525.Az

"Uşaqlarımızın psixiatrik sağlamlığı dövlət siyasətimizin əsas prioritetlərindəndir"


 

"Uşaqlarımızın psixiatrik sağlamlığı dövlət siyasətimizin əsas prioritetlərindəndir"<b style="color:red"></b>

Müsahibimiz "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq Akademiyasının uzman psixiatr həkimi Aydan İsgəndərzadədir.

***
 
- Aydan xanım, tez-tez xarici ölkələrdə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxışlar edirsiniz, sosial şəbəkələrdə aktiv maarifləndirmə fəaliyyətiniz, yerli treninq və təlimlərdə davamlı iştirakınız diqqət çəkir. Bundan əlavə, regionlara gedərək şəhid, qazi və aztəminatlı ailələrin uşaqlarına təmənnasız tibbi xidmət göstərməniz. Rəhbəri olduğunuz "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyi həm tibbi, həm də sosial çevrədə müsbət imic qazanıb. Söhbətə də gəlin elə bundan başlayaq, əvvəlcə özünüzü oxuculara təqdim edin. 

- 2014-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2016-2020-ci illərdə İstanbul Universitetinin Tibb fakültəsinin Uşaq və yeniyetmə psixiatriyası ixtisasında uzmanlıq təhsili almışam.

İstanbul Universitetinin Tibb Fakültəsinin Uşaq nevrologiya bölməsində asistant həkim olaraq çalışmışam. 2021-dən indiyə kimi  "Nefes" Psixi-Sağlamlıq Akademiyasında Uşaq və Yeniyetmə Psixiatriyası ixtisasında uzman həkim olaraq çalışıram.  Dünya şöhrətli psixiatriya alimləri - Prof. Dr. Nusret Soylu, Prof. Dr. Roy Kiessling, Leigh Povia, Prof. Dr. Zümra Atalay və digərləri tərəfindən təşkil edilən çoxsaylı beynəlxalq treninq-təlimlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm. Çoxlu sayda Psixiatriya konqresləri, simpoziumları və konfranslarında məruzələrlə çıxış etmişəm. Türkiyə Tibb Dərnəyinin, Türkiyə Psixiatriya Dərnəyinin və Türkiyə Uşaq və Yeniyetmələr Psixiatriyası Dərnəyinin üzvüyəm. Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Psixiatriya sektoruna rəhbərlik edirəm. 

- Bu gün ölkəmizdə uşaq psixiatriyası sahəsində vəziyyət necədir?

- Əvvəlcə uşaq və yeniyetmə psixiatriyası nədir, hansı problemlərlə məşğul olur mövzusuna aydınlıq gətirmək istəyirəm. Hər bir insanın həyatında həm fizioloji quruluş, həm də xarakter formalaşması baxımından ən çox inkişaf və dəyişiklik uşaqlıq və yeniyetməlik dövrlərini əhatə edən 0-18 yaş aralığında baş verir. Bu dövrü əhatə edən uşaq və yeniyetmə psixiatriya sahəsinin məqsədi uşaqların sağlam psixi inkişafını təmin etmək və mümkün problemlərə qarşı profilaktik tədbirlər görməkdir. Çünki uşaqlar və gənclər yetkin insanlar ilə müqayisədə ailə, ətraf mühit və sosial amillərdən daha çox təsirlənən fərdlərdir. Ən kritik dövr hesab edilən uşaqlıq və yeniyetməlik yetkinliyə keçid üçün ilkin hazırlıq mərhələsidir. Bu dövrdə baş verən hər hansı bir dəyişiklik təkcə bu dövrlə məhdudlaşmayacaq, onların həyatına gələcək istiqamət verəcək təsirlərə malikdir. Bu yaş aralığında yarana biləcək hər cür psixi, emosional, davranış problemləri mütəxəssis tərəfindən yaxından müşahidə edilir, psixopedaqojik müdaxilələr yetərli olmadıqda müalicə olunur. Uşaq psixiatriyasının məqsədi əsasən xəstəliklərin baş verməzdən əvvəl qarşısını almaqdır. Mövcud xəstəlik varsa, patologiyanı aşkarlamaq və ən uyğun müalicə yöntəmini tətbiq etmək kimi öhdəlikləri var. Davamlı inkişafda olan uşaq və yeniyetmələrin fiziki və psixi strukturları böyüklərdən fərqləndiyi üçün daha orijinal anlayışları ehtiva edən psixolojik müayinə, müşahidə və müalicə proseslərini tələb edir. Bu səbəbdən yetkinlərin psixi sağlamlığını və xəstəliklərini araşdıran "Psixiatriya" sahəsi xaricində uşaqlıq və yeniyetməlik dövrlərinə diqqət yetirən Uşaq və Yeniyetmə Psixiatriya sahəsi son yarım əsrdə inkişaf etməyə başlamışdır. Demək olar ki, hər yaş, yetkinləşmə prosesində irəliləyən uşaqlıq və yeniyetməlik fərdlərində fərqli mənəvi inkişaf prosesini ifadə edir. Bu səbəbdən "Uşaq və yeniyetmə psixiatriyası" sahəsi müxtəlif inkişaf dövrlərinə uyğun gələn psixoloji strukturlar, ailə quruluşu və ətraf mühit faktorları ətraflı araşdırılır, uşaq və yeniyetmənin psixoloji inkişaf mərhələsi müəyyən edilir, mümkün problem və xəstəliklər aşkarlanaraq lazımi diaqnostika, müalicə və nəzarət prosesləri uğurla tətbiq edilir. Uşaq psixiatriyası pediatrlar, uşaq nevroloqları, psixoloqlar, defektoloqlar ilə sıx əlaqə və əməkdaşlıq içərisində olan bir tibb sahəsidir. Uşaq və yeniyetmələrdə psixi, emosional və davranış problemlərinin erkən aşkarlanması, qarşısının alınması və müalicəsinə yönəlmiş "Uşaq və yeniyetmə psixiatriyası" tibb sahəsi ölkəmizdə də mütəxəssis sayının günü-gündən artdığı sahələrdən biridir. 

- Hazırda xəstələrin ən çox müraciət etdikləri problemlər hansılardır?

- Əslində, uşaq psixiatrına sadəcə bir patologiya olduğunda müraciət edilmir. Normal psixi və emosional inkişaf, düzgün yuxu və yemə vərdişlərinin qazanılması, valideynlik rollarının müəyyənləşdirilməsi, düzgün nizam-intizam tədbiq edilməsi də bu sahədə görülən işlər arasındadır. Hətta əgər valideynlərdən birində psixi problem, ailədə kiçik yaşında psixi problem aşkarlanan başqa uşaqlar varsa, cütlük arasında uyumsuzluq və ya valideynlik roluna hazır hiss etməmə kimi problemlərin müzakirəsi, qarşısının alınması və aşkarlanması üçün uşaq dünyaya gəlmədən öncə psixiatra müraciət etmək çox vacibdir. Uşaqda heç bir psixoloji problem olmasa belə, məsləhət alma və dəyərləndirmə qoruyucu tibb adına mühüm rol oynayır. Məsələn, uşağın gündəlik həyatına, məktəbdəki uğurlarına, ailə münasibətlərinə və dostluğuna mənfi təsir göstərən, ancaq funksionallığında ciddi emosional və davranış pozuntusu yaratmayan problemlərin varlığında da müraciət edilməlidir. 

Konkret sualınıza gəldikdə isə, uşaq və yeniyetmə psixiatrına müraciət səbəblərini əslində yaşa görə qruplaşdıra bilərik. 0-3 yaş arasında nitq pozuntusu (kəkələmə, nitqin gecikməsi), qlobal inkişaf ləngiməsi, autizm spekt pozuntusu, yuxu və yemək problemləri; 3-6 yaş arasında diqqət əksikliyi hiperaktiv pozuntu, təşviş pozuntusu, məktəb fobiyası, tualet vərdişlərində geriləmə (yataq islatma, qeyri-üzvi qəbizlik); 6-12 yaş arasında davranış pozuntusu (itaətsizlik, müxalifətçilik, yalan danışmaq, icazəsiz bir şey almaq), öyrənmə pozuntusu (disleksiya), obsesif-kompulsif pozuntu, üzvi səbəblərlə izah edilə bilməyən baş ağrısı, qarın ağrısı kimi psixosomatik şikayətlər; yeniyetməlikdə isə internet və kompüter texnologiyalarından həddindən artıq istifadə, depressiya, intihar düşüncələri, özünə zərər vermə, sosial fobiya, şəxsiyyət məsələləri, cinsi inkişaf və cinsi problemlərləri, psixoz (şizofreniya və s.) və bipolyar pozuntu sıx qarşılaşdığımız problemlərdən bəziləridir.

- Bu gün ölkəmizdə bu sahədə aparılan maarifləndirmə işlərini necə dəyərləndirirsiniz?

- Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın uşaqların qorunmasına və psixi sağlamlığına göstərdikləri diqqət və qayğını hər kəs kimi mən də yüksək qiymətləndirirəm.  Heydər Əliyev Fondu, "Regional İnkişaf" İctimai Birliyi (RİİB), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə keçirdiyi bir çox layihənin icrasında fəal iştirak edirəm. 2019-cu ildən etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin birgə icra etdiyi "Erkən Uşaqlıq Dövründə İnkişaf" (EUDİ) layihəsindən bəhs etmək istəyirəm. Layihənin əsas məqsədi 8 yaşadək uşaqların sosial, fiziki və əqli inkişafı, sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə bağlı valideynləri və digər maraqlı tərəfləri maarifləndirmək, bu sahədə çalışan səhiyyə, təhsil və sosial xidmətlər üzrə mütəxəssislərin potensialını artırmaqdır. Layihənin icrası müddətində bu il ərzində mən də daxil olmaqla ölkəmizin bir çox təcrübəli psixiatrları, pediatrları, ginekoloqları, nevroloqları ilə birgə Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarında geniş maarifləndirmə işlərinin aparılmasında, fiziki və psixi problem yaşayan əhalinin muayinə və müalicəsində ciddi işlər görülüb. 

Bu sahədə görülən böyük və məqsədyönlü işlər haqqında bu yaxınlarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, TƏBİB-in dəstəyi ilə keçirilən "Uşaq və yeniyetmə zorakılığına tibbi-psixoloji yanaşma" konfransındakı çıxışım zamanı ətraflı toxunmuşam. 

- Aydan xanım, bir qədər də rəhbəri olduğunuz "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin fəaliyyəti haqqında danışardınız.  

- Birliyin əsas məqsədi Azərbaycanda psixiatriyanın mahiyyətinin və əhəmiyyətinin cəmiyyətin hər bir üzvü tərəfindən dərk edilməsinə nail olmaq, bu xəstəliyin müalicəsinə və aradan qaldırılmasına ictimai marağın güclənməsinə yardım etməkdən ibarətdir. Əsas hədəflərimiz bunlardan ibarətdir: psixiatriya xəstəliyindən əziyyət çəkən insanların sağlamlıq problemlərinin həllində onlara dəstək olmaq, erkən yaşlarda uşaqların psixiatrik xəstəliklərini araşdırmaq, onların yaranma səbəblərini aradan qaldırmağa yardım etmək, psixiatriya xəstəliklərindən əziyyət çəkən insanların cəmiyyətin mərhəmət və qayğı obyektinə çevrilməsinə cəhd etmək, vətəndaş cəmiyyətində psixiatriya sahəsində maarifçilik fəaliyyətini həyata keçirmək və genişləndirmək, autizimli uşaqların ata və anaları üçün maarifləndirmə işlərini gücləndirmək və uşaqlarda cinsi tərbiyə sahəsində maarifləndirmə işləri aparmaq.

- Onu da bilirik ki, uzman həkimlik fəaliyyətinizlə yanaşı, elmi-tədqiqat işləri ilə məşğul olursunuz. Elmi-tədqiqat işlərinizin nəticələri ölkəmizdə və xarici ölkələrdə çıxan nüfuzlu nəşrlərdə dərc edilir. Söhbətimizin sonunda bir qədər də bu barədə məlumat verərdiniz.

- Elmi araşdırmalar aparmağa İstanbul Universitetinin dünya şöhrətli professorları ilə uzmanlıq təhsili aldığım dövrdən başlamışam. Tədqiqatlarımın nəticələri Türkiyə, ABŞ, Almaniya, Rusiya və digər ölkələrin yüksək impakt faktorlu və "Web of science" seriyasından olan nüfuzlu elmi jurnallarda çap olunub. Ən yaxın hədəfim tezliklə ATU-nun doktoranturasına qəbul olaraq bu tədqiqatları sistemləşdirməkdən ibarətdir. Ötən həftə məni bu elm sahəsinə yönləndirən, tələbəykən əziz müəllimim olmuş, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə görüşüb bu məsələləri müzakirə etdik. İnanıram ki, dəyərli müəllimimin rəhbərliyi altında daha geniş miqyaslı elmi nailiyyətlərə nail olacağıq.

Şükufə VAQİFQIZI
 

 





27.12.2021    çap et  çap et