525.Az

"Yoruldum ahları körpü etməkdən..." - Əbülfət Mədətoğlunun şeirləri


 

 "Yoruldum ahları körpü etməkdən..." -<b style="color:red"> Əbülfət Mədətoğlunun şeirləri</b>

AĞLA MƏNİ... 

Dolub, yağmaq istəyir
Gücü çatmır özünə...
Asta-asta sisləyir 
Bulud, dönüm gözünə -
Ağla məni, içində 

Qəfəs divarlarının 
Cırmaqlanıb bir üzü...
Oxşanıb əllərinlə 
Nəfəs dəyən pir üzü - 
Tağla məni içində...

Həsrətin rəsmini çək
Anların göstər lək, lək...
Tək Allah bilən sirr tək
Ay göydən gələn mələk -
Saxla məni, içində...

 

DİVARDAN KÖÇÜRDÜYÜM ŞEİR 

Odumu kül edibsən,
Sinəmi sönmüş kürə...
Təəssüflə gedibsən -
Vaxtsız itkiyə görə...

Kirpiyində düyünlər
Baxışında nəm kədər...
Kirpiyində üyünər -
Keçər bir gün qəm, kədər...
Xatirə şəkillərin 
Solan çöhrəsi kimi...
Quruyar əklilərin -
Vida pöhrəsi kimi...

Əllərin yaddaşı da 
Silinər bir yad əldə...
Qalar bir baş daşında -
Bir də ki, bu ad - eldə...

...Unutduğun nə vaxtsa 
Şirin yuxuna gələr...
Ümid adlı bir ruh da -
Səni özünə bələr...

 

BƏNZƏTMƏ 

Bir yarpaq qopub düşdü
Dodaqdan söz qopan tək...
Ruhum susdu, bürüşdü -
Su kösövə hopan tək...

Səs açdı qapısını
Ürəyimin səbirlə...
Bir varlıq var ortada - 
Nə məndədi, nə birdə...

Can ovuc içindəsə
Asılıbsa bir teldən...
Düşəcək ayağına -
Yarpaq kimi, bir yeldən!..

 

YAMAN DARIXIRAM

Nə vaxtdı durmusan gözümdən iraq,
Başım dumanlıdı, fikrim dağınıq...
Arada at çapır - dincəlmir sazaq -
Qəlblə bir nöqtəyə susub baxırıq,
Yaman darıxıram sənsiz, əzizim!

Yuxum tikan üstə, ruhum divanə,
Solumda, sağımda fərqli bir həyat.
Bütün sözlərimin baxıb cəminə,
Sən cavab əvəzi bir kəlmə "hə" at -
Yaman darıxıram sənsiz, əzizim!

Hər şey də, hər kəs də könlümə dəyir,
Bezirəm, küsürəm özüm -özümdən...
Üstümə qaranlıq kölgəsin əyir -
Gözünü sən göndər asım gözümdən,
Yaman darıxıram sənsiz, əzizim!

Dünyanı dolaşmaq - xəyalda bir an
Dörd tərəf ovcumun içindən baxır...
Bizim aramızda susaraq duran -
Mənim yanağıma içimdən axır...
Yaman darıxıram, sənsiz, əzizim...

İsmarıc, ya bir zəng, ya elə qəfil
Adından üstümə düşən bir gilə...
Məni səfil edib, bu həsrət səfil -
Bunu demirəm ki, mən elə, belə
Yaman darıxıram, sənsiz, əzizim!

Tanrı qucaq açmır, yer də ki, yaxa
Yoruldum ahları körpü etməkdən...
Dörd divar içində, göz baxa-baxa -
Tək qeybət edirəm gəlib- getməkdən...
Yaman darıxıram, Sənsiz, əzizim!.. 

...Səsin bir şam kimi yandı içimdə,
Büzüşmüş varlığım dirildi sanki...
Qayıtdı özümə itən gücüm də -
Bir də təzələndi ruhum inan ki -
Yaman darıxıram sənsiz, əzizim!

 

BİR AZ

Gün özü də adi bir şam
Onda nur var, onda yaşam!
Fərqi bəlli səhər, axşam -
Bir az, bir az...

Ötən anın ruhu qəmsə
Yanaq islaq, kirpik nəmsə...
Payla, səndə ümid cəmsə -
Bir az, bir az...

Gəzə-gəzə gözüm gözü
Söykəyirəm közə - közə!
Onda mənəm, məndə özü -
Bir az, bir az...

Mən də hər gün yığışıram...
Vaxta görə sıxışıram!
Bu dünyaya sığışıram -
Bir az... bir az!..

...Səsin bir şam kimi yandı içimdə,
Büzüşmüş varlığım dirildi sanki...
Qayıtdı özümə itən gücüm də -
Bir də təzələndi ruhum inan ki -
Yaman darıxıram sənsiz, əzizim!

 

İNDİ

Yenə toparlana bilmirəm, gülüm
Lap yağa bilməyən buludam indi...
Yumulsun gözlərim, qurusun dilim -
Bəlkə... onda Səni unudam indi...

Min sual tuşlanır - səssiz, üzümə
Sənə səsim çatmır, gücüm özümə...
Kaş bir an, gözünü tutub gözümə -
Gözümün səmasın duruldam indi...

Dünənim əl çatmaz, yozumsuz yuxu
Gördüm öz günümdə yaşıdım Nuhu...
Cismimi tərk etmiş, nəm çəkən ruhu -
Sərib kirpiyimə qurudum, indi...

 

MƏLƏKSƏN 

Sən, ətəyi namaz üçün,
Baxışları işıq olan...
Varlığında Tanrı gücün,
Daşıyan bir aşiq olan -
Mələksən!..

Sən, yuxunu gerçək edən
Nağıla da ümid bükən...
Qaranlığı yarıb gedən,
Aydınlığa libas tikən -
Mələksən!..

Sən canımda can sahibi,
Ruhumda da gerçək sakin!
Mən bilirəm, yer üzündə,
Sən bəndəsən ...amma ...lakin -
MƏLƏKSƏN!


DUA EDİRƏM

Ürəyin ümid yerimdi,
Adına dua edirəm...
Həftədə ən çox - sirrimdi -
Adına dua edirəm!

Bəllidi yazılı qədər,
İçimdə yurd salıb kədər...
Sənin doğmaların qədər -
Yadına, dua edirəm...

Gec də olsa tapıb çəmin
Könlün ovutmuşam qəmin...
Allah, sənə, bir də həmin -
Qadına dua edirəm!

 

KİMLİYİN TƏQDİMATI

Anbaan əzab verib,
Baxaraq qürrələnmək...
Bu nə asılmaq deyil,
Nə də ki güllələnmək! -
Bu nifrətdi...

Ruhuna bələnən tor
Deyir, içində sus, yan!
Gözlərdən tökülən qor -
Yuxuya olan üsyan! -
Bu xiffətdi...

Düşünəndə, lap asda
Yaddaşında səs edən...
Şəkillərlə təmasda
Yanağını isidən -
Bu ülfətdi...

Nəfəs aldığı anda
Yoxluğuna darılan...
Haqqa üz tutub, canda
Son ümidə sarılan -
Bu Əbülfətdi!

 

ÇATMIŞAM

Yorulmuş atların güllələndiyi,
Məqama çatmışam, günə çatmışam...
Bir ömrün kül olub - kül ələndiyi -
Döngəyə çatmışam, tinə çatmışam...

Toplayıb üst-üstə ahı bir yerə,
Gümanı bir yerə, gahı bir yerə...
Yığıb piyadanı - şahı bir yerə -
Çıxmışam yaylağa binə, çatmışam!

Yaşayıb bu istək, bu adətlə mən,
Məhəbbət! - sonsuz bu səadətlə mən...
Məcnunun etdiyi ibadətlə mən -
Onun sığındığı dinə çatmışam!

İşığa çevirib ürək səsini
O səsin zərrələr məsaməsini...
Ölçəndə həsrətin məsafəsini -
Görürəm lap çoxdan Çinə çatmışam!

 

ALLAHA DEDİKLƏRİMDƏN 

Allah, içimdə ərk var
Qoluna girim, gedək...
Yolumun uzunluğun -
Sən bilən qədər edək...

Bu, bəndə şıltaqlığı...
Sənə sevgidi məndə...
Mən öz sevgimdə qalım -
Allahlığında sən də!

Dəyişən gün, ötən an
Ömür qoparır məndən...
Həsrətin uzunluğu -
Küsdürür, məni səndən!

Növbə uzun, səbir dar
Dərd də ki başdan aşır...
Ürəyimə damanlar -
Tay bəbəyimdən daşır...

Allah, vaxtını aldım
Bəndə ərkimə görə...
Sonda, ay qadan alım,
Məni tapşır, bu Yerə !

 

ƏLİMİ AÇIB DEDİKLƏRİMDƏN 

Tay təzə heç nə bilmirəm,
Yadımdan çıxıb köhnə də...
özüm də köçüb gəlmirəm -
Özüm də qaldım köhnədə!..

Qulağın dibi ağarıb,
Gözün də eynəyi tordu...
Kimsə torpağın çıxarır -
Yəqin ki, qazdığı gordu...

Səs də simə oturmur heç,
Söz də solub xəzəllənir...
Deyir növbə gözləmə, keç -
Taleh mənlə məzələnir...

Qarışıbdı acı, şirin
Ağızda tam, dad itibdi...
Qulağı səsdədi yerin -
Üstə bir fəryad itibdi...

Əldən çıxıb günün nəbzi,
Ümid qalıb çax-çaxlığa...
Allahım, göndər qəbzi -
İmkan yarad çaxmaqlığa!..

 

TƏSƏLLİ ŞEİRİ

Yaxınları, uzaqları bilinən
Dodaqları ad çəkməklə ilinən...
Kirpikləri təbəssümlə silinən -
Sənsən, Əbülfət!

Gecəsinə ağrı, acı, dərd sıxan
Gündüzünə göz qırpmadan dərd yığan...
Həsrətinə dözümdə də mərd çıxan -
Sənsən, Əbülfət!

Səsi batan, bəxti yatan bir aşiq
Pir olubdu, sevgisinə, pir aşiq...
Bu dünyada Məcnun kimi sirr aşiq -
Sənsən, Əbülfət!

İç dünyanı çöl dünyana üyütmə
Kədərini çox da öyüb böyütmə...
Yaşa haqla, sev Allahla, öyünmə -
Sən, sən - Əbülfət!
 

 





01.01.2022    çap et  çap et