525.Az

İkarusun düşməsi - Gülşən Nail yazır


 

İkarusun düşməsi -<b style="color:red"> Gülşən Nail yazır</b>

Qədim yunan əfsanəsinə görə, məşhur usta Dedalın ucaltdığı abidələr hər yanda şöhrət qazanıbmış. Onun bacarığına bələd olan Minos sənətkarı sarayına çağırır. Burada çalışdığı müddətdə Tezeyə Minotavrı öldürməyə kömək etdiyi üçün Dedal hökmdarın qəzəbinə tuş gəlir və oğlu İkarusla bir qalaya həbs olunur. Mavi səma və havada süzən quşlardan başqa bir şey görməyən ata ilə oğul uzun müddət məhkum olaraq qaldıqdan sonra çıxış yolu tapmağa müvəffəq olurlar. İti zəkasını işə salan Dedal başlarının üzərində uçuşan quşların lələkləri və mumun köməyi ilə iki cüt qanad hazırlayır. Qalanı tərk etməzdən əvvəl oğluna dönə-dönə tapşırır ki, aşağıdan uçsa, dəniz qanadlarını isladar, yüksəkdən uçsa, Günəş onları əridər. Bunun üçün də həddini aşmamalıdır. Atasının məsləhətlərinə əməl edəcəyini deyən İkarus sözündə dura bilmir. Onların quş kimi süzərək qaladan  xilas olduğunu görən insanlar heyrətlə mənzərəyə tamaşa edirlər. Ata və oğul səmada qanad çalarkən İkarusun içindəki səs susmaq bilmir. O yüksəldikcə yüksəlir, Günəşə yaxınlaşır. Bunu özünə təhqir olaraq görən Helios qəzəblənərək İkarusun qanadlarını yandırır. Yüksək məsafədən yerə çırpılan İkarus ölür...

Günəşə çatmaq eşqi ilə sonunu gətirən İkarusun hekayəsi bir çoxları üçün ibrət götürməli əhvalatdır. Lakin həyatda əlində olanla kifayətlənməyib daha çoxunu arzulamağın səhv olduğunu kim deyib? İkarusun yüksəlməsi ani maraq, yoxsa şüurlu seçimin nəticəsi idi? Bu məsələ əsasında insanları altı yerə bölə bilərik: alçaqdan uçmağı istəyib alçaqdan uçanlar, yüksəkdən uçmağı istəyib alçaqdan uçanlar, orta həddə uçmağı istəyib orta həddə uçanlar, yüksəkdən uçmağı istəyib ortadan uçanlar, yüksəkdən uçmağı istəyib yüksəkdən uçanlar və varlığı şübhəli də olsa, yüksəkdən uçmağı istəməyib yüksəkdən uçanlar. İnsanlar ona görə alçaqdan uçmaq istəyirlər ki, yüksəkdən uçmağa qorxurlar. Böyüyün böyük dərdləri olur deyirlər. Bundan qorxanlar da kiçik və problemsiz həyat istəyirlər. Bu kateqoriyalardan olan insanların heç birini günahlandıra bilmərik. Çünki həyatlarını haradan uçaraq keçirmələri özlərinə qalmış seçimdir. Orta həddə uçmağı istəyənlər  heç nədən korluq çəkmədən kiçik problemlərlə yaşamağın tərəfdarlarıdır. Yüksəkdən uçmağı istəyənlər isə mütləq İkarus kimi nəyisə qurban verməlidirlər. Risksiz böyük qazanc əldə etmək olmaz. Bunun üçün ən dəyərli varlığını da olsa, ortaya qoymalısan. Bəs, görəsən, İkarus bu kateqoriyalardan hansına aid idi? O yüksəkdən uçmağı istəyərək, yoxsa özünü idarə edə bilmədiyi üçün seçmişdi? Bizim yüksəlməyimiz illər alır, yəni yerə çırpılmağımız da onunku kimi qəfildən olmur. İkarusun qarşısında isə nəticəsi dərhal həyata keçəcək iki variant var idi. Ya ortadan uçaraq həyatına adi insan olaraq davam edəcək, ya da Günəşə çatan qüdrətli İkarus olacaqdı. Dedalın oğlu ikincini seçdi. Düzdür, bu mümkün deyildi, lakin həyatına davam edə bilsə idi, peşman olub-olmadığını soruşmaq çoxlarının marağına son qoyardı. Məncə, belə bir şans olsa idi, peşman olmadığını deyərdi. Çünki İkarusu İkarus edən cəsarəti idi. Məqsədinə çata bilmədi, lakin sınaqdan keçirmədən nəticəni görmək mümkün deyil. Bunun üçün risk aldı və məğlub oldu. Günəşə çatan insan kimi olmasa da, ona çatmağa cəhd edən cəsur İkarus kimi dünyada tanındı.
 

 





31.12.2021    çap et  çap et