525.Az

Səfər müəllimə nəsə olub - Nadir Yalçından yeni hekayə


 

Səfər müəllimə nəsə olub -<b style="color:red"> Nadir Yalçından yeni hekayə</b>

-Hansı tamaşa məsləhətlidi?

Kassir eynəyini burnunun ucuna sürüşdürüb qarşısındakı irigövdəli kişini aşağıdan yuxarı istehza ilə süzdü:

-Necə tamaşa olsun, yoldaş Stanslavski, ağlamalı, ya gülməli?

Kassirin bu cür müraciəti onu çaşdırsa da, mağmınlığını ört-basdır eləməkdən ötrü səsini bir az da qalınlaşdırdı:

-Stanskavskinin məsələyə dəxli yoxdu.

-Tutaq ki, elə söz deməmişəm, hər halda söyüş deyil, üstündən keçin, sualımın ikinci hissəsi barədə düşünün.

Yekəpər başını qaşıyıb fikrə getdi. Arxada növbə gözləyən Əzizin qəsdən öskürməyi onu ayıltdı:

-Bilirsiz necə olsun? Demək... Həm gülməli, həm ağlamalı.

Kassir başını yelləyib bığaltı güldü. Afişa çap olunan kağızı götürüb siyahıya baxdı: 

-Olsun ki, “Molla Nəsrəddinin beş arvadı” siz deyəndi, neçə bilet lazımdı?

-Molla Nəsrəddində ağlamalı nə var?

-İndi beşarvadlı olmaq bilirsiz nə qədər böyük bədbəxtlikdi? 

- 2 bilet verin.

Əziz kassaya yaxınlaşanda kassirin bayaqkı yekəpərdən qeybətə hazır olduğunu hiss elədi. Çoxdanın tanışları kimi, – görürsən bu təpəgözü? – deyib arxasınca gözünü zillədi:

-Elə danışır, elə bil, teatrdan zaddan başı çıxır, özünü Stanslavski kimi aparır, heç o rəhmətdiyin adını da eşitməyib haa… Maskanı da çəkib alnına, o saat bilinir simicin biridi, cərimənin dərdinnən az qalır maskanın birini də başına keçirsin. 

-Hardan bilirsiz, bəlkə, doğurdan özünü xəstəlikdən qoruyur?

-Onun gövdəsini görmədin? Oksigenin düşmənidi, beş adamın yerinə nəfəs alır. Elə bil, Həzrət Abbas cöngəsidi. Belələri tamaşaya özlərini göstərmək üçün gəlirlər. Lap rəhmətlik qayınanam yadıma düşdü…

Kassir deyəsən, onu hörmətlə dinləyən adam tapmışdı. Susmaq bilmirdi:

-Sən də məni bağışla, arvadağa doğanda qaynanam dedi ki, bala, quymaq qatı olsun, ya duru? Dedim, xala, nə qatı olsun, nə duru, orta. Yazıq arvad həmən gündən qızının dərdin çəkdi ki, balam bununla necə dolanacq? İndi bu da, nə gülməli olsun, nə ağlamalı, sürüş əəə, “svolıç”...

Əziz xeyli güldü, rastına maraqlı adam çıxmışdı. O belə insanları bir yerə yığıb ansambl düzəltməyi xəyal edirdi. Ansamblın rəhbəri də qapıbir qonşusu Səfər müəllim. Qiyamət adamdı! 

Əziz yubandığını hiss elədi:

-“Paris Notr Dam kilsəsi”nə iki bilet, zəhmət olmasa.

Kassir yerində qurdalandı, kağızlara baxdı. Özünü piştaxtada hiss edirdi. Sanki, bütün tamaşaları camaata o göstərirdi. Ürəyinə yatmayan nəsə olanda qanı qaralır, eynəyini çıxarıb baş barmağı ilə şəhadət barmağını iki gözünün bulağına sıxırdı. 

Həmin şey yenə təkrarlandı. Kassir göz qapaqlarını kölgələyən qaşlarını çatdı. Əzizin yadına məhlələrindəki südçü kişi düşdü. Südçü kişi “Satdığın süd çürüdü” deyib üstünə şığıyan qadınları görəndə necə rəng alıb rəng verirdisə, kassir də həmin hala düşmüşdü.

-Oğul, yanaşı yer qalmayıb. Ayrı-ayrı yerlər var.

-Yerləri əvəzləmək olmaz?

-Qəribə adamlar var e, a bala, bilet satdığım adamların anketini doldururam? Kimə zəng edim deyim ki, bəs gəl, yerləri əvəzləyirik?

“Əşi, niyə əsəbləşirsiz e… Eybi yox, ayrı-ayrı yerlər olsun, iki bilet verin”, - Əziz verdiyi sualın mənasız olduğunu başa düşüb pərt oldu. 

Biletlərini cibinə qoyub təzəcə beş-altı addım aralanmışdı, kassir arxadan səsləndi:

-Oğul, bir dəqiqə bura gəl.

Əziz yaxınlaşdı. Yerlərlə bağlı xoş xəbərə gümanı vardı.

-Sən nömrəni ver mənə. Aktyorlar dost-aşnalarına dəvətnamə verirlər. Yanaşı olan dəvətnamələrdən hansısa qayıtsa, deyərəm, gələrsən, biletləri əvəzləyərik.

Əziz nömrəni verib razılıq kimi başını yellədi. 

Çağrılmamış qonaq kimi özünü yayın bağlı qapısından içəri soxuşduran payız soyuğu onun əllərini qaxaca döndərmişdi. Telefonuna zəng gələndə əllərini cibindən çıxarmağa ərindi, könülsüz cavab verdi:

-Hə, Orxan.

-Əziz, evə gəlirsən?

-Birazdan gələcəm.

-Bu gün dərsdə qəribə şeylər oldu.

-Noolub?

-Əziz, Səfər müəllimə nəsə olub. Qəribə danışır. Axır vaxtlar özündə deyil. Elə hey dərsin mövzusundan uzaqlaşır. Haşiyədən haşiyəyə keçir. Məsələn, bu gün şəxs əvəzliklərindən danışırdı. Dərs qutaranda gördük ki, cinas qafiyələrə keçib. Tez-tez duruxur. Bəlkə, əlaqə saxlayasan?

-Görəsən, nolub… Bəlkə… Mən də bu gün Səfər müəllimlə özümə tamaşa üçün iki bilet almışdım. Nəysə, dərslərinə bax, özüm yığıb danışacam.

Qardaşının sözləri Əzizin xəyalını min yerə apardı. Yerlə göy lapdan gözündə tənləşdi. Çoxdandı belə yana-yana siqaret yandırmamışdı. Bir qullab çəkib duruxdu. Şalvarının üstünə səpələnən külə əhəmiyyət vermədi. Elə hey götür-qoy edirdi…

Əzizin canında bayaqkı soyuqdan əsər-əlamət qalmamışdı. Ağacların koğuşunda gizlənən istilik onun bədəninə hopmuşdu. Tez telefona əl atıb Səfər müəllimə zəng elədi. Səfər müəllimin titrək səsi eşidildi:

-Bəli, Əzizcan.

-Necəsiz, Səfər müəllim?

-Sağ ol, bala, kefin yaxşı olsun.

-Hardasız?

-Bulvara tərəf gedirəm.

-Sizə yoldaşlıq eləyə bilərəm.

-Üşüyərsən e, soyuqdu… Amma gəl, bir isti çay alaram, qızışarıq.

Əziz teatrın yanından piyada bulvara düşdü. Saatın yanında görüşdülər. Yavaş-yavaş Kukla teatrına tərəf irəliləyirdilər.

Birdən Səfər müəllimin gözü sağ ayağına sataşdı. Şalvarının qatı əyri idi. Ayağı ayağına dolaşdı, pərt oldu, elə bildi, hamı şalvarının əyri qatına baxıb gülür. Səfər müəllim belə şeyə öyrəşməmişdi. Ürəyində qocalığına məzəmmət, təkliyinə üsyan elədi. Şalvarının əyri qatı onun əyilən qamətini haçalandırdı. Ovqatı lap təlx oldu.

Küləyin sürətinə məhəl qoymadan göy Xəzərin üzərinə səpələnən şəfəq günorta çağının heç vaxt ünvana gecikməyən nurlu paçtalyonu idi. Səfər müəllim elə bilirdi, onun özünün xoşbəxtlik carçısı olan paçtalyonunu kimsə hardasa yubandırır. Həmişə nəsə gözləyirdi… 

Nimdaş ayaqqabısının üzərinə düşən sarı yarpaq yorulmuş cisminə kar eləməsə də, ruhunu sızıldatdı. Əyilib yarpağı götürdü. Əllərinin üstündəki incəlib ətindən ayrılan dərisi adda-budda göyərmişdi, kapilyarları xəfif zərbədən partlayırdı. Yarpağı əlinin üstünə qoyub acı-acı gülümsündü. O yarpaq bardağı daşıran sonun damcı idi. Soluxan yarpaq yaşamaqdan küsən Səfər müəllimin ağrılarına bir az da ağırlıq gətirdi. Səfər müəllim üçün yayın son elçisi, payızın ilk müjdəçisi arzuolunmaz qonaq olsa da, əlinin göyü ilə yarpağın sarısı uyuşurdu, hər ikisi payızdan xəbər verirdi. Səfər müəllimin ömrünün payızı gömgöy idi. 

Ağır addımları ilə buxağının dərisi eyni tərpənirdi, ulğumu üzülmüşdü. 

Bir qədər irəlilədikdən sonra Səfər müəllim bulvarda iri gövdəli ağacın qabağında dayanıb gözlərini qıydı. Ağacın üzərindəki kiçik lövhədən yazıları çətinliklə oxudu. Ağacın adını ürəyində də səlis deyə bilmədi, karıxdı. Lövhənin aşağısındakı cümlə mehdən əsən yalın ağaclar kimi Səfər müəllimi titrətdi:

“Bu ağacın vətəni Almaniyadır”.

Qanrılıb Xəzərə baxdı. Çopur daşlara yaxınlaşıb sulara tamaşa elədi. Öz yerində dayanmadan dövr edən qağayıların ecazından məst olsa da, kövrəlmişdi, bir anlıq özünü ovundurammadı. Qağayılar ara-bir aşağı enib suda bullanır, yenidən qanad çalıb dövr edirdilər. 

Kəndi xatırladı:

-Əziz, inan, evimizlə klubun arasındakı qobudan bir də aşmaq üçün parça-parça olan ömrünün qalanını peşkəş verərdim. 

-Mən axı neçə dəfə dedim... Gedin, gəzin, olmaz e belə...

-O qobuda nənəmin kəlağayısının sürüşüb düşməyi gözümün qabağına gəldi. Çox ötkəm arvad idi. Bir çalma bağlayırdı, üstündən də qara noxudu kəlağayı örtürdü. Nənəm yaralı yerim idi. Qadın olsa da, əlləri, elə bil, palıd budağı idi. Müharibədən qayıtmayan əmimdən danışanda əllərini üzülən qıçına elə çırpırdı ki, elə bil yüz yaşlı palıdın budaqları sınıb yerə çırpılırdı. Oğluna gecələr gecə səssiz-səssiz ağalyırdı. Örpəyinin ucunu ağzına tuturdu ki, günümüzü qara eləməsin. Hərdən elə sözlər deyirdi ki...

-Oları yazmaq lazımdı...

-Elə şeylər var ki, onu yazsan, sehri qaçar. Axı olduğu kimi ifadə eləyə bilmirsən. Necə yazsan da, hadisənin yanında sönük qalır... Deyirdi ki, “Bala, nabələd kor olar..”... Həəə, bala, mən də otuz ildi bu şəhərdə eləyəm...

-Siz ki şəhəri əla tanıyırsız, nabələd niyə olursuz?

Səfər müəllim gülümsündü, əlini Əzizin çiyninə qoydu:

-Ayağım gedir e, ürəyim yatmır bu yol-irzə. Mən burda yadam, yad da öləcəm…

Səfər müəllimi kəndə buraxmayan nəsnə yuxularını qaramata döndərirdi. Neçə dəfə getməyə cəhd eləsə də, alınmırdı. Ayağlarına qıfıl olan keçən günləri qarğıyırdı. 

Səfər müəllim Əzizə sarı baxıb gözlərini qıydı:

-Əziz, deyirik ki, əvəzliklər bütün nitq hissələrini əvəz edir.

-Hə, hətta özünü belə.

Səfər müəllim yeni nəsə kəşf eləyirmiş kimi gözlərini bərəltdi, yumruqdan ayrılmış şəhadət barmağını qənşərindən bura-bura qabağa uzadıb uca səslə dedi:

-Bəli, hətta özünü belə!

-Bəs, biz kimi əvəz edirik? “Biz” də əvəzlikdi də, birinci şəxsin cəmi... Bəs biz özümüz əvəzlik deyilik? Biz əvəzliyiksə, biz kimi əvəz edirik?Ümumiyyətlə “mən”i, “sən”i “o”nu “biz” niyə əvəz edir?

Səfər müəllim yerindəcə donub qaldı, şəxs əvəzliyin altısı da beynində fırlandı. Gözləri qıyıldıqca gözəçarpan qırışları bir az da dərinləşirdi. Hər qırışı bir ağrı idi, kənardan bilmirdilər…

“Nəysə, bala, - dedi, - mənə fikir vermə...”

Hava getdikcə soyuyurdu. Payız yayın qapısını iki əlli döyəcləyirdi. Ağaclar üryanlaşdığını hiss edib utanan adamlar kimi əsirdi.

 -Gəlsənə, evdə bir çay içək, bayaq başımız qarışdı, bulvarda da içmədik. Gəl bizə.

Əzizi təkidlə evə dəvət elədi.

Səfər müəllim evə girəndə barmağını dişlədi, işıqlar yanılı qalmışdı. Çay dəmlədilər. Çoxdandı evdə təkbətək qalmamışdılar. Əziz müəllimin ürəyinin dolu olduğu yaxşı bilirdi. 

Səfər müəllim çaydan bir qurtum içib dilləndi:

-Rəhmətlik qardaşımı tez-tez yuxuda görürəm... Ona çoxlu suallar verirəm. Deyirəm, Vahid, biz öləndə kənddə basdıracaqlar? Atamızın yanı boşdu? Deyirəm, sənə görə ayağımız kənddən kəsildi axı… Niyə elə elədin?

-Qardaşınız neyləmişdi ki?

-Bəs, indiyəcən nəcəb kəndə niyə getmədiyimi xəbər almamısan?

-Yaranızın qaysağını qopartmağa ürək eləməmişəm.

-Ay bala, yaram nə vaxt qaysaqladı ki...

Səfər müəllim ayağa qalxıb pəncərəyə yaxınlaşdı:

-Qardaşım məktəbi təzə bitirmişdi. Laçın vaxtları idi. Elə gözəl qaməti var idi ki! Yar-yaraşığından adam doyurdu. Kolxoz sədrinin qızını sevirdi. Anası bostanda “Pəri” deyib haylayanda ovçu hənirtisindən qaçan ceyran balası kimi boynunu çevirib yaşıllığa götürülürdü...

-O da qardaşınızı sevirdi?

-Dəli kimi! Onu görəndə bədəni əsirdi. Həyəcandan ağır-ağır nəfəs alanda sinəsi uşaq beşiyi kimi qalxıb enirdi. Qardaşımın bir baxışına, gülüşünə bənd idi. Qağam toyda qol açıb oynayanda elə bilirdin tərlan süzür. Pərinin eşqinə “Qarabuğdayı qız” mahnısına oynayrdı. Toyun axırına yaxın mağarın ev tərəfindəki qanadı açılırdı. Pəri pəncərədən tamaşaya çıxırdı. Qağam qol qaldıranda, elə bilirdin, Pərinin ürəyinə xəncər salırlar. Bütün qızların gözünü bağlamaq istəyirdi. Xanəndə də  elə ürəklə oxuyurdu ki...

“Eşqə düşən könlümü 
eyləmisən qərarsız, 
mən səni çoxdan sevirəm, 
ay qarabuğdayı qız...”

-Hə, sizin ən çox sevdiyiniz mahnı...

Səfər müəllim qaşlarını çatdı:

-Sən hardan bilirsən?

-Babam deyib.

Səfər müəllim başını yelləyib fikrə getdi. Əziz dediyinə peşman oldu: “Axı niyə Səfər müəllim bu sözümə tutuldu?..”

-Səfər müəllim, qardaşınızla Pərinin axırı necə oldu?

-Onun dədəsi bizə qız verməzdi axı… Qardaşım da bunu bilirdi. Ona görə qızı qaçırmaq istəyirdi. Bilirsən,  gərək əvvəl elçi göndərərdi, bəlkə verəcəkdilər...

-Qaçıra bildi? Necə oldu?

-Atamın qiyməti bilinməz bir kəhər atı var idi. Gecənin bir aləmi atı səssiz-səmirsiz həyətdən çıxardı. Ata qardaşım özü qulluq edirdi. Heyvan ona öyrəşsə də, nəsə həmin gecə dalın-dalın gedirdi. Həyətdən çıxmaq istəmirdi, yüyəngini qaçırırdı. 

Danışdıqca Səfər müəllimin alnında tər tumurcuqlanırdı. Tez-tez siqaret yandırır, fikirləşir, davam edirdi. Pəridən danışanda barmaqlarının ucunu ovuşdurur, dırnağının kənarlarını didirdi. Başını pəncərəyə dirəyib ayparaya zilləndi:

-Həmin gecə də on dörd günlük ay qardaşımın yoluna ürəksiz işıq saçırdı. Pəri çəpərin döşündə tir-tir əsirdi. Bir gözü evin qapısında idi. Vahid yaxınlaşdıqca Pərinin ürək döyüntüləri artırdı. 

-Qorxurmuş...

-Qorxmaq da sözdü? Qağam atı xeyli aralıda, kəndin ayağında ağaca bağlamışdı. Oracan ayaqla getdilər. Atın belinə atlanandan sonra Pəri qardaşımın kürəyini bərk-bərk qucaqladı. Saçı boynuna dolandı, ağappaq, pambıq baldırı bədənində od qaladı. Vahid Pərinin ürək döyüntüsünü öz kürəyində hiss eliyirdi. Qaranlıqda göz-gözü görmürdü. Amma bir işartı...

-Kimsə gördü?

-Pəri uzaqdan köz işığı gördü. Kimsə siqaret yandırmışdı... Elə onda götürüldülər, əl-ələ tutub elə qaçırdılar ki... Atla dəbərənə yaxın daldan güllə səsi gəldi...

-Kim idi o?

-Pərinin qardaşı... Xəbər tutublar, düşüblər yolun canına. Güllə göyə açılmışdı. Qağam dayanmadı, ta Pəri uçunana qədər... Pərinin ürəkkeçməsi var idi. Həyəcandan özündən getdi, qolları boşaldı. Tez atdan düşdülər, Pərinin qardaşı da çatırdı. O çatanacan Pəri canı ilə əlləşdi. Qağamın qucağında göyərçin kimi titrəyirdi. Pəri can verirdi...

-Niyə axı?

-Bəs demirəm, ürəyi xəstə idi? Havaya açılan güllənin səsi Pərinin ürəyinə tuşlandı. Körpə canıyla qağamın qolunda can verdi Pəri... O gündən kənddən baş götürüb qaçdıq... Getmədik haaa, əməlli-başlı qaçdıq...

Səfər müəllim danışa-danışa gözündə yaş gilələndi. Əziz heç vaxt onu belə görməmişdi. Həmin gecə çox danışdılar, çox söhbət elədilər. Həmin gecə Əzizi qorxudan şeylər də oldu. Qonşu otağın qapısı çırplanda Əziz soruşdu ki, niyə pəncərələr açıq qalıb, Səfər müəllim dedi, mən eləməmişəm.

Səfər müəllim bir neçə dəfə belə qarışıq cavablar verdi, sonda divanda yuxuya getdi. Əziz onun üstünü örtüb öz evlərinə keçdi. Nə fikirləşəcəyini bilmirdi. Anası niyə bu halda olduğunu soruşanda söz tapıb deyə bilmədi. Bircə onu soruşdu ki, ana, Səfər müəllimin qardaşını görmüşdün? Heç gəlib-gedirdi?

Anası təəccübləndi:

-Əziz, Səfər müəllimgil bir bacı, bir qardaş olublar. Qardaşı olduğunu hardan çıxartdın?

Əziz daha heçnə demədi, yerinə uzandı, yuxusu ərşə çəkildi. Səhər 10-a qalmış təzəcə mürgüləyirdi ki telefona zəng gəldi: 

-Mənəm, teatrın kassiri. Yerləri əvəzlədim, gəlin biletləri dəyişək!

Kassirin səsi Əzizin qulaqlarında əks-səda verdi. Elə bu an südçü kişinin səsi məhəlləni bürüdü. Səfər müəllim isə, hələ yuxuda idi...
 

 





28.12.2021    çap et  çap et