525.Az

Pandoranın qutusu - Gülşən Nail yazır


 

Pandoranın qutusu -<b style="color:red"> Gülşən Nail yazır</b>

Qədim yunan əfsanəsinə görə, Zevsin razılığı olmadan insanlara od bəxş edən Prometey cəzasını çəkmək üçün Qafqaz dağlarında zəncirlənir və dözülməz işgəncəyə məruz qalır. Heraklın məhkumu azad etməsinə qarşı çıxmasa da, baş tanrının qəzəbi soyumaq bilmir. Kinli Zevs qisasını almaq üçün Hefestə gözəl bir qadın yaratmağı əmr edir. Beləliklə, hiyləgər, hər şeyə maraq göstərən və gözəlliyi ilə hamını heyran edən Pandora yaranır. Zevs Prometeylə olan hesabını bağlamaq üçün "tanrıların hədiyyəsinə" bir qutu verərək Prometeyin əkizi Epimeteyin yanına göndərir və tapşırır ki, xoşbəxt olmaq istəyirsə, onu açmasın. Hər kəs kimi ilk baxışda gözəl qadına aşiq olan Epimetey "gözəl pislik" (Hesiod onu belə adlandırırdı) ilə evlənir. İlk vaxtlar Zevsin dediyinə əməl edən qadın qutuya yaxınlaşmır. Lakin insan xislətini dəyişə bilməz. Pandora belə qərara gəlir ki, qapağı azca qaldırıb içində nə olduğuna baxsın və tez bağlasın. Onu maraq bürüyür və qutunu açır. Həmin an dərd, kədər, xəstəlik, aclıq, yoxsulluq dünyanı ağuşuna alır. Qutuda qalan tək şey isə ümid quşu (bəzi mənbələrdə kəpənək olduğu deyilir) olur. Nəhayətsiz pisliyin içində insanların əllərində qalan son budaq həmin kiçik ümid parıltısıdır...

Bəziləri Pandoranı düşüncəsiz davrandığına görə günahlandırıb "pislik şahzadəsi" adlandırmışlar. Lakin əməlinin belə böyük fəlakətə səbəb olacağını bilsəydi, Pandora o qutuya gözləri ilə də toxunmazdı. Nəinki hər şeyə maraq göstərən ilk qadın, heç bir insan nə daşıdığı bilinməyən müəmmalı mücrüdən yan keçə bilməz. Özümüzü eyni vəziyyətdə təsəvvür edək. Bizə gözəl bir qutu verilib, içində nə olduğunu bilmirik və baxmağımız da qadağandır. Açacağımız halda xoşbəxtliyimizin əlimizdən çıxacağını bilsək də, sirri öyrənmək istəyi yaxamızdan əl çəkməz. Orda insanların bizə dediyi yalanlar da ola bilər, özünü dost kimi göstərib kölgəmizi qılınclayanların kimliyini də öyrənə bilərik, yaxud işlərimizin irəli getməsinə mane olan yaxınlarımızı da tapa bilərik. Bunlar hamısı xoşbəxtliyə mane ola biləcək səbəblərdir. Lakin kim özünü saxlayıb bütün bunları bilməkdən boyun qaçırar? Cavab heç kimdir. Şirin yalanlarla bir müddət özümüzü aldada bilərik, lakin həqiqət nə qədər acı da olsa, etiraf etməliyik ki, hər birimizin son dayanacağıdır. Əlimizdə belə bir mücrü olandan sonra heç bir xəbərdarlıq bizi qapağı qaldırmaqdan çəkindirə bilməz. Pandora da axır-əvvəl qutunu açacaqdı. Zevs bunu bilərək hədiyyə etmişdi. Deməli, belə bir mücrüyə sahib olsaq da, olmasaq da, pisliklər bir yol tapıb üzə çıxacaq. Məsələ onları azadlığa buraxmaq deyil, qutuya geri qaytarmaqdır. Buz kimi havada soyuq daş üstünə əyləşən dilənçilərin yoxsulluğunu, yetim qalan balaların kədərini, gün ərzində palatanın tavanından başqa şey görməyən xəstələrin azarını, işsizlərin evindəki dava-dalaşı, subayların qohumlarının dilindəki acılığı, yaxınlarını itirənlərin qəlbindəki həsrəti, günahsızları öldürənlərin insafsızlığını, küçə heyvanlarını döyənlərin zalımlığını o lənətə gəlmiş mücrüyə qaytara bilsək, hər şey daha yaxşı olacaq.

 





27.12.2021    çap et  çap et