525.Az

“Nizami Gəncəvi ili”ndə Qılınc və Qələm vəhdəti


 

“Nizami Gəncəvi ili”ndə Qılınc və Qələm vəhdəti<b style="color:red"></b>

Əlimuxtar MUXTAROV

Filologiya üzrə fəlsəfə doktoru

(AMEA Gəncə Bölməsi, Nizami Gəncəvi Mərkəzi, böyük elmi işçi)

 

Vaxtilə böyük Səməd Vurğun dahi Nizamiyə belə xitab edirdi:
 
Ölməz bu gözəl aləmə idrakla gələnlər,
Məna evinin sirrini vicdanla bilənlər...

 
Bəli,  Nizami Gəncəvi idrakla gəldi. Dövrümüzdə və dövrümüzdən sonrakı əsrlərdə də mənəvi idrakı ilə yaşayacaq, mənsub olduğu Azərbaycan xalqının timsalında bütün bəşəriyyətin yolunu öz nurlu zəkası ilə aydınlatacaqdır.Bu elə bir aydınlatmadır ki, cismən yox olub, mənən var olanlara müyəssər olur ki, Nizami Gəncəvi də belə bəxtiyarlardan birididr.

Batini və zahiri dünyanı zəngin elmi təfəkkürü və dərin mənəviyyatı ilə idrak edən Böyük Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvi hələ öz sağlığında möhrünü vurduğu “Xəmsə” sində sözünün , dühasının əbədiyaşarlığını, əbədi yaşayacağını  birmənalı şəkildə ifadə etmişdir.Sonuncu məsnəvisində yazırdı:

Nə qədər şair var, söz var, şeir var,
Onlardan dünyada mənəm yadigar.
Mənimlə canlandı, söz tapdı qüvvət,
Yenə də mənimlə edər qiyamət.

Dahi mütəfəkkirin gəldiyi qənaət bundan ibarətdir ki, qiyamətə qədər mənim sözüm də yaşayacaq.

Nizami Gəncəvinin sözünün, məfkurəsinin yaşaması sözündə ehtiva edilən məna yükü ilə, sehr ilə nə qədər əlaqəlidirsə, ona sevgisini nümayiş etdirən, sözünü ən ULU bəyan kimi qəbul edib dövrümüzə çatdıran qədirşinas millətinin sevgisi ilə də bir o qədər əlaqəlidir. Təbəqəsindən aslı olmayaraq Azərbaycan xalqı tarixin heç bir dövründə özünü Nizami dühasından, Nizamin duasından, Nizami ziyasından məhrum etməmişdir. Bu mənada Nizaminin bizə deyil, bizim Nizami Gəncəvi ziyasına olduqca böyük ehtiyacımız var. Əlbəttə ki, bir dahiyə özü qədər dahi bir insan dahi deyəndə daha möhtəşəm olur ki, biz də bunu böyük  Füzulinin  dahi  Nizami Gəncəviyə verdiyi dəyəri-qiymətdə görürük:

Billah ki, nə xoş demiş Nizami,
Bu babdə xətm edib kəlami:
"Əsbabi-soxən nişatü nazəst,
Zin hər do soxən bəhanəsazəst
Meydani-soxən fərax bayəd,
Ta təb süvareyi nomayəd
Dər gərmiyi irikü səxtiyi-kuh,
Ta çənd soxən rəvəd bəənbuh?"
Bir iş ki, qılır şikayət ustad,
Şagirdə olur rücui bidad ...

- deməklə Nizami Gəncəviyə öz dövrünə qədər və dövründən sonrakı əsrlərə də öz möhürünü vuran “Nizami mənim ustadımdır” kimi anladığımız məlum beytini yazır. Hələ keçən əsrin ortalarında Nizami Gəncəvini özününküləşdirməyə çalışanlara cavab olaraq Nigar Rəfibəyli Məhəmməd Füzulinin bu beytlərinə istinadən yazırdı: “O necə yaddır ki, Füzuli onu ustad saydı...”

İnkarolunmaz həqiqətdir ki, Nizami Gəncəvinin yaşadığı əsrdən sonrakı hər bir əsrdə dahi mütəfəkkirə böyük ehtiyac duyulmuş, bu ehtiyacın fonunda da Nizami Gəncəvi dühası təkcə Azərbaycanda deyil, Yaxın şərq daxil olmaqla, bütün müsəlman coğrafiyasında bir ölçü, meyar kimi formalaşmışdır.Bunun nəticəsi olmuşdur ki,orta əsrlərdə şairlik mərtəbəsinə yüksəlmək istəyənlər Nizami “Xəmsə” sinə cavab verməklə imtahandan keçmiş sayıılrdılar. Bu mövzuda Özbək şairi Əlişir Nəvainin Nizami Gəncəvi haqqında söylədiyi  “Əgər yer kürəsi tərəzi, göylər tərəzi daşı olsa belə, Nizami Gəncəvi  zəkasını çəkmək mümkün deyildir” kəlamı orta əsrlərdə Nizami Gəncəvinin dünya şöhrətinin hansı ölçüdə olmasının ən bariz nümunəsidir.

Sadalanan bütün bu fikirlər, arqumentlər Nizami Gəncəvinin yaşadığını, ölməzliyini ən əyani şəkildə əks etdirən mətləblərdir. 

Əgər nəzərə alsaq ki, yubiley anlayışı bir xatırlama, yad etmə, dəyər vermək kimi mənaları ifadə edir, deyə bilərik ki, bütün əsrlərdə Nizaminin davamçıları olmuşdur, ona nəzirələr yazılmışdır, deməli, bu kimi ehtiramlı yanaşmalar da Nizami Gəncəviyə bir yubiley ərməğanı olmuşdur.
Məlum olduğu kimi Nizami Gəncəviyə həsr edilən ilk yubiley tədbiri 1941-ci ilə təsadüf edir ki, bu da  Azərbaycanın da daxil olduğu keçmiş SSR-nin müharibəyə qoşulduğu il idi. Blokadalı Leninqradda Nizami Gəncəvi yubileyinin keçirilməsini bəzi tədqiqatçılar Stalinin adı ilə bağlasalar da, hörmətli akademiklərimiz Rafael Hüseynovun, Teymur Kərimlinin də qeyd etdikləri kimi bu hadisə onun fəaliyyəti ilə  deyil, birbaşa Azərbaycan və  dünya şərqşünaslarının Nizami Gəncəviyə olan sevgisinin, verdikıəri dəyərin təntənəsi idi. Qanlı-qadalı günlərdə, olduqca ağır şəraitdə və tarixə İkinci Dünya Müharibəsi kimi daxil olan o vahiməli savaşda Şeyx Nizaminin anılması heç də sıradan, adi bir hadisə deyildi. Anım yubileyinin öndəgedənləri sanki Nizami dühasının, Nizami niyazının vasitəsilə Uca Yaradandan bəşəriyyətin, insanllğın qurtulmasını diləyirdilər. Və, əlbəttə,  bu mövzuda nurlu yolda idilər. Çünki böyük Azərbaycan Şeyxi yazırdı:

“Duadan bir dilək istəsən əgər,
Mən amin deyərəm, qəbula keçər”.

Tərəddüd etmədən deyə bilərik ki, keçmiş Sovet İttifaqının məlum müharibədəki möcüzəvi qalibiyyətinin səbəblərindən biri məhz Nizami Gəncəvi vəsiləsilə səmimi edilən yalvarışın nəticəsi olmuşdur. Bu mənada Şeyx Nizami Gəncəvi insanlığın ən çətin dövrlərində yer üzünün əşrəfi olan insanın hər zaman yanında olmuşdur. Həyatla ölüm arasında  bir neçə saat davam edən yubiley tədbirinin axarı müharibə bitdikdən sonra 1947-ci ildə böyük təntənə ilə qeyd edildi.

Adının anıldığı hər bir məclisin qonağı olduğunu ifadə edən Nizamii Gəncəvi:

-“Şeiri oxunanda bu Nizaminin,

- Özü də hər sözdə görünər, yəqin”- fikri ilə bütün yubileylərində də mənən yaşayaraq iştirak etdiyini dilə gətirirdi.

Əlbəttə ki, Nizami Gəncəvi şəxsiyyətinə, irsinə, kəlamlarına ən qiymətli, böyük dəyəri  XX əsrdə Ümummilli Lider Heydər Əliyev vermişdirsə, XXI əsrdə bu vəzifəni, daha da inkişaf etdirib dünya səviyyəsinə qaldıran  Azərbaycan Respublikasının Prezideni Cənab  İlham Əliyev olmuşdur.

Keçən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin Nizami Gəncəvi ilə bağlı verdiyi qərarları təhlil edən akademik İsa Həbibbəyli yazır: “Nizami Gəncəviyə ikinci dəfə qayıdış 1979-cu ildə Ulu Öndər Heydər Əliyev “Nizami Gəncəvi irsinin tədqiqi, təbliği və nəşri işinin daha da yaxşılaşdırması haqqında” sərəncamı ilə olmuşdur. Həmin il, həmin dövr isə nizamişünaslığın ilkin  formalaşması dövrü olmuşdur. 1979-85-ci illər isə nizamişünaslığın elm kimi meydana gəldiyi dövr olmuşdur”. Və fikrinə əlavə olaraq qeyd edir ki, “Azərbaycan nizamişünaslığı mühazirə mətnlərindən elm səviyyəsinə Ulu Öndərin dövründə yüksəlmişdir”.

Nizami Gəncəvinin 850 illik yubileyi təxminən 1991-ci ilə tamam olsa da, ölkədəki qeyri-sabit iqtisadi və siyasi durum yubileyin keçirilməsinə mane olmuş, ancaq elə həmin il dünyada  UNESCO  səviyyəsində Nizami Gəncəvi ili kimi qeyd edilmişdir.

Azərbaycan tarixində müstəqil dövlətimizin Nizami Gəncəvi yubileyi ilə  bağlı verdiyi ilk qərar 2011-ci ildə Cənab İlham Əliyevin dahi mütəfəkkirin 870 illik yubileyi ilə imzaladığı Sərəncam olmuşdur.

Bu Sərəncam, bu yubiley özünəqədərki yubileylərdən ehtiva etdiyi bir çox mətləblərə görə çox fərqlənirdi. Ən başlıca mətləb isə ilk dəfə dahi şairimizin təntənəli yubileyi Müstəqil Azərbaycan dövlətinin və müstəqil vətəndaşlarının birgə fəaliyyətinin nəticəsində baş tuturdu. Əgər nəzərə alsaq ki, dahi mütəfəkkirimizə o vaxta qədər həsr edilən yubileylər sil-siləsi dövrlərində Azərbaycan dövlət olaraq müstəqil deyildi, bu baxımdan 870 illik yubileyin ideoloji məna tutumu, əlbəttə ki, daha çox milli məfkurəyə söykənirdi. Eyni zamanda  bu dövrdə dünya miqyasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsi, Gəncədə Nizami Gəncəvi Mərkəzinin fəaliyyətə başlaması  nizamişünaslıq sahəsinin inkişafı və klassik ədəbi irsimizin azərbaycançılıq məfkurəsi işığında tədqiqinin genişləndirilməsinə bir təkan verdi. Minlərlə şəhər sakininin, dövlət və hökümət nümayəndələrinin və 15-dən çox ölkədən 150 alimin qatıldığı yubiley tədbirində bənzərsiz Nizami Gəncəvi təntənəsi yaşanırdı. Bəlkə də o gün müstəqilliyimizin işığında Nizamin ruhu daha çox şad idi və idrakla yaşayırdı.

Nizami Gəncəvinin 870 illik yubileyinin nəticələri çox geniş şaxəli oldu. Xüsusilə,  bu ərəfədə və bundan sonra Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti nəticəsində Azərbaycanda və Azərbaycandan kənarda dahi mütəfəkkirlə bağlı həyata keçirilən layihələr, “Xəmsə”in yeni və yüksək tərtibatda çap edilməsi, Nizami Gəncəviyə dünyanın bir sıra ölkələrində abidələrin ucaldılması, Oksford Universitetində akademik  Nərgiz Paşayevanın iştirakı və dəstəyi ilə  “Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi”nin yaradılması, əlbəttə ki, nizamişünaslıq tarixində ilk və bənzərsiz olan yeniliklər, dünyaya açılımlar idi.

Azərbaycan və dünya nizamişünaslığının tarixində olduqca mühüm mərhələ kimi tarixə düşən 870 illik yubileyin ən ümdə nəticəsi Prezident İlham Əliyevin uzaqgörənliklə 30 sentyabr 2012-ci tarixli sərəncamı ilə təsis etdiyi  və üzvləri də dünyanın ən nüfuzlu dövlət xadimlərinin, hökumət nümayəndələrinin olduğu  “Beynəlxalq  Nizami Gəncəvi Mərkəzi”nin  yaradılması oldu. Bu hadisə ona görə ümdə hesab edilir ki, Nizami Gəncəvinin adını daşıyan bu mötəbər beynəlxalq təşkilatın dəstəyi ilə hər il Bakıda “Bakı Qlobal Formu” təşkil edilir ki, bu forum da öz ənənəsinə sadiq qalaraq bütün dünyaya Nizami Gəncəvinin adı ilə səslənir.

Ölkə başçısının daim diqqət mərkəzində olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi eyni zamanda Madrid Klubunun üzvləri ilə birlikdə  hər il Bakıda təşkil edilən Qlobal Bakı Forumunun təşkilatçısı kimi də beynəlxalq səviyyədə fəaliyyət göstərən mərkəzlərdən birinə çevirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci ili “Nizami ili” elan edərkən Nizami Gəncəvi Beynəlxalq Mərkəzini və onun həyata keçirdiyi forumları yüksək qiymətləndirmiş və mədəniyyətimizin, ədəbiyyatımızın təbliğindəki müstəsna xidmətindən bəhs edərək qeyd etmişdir: “Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim Sərəncamımla “Nizami ili” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir. Bildiyiniz kimi, artıq uzun illərdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyət göstərir və bu Mərkəzə mənim xüsusi diqqətim vardır. Mərkəz humanitar qeyri-hökumət təşkilatı kimi formalaşsa da, hazırda mərkəzin fəaliyyəti çox genişdir, çoxşaxəlidir. Hər il keçirilən Qlobal Bakı Forumu, - əlbəttə, 2020-ci ildə pandemiyaya görə keçirilməyib, - dünya miqyasında öz layiqli yerini tutubdur. Bir daha demək istəyirəm ki, bu il biz Nizami Gəncəvinin yubileyini geniş qeyd etməliyik. 2019-cu il isə digər dahi Azərbaycan şairi Nəsimi ili olmuşdur. Bu, onu göstərir ki, dövlət tərəfindən və şəxsən Prezident tərəfindən bizim ədəbiyyatımıza, bizim dahi şairlərimizin xatirəsinə çox böyük hörmət var, qayğı var. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər”.

Nizami Gəncəvinin adını daşıyan Bakı Beynəlxalq Forumunda  Azərbaycan həqiqətlərinin, tolerantlığının dünyada təbliğində əhəmiyyətli rol oyamışdır. Xüsusilə 44 Günlük Vətən Müharibəsindəki parlaq qələbimizə qədər bu forumların hər birində Nizaminin adı ilə dünyaya səslənilir və ermənilərin işğalçılıq siyasəti  pislənilirdi. Beləliklə, Qarabağın 30 illik həsrətinə son qoyulmasında Ali Baş Komandan və Müzəffər Azərbaycan ordusu ilə yanaşı, Nizami də mənən yaşayaraq  sözü, ədəbi irsi ilə bizi mübarizəyə çağırmış və böyük qələbə qazanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2021-ci ili  “Nizami Gəncəvi ili” elan etməsi isə Qılıncla Qələmin vəhdətindən doğan rəhbər müdrikliyi və Sərkərdə uzaqgörənliyi oldu. Prezidentimiz dünyaya səsləndi ki, Azərbaycan xalqı 2020-ci ildə Qarabağı  qəhrəmalıq simvolu olan qılıncla yağı düşməndən təmizləyib, 2021-ci ili qələmin  simvolu olan Nizami Gəncəvi ideyaları ilə Qarabağa qayıdır! 

Nizami Gəncəvinin xeyir-duası ilə başlayıb, yola saldığımız 2021-ci il Dövlətimiz, Xalqımız üçün daha da çiçəkli bir dövrün başlayacağının ən gözəl təminatıdır!

 





30.12.2021    çap et  çap et