məndə də Bisütunu yaracaq Fərhad iradəsi vardı. İstəyimə çatmayınca nəfəs dərəcək deyildim. Növbəti aylarda da səylərimə ara vermir, Bilalı Annanın iştirak etdiyi az qala bütün yığıncaqlara dəvət edirdim. Bilal artıq qrup yoldaşlarımla o qədər yaxın olmuşdu ki, özünə yeni dostlar da qazanmışdı. Bəzən hansısa tədbir barədə ona xəbər verməyi unudurdum, heyfslənərək içimi yeyirdim, amma ünvana gəlib çatanda görürdüm ki, zati-aliləri də buradaymış, başqasından dəvət alıbmış. Hələ sonradan Bilal mənim də iştirak etmədiyim məclislərdə peyda olmağa başlamışdı. Lakin bu qədər genişmiqyaslı və məqsədyönlü təşəbbüslərə baxmayaraq, Bilalla Anna arasında ünsiyyətlərin məzmunu və miqyası dəyişmədi. Onların münasibəti heç vaxt yoldaşlıq səviyyəsindən o yana keçmədi. Bu məsələdə, əlbəttə, Bilalın əks-cinsin nümayəndələri ilə ünsiyyətindəki utancaq və cürətsiz davranışı da böyük rol oynamışdı.
Ən son onları həmin ilin avqust ayında bir araya gətirə bilmişdim. O vaxt elmi işin təhvili üçün Bilalla universitetə gəlmişdim. Dissertasiyanı təslim edib, kafeyə yollandığımız zaman yolda təsadüfən Annaya rast gəldik və onu da dəvət etdik.

Mən ötən gecə səhər saatlarına qədər oyaq qalıb, yazı üzərində çalışdığım üçün bərk yuxulu idim. Əmin idim ki, yataqxanaya qayıtmaq istəsəydim, Bilal da mənimlə gələcəkdi və Anna ilə söhbəti yarıda qalacaqdı. Odur ki, zorla ayıq görünməyə çalışır, halımdan agah olmalarını istəmirdim. Zatən bu onların son imkanları olacaqdı, bir neçə həftə sonra İngiltərəni tərk edirdim. Hər ikisi iş axtarışı üçün Mançesterdə qalmağı planlaşdırsa da, yəqin ki, Bilal cəsarət edib, Anna ilə mənsiz görüşməyə səy göstərməyəcəkdi.

- Yaxında yaxşı bir park var. Orada gəzmək istəyərsinizmi? – yeməkdən sonra təklif etdim. Razılaşdılar.

Parka gəlib, bir az dolaşdıq. Sonra çəmənlikdə oturub, söhbətə davam etdik. Günəşli və sərin hava vardı, başımı otların üstünə qoyub, göyə baxdım. Mavi səma parlaq dənizə bənzəyirdi, buludları, elə bil, rəssam fırçası çəkmişdi...

...Səs-küy eşidib diksindim. Dərhal gözlərimi açdım. Başa düşdüm ki, yuxuya getmişəm. Anna ilə Bilal kənarda ayaq üstə dayanıb, əl-qol hərəkət ilə yüksəkdən mübahisə edirdilər. Pərişan halda ayağa qalxdım.

- Nə baş verib? – deyə təşvişlə soruşdum.

Anna mənə sarı dönüb, dodaqlarını büzdü:

- Çox-çox üzr istəyirik, – sifəti günahkar ifadə aldı. – Səni oyatmaq istəmirdik. Başımız söhbətə elə qarışmışdı ki...

Toxtadım. Nəyi müzakirə etdiklərini soruşdum.

- İnkişaf etmiş ölkələrin kasıb ölkələrdəki istismarçılığını pisləyirdik. – Bilal çəkinərək cavab verdi.

- İkimiz də ədalətsizliyə çox nifrət edirik! – Anna gülümsəyərək dedi. – O qədər ürəkdən danışdıq ki, özümüzdən çıxdıq, lap gurultu qopardıq.Vaxta baxdım, bir saatdan çox yatmışdım. Ümid edirdim ki, bu müddət ərzində Bilalla Anna eşq-meşq haqqında danışarlar, onlarsa dünyanın problemlərini həll etməyə girişmişdilər. Narazı sifət aldım.

Hələ də yuxulu olduğum aydın idi, etiraz etsəm də, görüşü bitirməkdə inad etdilər. Tezliklə vidalaşıb, Bilalla yataqxanaya doğru addımlamağa başladıq. Xeyli müddət səssiz yeridikdən sonra sözə başladı:

- Bu gün yaxşıca söhbət etdik... Anna ilə necə də oxşarıq... – üzünü mənə sarı çevirmədən, irəliyə baxaraq danışırdı - O da mənim kimi hər şeylə maraqlanır, kitabları sevir... qayğıkeşdir, xeyriyyə tədbirlərində iştirak edir, xəstələrə, yaşlılara kömək edir... insanlar arasında bərabərliyin olmasını istəyir... sakit təbiətlidir... – Bilal sözünə ara verdi, üzünü mənə tərəf döndərdi – Təsəvvür edirsən, hətta o da mənim kimi uşaqlıqda qızılca keçirib!...

Bilal möcüzə hesab etdiyi bu görüşdən sonra Annaya nə zəng elədi, nə də mesaj yazdı. O qədər acıqlandım ki, bir daha bu məsələyə baş qoşmamağa qərar verdim. Bir neçə həftə keçmiş hamı ilə vidalaşıb, Azərbaycana qayıtdım. Tezliklə hərbi xidmətə yollandım və tələbəlik illəri naryadlarda yadıma düşəcək xatirələrə çevrildi.

Yeni il bayramı ərəfəsində atam ziyarətimə gəlmişdi. Fürsətdən istifadə edib, İngiltərədəki dostlarımı yoxlamaq istədim. Bilala zəng etdim. Telefonu açarkən böyük sevinclə hal-əhval tutduq.

- Yanımda Anna var, sənə salam deyir! – qəflətən dedi və arxadan qızın səsini eşitdim.

Tutuldum. “Anna?... Məndən də salam de.. O orada nə edir?” – soruşdum.

- Ehh, dostum. Sənə hər şeyi sonra danışaram – Bilal pıçıltaya keçdi - Anna mənimlə eyni mənzildə qalır. Biz artıq birlikdəyik!
Qulaqlarıma inanmadım. Necə oldu, nə baş verdi?... Deməli, zəhmətim hədər getməmişdi.

- Ona hər şey haqqında danışmışam. Sənin bizim üçün nələr etdiyini demişəm. Heç birinə inanmırdı, yalan danışdığımı zənn edirdi. Dedi, necə ola bilər, mən fil qulağında yatmış imişəm ki! – Bilal gülərək dedi.

Utanan kimi oldum. Nə deyəcəyimi bilmədim. Bilal da dilini dinc saxlamırmış. Bu vaxt arxadan Annanın şux səsini eşitdim. O, ucadan deyirdi:
- Hər şeyi artıq bilirəm! Sən bizim mələyimizsən!...

İblis

Əsgərliyi bitirdikdən sonra iş həyatına başlamalı idim. İngiltərəyə qayıtmağa qərar verdim. Qalacaq yer tapmaq müşkül idi. Adətən gənclər yüksək xərclərdən dolayı mənzildə otağı kirayələyirdilər. Bu, tanımadığın adamlarla eyni mənzili bölüşmək demək idi. Əgər bu şəxslərlə yola gedə bilmədinsə, sözünüz çap gəldisə, vay halına! Odur ki, Bilal mənə telefonda öz mənzilini təklif edəndə çox şadlandım:

- Otaqlardan birində qalan kirayəçi ay sonunda köçür. Sən onun otağını alarsan, – dedi.

İlk öncə etiraz etdim. Bilal və Anna üç yataq otağı olan mənzildə yaşayırdılar və daha kiçik mənzilə köçmək istəyirdilər. Mənə görə bu fikirdən daşınmaqları xoş deyildi:

- Biz həqiqətən sənin bizimlə qalmanı istəyirik. Sən bizim üçün çox əzizsən, – deyə Bilal etirazları rədd etdi.

Bir ay sonra Mançesterə gəldim. İlk həftələr çox maraqlı keçdi. Gündüzlər başımız qarışıq olurdu: dostlarım işləyir, mən isə bütün vaxtımı iş axtarışına həsr edirdim. Axşamları isə birlikdə şam edir, söhbətləşir və xoş vaxt keçirirdik. Həftəsonları isə istirahətimiz daha rəngarəng olurdu.
Bir tərəfdən də Bilalla Annanı müşahidə edir, onların qarşılıqlı nəvazişini, isti münasibətini görüb fərəhlənirdim. Birgə yaşayışımız da məmnunedici idi. Evdə hər şeyi müştərək edirdik. Anna qayda-qanunu sevən biri idi. Standart qrafikimiz vardı. Növbə ilə yemək bişirir, hər həftə birlikdə həftəlik bazarlıq edir, təmizlik işləri görür, mənzili sahmana salır və bütün xərcləri bərabər bölüşürdük. 

Doğrudur, sonradan Bilalla qrafiki müəyyən qədər pozduq. Anna, açıq desəm, yemək bişirməyə nifrət edirdi və çömçə-qazan görəndə, elə bil, dünya başına dar olurdu. Üstəlik, bişirdiyi xörəklərin dadı-tamı da yox idi və bu, onu azacıq utandırırdı. Onun necə əzab çəkdiyini görüb, ürəyimiz dözmədi və yardım əli uzatdıq. Dedik ki, əsla narahat olma, yeməyi Bilalla mən növbə ilə bişirərik. İkimiz də tələbəlik dövründə bu işin sirlərini mənimsəmişdik. 

Maraqlı keçən ilk həftələrdən sonra Bilalla Anna mənim iştirakıma öyrəşdilər və güzəranımız yeknəsəqlik qazanmağa başladı. 
Bir dəfə qonaq otağında notbukda işləyirdim. Qəflətən Bilalla Annanın başqa otaqda mübahisə etdiklərini eşitdim. Narahat oldum. Az sonra Bilal yanıma gəldi və heç nə olmamış kimi danışmağa başladı. On dəqiqə keçmiş Anna da bizə qoşuldu və Bilalla divanda yanaşı oturub, filmə baxmağı təklif etdi. Fikirləşdim ki, ciddi məsələ deyil. 

Lakin sonrakı həftələrdə qapalı qapılar arxasındakı mübahisələrin sayı və hərarəti artdı və təbii ki, nigaran olmağa başladım. Bir dəfə Bilalı təkləyəndə soruşdum: “Hər şey qaydasındadır?”. O, əvvəlcə özünü bixəbər apardı, nala-mıxa vurmağa başladı. Nəhayət, hiyləsindən təngə gəlib, içindəkiləri boşaltdı: 

- ...Bəzən adi mövzularda fərqli düşünürük. Elə bil, ikimiz də eyni şeyi deyirik, amma həm də demirik... Yaxud, elə bil, ikimiz də haqlıyıq, amma həm də haqlı deyilik.

Mən heç nə başa düşmədim. Bilal üzümdəki kal ifadəni görüb, izah etməyə başladı:

- Bax, sadə bir misal çəkim. Anna da, mən də təmizliyi çox sevirik. Amma mən öyrəşmişəm ki, evə girməzdən əvvəl ayaqqabını çıxardasan. Anna üçün isə bu mühüm bir şey deyil. Bəzən görürəm ki, ayaqqabıda gəzir. Özümü narahat hiss edirəm. Götürə bilmirəm. Gileylənirəm ki, ayaqqabını çıxart. O da şikayət edir ki, vasvasısan, hər şeyi şişirdirsən... Qınamıram, o da belə adət edib. Amma mən qəbul edə bilmirəm.
Üzümə təbəssüm gəldi:
- Bilal, dərdin elə corabda gəzmək olsun! – dedim – Narahat olma, xırda şeylərdir!
Kefim düzəlmişdi: “İncimə, küsmə olmasa, sevginin həyəcanı qalar? Olan şeydir”. Ona görə bir neçə gün keçmiş yenə mübahisə səsi eşidəndə qanım qaralmadı. “Sevgi şıltaqlıq edir” - deyə fikirləşdim və məşğuliyyətimə davam etdim. Amma bir qədər sonra Bilalın yeyin addımlarla qonaq otağına girib, mənə baxmadan eyvana keçdiyini gördüm. Cəld ayağa qalxıb, dalınca yeridim. 
- Nə baş verib? – soruşdum. 
Bir az səssiz qaldı. Sonra sualla cavab verdi: 
- Yadındadır, sənə demişdim ki, valideynlərimi yanıma gətirəcəyəm? 
Yadımda idi. Bilalın valideynləri tezliklə təqaüdə çıxacaqdılar və o, həmişə deyirdi ki, gələcəkdə onları yanına gətirmək istəyir. Yaşlanıb, əldən düşmüşdülər.
- Anna istəmir... Deyir ki, valideynlərin gəlsinlər, amma bizimlə niyə yaşayırlar, yaşlılar evinə getsinlər...  – Bilal dedi və cibindən siqaret çıxarıb alışdırdı.
Nə deyəcəyimi bilmədim. Keçən dəfə mövzu sadə idi. İndi yaman böyütmüşdülər.
- ... deyirəm ki, atamgilin üstümdə çox zəhməti olub. Həmişə qayğıma qalıblar, təhsilimə, inkişafıma diqqət yetiriblər. Mənə deyir ki, nə olsun, bu, bütün valideynlərin məsuliyyətidir, sən buna görə sadəcə minnətdar ola bilərsən, amma özünü borclu hiss etməli deyilsən... Sonra da deyir ki, sən azad insansan, özün öz həyatını fikirləşməlisən, insan həyata bir dəfə gəlir... 
Bilal sözünə ara verib, bir topa nikotin tüstüsünü ciyərlərinə ötürdü. Elə bil, içindəki qəhəri tüstü ilə boğmaq istəyirdi.
- Bilirsən, onu da başa düşürəm. Pis niyyəti yoxdur. Özü on səkkiz yaşında ailəsindən ayrılıb, amma bu, ailəsini sevmir mənasına gəlmir. Sadəcə o da belə görüb, belə öyrəşib. Mən amma belə deyiləm...
Sonrakı günlərdə Bilal daha tez-tez mənlə dərdləşmək ehtiyacı duyur və Anna ilə aralarındakı müxtəlif fikir ayrılıqlarından narazılıq edirdi. Mən onlara kömək etmək üçün bir neçə dəfə Anna ilə təkbətək danışmağa cəhd etdim, amma o, bu mövzulardan boyun qaçırır, mənlə müzakirə etmək istəmirdi.
Bir neçə həftə keçmiş Bilalla mənim ortaq dostlarımız olan və məzun olduqdan sonra başqa şəhərlərə köçmüş üç yaxın oğlan dostumuz Mançesterə ziyarətimizə gəldi. Onlardan biri türkiyəli, digərləri isə iranlı idilər. Xətirlərini çox istədiyimiz üçün onları görməyə səbrsizlənirdik. Vağzalda görüşüb, kafeyə yollandıq. Anna da bizimlə idi. Uzun-uzun söhbət edib, keçmişdəki nəşəli xatirələri yada saldıq, köhnə tanışların qulaqlarını cingildətdik. Bəzi hadisələr hətta bizdə duyğusal hisslər yaratdı, kövrəldik. Bu xoş məclisin sonunda hesab ödəmə mərhələsi gəldi və biz beş oğlan şərq adət-ənənəsinə uyğun olaraq ayağa qalxıb, qol güləşinə başladıq: 

- “Ay, siz ödəməyin, biz ödəyəcəyik”, “Ay, əlini yana çək, qonaq ol”, “Ay, biz dostduq, qonaq nə sözdür?”...
Məbləğ böyük olsaydı, adam sayına bölüb ödəyərdik, amma rəqəm kiçik idi və dostlarımızı qonaq etmək istəyirdik. Bu incə lətafət dostluğumuzun möhkəmliyini təcəssüm etdirirdi və zövqlü söhbətdən sonra baş tutması vacib olan mərasim idi. Bizim bu əlbəyaxa höcətimizi kənardan müşahidə edən Anna cəld ayağa qalxıb, qolunu çırmaladı və sevincək halda:
- Oğlanlar, oğlanlar, savaşmayın, məndə qələm var, dərhal həll edəcəyəm – dedi və qəbzi əlinə alıb, salfetdə hesablamaya girişdi.
Biz yerimizdə donub qaldıq və səssizcə ona tamaşa elədik. Bu yanlış anlaşılmaya son vermək üçün nəhayət, təbəssümlə dedim:
- Anna, ehtiyac yoxdur, gəl, hesabı yeddiyə bölək, verək.
- Xeyr, xeyr. Elə ədalətsizlik olar?! Kim nə sifariş edibsə, onun pulunu ödəsin. – deyə etiraz etdi və hesablamaya davam etdi.

Özümüzü naqolay vəziyyətdə hiss etdik. Üstəlik, Anna hesablamada bir-iki dəfə səhv də etdi. Adam başına gah 3,42 funt çıxırdı, gah da 3,81 funt. Arada Bilal yenə müdaxilə etmək istədi, amma Anna məhəl qoymadı: “Bir saniyə, bir saniyə, həll edirəm”. 
Çox keçməmiş Anna istəyinə nail oldu və əlindəki salfeti yellədərək razılıqla adambaşına məbləği bəyan elədi. Nəticədə hesabı nöqtə-vergülünə qədər ödədik. Anna bu hadisədə özünü ədalət ilahəsi Femida kimi hiss etdi, Bilalla mən isə xəcalət ilahəsi kimi...
Növbəti həftələrin birində səhər vaxtı soyuducunun qapısını açanda gözlərimə inanmadım. Rəfdə altı ədəd yumurta vardı və hər yumurtanın üstündə qırmızı flomaster ilə üçümüzdən birinin adı yazılmışdı. Heyrətə gəldim, az qala uğunacaqdım: insan oğlu hər gün öz adını bir cüt yumurta üstündə görmür! Görəndə də necə reaksiya verəcəyini bilmir!
Bir şey olmamış kimi mənə ithaf edilmiş yumurtaları ovuclayıb, qayğanaq bişirdim. Tezliklə Bilal da gəlib soyuducunu açdı və yumurtaları görüb duruxdu. Bir söz demədən mətbəxdən çıxdı. Uzaqdan mübahisə sədaları eşitdim. Az sonra ikisi də mətbəxə gəldi. Anna mənə baxıb gileyləndi:
- Bilal məni başa düşmür. O gün yumurta bişirmək istədim, soyuducuda tapmadım... Mən bərabərliyin olmasının tərəfdarıyam. Yumurtaların üstünə adlarımızı yazdım ki, bir daha səhv düşməsin. Kimsə səhvən başqasının yumurtasını yeməsin, kimsə kiminsə haqqına girməsin. Məgər mən səhv deyirəm? Haqsızam? 
Rəngim saraldı. İndi nə deyim ki, nə şiş yansın, nə kabab? Fikirlərimi toparlamağa çalışdım:
- Düz deyirsən, Anna. Bərabərliyin olması mütləq lazımdır... Amma biz həm də bir ailə kimiyik, bir-birimizə kömək oluruq... Məsələn, yeməyi də mənlə Bilal bişirir. Bu məsələdə biz də səni yormuruq. 
Anna bir neçə saniyə ifadəsiz şəkildə üzümə baxdı və sonra birnəfəsə dedi:
- Mən bunu sizdən xahiş etməmişəm! Siz özünüz belə istədiniz! 
Dilim tutuldu. “Necə yəni xahiş eləməmisən? Necə yenə biz istədik? Məgər bizim yaxşılıq etdiyimiz açıq-aydın deyil?” – deyə başımda üsyan etdim, amma ağzımdan kəlmə çıxmadı. Gözlərimdəki alovu görən Anna dilləndi:
- Etiraf edin, məqsədiniz məni yormamaq deyil! Yeməklərimi bəyənmirsiniz. Vəssalam. Məhz özünüz üçün, öz iştahanız üçün yemək bişirirsiniz!
Araya qısa sükut çökdü. Mən hələ də dinmək istəmirdim. Özümü narahat hiss edirdim. Nəhayət Bilal dedi:
- Yanlış düşünürsən.
- Xeyr! Mən sizin xoşunuza gələn kimi ətli, yağlı, ədviyyatlı, bər-bəzəkli yeməklər bişirsəydim, razı olardınız ki, mən bişirməyim? – Anna soruşdu.
- Əgər yemək bişirməyi sevmirsənsə, bu sənin üçün bu qədər çətindirsə, biz yenə də eyni şeyi edərdik, – dedim.
- İnanmıram, hansı rasional insan buna razı olar ki?! Niyə başqası üçün yemək bişirməlisən ki! Bilalı başa düşdüm, bəs, məndən sənə nə?! – Anna əllərini qaldırıb, havada yellədi.
Məyus idim. Dilimin altında astadan cavab verdim: 
- Bu rasionallıq deyil. İnsan münasibətidir...
Söhbətimiz beləcə yekunlaşdı. Bir gün küsülü qaldıq, danışmadıq. O biri günün axşamı Anna ilə üz-üzə dayanıb, bir-birimizdən üzr istədik.
- Sizi də başa düşürəm, amma mən bu cür davranışa öyrəşməmişəm. – Anna etiraf etdi...
Sonrakı günlərdə xalqlarımızın mədəniyyətləri və eləcə də, sosial davranış qaydaları arasındakı fərqləri birlikdə açıq şəkildə müzakirə etməyə başladıq. Bilal və Anna adətən “sizdə elədir, bizdə isə belədir” kimi ifadələrlə kifayətlənir və aralarındakı fərqləri nə cür həll edə biləcəklərinə yönəlik qərarlar qəbul etmirdilər. Bilal hər zamankı kimi daha çox dinləyici rolunda olur və kəskin fikir söyləmirdi. Nəticədə, onların həm münasibətləri davam edirdi, həm də qapalı qapılar arxasındakı mübahisələr səngimirdi.
Bilalla təkbətək söhbətlərimizdə onun narahat olduğunu sezirdim.
- Yəqin ki, səhv qərar verdim... Amma bir də bu münasibəti poz, təzəsini qur... onsuz da, mükəmməl cütlük yoxdur – deyirdi.
Mən etiraz edir, o isə ən sonda “düz deyirsən...” deyib söhbəti bitirirdi. Səhərisi gün onun qəti addım atacağını gözləyirdim. O isə hər dəfə sanki dediyi sözləri unudur, Anna ilə münasibəti pozmadan eyni məcrada davam etdirir və çarx yenidən dönməyə başlayırdı. 
Mən bu zaman Bilalın əks-cinsin nümayəndələri ilə çəkingən və cəsarətsiz təcrübələrini xatırlayırdım. “Qətiyyətsizliyin səbəbi, görən, bu idimi? Yoxsa gözlərini kor edən sevgi idimi?” deyə öz-özümə sual verirdim. Cavabı bilmirdim... Amma əmin olduğum tək şey vardı: Bilalla Anna tikan üstdə oturmuşdular və mən müdaxilə etməsəydim, onlar tədbir görməyəcək və münasibəti kor-koranə davam etdirəcəkdilər. Gələcəkdə isə iş-işdən keçəcək, daha pis bir nəticə olacaqdı... 
İki seçimim vardı: ya bu fərqləri onlara qəbul etdirib, birgəlikləri üçün güzəştə gedərək bir orta nöqtədə razılaşmalarına nail olmalıydım, ya da onları necə bir araya gətirmişdimsə, o şəkildə də ayıraraq məsələni kökündən həll etməli idim. Birinci yol mənə riskli gəlirdi – hətta uğurlu alınsa belə, iki-üç il sonra onların fərqli şəkildə qərar verməyəcəklərini təmin etmirdi. İkinci yol isə daha az riskli görünürdü. Odur ki, qərarımı ondan yana verdim: cütlüyü ayıracaqdım!
Sonrakı həftələrdə bir il əvvəl etdiklərimin tam tərsini etməyə başladım. Artıq qəsdən elə planlar qururdum ki, Bilalla Annanın birlikdə daha az vaxt keçirmələrinə səbəb olurdum. Məsələn, Annanın futbol sevmədiyini bilirdim və Bilalla paba gedib, əhəmiyyətsiz futbol maçlarını belə seyr edirdik. Yaxud, Annanın acı yeməklərə dözümsüz olduğunu bilə-bilə hind restoranına getməyi təklif edirdim. Hətta birlikdə olduğumuz vaxtlarda da Anna ilə Bilalın məlum fərqləri haqqında təkrar-təkrar söhbət açır, eyni mövzünü dönə-dönə xırdalayırdım. Nəticədə onlar arasındakı fikir ayrılığını daha da möhkəmləndirir, mübahisələrin sayılarını artırırdım. Bilalın bütün bu genişmiqyaslı və məqsədyönlü təşəbbüslərimdən bir qram da olsa xəbəri yox idi. Annanın isə mənə qarşı tərs baxışlarının və etirazlarının sayı artmışdı. 
Bütün bu cəhdlərin faydasını iki ay sonra gördüm. Bir səhər Bilal mənə yaxınlaşıb, qəmli halda dedi:
- Anna ilə ayrıldıq.
Özümü kədərli göstərmək istədim.
- Necə oldu? – deyə soruşdum.
- Xasiyyətlərimiz, maraqlarımız nə qədər oxşar olsa da, bəzi mövzularda razılaşa bilmirdik... Bəlkə də, bu qərarı çoxdan verməli idik, amma olmurdu... İkimiz üçün də yaxşı olar, yəqin... – dedi.
Mən əlimi qaldırıb onun kürəyinə qoydum. “Hər şey yaxşı olacaq” – deyə təskinlik verməyə cəhd elədim. 
- ...Amma maraqlıdır ki, bir-birimizə acıqlı deyilik. – deyə davam etdi. - Mən ona həmişə hörmət edəcəyəm, o da mənə. Sadəcə başa düşürük ki, birlikdə yaşamaq çətindir.

Həmin gündən sonra Anna mənimlə az danışmağa başladı. Ay sonunda isə bizim mənzildən köçdü. O günün axşamı məni bütün sosial media saytlarında dostluqdan sildi. O gündən bəri bir daha Annanı görmədim...

                                         ***

...Növbəti aylarda mən iş tapıb Liverpula köçdüm. Bir il sonra Bilal müxtəlif səbəblərdən dolayı həmişəlik Pakistana qayıtdı. Tezliklə valideynlərinin tanıdığı bir ailədən cavan qızla – Atiyə ilə tanış edildi və altı ay içərisində nişanlanıb evləndilər. Dəvətli olsam da, toyunda iştirak edə bilmədim, amma şərq naxışları ilə bəzədilmiş toydan möhtəşəm rəngarəng şəkilləri görüb sevindim. Bilal və yoldaşı milli libaslarda idilər: gülür, rəqs edirdilər. Çox xoşbəxt görünürdülər. Fikirləşdim ki, eyni mədəniyyəti və adətləri bölüşən birisi ilə evlənmək Bilal üçün uğurlu olacaq. 
Toydan təxminən ilyarım sonra Bilal telefonuma mesaj yazdı. Həftəsonu video görüntülü görüş təşkil etdik: 
- Evlilik həyatı necə gedir? – deyə maraqlandım.
- Boşandıq. – dedi.
Yerimdəcə dondum. Mat-məəttəl ona baxırdım. O isə gözlərini başqa istiqamətə yönləndirmişdi. Xeyli səssiz qaldıq. Sükutun hər anı içimi daraldırdı. Axırda özümə güc verib, təəssüfləndiyimi bildirdim:
- Eybi yox, həyatdır da. – dedi.
- Bəs, niyə ayrıldınız?
- Nə bilim... Xasiyyətimiz uyğun gəlmədi. Bir-birimizi başa düşmürdük... Darıxırdıq... 
Bilalın cavabını eşidib, dərin məyusluq keçirdim. Çiyinlərimdən, elə bil, ağır yük asdılar. Keçmişi xatırladım...

Səməd SƏFƏROV

 





22.12.2021    çap et  çap et