525.Az

Böyük diplomat, cahanşümul sərkərdə


 

Böyük  diplomat, cahanşümul  sərkərdə<b style="color:red"></b>

Qalib Ölkənin Qalib Prezidentinə, Müzəffər Ali Baş Komandana, Azərbaycanın gələcəyi naminə vətənpərvər gənclər yetişdirən bir Şəxsiyyətə Sözdən Abidə ucaltmaq qələm sahibindən böyük cəsarət tələb edir. Başqa bir tərəfdən, Xalqın Adamı, Hamisi, Xilaskarı olaraq, öhdəsinə aldığı siyasi, iqtisadi, mənəvi yükü, milli, bəşəri dəyərləri düşüncəsində, davranışında, əməllərində müdriklərə, aqillərə məxsus bir şərəflə, ləyaqətlə, daşıyan Cahanşümul Oğul da bu  haqqı qazanıb. Həm də nə az-nə çox, düz 18 ildir ki, Azərbaycan adlı məmləkətimizin inkişafı, çiçəklənməsi yolunda Mayak olub. Bütün həyatını, ictimai şüurunu ölkəsini, xalqını Günəşin zərrin şəfəqlərə boyadığı bəxtiyarlıq içində var olmağa, yaşatmağa həsr edib. Bu, bir Mücahid ömrüdür ki, Uca Yaradan hər kəsə belə tale qismət etmir. Yalnız sevib-seçdiyi bəndələrini bunca şərəfli missiya ilə dünyaya gətirir. Ona elə bir zəka, güc, qüdrət bəxş edir ki, bu nadir, ümdə keyfiyyətlərindən Vətəni, xalqı faydalansın. Təbii ki, bu, Mücahidi tərbiyə edən, fomalaşdıran ailənin övladı olaraq, Onun bütövlükdə xalqına məxsus olduğunun ümdə göstəricisidir... 

İndi bunları deməkdə məqsədim Prezident İlham Əliyevin dövlətimizin başçısı kimi xalqına misilsiz xidmətlərinin bir epopeyaya sığmadığını nəzərə çatdırmaqdır. Odur ki, yığcam bir yazıda bu zəngin, möhtəşəm epopeyanı vərəqləmək asan olmadığından başqa bir yol seçdim. Bu tarixi xəzinənin bir səhifəsinə fərqli prizmasından nəzər salmağı düşündüm. 44 günlük Vətən savaşından Qələbə ilə çıxan Ali Baş Komandan Prezident İlham Əliyevin əbədiyaşar obrazına  işıq salmaq niyyətində oldum. Həm də Onun obrazına heç bir təşbeh qoşmadan, pafosla danışmadan təəssüratımı bölüşmək istədim...     

Prezident İlham Əliyevin tərcümeyi-halı bütün insanlara məxsus həyat qanunlarından – doğum tarixi, məktəb, institut həyatı, ilk iş yeri kimi zərurətdən başlasa da bu Ali Şəxsiyyət fəaliyyətinin axarını fövqəl bir özünəməxsusluqla davam etdirib. Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevlə, Azərbaycan qadınına xas olan ləyaqət, saflıq, gözəllik mücəssəməsi kimi yaddaşımızda yaşayan, tibb elminin görkəmli oftalmoloqu Zərifə Əliyevanın övladı özünəxas olmaya bilərdimi! 

Bu gün dünyanın siyasət meydanında Lider kimi tanınan, qəbul edilən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun 30 ilə yaxın bir dövrdə erməni vandallarının tapdağı altında inləyən torpaqlarımızı işğaldan azad etməsi, bəşəri mahiyyət daşıyan bir Qələbə oldu. Və  dövlət başçımızın bu bir ildə doğma Qarabağımızda həyata keçirdiyi irimiqyaslı layihələri bu torpaqlara yeni bir ab-hava gətirdi. Davamlı olaraq aparılan quruculuq işləri təbii ki, bu cənnət diyarı gülüstana çevrimək məqsədi daşıyır. Təkcə Qarabağda deyil, ölkənin bütün bölgələrində görülən işlər də məhz Prezidentimizin ciddi nəzarəti, iştirakı ilə, həm də böyük məhəbbətlə həyata keçirilir. Bu güc, bu qüdrət, siyasi uzaqgörənlik, fövqəl düşüncə, ən başlıcası da xalqına bəslədiyi böyük ehtiram, ümdə sevgi Azərbaycanı inkişafa apardığının ümdə göstəricisidir... 
Haşiyə: Həmişə diqqət etmişəm ki, Prezidentimiz özünün dövlətçilik təcrübəsindən irəli gələn səriştə ilə bədahətən etdiyi bütün çıxışlarında insana bir addımda gerçəkləşən ümid bəxş edir. Arzularını coşdurur, həyata, yaşamağa sevgisini alovlandırır. Nə deyir, mükəmməl deyir, nə vəd edir, yerinə yetirir. Və xalqına bu xidmətindən qəlbi rahatlıq tapır. Bu yerdə dövlət başçımızın  Ali Baş Komandan olaraq 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanından xalqa etdiyi müraciəti xatırlayıram. Həmin gün Prezident Qarabağımızın tacı, mədəniyyət mərkəzi, musiqimizin beşiyi, xarı bülbülün vətəni Şuşanın vüsalına qovuşacağı xoş gününə,  hüsnünə, köklənmişdi. Bu müraciəti eşidəndə də, onun mətnini dübarə böyük həyəcan və sevinclə oxuyanda da qəribə hisslər yaşadım. 28 il 6 ay ürəklərində Şuşanın nisgili ilə yaşayan xalqımızın xoş xəbərdən kövrəldiyini, sevincin doğurduğu göz yaşlarını gördüm. Prezident bu qədim aristokratlar şəhərini işğaldan azad etməklə hər birimizi bəxtiyarlığa qovuşdurdu. Qalib Sərkərdə müraciətinin sonunda Şuşaya canlı bir Varlıq kimi səsləndi: 

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Ali Baş Komandanın Qələbə müjdəsilə xalqa müraciətində böyük həyəcan, coşqu və sonsuz fərəhlə dediyi sözlər təkcə Azərbaycan xalqına deyil, dünya azərbaycanlılarına yetərincə qürurverici, yeni bir həyat bəxş etdi. O gecə bütün Azərbaycan ailəsi nurlu sabahlarını sadəcə xəyallarında canlandırmaqdan belə, fəxarət hissi yaşadı və həm də necə yaşadı! Onu da deyim ki, həmin vaxtlar Azərbaycan Prezidentinin dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələri yeni dövrün tarixindən keçilən bəşəri məzmunlu dərslər kimi çox dəyərlidir. Gerçək hadisələrin əyani vəsaitləri ilə müşayiət olunan bu dərslər tarixçilərimiz, tədqiqatçılarımız üçün hazır proqramlardır. Göz önündə olan hadisə və faktlara əsasən keçilən bu dərslər gələcək nəsillərdən ötrü mükəmməl tarixi ədəbiyyatdır. Bu dərsləri düşünmədən və tərəddüd etmədən “Qarabağ dərsləri” adlandırmaq doğru olar. İndi qürurla deyə bilərik ki, Dünya Birliyində, beynəlxalq aləmdə iqtisadi, mədəni inkişafımız, tolerant bir ölkə olmağımız, gücümüz, birliyimiz qələbəmizi şərtləndirən amillərdən oldu. Bütün bunları illərdi hazırlayan, qüdrətimizi, sürətli inkişafımızı dünya müstəvisinə gətirən də məhz güclü iradəyə, siyasi hazırlığa, diplomatik məharətə malik olan Prezident İlham  Əliyevdir. 

Bu Qələbənin siyasi, mənəvi, bəşəri mənası o qədər böyük və misilsizdir ki! Biz bu sahədə nələr etməyə borcluyduqsa, onu etdik, nəyə qadir idiksə, onu da göstərdik. Əsas odur ki, Azərbaycanın qüdrətini, haqqını görməzlikdən gələn ermənipərəstlər bu möhtəşəmliyin qarşısında geri çəkilməyə məcbur oldular. Dünya bir daha Azərbaycanın şanlı dövlət olaraq gücünün fərqində oldu. Xalqımızın milli birliyini, vətənpərvərliyini gördü. Ordumuzun rəşadətinə, əsgərlərimizin igidliyinə şahidlik etdi. Bu Qələbə nəinki Azərbaycanın siyasi dairələrində, eləcə də dünya cəmiyyətinin siyasi baxışlarında müzakirə müstəvisinə gətirildi. Qələbəmiz bəşər aləmində torpağı işğalda olan xalqlara müharibənin hərbi, siyasi yolunu göstərdi, mübarizələrinə inam yaratdı. Dövlətlə xalq birliyinin ilkin ənənələrə söykənən ən yeni nümunəsini göstərdi, qələbəni doğuran digər amilləri ortaya qoydu. Azərbaycanın bir çox sahələrdə olduğu kimi, Vətən müharibəsində qazandığı hərbi və siyasi təcrübəsi indi təkcə ölkəmizdə deyil, başqa dövlətlərdə də öyrənilir və uzun illər, tarix boyunca öyrəniləcək, tədqiq olunacaq. Nəticə etibarı ilə dünyada sülhün, əmin-amanlığın qorunmasında yolgöstərən rolunu ifa edəcək...

Prezidentin çıxışlarını dinlədiyimiz anlarda bir daha əmin olduq ki, İlham Əliyevin həyatı boyu sözündə və əməlində səbatlı, qətiyyətli bir İnsan, dövlət başçısı olaraq, xalqını xoşbəxt görməkdən savayı böyük arzusu olmayıb. Onu da açıq müşahidə etmişəm ki, Azərbaycan xalqının qəlbində Prezidentinə sonsuz ehtiramı, sevgisi var. Taleyüklü məsələlərdə dövlət başçımız bütöv əqidəsi, xalqına xidmətilə bütün prizmalardan aydın görünür və tanınır. Bu Vətən savaşında Prezident, Müzəffər Ali Baş Komandan, qüdrətli Sərkərdə, Azərbaycan ailəsinin başçısı İlham Əliyev xalqına sədaqəti, doğmalığı, ordusuna, əsgərinə diqqəti, şəhidinin xatirəsinə ehtiramı, qazisinə qayğısı, dəstəyi ilə gerçəkliyin aynasında Qəhrəman Vətən Oğlu kimi göründü. 

Bu gün Azərbaycanın cahanşümul Oğlu İlham Əliyevin doğum günüdür. Açılan sabah, ilk qarın təbiətə çilədiyi paklığın, saflığın  timsalında doğan Günəş də Azərbaycan sevdalısını salama gəlib... Doğum gününüz mübarək olsun, əziz Prezidentimiz! Sağlıqlı ömür yaşayın! Yolunuzun üstündə daim Günəş doğsun!
 

 





24.12.2021    çap et  çap et