525.Az

Dollar necə yarandı? - EL Roman yazır


 

Dollar necə yarandı? -<b style="color:red"> EL Roman yazır</b>

1519-cu ildə indiki Çexiya torpaqlarında Bohemiya krallığından Kont Şlik öz mülkünün yaxınlığında bir gümüş yatağı tapır və qısa zaman sonra pul kəsdirməyə qərar verir. Bu pul müəyyən zaman içində o qədər çox istifadə edilir ki, ətraf ölkələrdə də ticarət üçün istifadə olunmağa başlayır. İtaliyada "tallero", Misirdə "talari" və Amerikada "tollar" adı ilə tanınan bu pullar zaman içində indiki "dollar" adını alır. Bəs dolların o məşhur simgəsi və rəngi necə ortaya çıxmışdı? 

1700-cü illərdə London öz əlində mümkün qədər çox gümüş və qızıl tutmağa başlamışdı. Sərhədin cənubunda İspaniya Amerikanın ən qədim zərbxanası idi və bol gümüş sikkə istehsal edirdi. "Peso" adlanan gümüş pullar qədim ispan ölkəsinin pul vahidi idi. Dolların simgəsinin ortaya çıxma hekayəsi isə məhz pesoya gedib çıxır və hazırda bu mövzuda iki fərqli fikir mövcuddur. Bunlardan birincisi, "peso"nun qısaltması olan "p" və "s" hərflərinin tənbəl mühasibatçılar tərəfindən bitişik yazılması ilə başladı. Zamanla bu hərflər üst-üstə gətirildi və hazırkı dollar simgəsi ($) ortaya çıxıb. 

Bir başqa fikir isə, sikkələrin arxasında təsvir olunmuş sütunlarla bağlıdır. Sütunlara dolanan ilanlar "S" şəklində idi və ilanla sütunun birləşməsi "S" üstünə düz xətt yaradırdı və beləcə, dolların simgəsi ortaya çıxmışdı. 

ABŞ Konqresi 1781-ci ildə yeni hökumətin maliyyə əməliyyatlarına dəstək vermək məqsədilə Filadelfiyada yerləşən Şimali Amerika Bankını ilk beynəlxalq bank elan etdi. 1785-ci ildə ABŞ zərbxanası quruldu. Hər birinin dəyəri qızıl və gümüşlə tənzimlənən pullar həmin zərbxanada kəsdirilirdi. Bundan 7 il sonra 1792-ci ildə ABŞ rəsmi olaraq dollar ölkənin pul vahidi kimi qəbul edildi. Hökumət ölkədəki ilk kağız pulu 1861-ci ildə dövriyyəyə buraxdı və həmin pullara rənglərinə görə "yaşıl" adı verildi. Kağız pulların yaşıl rəngdə olmasının səbəbi isə ABŞ-ın şimal hissəsinin büdcəyə qənaət prinsiplərinə görə yaşıl rəngli mürəkkəbdən istifadə etməsi idi. Dollar öz adını, simgəsini, rəngini alsa belə, hələ də populyar bir pul sayılmırdı. Uzun müddət inkişaf etmiş ölkələr öz pullarını qızılla tarazlaşdırdılar. Yəni qızılın dəyəri düşəndə pul da dəyər itirir, dəyəri yüksələndə pul da dəyər qazanırdı. Ta ki Birinci Dünya müharibəsinə qədər. 

Birinci Dünya müharibəsində bu ölkələrin bir çoxu qızıldan vaz keçərək hərbi xərclər üçün kağız pullarla ödəniş qəbul etməyə başladılar. Bu ərəfədə müharibədən kənarda qalan ABŞ müttəfiqlərinin çoxuna silah satdı və satdığı silah üçün qızılla ödəniş tələb etdi. İkinci Dünya müharibəsi ərəfəsində, yəni 1947-ci ildə ABŞ dünyadakı bütün qızıl ehtiyatının 70 faizini öz əlində toplamışdı. Bunun nəticəsində qızılla dollar arasındakı mütənasiblik get-gedə zəiflədi. Bu, ağıllı bir həmlə idi. Çünki qızılın çoxu kimdədirsə, pul məsələsində də söz sahibi o ölkə olurdu. Dünya müharibələrindən çıxan ölkələr maliyyə problemini həll etmək niyyəti ilə Nyu-Hempşayrda toplaşdılar və qızıla bağlılığı olan bütün pulların dollarla sabitlənməsi qərarına gəldilər. Ölkələrin Mərkəzi bankları zamanla əllərindəki bütün dollarları qızıla çevirdilər. Bu da ABŞ-ın qızıl ehtiyatını azaltdı və zamanla dollarla əlaqədar narahatlıqlar ortaya çıxdı. 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson dolları qızıldan ayırıb tamamilə müstəqil pul vahidi elan etdi. Bütün dünya bu qərar qarşısında şok olmuşdu. 

20-ci yüzillikdə Ərəb ölkələrinin bəzilərində neft gəlirləri həddindən artıq artdı. Təbii olaraq, bunu görən bir sıra ölkələrin də ağzı sulandı. Neft ölkələri qorxuya düşdü və sərvətlərini qoruya bilmək üçün güclü müttəfiq axtarmağa başladı. Dövrünün ən güclüsü olan ABŞ neft ölkələrini qorumaq qarşılığında bir şərt qoydu - neft satışı dollarla həyata keçirilməli idi. 

Dünyada neftin istifadə sahələrini düşünsəniz, dolların nə dərəcədə güc qazandığını da anlaya bilərsiniz. ABŞ bu və bu tərzdə digər həmlələrlə dolları dünya səviyyəsində söz sahibi mövqeyə gətirdi. Hazırda yaponlar və koreyalılar ABŞ-a avtomobil və elektronik əşya, Orta Şərq isə benzin satır. Çinlilər isə, demək olar ki, vitrinlərdəki hər şeyi. ABŞ isə bütün bunlar üçün sadəcə dollarla ödəniş qəbul edir. 

Bu nöqtədə ölkələr xeyirlərini dollar yerinə öz pullarına çevirsələr, pulları dəyər qazanacaq. Amma bunun əvəzinə ölkələr ABŞ-dan təyyarə, silah və tibbi ləvazimatlar alır. Bunun üçün də ABŞ-a borclu qalaraq öz pullarını dəyərsizləşdirmiş olurlar. 

Bəs niyə sonsuz sayda pul kəsilərək bütün insanların xoşbəxt yaşaması mümkün deyil? 

Əgər belə bir şey olsaydı, pulun dəyəri sürətlə azalardı. Buna isə "inflyasiya" deyilir. 

Bəs sizcə, dollara bağlı olmaqdan necə qurtulmaq olar?

 





28.12.2021    çap et  çap et