525.Az

Özü də, sözü də vətən sevdalısı şair - Vaqif Yusifli yazır


 

VƏ YA "ƏŞRƏF VEYSƏLLİNİ KİM TANIMIR Kİ?!

Özü də, sözü də vətən sevdalısı şair -<b style="color:red"> Vaqif Yusifli yazır</b>

Azərbaycanın ünlü bir şairi - yaşı 80-i keçmiş, fiziki mənada qocalsa da, şair kimi qocalmayan Əşrəf Veysəlli! Dünyaya göz açıb Füzuli rayonunun Yuxarı Veysəlli kəndində. İyirmi yaşına qədər Veysəllinin ab-havasını udub, ordu sıralarında xidmətini başa vurandan sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini bitirib. Sonra isə Sumqayıta köçüb və 56 ildir ki, o şəhərdə yaşayır, mədəniyyət sahəsi ilə bağlı müxtəlif vəzifələrdə çalışıb. Amma heç vaxt Veysəllini unutmayıb. Bir şeirində yazıb ki: 

De, necə tablaşım, necə dözüm mən,
Anamdan əmdiyim gəldi gözümdən.
Tanışdan-bilişdən, hətta özümdən
Küsüb yaşayıram, sənsiz, a kəndim!
Qəlbim yox, qəbrim yox, qibləgahım yox,
Kasıb yaşayıram sənsiz, a kəndim!

Amma 1992-ci ilə qədər Əşrəf müəllim Veysəlliyə gedirdi, kəndlə bağlı sənsizliyini ovudub qayıdırdı Sumqayıta. Məlum səbəblərə görə 28 illik ayrılıq gəldi. Ürəyi, ruhu Veysəllidə, Qarabağda dolaşan, doğma yurd yerlərini yalnız xəyallarda xatırladan Əşrəf Veysəlli bu həsrəti şeirlərində də yaşatdı:

Həsrət dəniz, xəyal yelkən
Üzür Qarabağa tərəf.
Yurd-yuvasız tərlan könlüm,
Süzür Qarabağa tərəf.

Dözdükcə səbrim daralır,
Üstümü boran-qar alır.
Gözümün kökü saralır,
Gözü Qarabağa tərəf.

Qara yellər qalxan kimi,
Qara günlər sıxan kimi,
Əydi günəbaxan kimi
Bizi Qarabağa tərəf.

44 günlük zəfər müharibəsindən sonra Əşrəf Veysəllinin də həsrəti sona çatdı, amma o, bu illər ərzində yazdığı şeirlərində təkcə Qarabağ həsrətini deyil, həm də qələbəyə inam dolu şeirlər də qələmə aldı ("Əsgər atası" silsiləsi). Bu yaxınlarda Kulis.az saytında Əşrəf Veysəlli ilə bir müsahibəni oxudum. Onun bəzi sorğulara cavabı beləydi: "Ömrüm boyu Vətən torpaqlarına vurğun adamam. 30 ildir, öz kəndimizi görmürəm. Ümumiyyətlə, Qarabağı görmürük. Təsəvvür edin, birdən-birə bu xəbəri eşidəndə, bir Allah bilir, nə hisslər keçirmişəm... Heç oralar yadımdan çıxır ki?! Gözüyumulu aparıb tullayalar, hər yeri gəzərəm. Uşaqlığım, gəncliyim orda keçib. Sual verirsiniz ki, Füzuliyə qayıdış planınız varmı? Köçmək fikriniz var? Nə danışırsınız, köçmək nədi, uçmaq istəyirəm... İndi evimiz yoxdu oralarda. Amma əlbəttə ki, gedəcəm. Lap bir kolun dibində yaşayaram. İlk gedən günü qəbiristanlığa üz tutacam. Torpağından öpəcəm vətənimin. Öpüb gözümə səpəcəm torpağını".

Əşrəf Veysəlli ilə bağlı bu qısa bilgidən sonra, istəyirəm, onun yenicə çapdan çıxan "Səni kimə tapşırım" şeirlər kitabı haqqında söz açım. Amma bunu bir rəy, ya resenziya kimi qəbul etməyin. Məqsədim budur ki, Əşrəf Veysəllinin bir şair kimi müasir poeziyamızda özünəməxsus yerini, məkanını nişan verim. Əslində, buna ehtiyac varmı? Çünki Əşrəf Veysəllinin yaradıcılığı haqqında xeyli məqalə, resenziya yazılıb və o yazılarda onun necə şair olduğunu təsdtiq edən fikirlər də var. Amma bu fikirlərin əksəriyyəti təhlil yox, tərif səmtinə yönəlib.

Əşrəf Veysəlli ilk növbədə, məxsusi ifadə tərzinə, poetik tərzə malik olan şairdir. O, bütün duyğularını heca şeirinə kökləyib. Qoşmadan, gəraylıdan bir addım da kənara atmayıb. Amma bunun məsələyə dəxli yoxdur: Nazim Hikmət demişkən, istər sərbəstdə, istər hecada, istərsə də əruzda yaz, təki ortada ŞEİR olsun. Əşrəf Veysəli öz istedadı və poetik imkanları ilə bir çevrədə də özünəməxsusluğunu isbata yetirir.

Səni kimə tapşırım,
Harda bəsləyim səni?!
Sarı simə tapşırım,
Tarda bəsləyim səni.

Gəzdirim pərdə-pərdə,
Dinləsin göy də, yer də,
"Çahargah"da, "Şüştər"də,
"Şur"da bəsləyim səni.

Bu saf, təmiz eşqimiz
Ay kimi, günəş kimi.
Qon gözümə yaş kimi,
Nurda bəsləyim səni.

Ürəyim dar qəfəsdə,
Can üstə, son nəfəsdə...
Bir salamat yer göstər,
Orda bəsləyim səni.

Bu şeiri 83 yaşlı bir şairin sevdiyi bir insana sonsuz sədaqəti kimi anlayaq. Klassik poeziyadan gəlir bu ənənə, aşiqlərin fədakarlığını, sevən insanın öz sevgilisinə belə müraciətini təsdiq edən onlarla misallar gətirə bilərik. Ümumiyyətlə, Ə.Veysəllini bir şair kimi poetik ənənələrə bağlayan təkcə heca şeirinə sədaqət, məlum mövzulara yeni rəng qatmaq, sözə, ifadəyə maksimum dərəcədə dirilik bəxş etmək olubmu? Əlbəttə, bu fikri təsdiq etmək olar, amma Ə.Veysəlli bu günün şairidir və onun şeirlərində də XXI əsrin bir azərbaycanlı şairinin fikir və duyğularını izləyirik. Və bu şairin istəyi nədir?

V.Q.Belinski 1845-ci ildə "Meteor" şeirlər kitabı haqqında yazdığı resenziyada deyirdi ki: "Hansı poeziyanın ki, kökləri müasir həyatda deyil, hansı poeziya ki, həyata işıq saçmır, onu izah etmir, bekarçılıq əlamətidir". Əşrəf Veysəllinin poeziyasının kökləri və mahiyyəti yaşadığı həyatdan, cəmiyyətdə və dünyada baş verən hadisələrdən gəlir. O, Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə, xüsusilə doğulduğu Qarabağın işğalına və artıq bu işğala müzəffər ordumuzun qələbə zəfəri ilə son qoyulmasına necə biganə qala bilərdi? Onun "Ürəyim Allah evidir" (2008), "Qarşıma siz çıxın" (2015) şeirlər kitablarında ən çox işlənən bir söz var - QARABAĞ. 

Gözəl Qarabağın acı həsrəti
Ömrümü taladı, könlümü diddi.
Orda uşaqlığım əsirlikdədi,
Burda qocalığım xəcalət çəkir.

Amma indi xəcalət dövrü bitdi. Başlanır möhtəşəm qələbəmizi poeziyada da qələbəyə çevirmək.

Vətən, təbrik edirəm, təbrik edirəm səni,
Qəlbindəki duyğunun, hissin qələbəsidir.
Susmuş bulaqlarında hərarətin, hənirin,
Sönmüş ocaqlarında közün qələbəsidir.

Biz vətənə can demir, canı qurban deyirik,
Yüzillik düşmənini 44 günə əyirik!
Bu şanlı qələbəmiz şər üstündə xeyirin,
Sərt qışın üzərində yazın qələbəsidir.

Əşrəf Veysəlli həyat şairidir və bu həyata bağlılığını, daha doğrusu, həyatsevərliyini fərdi düşüncəsində, ürək meridianlarında da ifadə edir. Təbii ki, hər yaşın öz yaşantıları var, bir də görürsən, şair həyatda baş verən şər əməllərdən gileylənir, onun kökünün kəsilmədiyinə heyfislənir, bir də görürsən, "bu həyat bir nağıldır və... Dərd də istər-istəməz onun şeirlərində boy atır, tez də çıxıb getmir: 

Təbdən-təbə düşə-düşə,
Ağlamaqdır indi peşəm.
Dərddən sərgi düzəltmişəm -
Muzeydi mənim ürəyim
.

Amma dərdi də sevən çağları olur: "Korona"dan ölməyəsən, öləndə dərddən öləsən" deyir. 

83 yaşlı şairimiz ömrünün sevgi çağlarını xatırlayır. Əslində, əsl sevənlərin bütün ömrü boyu bir sevgisi olur. Bəlkə cavan yaşında, bəlkə ahıl yaşında. Əşrəf Veysəllinin 2020-ci ildə yazdığı bu sevgi şeirinə üz tutaq, görəcəyik ki, insan qocalır, yaşa dolur, amma nə ürək qocalır, nə də sevgi:

Eşqim bir qaranlıq quyuda sənsiz,
Bir ip sallayarsan - vaxtın olanda.
Bəlkə bu tükənmiş, bitmiş ömrümə
Ömür calayarsan - vaxtın olanda.

Gözüm gözlərindən aman gözləyər,
Ötsə də gözümü duman, gözləyər.
Səni hər dəqiqə, hər an gözləyər,
Mesaj yollayarsan - vaxtın olanda.

Yol olsam, dalarsan yolun seyrinə,
Kol olsam, almazsan gül əllərinə.
Göl olsam, enərsən sahillərimə,
Bir daş tullayarsan - vaxtın olanda.

Mən bu yazıda Əşrəf Veysəllinin şeirlərindəki bədii sənətkarlıq incəliklərindən, uğurlu təşbih və metaforalarından, onun şeirlərində fikirlə hissin vəhdətindən söz açmadım. "Görünən kəndə nə bələdçilik" - deyirəm. Onu ürəkdən təbrik edirəm ki, daha Veysəlli dərdi, Qarabağ dərdi yoxdu.
Əşrəf Veysəllinin yüzlərlə oxucusu, özü də onu sevən, duyan oxucusu var. Kim tanımır onu? 2018-ci ildə yazdığı bir şeiri ilə sözümü bitirirəm:

Desələr sabahdan döyüş başlayır,
Vətəndən vətənə yürüş başlayır.
Yelin yalmanına yatıb gedər o,
Hər şeyi yarımçıq atıb gedər o.
Başında buludlar, gözündə şimşək,
Məşhur bir əsərin qəhrəmanıtək,
Köksündən çıxardıb öz ürəyini
Əlində məşəltək tutub gedər o:
Əşrəf Veysəllini kim tanımır ki?!

 

 





28.12.2021    çap et  çap et