525.Az

"Papaqsız baş yetimdir..." - Əlisəfdər Hüseynov yazır


 

"Papaqsız baş yetimdir..." -<b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

3. CƏFƏR BƏYİN, İBİŞİN VƏ QOÇULARIN PAPAQLARI

Papaqla onun sahibi arasındakı münasibətlərdə bəzən absurd vəziyyətlərə gətirib çıxaran  paradoksal məqamlar olur.

Ondan başlayaq ki, namus, kişilik rəmzi sayılan papağın həmişə namuslu və kişi adamların başlarını şərəfləndiyini, əxlaqi baxımdan hamını aşağıdan yuxarıya kimi eyniləşdirdiyini düşünmək sadəlövhlük olardı - "papaq altında oğlanları" olan toplumda papağın statusu ilə manipulyasiya edib onu urvatdan salanlar həmişə olub və indi də var. Papağı şərəflə daşımağa layiq olan, ona and içən ləyaqətli insanlarla onu sadəcə olaraq başını örtmək naminə daşıyanları heç vaxt bir tərəziyə qoymaq olmaz. "Atları yəhərləyin" filmində Qaçaq Nəbinin də (H.Turabov) başında papaq var, "Nəbi qağa, kömək elə, namusum əldən gedir", - deyə onun ayaqlarına döşənən şərəfsiz İbişin də (Ş.Ələkbərov) (hətta onun papağı ölçüsünə görə Nəbinin papağından deyəsən, böyükdür). Filmdə Səlim bəy də, Koxa da papaq gəzdirir, amma bu papaqların sahibləri arasında kişilik mənasında bərabərlik işarəsi qoymaq qətiyyən doğru olmaz. 

Yəqin elə buna görə "Arşın mal alan" filmində Əskəri arşınmalçıya "çevirəndə" ona öz yeni statusuna uyğun papaq seçilməsinə xüsusi diqqət yetirilir, xala məcməyidəki papaqları saf-çürük edərək nimdaş, köhnə papaq seçir. 

Bu filmdən söz düşmüşkən məhz papaq amili ilə bağlı maraqlı bir faktı nəzərinizə çatdırım. "Arşın mal alan"ın 1-ci variantı Moskvada qəbul olunarkən filmin bədii məkanında cürbəcür papaqların sərbəst "hərəkəti" qızğın müzakirələrə, fikir ayrılığına səbəb olur. Papaqla mentalitet arasındakı ilişkilərdən o qədər də yaxşı baş açmayan çinovniklər, kino mütəxəssisləri inqilabdan əvvəlki dövrə aid personajların - bəylərin, tacirlərin papaqlarına ideoloji rakursdan baxdıqlarına görə çeşid-çeşid papaqları istismarçı cəmiyyətin simvolları kimi qavrayır, bundan qıcıqlanıb hətta filmi qadağan etmək istəyirlər...

Papağın "dilini", onda şifrələnmiş informasiyanın kodlarını bilməmək bəzən ölümlə nəticələnən absurd situasiyaların yaranmasına səbəb olurdu. Belə situasiyalardan biri "Qorxma, mən səninləyəm" filmində təsvir olunub. Hətta hamamda da papağını çıxarmayan quldurbaşı və meloman (!) Cəfər bəy (H.Turabov) həvəslə konsert salonuna daxil olub ön sıraların  birində əyləşir və təbii ki, papağını da çıxartmır. Başındakı buxara papağı arxada əyləşmiş rus San Sanıçın (L.Durov) görmə bucağını tamamilə bağladığından o, nəzakətlə bəyə müraciət edir: "Xahiş edirəm, papağınızı çıxarın. O, mənə mane olur". Cəfər bəy heç başını da döndərmədən bu müraciətə belə reaksiya verir: "Əşi, kəs səsini !!!" Tanımadığı rus mujikinin tələbi ilə papağını burada hamının gözləri qarşısında çıxarmaq Cəfər bəyin məqbul hesab etdiyi davranış etiketinə tamam yad jest idi. Amma heç kimin ağlına gəlməyən cavab jesti də özünü çox gözlətmir - San Sanıç sakitcə Cəfər bəyin papağını onun başından götürüb yanıdakı oturacağın üstünə qoyur və gözləri bərəlmiş Cəfər bəy xəncərini siyirib San Sanıçın üzərinə şığımaq istəyəndə yalnız yan-yörədəki adamların müdaxiləsi konsertin qanlı faciəyə çevrilməsinin qarşısını alır.

"Üzeyir ömrü" filmində Anar "papağa hörmət" diskursunu o illərə aid əldə etdiyi məlumatlar əsasında çox maraqlı və yumorlu bir tərzdə həll edir. Sən demə, o vaxt "Leyli və Məcnun" operasının ilk tamaşına gələn qoçular 1 yox, 2 bilet alıblarmış - birini özləri, o birini papaqları üçün!  Rejissor bu situasiyanın vizual həllini də göstərir - qoçular öz yerlərində əyləşir, sonra şəstlə papaqlarını çıxarıb yanlarındakı oturacaqlarda "oturdur" və beləliklə, papaqları ilə canlı varlıq kimi davranırlar.

4. ABBASQULU BƏYİN PAPAĞI

“Axırıncı aşırım" filmində Həsən Məmmədovun böyük ustalıqla yaratdığı Abbasqulu bəy obrazı, fikrimcə, nəinki Azərbaycan, ümumiyyətlə, dünya kinosunda 2 müxtəlifliyi, 2 əks qütbü bir tamda birləşdirib bütövə çevirən qeyri-adi, nadir bir obrazdır.

Baxdığınız filmlərin hamısını yada salın - əgər müxtəlifliyin belə incə, təbii vəhdətinə rast gəlsəniz, mən təslim!

Söhbət əlbəttə ki, öz xarakter "baqajında" 1001 sifət olan buqələmunlardan getmir. Buqələmunlar vəziyyətdən asılı olaraq rəngdən-rəngə, sifətdən sifətə düşən simasızlardır. Onlar hər kəsin - yaltağın, xəbərçinin, evyıxanın... pozasını tutub onların rolunu oynaya bilirlər, təkcə öz rollarından başqa. Abbasqulu bəy isə nəhəng şəxsiyyətdir, bir baxışı ilə Qəmlo kimi qulduru bir addım geri itələmək, bir hərəkəti, jesti ilə 100 batman söz demək qüdrətində olan, vücudunda 2  şəxsiyyətin psixofizioloji yükünü gəzdirən, 2 hissəni bütövləşdirən qeyri-adi fenomendir!

Mən nəyə əsaslanıb, nədən çıxış edib belə deyirəm?

Əlbəttə ki, hər yerdə, hər anda həm bəy, həm də bolşevik olan Abbasqulu bəyin özündən, onun jestlərindən, mimikasından, səsinin ahəngindən, nitqinin frazeloji çalarlarından... və ən əsası, ortasına qırmızı ulduz taxılmış buxara papağından!

Abbasqulu bəy obrazının bədii məntiqi, orijinallığı, qeyri-adiliyi, cazibəsi bir-biri ilə diametral əkslikdə olan bu iki əşyanın - buxara papağın və qırmızı ulduzun bu cür sirli "yaxınlığındadır" və 2 əksliyin vəhdətindən yaranmış bu obraz orta həcmli, sanballı bir kitabın çatdıra biləcəyi qədər informasiya çatdırır. 

Abbasqulu bəyin təkrarsızlığı ondadır ki, o, milli yaddaşı, milli davranış, əxlaq etiketini qəbul etdiyi bolşevik ideologiyası ilə barışdırmağın, onların sintezindən yeni bir davranış, düşüncə tərzinin yarana biləcəyinin mümkünlüyünə inanır və bunu özünün şəxsində nümayiş etdirməyə çalışır. Onun jestlərini, danışıq tərzini, üz-sifət cizgilərini, baxışlarını yada salaq. Abbasqulu bəyin vücudunun ən kiçik hüceyrələrindən belə bir ağayanalıq, aristokratlıq yağır, ən adi situasiyalarda belə, o, bolşevik olmaqdan daha çox bəydir, milli ənənələrə dərindən bağlı şəxsiyyətdir. Dostunun sonrakı taleyi ilə bağlı Şabanzadə ilə söhbətin kiçik bir fraqmentini xatırlayaq. Abbasqulu bəyin Kərbalayı İsmayılın sonrakı taleyinin necə olacağı ilə bağlı sualına Şabanzadə "Bu məsələyə sonra baxarıq", - deyə qeyri-müəyyən, sürüşkən cavab verəndə Abbasqulu bəy onun düz gözlərinin içinə baxaraq məhz bolşeviklərə xas olan yalanı, məkri, hiyləni aşağıdakı sözlərlə darmadağın edir: “Mənə qəti döz lazımdır. Söhbətin nəticəsi bundan çox asılıdır. MƏN YALAN DANIŞA BİLMƏRƏM".

Bu, əsl kişiyə, əsl dosta xas olan xüsusiyyət, yalnız onun deyə biləcəyi sözlərdir.

Amma biz mətləbdən uzaqlaşmayaq və qayıdaq Abbasqulu bəyin ulduzlu papağına. 

Ulduz ideologiya, əxlaq və düşüncə tərzinin rəmzi kimi təbii ki, papağa - Azərbaycan kişilərinin həmişə hörmətlə gəzdirdikləri bu əşyaya sonradan əlavə olunan bir nəsnədir və Abbasqulu bəy bu jesti edəndə papaqla ulduzu barışdıracağına sadəlövhcəsinə inanırdı. "Sadəlövhcəsinə" sözünü ona görə işlədirəm ki, o, ulduzun ilk növbədə papağa qarşı çevrildiyini, papağı və onun timsalında elin, torpağın təəssübünü çəkən kişilərə qənim kəsilmiş bir kabus olduğunu başa düşmür (bəlkə də başa düşmək istəmir), anlamırdı ki, bolşeviklərin nəzərində ən böyük potensial düşmən elə Abbasqulu bəyin özü və onun papağıdır, Abbasqulu bəy kimi adamlar bolşeviklərə yalnız müəyyən bir zaman kəsiyində öz niyyətlərini həyata keçirmək üçün lazımdır, vaxt gələndə isə onu və onun kimiləri "Bolşeviklərin sıralarına soxulmuş xain, cssus kimi güllələyəcəklər... Bu mənada Abbasqulu bəy Azərbaycan ədəbiyyatında və kinosunda bəlkə də ən faciəvi bolşevik-bəy obrazıdır. O, papağını ona bənd etdiyi ulduza uduzur. Halbuki bu papaq onun ruhi enerjisinin tükənməz mənbəyi, ən böhranlı anlarda onun vicdanının səsi, hərəkətlərini korrektə edən sehirli bir qüvvə idi və mən qeydlərimi bu xüsusda yazdığım başqa bir yazımdan gətirdiyim sitatla tamamlayır, yazıçı Fərman Kərimzadəyə, bu filmdə özünün şah obrazını yaratmış Həsən Məmmədova və özünün ən dəyərli filmini bizə yadigar qoyub getmiş rejissor Kamil Rüstəmbəyova Allahdan rəhmət diləyirəm.

"Düşmən zonasında kəndli Səmədin evində gecələyən Abbasqulu bəy (H.Məmmədov), Xəlil (H.Turabov) və Talıbov (H.Xanızadə) təzəcə yuxuya gedirlər ki, qəfildən küçə qapısı bərk-bərk döyülür. Xəlil və Talıbov dərhal ayağa qalxırlar, Abbasqulu bəy isə dikəlib yerində oturur. Qəmlonun "Səməd, ay Səməd! Ə, ölmüsən?"  hayqırtısından sonra epizoddakı gərginlik pik həddinə çatır - Xəlil neft lampasının işığını artırır, köynəyini geyinməyə macal tapmamış Talıbov isə əlini cibinə salıb naqanını axtarır və qapının dalına keçir. Küçə qapısı isə dayanmadan döyülür. Hamı Abbasqulu bəyin qərarını gözləyir, o isə tələsmir, kitelinin son düyməsini bağlayır və üzünün cizgilərindən, baxışlarından oxunur ki, soyuqqanlığına baxmayaraq, o da azca karıxıb, ani olaraq ürəyində hansı qərara gəlməyin, bu qeyri-müəyyən vəziyyətdə nə etməyin yolları barədə götür-qoy edir... Və nəhayət, həmin o 6 saniyəlik görüntü və aktyorun misilsiz bir ustalıqla etdiyi jest - o, sağ əlini papağına uzadıb onu götürür, sol əli ilə sığallayır və qəfildən bu papaqdan bütün ruhuna axan, yaddaşını silkələyən, ona ikiqat cəsarət, inam aşılayan qətiyyətli səslə deyir: "Get aç qapını!"

Deyə bilərsiz ki, nə olsun, adi epizoddur da. Amma yox! Diqqət versək, görərik ki, papaqla aktyor arasında gedən bu 6 saniyəlik səssiz dialoqun son akkordu - bəyin dilində artıq səsə çevrilən "Get aç qapını" sözləri əslində, papağın hökmüdür, əmridir. Cansız əşya - papaq aktyorun ustalığı sayəsində sanki cana gəlib danışır və aktyor bunu bəlkə də şüuraltı şəkildə o qədər ustalıq və incəliklə rəsm edir ki, növbəti epizodda - səsindən, baxışlarından qan iyi gələn Qəmlo ilə üz-üzə gəldiyi səhnədə onun öz kəskin baxışları, zəhmi ilə rəqibini həqiqətən sarsıdacağına, hətta 1-2 addım geri atacağına cani-dildən inanırsan.

Əlbəttə, bu səhnəni başqa mizankadrla da həll etmək olardı - məsələn, Abbasqulu bəy papağı götürüb dərhal başına qoyar, sonra da sözünü deyərdi. Amma gəlin razılaşaq ki, onda papaq heç bir işarəvilik funksiyası daşımaz, səhnə solğun alınardı. Çünki filmdə hər şey, hətta personajın geyimi, saç düzümü də hansısa bir məna daşımalı, müəyyən bir informasiya ötürməlidir".

(Ardı var)

 





31.12.2021    çap et  çap et