525.Az

Pyesin əsas komponentləri - Əli Əmirlinin ustad dərsi


 

Süjet və onun qurulması (IV dərs)

Pyesin əsas komponentləri -<b style="color:red"> Əli Əmirlinin ustad dərsi</b>

"Ulduz" jurnalı ilə "525-ci qəzet"in birgə layihəsi

***
 
Pyesi təşkil edən bütün komponentlər, onlar arasındakı qarşılıqlı əlaqələr nə qədər əhəmiyyətli olsa da, mənə görə, pyesin ən vacib, ən çətin komponenti onun süjetidir. Bunu başqa cür ifadə etsək, deyə bilərik ki, pyesdə əsas olan strukturdur. Təcrübə göstərir ki, bu gün Azərbaycan dramaturgiyasını yaradan dramaturqların əksəriyyəti, hətta kifayət qədər təcrübəli dramaturqlar belə çox vaxt strukturun əhəmiyyətini düzgün qiymətləndirmirlər. Halbuki strukturu olan binanı inşa etmək daha asandır. Ev çox şeylərdən ibarətdir, əsas olan isə üçdür: döşəmə, tavan və divarlar. İlk baxışda bu primitiv misalın pyeslə heç bir əlaqəsi yoxdur, amma diqqət eləsək, görərik ki, süjet özü də konstruksiyadır. Fərq ondadır ki, bu konstruksiya öz təbiətinə görə intellektualdır, emosionaldır. O, tirlərdən, dirəklərdən deyil, fikirdən, ideyadan tikilir, kərpicləri isə sözlər əvəz edir.

Süjetin strukturu üç komponentdən ibarətdir: başlanğıc, orta və son. Bu üçtərkibli süjet strukturunu mən demirəm, iki min beş yüz il qabaq Aristotel deyib. Süjetin başlanğıcı o hissədir ki, ondan əvvəl heç nə olmayıb. Ən çətin məqam da elə bu başlanğıcdır. Nədən başlamalı? Pyesin ilk hadisəsini yazan dramaturq mütləq buna fikir verməlidir. "Doğrudanmı, bu, başlanğıcdır? Bəlkə, yazdığın dörd səhifə artıqdır, elə beşinci səhifədən başlayasan? Əgər heç nə dəyişmirsə, doğrudan da, niyə beşdən başlamayasan?"

Süjetin xeyli mürəkkəb tərifləri var, mən tərif deməyəcəm, sadəcə, süjeti necə başa düşürəm və yazı prosesində ona necə əməl edirəm? 

Süjet - pyesdə baş verən hadisələr zənciridir, pyesin əsas kateqoriyasıdır. Süjet əsas qəhrəmanın xarakterindəki toqquşma, münaqişə, qarşı-qarşıya dayanma və onun başqa personajlarla münasibətləridir. Süjet obrazın tam açılmasına doğru qət edilən hərəkətdir. Əslində isə əsas məsələ hadisələrin özündə deyil, onların necə təqdim edilməsindədir. Dramaturqun peşəkarlığı da məhz bu yerdə özünü göstərir.

Bir az əvvəl dedim ki, əsərin hardan, hansı hadisə ilə başlanmasının böyük əhəmiyyəti var, bəlkə də, başlanğıc pyesin həlledici hissəsidir. Burda öz təcrübəmə aid bir misal çəkim. Çox sevdiyim, amma səhnə üzü görməmiş "İki aktrisa üçün baş rol" adlı pyesimi, bir vaxtlar Azdramanın direktoru İsrafil İsrafilova təqdim etdim. O, pyesi oxuyub, prinsipcə bəyəndi, amma pyesin lazım olan yerdən başlamadığını dedi, daha doğrusu, o hesab edirdi ki, pyesin ekspozisiya hissəsi çox uzanıb, heç bir hadisə də baş vermir. Mən direktorun fikri ilə tam razı olmasam da, əsərə yenidən, məhz tənqidçinin gözü ilə baxdım və pyesi tamaşaçının diqqətini dərhal səhnəyə yönəldəcək bir hadisə ilə başladım. Deyim ki, bu dəyişiklikdən özüm də razı qaldım, baxmayaraq ki, əsərin oynanmasına mane olan obyektiv maneələr çıxdı ortaya. Ümumiyyətlə, çox vaxt keyfiyyətindən asılı olmayaraq, səhnə üzü görməyən əsərlər həmişə olub, olacaq da. Talenin, qismətin tək insanlara yox, pyeslərə də dəxli var.
Onu da deyim ki, hər təzə pyesi yazmağa başlayanda heç vaxt ideya haqqında düşünmürəm, mənim üçün ən vacib olan maraqlı, orijinal süjetdir. Süjet ideyadan, konsepsiyadan deyil, təsadüflərdən, hadisələrdən, əməllərdən başlayır. İdeya isə süjetin özündən doğur. Ümumiyyətlə, yazanda mən dramaturgiyanın nəzəri məsələləri haqqında düşünmürəm. Bir dəfə özünü haqlı olaraq dram nəzəriyyəsinin bilicisi hesab edən mərhum professor Aydın Dadaşov dedi ki, bilirsən niyə sənin əsərlərin uğur qazanır? Mən bu niyənin cavabını ondan pis bilməsəm də, soruşdum: "Niyə?" Dedi sənin əsərlərində fabula var, fabulasız pyes, dramaturgiya cansızdır, ölüdür. Mən də cavabında dedim ki, Aydın müəllim, mən yazanda fabula, kompozisiya, konflikt haqqında düşünmürəm, sadəcə, yazıram.

Dramaturji qaydaların əsiri olmaq yazıçı təxəyyülünü, yazıçı fantaziyasını buxovlayır. Bernard Şou demiş, qaydalar onları pozmaq üçün uydurulub. Bəlkə də, Şou haqlıdır, amma qaydaları o zaman poza bilərsən ki, əvəzində yeni və əhəmiyyətli bir şey yaradasan, lap elə Bernard Şounun özü kimi. Amma qətiyyən o fikrə düşməyək ki, dramaturq təkcə istedadına güvənməli, qəbul olunmuş qaydalardan, dram nəzəriyyəsindən sərf-nəzər etməlidir. Qəti şəkildə yox! Aşıq bədahətən şeir deyə bilər, yazıb-oxumağı bacarmayan adam da qoşma qoşar, bayatı çağırar, dramaturqa isə geniş mütaliə, münasib təhsil, hərtərəfli yüksək mədəni səviyyə, erudisiya və zəngin həyat təcrübəsi lazımdır. Ən vacibi isə dramaturq teatrı bilməli, onu sonsuz məhəbbətlə sevməlidir. Mən Azərbaycanda özünü həm də dramaturq hesab edən yazıçı tanıyıram ki, öz əsərlərindən başqa heç bir tamaşaya baxmır, çünki o teatrı yox, teatrın gətirəcəyi şöhrəti sevir, ona susayır. Bəlkə, başqa səbəblər də var, onu bilmirəm.

Keçək süjetin əsas komponentlərindən birincisinə:

Ekspozisiya pyesin, dediyim kimi, başlanğıcıdır. Ekspozisiyada qəhrəmanların təqdimatı, hadisənin baş verdiyi məkan və zaman (kim, harada, nə vaxt), personajların qarşılaşması və bir-birlərinə münasibətləri haqqında müfəssəl məlumat verilməlidir. Ekspozisiya qısa və orijinal yazılmalıdır. Ekspozisiya tüfəngdən açılan atəş kimi təsirli olmalıdır. Münaqişə vəziyyətində olan tərəflərin ilk toqquşması da məhz ekspozisiyada baş verir, nəticədə düyün yaranır, yəni ekspozisiya düyünün yaranması ilə bitir.

Düyün isə konflikti doğuran vəziyyətdir. Düyün konfliktli xətti-hərəkətdən əvvəlki iki hazırlıq mərhələsindən keçir:

1. konfliktli situasiya;

2. kolliziya (qəhrəmanlar anlayırlar ki, gec-tez aralarında münaqişə baş verəcək).

Pyesdə xətti-hərəkətin inkişafı ən böyük və vacib şərtdir. İnkişafın özündə kulminasiyaya hazırlıq gedir, konflikti gücləndirən hadisələr baş verir, yeni informasiyaların aşkarlanması od üstünə yağ kimi tökülür, mübarizə alovlanır, dartışma son həddə - kulminasiyaya çatır. Kulminasiyadan əvvəl peripetiya deyilən gözlənilməz hadisədən danışmaq istəyirəm.

Peripetiya - gözlənilməz hadisə düyündən kulminasiyaya qədər olan vəziyyəti gərginləşdirən komponentdir. Gözlənilməz hadisə dram əsərinin canıdır, onu baxımlı edən, tamaşaçını heyrətləndirən, sarsıdan, hadisələrə kəskin dönüş verə bilən, dramaturqdan yaradıcı fantaziya tələb edən elementdir. Əslində, gözlənilməz hadisə - peripetiya tamaşaçının yaxasından yapışan qarmaqdır, bu qarmaq onun diqqətinin başqa yerə yönəlməsinə mane olur, qalan müsbət məqamlar isə nəticədir, bu nəticəyə tamaşaçını hazırlamaq lazımdır, amma çalışmaq lazımdır ki, gözlənilməz hadisə göydəndüşmə olmasın, onun təbii motivi, səbəbi görünməlidir. Qəfil dönüş zorən, müəllif diktəsi ilə olmamalıdır. Ümumiyyətlə, qəfil dönüşə hazırlıq bir qədər örtülü, "niqablı" olmalıdır, bu hazırlıq bir az əvvəldən başlamalı, tamaşa boyu inkişaf etməli, yetişməlidir.

Dramaturgiyamızın banisi M.F.Axundzadənin, C.Məmmədquluzadə, Ə.Haqverdiyev və C.Cabbarlının dram əsərləri güclü peripetiyalarla zəngindir.

Kulminasiya konfliktin ən yüksək nöqtəsi, zirvəsidir, burdan o yanası yoxdur. Məsələn, çoxumuza məlum olan bir misal: saray qeybətlərindən, dedi-qodulardan, kübar cəmiyyətin istehzalarından, təhqiramiz atmacalarından cana doyan Puşkin şərəfini, ləyaqətini qorumaq üçün Danteslə duelə çıxır: onlar üz-üzə dayanıblar. Bu, ölüm-dirim savaşıdır. Hər iki rəqib bir-birini nişan alır. Əsəblər son həddə gərilib, tamaşaçılar hadisənin nə ilə bitəcəyini bilsələr də, onların əsəbləri daha çox tarımdadır. Bax bu məqam hadisələrin, mübarizənin ən gərgin nöqtəsi - kulminasiyasıdır. Əsl fəlakətin özü, yəni tapançanın açılması və Puşkinin ölümcül yaralanması artıq açılışdır. Çünki bir qayda olaraq, kulminasiyadan sonra açılış gəlir.

Açılış yekundur, daha doğrusu, yekunlaşdırıcı inkişafdır, dediyimiz kimi, dərhal kulminasiyadan sonra gəlir.

Final isə pyesdə baş verən hadisələrin nəticəsi, yekunlaşdırıcı komponentidir.

Beləliklə, biz pyesin süjeti, süjetin özü və əsas komponentləri haqqında danışdıq. Amma bunlar hələ hamısı deyil. Pyesin özünün bütövlükdə komponentlərini saymaqla qurtarmır: personajlar, replikalar, dialoqlar, kompozisiya, səhnə və epizodlar, süjetin növləri, konflikt və onun növləri...
Əlbəttə, süjetin adlarını çəkdiyim və haqqında qısaca məlumat verdiyim komponentlərinin hər biri ayrılıqda bir neçə dərsin mövzusudur, onlardan yaradıcı prosesdə necə istifadə etmək isə artıq dramaturqun fəhmindən, zövqündən və intuisiyasından asılıdır. Öz işinin ustası olan peşəkar dramaturq pyesi yazıb bitirəndə məlum olur ki, ekspozisiya, düyün, konflikt, inkişaf, kulminasiya, açılış və final dramaturji qaydalara tam uyğundur. Hətta pyesin həcmi də öz-özünə 50-52 səhifəni aşmayıb. Bu, əlbəttə, peşəkarlıqdır. Dramaturgiyanı özünə hobbi deyil, peşə seçmiş bütün dramaturqlara bu peşəkarlığı arzulayıram.

 





30.12.2021    çap et  çap et