525.Az

Dərd üstünə dərd gətirən itki


 

Dərd üstünə dərd gətirən itki <b style="color:red"></b>

İmkanım olduqca “525-ci qəzet”in son xəbərləri ilə tanış olmaq bir vərdişə çevrilib. Bu gün də maraqlanıb açdığımda bir şəkil diqqıtimi çəkdi. Qənbər əminin şəkli idi. Kaş heç açmayaydım, oxumayaydım. Qənbər əminini bu gün Allahın rəhmətinə qovuşduğunu bildirmişlər. Mənə təsir edən o oldu ki, həmin şəkil 2018-ci ildə Qənbər Şəmşiroğlunun 85 illiyinə həsr etdiyim “Bir millət, iki dövlət. Azərbaycan-Türkiyə” kitabımda da yer alırdı.

Oxucularımıza həmin kitabın üz cildini və Qənbər əminin şəklini təqdim edirəm.

 

Xatirələr bir-bir göz önündən keçdikcə necə qəmlənməyəsən, kövrəlməyəsən. Əziz adamı, böyük ağsaqqalımı itirmək mənə çox ağır gəlir. Daha dözə bilmirəm. 2000-ci ildə atam Cəmil Əkbəri, 2013-də qardaşım Müzadil həkimi, 2018-də Osman Sarıvəlli ocağının qiymətli övladı professor Babək Qurbanovu, Zakir Cəmiloğlu, bu gün isə Qənbər əminin haqq dünyasına qovuşması xəbəri məni çox sarsıtdı. 

Çox xatirələrim yaşayır ürəyimdə. Ata yadigarım Qənbər əmi böyüklüyini, diqqətini heç əsirgəmədi Cəmil Əkbər ocağından. İmkan olduqca ziyarət edərdi, baş çəkərdi bizlərə ki, böyüksüz, arxasız, köməksiz olmağımızı hiss etməyək. Çünki Dədə Şəmşirin Cəmil Əkbərlə dostluğu bir dastan olmuşdu Kəlbəcər və Gədəbəy eli üçün keçən əsrin 60-80-ci illərində. Heyran qalmışdıq bu səmimi, təmənnasız dostluğa: Qənbər əmi də, Cəmil Əkbər ocağının övladları da. 

Miskinli Şair Vəli, Dədə Şəmşir və Cəmil Əkbər. 1964.

Atam Cəmil Əkbər haqqın dərgahına köç karvanını qoşub ailəsindən ayrılmağa 4 gün qalmış, yəni mart ayının 8-də Qənbər əminin xəbər tutub bizə gəldiyini heç unuda bilmirəm. Bir neçə gün idi ki gözlərini açmırdı. Anam Firuzə xanım bu gəliş xəbərini ömür gün yoldaşına bildirmək üçün uca səslə dedi: “Ay Cəmil, ay Cəmil, gör kim gəlib? Dədə Şəmşirin oğlu Qənbər müəllim!” Dədə Şəmşir adını eşidən atam elə bildi ki, bu dünyada bir dostu – pir dostu olmuş Dədə Şəmşir təşrif buyurub. Handan-hana bir təhər gözünü açıb Qənbər əmini görüb kövrəldi. Qənbər əmi də bu mənzərədən kövrəlsə də, birtəhər özünü ələ ala bildi. Yaxınlaşıb alnından üzündən öpməsi məni də kövrəltdi. Çünki Dədə Şəmşirin şah əsəri Qənbər müəllim, sanki Dədə Şəmşir timsalında Cəmil Əkbər oçağına təşrif gətirmişdi. Bu kövrək məqamlar indi də gözmün qarşısından getməyib. Cəmil Əkbərin danışa bilməməsi, onun son ürək sözlərini duya bilməməsi Qənbər əmini daxilən çox sarsıtdı. Qəmini, kədərini ürəyində boğub beləcə kədərli, qəmli, pərişan, həm də nigaran halda ocağımızdan ayrıldı. 

2013-ün iyun ayının 18-də qardaşım Müzadil həkimin 60 yaşına çatmamış qəfil ürəktutmasından dünyasını dəyişməsi qara xəbərini eşidən Qənbər əmi ömür-gün yoldaşı Firuzə xanımı da götürüb bu mərasimə gəlmişdi. Bu ağır günlərdə ailəmizə başsağlığı verməsi Qənbər əminin Cəmi Əkbər ocağına ülvi məhəbbət tellərilə bağlı olmasının isbatı idi. Çünki Qənbər müəllim hər zaman böyüklüyünü elinə-obasına göstərmiş nurani-pirani bir ağsaqqal idi. Mübarək qədəmi dəyən hər bir evə sanki bir hüzur gətirirdi Qənbər əmi. 

İdarə etmək, yönləndirmək, doğru-dürüst istiqamət vermək Qənbər müəllimin təbiətində var idi. Böyüklə böyük, kiçiklə kiçik olduğunu bir neçə dəfə ocağına etdiyim ziyarət nəticəsində özün üçün kəşf etdim. Səmimi olduğu qədər də təbii idi. Sözləri, kəlamları müdriklik üstə qurulmuşdu. Nə dedisə doğru dedi, dürüst dedi, sərrast dedi Qənbər əmi. Zarafat etməyi də heç əksik olmazdı. Baməzə sözlərindən heç doymaq olardımı? Zəngin həyat təcrübəsinə malik idi Qənbər əmi. Şair oldu, dərd-qəmini neçə-neçə kitablarda anlatdı Qənbər əmi. Kəlbəcərin işğalı da dərdlər içərisində ağır dərd oldu Qənbər əmi üçün. Şükürlər olsun ki, 44 günlük Qarabağ Zəfərindən sonra da Kəlbəcər işğaldan azad olduğu xəbərin eşitdi, mənən dirçəldi, sevindi, təskinlik tapdı. Allahım bu günləri nəsib etdi Qənbər əmi üçün. Gözü-könlü tox idi Qənbər əminin. Təkcə Kəlbəcər – Gədəbəy üçün ruhu ac idi Qənbər əminin. 

Azərbaycanımızın istiqrarı pozulduğu dönəmdə, yəni Gədəbəydə çalışdığı illərdə bir çox haqsızlıqla üzləşən Qənbər əmi istefa etməsi xəbəri Cəmil Əkbəri çox sarsıtmışdı. Qənbər əmiyə qarşı edilən bu haqsızlıqlara etiraz motivli nifrət səsini ucaldan Cəmil Əkbər 30 may 1992-ci ildə bir şeirində belə yazırdı. 

Cəmil Əkbər

İSTƏMİRƏM

(Qənbər Şəmşir oğluna)

Səndən ayrı o yerləri,
Görmək belə istəmirəm.
Qəlbimdəki çox sirləri,
Vermək belə istəmirəm.

O saraya, imarətə,
El ümidi ibadətə,
İşlədiyin kabinetə,
Girmək belə istəmirəm.

O enişə, o yoxuşa,
Hər gülüşə, hər baxışa,
Salamımı dost-tanışa,
Vermək belə istəmirəm.

Seyrə çıxıb o dağları,
Gül-çiçəkli o bağları, 
Şamamalı o tağları,
Dərmək belə istəmirəm.

Nə deyəsən zəmanəyə?
Əhli-kefə, divanəyə,
Laqeyidə, biganəyə, 
Hürmək belə istəmirəm.

Kabab nədir, qızartma nə,
Basdırma nə, bozartma nə,
Elə-belə pörtdəmə nə,
Dürmək belə istəmirəm.

Hər yetənin yanında mən,
Damarında qanında mən,
Zülalında şanında mən,
Durmaq belə istəmirəm.

Haqqı-sayı udanları,
Tərsəməssəb adanları,
Mən Cəmiləm nadanları,
Sormaq belə istəmirəm.

Qənbər əmi ailə başçısı olmaqla yanaşı dövlət xadimi idi. Uzu illər hər sahədə çalışıb damla-damla təcrübə qazanmış və püxtələşmişdi. İstər iqtisadi sahədə istərsədə siyasi sahədə çox yetkin insan idi Qənbər əmi. Dedikləri fikirlər zəngin təcrübəyə dayanırdı. 
Qədirbilən oxucularımıza bir xatirəni də xatırlatma istərəm. 2014-də Osman Sarıvəllinin övladı professor Babək Qurbanovla Bakıda görüşdüyü bir mübarək gündə Dədə Şəmşirin flaş diskə yazılmış səs yazısını təqdim edib deyir: “Bu havaları Cəmilin oğluna çatdır, qoy nota yazsın. Bu işi o bacarar”. Gaziantep konservatoriyasında flaş diski mənə təqdim etdikdən bir neşə ay sonra 62 musiqi nümunəsinin yer aldığı “Dədə Şəmşir ifaçılıq sənətində ənənəvi saz havaları” adlı kitabım “Aşıq “Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə yayınlanmış oldu. 

Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında Dədə Şəmşirin büstü və “Dədə Şəmşir ifaçılıq sənətində ənənəvi saz havaları” adlı kitabımla

 

Keçən xatirələri yada saldıqca bir fikir gəlir yadıma: “Keçən günə gün çatmaz”. Qənbər əmini ziyarətə getdiyim zaman, 2009-da Hacıkənddə çəkilmiş bir rəsmi ən xoş anların bəlgəsi olaraq oxucularımla paylşıram.

(soldan sağa) Dədə Şəmşirin kiçik oğlu Rəşid Qurbanov, Cəmil Əkbərin kiçik oğlu, professor İlqar Cəmiloğlu, Dədə Şəmşirin böyük oğlu, el ağsaqqalı yazıçı-publisist, şair Qənbər Qurbanov, Dədə Şəmşirin tərif etdiyi, Cəmil Əkbərin qızı Aludə Əkbərova və Cəmil Əkbərin ortancıl oğlu həkim-pediatr Müzadil İmamverdiyev. 11 iyul 2009. Hacıkənd.

 

Əzizinəm dərd gələr,
Dərd üstə dərd, dərd gələr.
Fələk naçar qoyanda,
Dərd-qəm üstə dərd gələr.

Allah rəhmət etsin, ey böyüyüm Qənbər əmi! Ruhun şad olsun! Xatirən ürəyimdə, qəlbində, nurlu üzün gözlərimdə yaşayır. Unutmaq olarmı Dədə Şəmşirin şah əsərini, İlqarın baş tacını?! Məkanın cənnət olsun, ey xeyirxah İnsan! 

“525-ci qəzet” vasitəsilə Dədə Şəmşir Ocağına başsağlığı verirəm.
 

 





01.01.2022    çap et  çap et