525.Az

İsa Hüseynovun səsi


 

İsa Hüseynovun səsi<b style="color:red"></b>

Nə zaman yanımdan bir rüzgar əssə, bir uşaq gülsə, bir quş ötsə, İsa Hüseynovu xatırlayıram. Çünki onun səsində insanın ruhuna işləyən bir melodiya vardı. İnsanı sarıb-sarmalayan, zaman-zaman bir türkü kimi könlünə xitab edən, yaralarını sağaldan bir melodiya... Onun səsi, onun baxışı sadəcə mənə deyil, hər kəsə yaxın və doğma idi. Çünki beynində və könlündə bizim torpaqlarımızın, bizim insanlarımızın cana yaxınlığı və həvəsi vardı.  Ona baxınca Azərbaycanın övladını, ağsaqqalını və ölkəsinin ağrı-acılarını görə bilərdiniz. Nərimanovu, Nəsimini, bir xalq hekayəsi olan Kollu Koxanı sözləriylə, ruhuyla gətirib gözlərinizin önünə qoyardı. Sadəcə mən deyil, onunla görüşən digər yazıçılar və şairlər də ondan ayrıldıqdan sonra fərqli bir düşüncə, fərqli bir ab-hava ilə ayrılardılar.

2010-cu ildə Berlində idim. Qurban Səidlə bağlı tədqiqat aparırdım. Bir müddət əvvəl atam rəhmətə getmişdi. Özümü tənha, küskün hiss edirdim. Bəzi axşamlar çəkinə-çəkinə İsa Hüseynova zəng vururdum. Telefona çıxan kimi nə var-nə yoxdan sonra ilk sözü bir şeyə ehtiyacım olub-olmadığını soruşardı. “Pensiya alıram ha, mənim pulum var” - deməsi ilə bütün mənəvi ehtiyaclarımı ödəmiş olurdu. Sanki atam yaşayır, yenə mənə mənəvi dəstək, güc verirdi. Berlinin soyuq və qaranlıq küçələrində addımladığımda o səs içimi doldurur və qürbəti də, yetimliyi də, qürbəti də unudurdum. “Məhşər”i, “Tütək səsi”ni, “İdeal”ı oxuduqdan sonra onu daha yaxşı anlamağa başlamışdım. Bütün əsərlərində eynilə Nəsimi kimi cahana sığmayan, ruhu səmada dolaşmaq istəyən bir cəhd görürdüm. Bu cəhd əslində Tolstoy kimi böyük yazıçıların hamısında vardı. Bəlkə də, Azərbaycana yeni bir nəfəs kimi gətirdiyi “AğÜn” onun səmadakı mənəvi dünyasının səsiydi. 

Bakıya getdiyimdə hələ yaşadığı evə yaxınlaşan kimi həyəcanlanırdım. Beşinci qatın pilləkənlərini iki-iki atlayaraq çıxardım. Səksən yaşındakı bu “AğÜn” xəbərçisi məni qapıda qarşılardı. Həfif çatma, incə qaşlar, simpatik bir gülüş, insanı ilk gördüyündə çarpan nurlu, aydın üzü ağlımı başımdan alırdı. Kiçik əlləri, incə, zərif barmaqları vardı. O əllərə baxdığımda Tapdığın tənhalığını, acılarını, Cəbrayılın stalinləşməsini, İsfəndiyar kişinin müdrikliyini, səbrini görürdüm. Və o anda sanki bir küncdə birisinin sinəsinə sazı basdırıb divani çalırmış kimi səslər duyardım.
O, eynilə bir kölgə kimi yumşaq addımlarla önümə düşüb məni kitabxanasına aparar, sanki yazmağa yeni başlayan gənc yazıçıtək yeni yazdıqlarından və ya yazmaq istədiklərindən söhbət açardı. O, danışdıqca mən onun işıqlı gözlərinə baxardım. O gözlərdə yaratdığı qəhrəmanların siluetlərini görməyə çalışardım. Asta-asta danışardı. Bir uşaq saflığıyla qonağını sevindirməyə çalışırdı. İnsanların gözlərinə belə sevgiylə və isti baxan, könüllərə adətən ərənlərin nəfəsini üfürən bu ağsaqqalın ən böyük özəlliyi yerli, xalqdan biri olması idi. Ona görə səmimi, ona görə kinsiz, ona görə başqa yazıçılar kimi əsib-gurlamazdı. Ona görə də xalqının könlünü qıracaq bir sətir belə yazmazdı. Daracıq bir evdə, mütəvazi bir maaşla yaşasa da, qələmini əsla satmadı. Torpağı da, insanı da, heyvanı da, bitkini də, ağacı da sevərək yazdı. Hər varlığın üzərinə üfürdüyü eşq nəfəsi onu xalqın ürəyində bambaşqa bir yerə otuzdurdu.

Əylisdə xalqını qurtarmağa gələn Məhmətciyi bir canavar kimi göstərən bəzi yazıçılar kimi şöhrətin və qəzəbin fırtınasına tutulmadı. Tam yüz ildir ki, xalqına min bir tələ quran “qonşu” bəzilərinin qələmində “məsum” olaraq görülsə də, İsa Hüseynov  onlara kin belə duymadı. Çünki Yunus İmrənin səsi onun “Ün”ündə idi:

Adımız miksindir bizim
Düşmanımız kindir bizim! 

Keçən həftə “Kulis”də Ayxan Ayvazın Əkrəm Əylisli ilə reportajını oxuduğumda bütün bu yuxarıda yazdıqlarımı düşündüm və sanki o “Ün”ü yenidən yanıbaşımda duydum. Bəlkə də duyduğum onun səsi deyil, Tapdığın tüfənginin səsi idi. Xainliyə qarşı çarəsizcə bir üsyan melodiyası çalan Tapdığın... Əkrəm Əylisli də bəlkə gecə-gündüz o səsi duymaqda və dəli olmaqdadır. 

Elə olmasa vəfat etmiş bir insanın arxasından “xıltlı” deməz, içindəki qısqanclıq hisslərini bu qədər açıq bildirməzdi. Amma o, həqiqətdən nə qədər uzaq olursa-olsun, tarix boyu ən çarəsiz bir dönəmdə belə Azərbaycanda “Ər” oğullar hər dönəmdə çıxmışdır. Yerli, bu torpağın, bu xalqın övladı olan İsa Hüseynovun ər oğullarından bir oğul Aslan Quliyev həmin an bu qısqanc və xalqını xor görən bu yazıçıya ədəbi bir dillə cavabını vərdi:

"Əkrəm Əylisli müsahibəsində deyir: “İsa Hüseynovun pərəstişkarları qoy məni daşqalaq eləsin. Onu da deyəcəyəm ki, bir vaxt “xıltlı” adam “Adamlar və ağaclar”ın uğurundan az qala dəli olmuşdu, hikkəsi, kin-küdrəti yerə göyə sığmırdı. Təxminən eyni mövzuda və eyni ahəngdə dalbadal iki povest yazdı: “Saz” və “Tütək səsi”. Hətta mənim daimi tərcüməçim Tamara Kalyakinaya yol tapıb, povestlərini rus dilinə də tərcümə elətdirdi”. Müsahibə “Kulis”də dərc olunub, Ayxan Ayvaz paylaşıb, yazıçılarımız, söz adamları bəh-bəhlə tərifləyiblər. Axı Avropa görəcək, eşidəcək, təbii, qiymətləndirəcək, aparıb bunları bağrına basacaq.  Bəs həqiqət? Ədəbi vicdan? Ayxan bilməyə bilərdi, “Kulis”dəkilər də. Ədəbi camiə də susdu. Həmişəki kimi.  Biri də soruşmadı ki, İsa Hüseynovun “Tütək səsi” povesti 1965-ci ildə, “Saz” poveti 1966-cı ildə çap olunub. “Adamlar və ağaclar” 1970, “Kür qırağının meşələri” 1971-ci ildə. Elə isə kim-kimdən təsirlənib, kim-kimi təqlid eləyib?  Əkrəm Əylisli dünyasını dəyişmiş İsa Hüseynov haqda ağ yalanlar danışır, İsa Hüseynov isə hələ sağlığında Yazıçılar Birliyinin qurultayında demişdi: “Mən bu adamla yanaşı oturmaq istəmirəm”. 
Həqiqət günəş kimidir. Çıxdığında heç bir qaranlıq onun qarşısını kəsə bilməz. Hələ xalqının alnına ləkə sürənlər hansı qaranlıq küncə girsələr belə mütləq ifşa olurlar. İsa Hüseynova (Muğanna) görə hər dövrdə ortaya çıxan ədalətsizliklərin, zülmlərin təməlində cəhalət var. Paxıllıq, şöhrətpərəstlik də bir cəhalətdir. Ədalətsiz güc cahil bir gücdür və sonda məğlubiyyətə məhkumdur. Şeyx Fəzlullah sözlərdən qaçaraq rəqəmlərin cazibəsinə qapıldığında belə ondan günahın nə olduğunu soruşanlara:

"Ən böyük günah nədir, ey Şeyx? Savaş deyil, cinayət deyil, yalan deyil, alçaqlıq deyildir, bəs nədir axı?
-Nadanlıqdır!.."

Nadanlığı yerə vuran, öz nəfsini sındıran, əvvəlcə özünü maarifləndirib sonra ətrafına işıq saçan hər insan İsa Hüseynovun (Muğanna) insanıdır və o, bəşəriyyətin xilaskarı olmağa namizəddir.

İnsan oxumaqla, roman yazmaqla əsla cəhalətdən qurtula bilməz. Hətta diplomlu cəhalət cəhalətin ən qorxuncudur. Mövlana Cəlaləddin Rumi cəhaləti öz pəncərəsindən belə görür: “Cahil olanın mərhəməti və lütfü azdır”.
Keçmişdə alimləri mədh edəndə deyirdilər ki, alim elmli, irfanlı (hikmətli) adamdır. İnsanın alim olması üçün təkcə elm kifayət etmirdi. İrfanlı, yani, müdriklik, səbir, mətanət, nəfsi tərbiyəyə malik olmaq nəzərdə tutulurdu.

Səksən yaşlı bir insanın gənclərə örnək olmaq üçün ləyaqətli, səbirli, dözümlü, müdrik olmaq əvəzinə, rəhmətə gedən insanlar haqqında nifrətlə danışması onun irfanının olmamasının ən böyük göstəricisidir.  Özü cavab vermək imkanında olmayan birisini pisləməklə öz dəyərini yüksəltmək üçün başqasının kürəyini yerə vuran adamda hansı mərhəmət, hansı lütfkarlıqdan söz gedə bilər?!

İsa Hüseynovdan (Muğanna) gələcəyə və xalqına çox şey qalacaq. Bütün əsərləri yox olsa belə, Asyadan Anadoluya qədər yayılan Əhməd Yəsəvi, Nəsimi, Yunus İmrə ruhu onun ruhuyla birləşmişdir. Bu ruh gələcəkdə də xalqına işıq olacaqdır. Gələcəkdə də insanlar Nəsimidən bir beyt oxuyanda, tütək səsi eşidəndə, divani çalanda İsa Muğannayı xatırlayacaqlar.

Amma öz xalqına xor baxan, lütfü və mərhəməti olmayan bir yazıçıdan isə qalsa-qalsa İrəvanın hansısa kitabxanasında “Daş yuxular” qalacaq və nifrət nişanəsi olan o daşlar da kimsənin yarasına məlhəm olmayacaq. Onsuz da xalqımıza kin püskürən bir xalqın bizimlə barışma gücünü daha da azaldıb kini, nifrəti zəqqum ağacı kimi sulayıb böyüdəcək. 

 





28.12.2021    çap et  çap et