525.Az

Qardaşdan da yaxın... - Vaqif Bəhmənli yazır


 

Faiq Hacıyevin 75 yaşına bütün dostları adından təbrik

Qardaşdan da yaxın... -<b style="color:red"> Vaqif Bəhmənli yazır</b>

Yaxın vaxtların söhbətidi, on beş kitabdan ibarət "Əsərlər" çoxcildliyimin altıncısını tərtib eləyəndə "Naxçıvan dağları" adlı bir şeiri nəzərdən keçirirdim. Səmimiyyətimə şəkk eləməyə  hansısa əsasınız olmasın gərək, inanın, şeiri monitorda oxuyub başa çatan kimi barmaqlarım kompüterin şrift düymələri üzərində gəzdi, nə yazdığımı təkrar oxudum. "Naxçıvan dağları" başlığının altındakı yarımçıq cümlə belə idi: Ən səmimi insan, yaxın dostum Faiq Hacıyevə. Niyə belə alındı? Faiq müəllimin bu işıqlı dünyada yaşayan ən səmimi insanlardan biri olmağına kim nə deyə bilər? Bir şərtlə, təki ömründə heç olmasa bircə dəfə onunla görüşmüş olasan... Bu belə, yaxşı, bəs hansı əsasla Faiq müəllimi ən yaxınn dostum adlandırıram? Dostluğumuzun yaxınlıq dərəcəsini, Faiq müəllimlə əlaqədar olaraq deyirəm, indi dəbdə olan ifadəylə söyləsək, ara məsafəsini tale və qismətin rastlaşdırdığı doğma-yad, yaxın-uzaq tanışlardan heç biri müəyyən edə bilməz. Bir yana baxanda mənim verdiyim tərif də birtərəflidir və həqiqəti mükəmməl şəkildə ifadə eləmək iddiası sərgiləmir. Sözü ora gətirirəm ki, çevrədəki insanlara münasibətdə onun, yəni Faiq müəllimin ən yaxın dostlarının kim, kimlər olduğu qərarını yalnız Faiq müəllimin özü verə bilər! Hər halda, indi sizə "Naxçıvan dağları" deyilən həmin yazını təqdim edirəm, çünki söhbətin mabədi bundan sonra daha aydın, bəlkə elə sizə də mənim qədər zəruri görünəcək...

Daşlar bir-birinə necə bağlandı;
ayaqdı,
     bədəndi, 
        başdı elə bil.
Dağ var ki, basılmaz, igid oğlandı,
Dağ da var 
    çürümüş dişdi elə bil.

Bilinməz kasıbdı, zəngindi torpaq -
bir qırpım alafı, əncəri yoxdu.
Torpaqdan özgə cür püskürür hər dağ;
bu dağın o dağa bənzəri yoxdu.

Çapdı sərt küləklər qəzəb atında,
Qayanın min yerdən köksü deşildi.
Bunlar ki, dağ deyil, 
        günün altında
Bərkimuş əsrdi, qurumuş ildi!

Ömür nəmənədi, zəifcə şam ki,
qaralar bir əsim bərkdən, çətindən.
Dağlara baxanda az qalıram ki,
durub yerə girim xəcalətimdən!

Biri sual dağdı,
başqası nida -
Sıldırım hikmətlər tutub aranı.
Ya daşa çevrilir həyat burada,
ya da ki, daşlardan həyat yaranır...

Şeirdə, misraların axarında və ruhunda əntiqlik (antik), poetik obyektin təbiətindən gələn xına çalarları görünsə də, qədim Naxçıvan torpağı mənim nəzərlərimdə ta uşaqlıq illərindən bugünəcən, Vaqif Səmədoğlu demiş, "uzaq, yaşıl ada" timsalında canlanır. Orasını deyim, bizim Bəhmənlidən ötüb keçən qatarların aşağı və yuxarı baş üzrə hərəkət cədvəlinin iki əsas dayanacağı olmuşdu, Bakı - Naxçıvan. Erməni  işğalından sonra "Bakı  - Naxçıvan" qatarının hərəkət etdiyi dəmiryolunun beli Horadiz stansiyasında qırıldı. Həmin tarixəcən bu yol üzərindəki bütün şəhərlərin, yaşayış məntəqələrinin (Ələt, Əli Bayramlı, Saatlı, Qaradonlu, Horadiz, Həkəri, Mincivan, Meqri, Qafan, Ordubad, Culfa, Naxçıvan) qan damarı sayılırdı. Sərnişin daşınması bu yolun missiyasınin ən cüzi bir hissəsi idi. Bu yolla yük qatarları gecə-gündüz nələr, nələr daşımırdılar, ilahi?! Bəhmənlidə, həmin bu dəmiryolunun qırağında yerləşən evimiz sutka ərzində keçən qatarların sayı qədər, ən azı 15-20 dəfə silkələnirdi. İndi Mərdəkanda hər gecə yatağıma uzananda gözümü (özümdən asılı olmayaraq) 15-20 saniyə tavana dikib gözləyirəm ki, indicə yaxınlıqdan bir qatar səsi eşidiləcək və relslər üzərində fırlanan polad təkərlərin təsirindən evimiz silkələnəcək. Bu baş vermir, əvəzinə hərdən elə olur, deyirsən bəs Göy yarılır. Dəmiryolu yoxdu yəni, indi başımızın, evimizin üstündən hava yolu keçir, təyyarələr uçur.

Mətləbdən uzaqlaşmayaq, həyatımın Bakı dövrü (1972-ci ildən) başlayandan sonra məni Naxçıvan torpağına bağlayan dəmiryoldan, qatarlardan daha çox oradan qanadlanıb yüksələn xətirli insanlar oldu. Əlbəttə, bu baxımdan xalqımızın məhz oradan başlanğıc alan mənəvi, tarixi qaynaqları, Naxçıvanın yetişdirdiyi idrak örnəkləri, dövlət xadimləri ön sırada gəlir. Onları bizdən əsrlər ayırır, biz onları görməmişik. 

Görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin bir kitabının redaktoru olmuşdum. O, toponomiya, təbiət və tarix abidələri, "Kitabi Dədə Qorqud" dastanındakı təsvirlərlə səsləşən real coğrafi relyefin müqayisəsini aparmış və sübut etmişdi ki, ana kitabımız dediyimiz eposda cərəyan edən hadisələrin baş verdiyi ən inandırıcı məskənlərdən biri də Naxçıvan ərazisidir. 

Naxçıvan deyəndə gözlərimiz qarşısında orta əsrlərə aid iki möhtəşəm dəyər canlanır: Memar, Əbubəkr oğlu Əcəmi Naxçıvani və tariximizdə ilk milli Azərbaycan dövləti olan Atabəylər dövləti.

Qürur doğuran şərəf lövhəsini istənilən miqyasda genişləndirə bilərik. Sadəcə, XIX əsrin ikinci yarısı, XX əsrin ilk 20 ilində, Azərbaycan intibahının bizə ən yaxın qızıl dövründə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi öndə olmaqla Naxçıvan mühitindən qopub bütün ölkəmizi, cəmi Qafqazı, Yaxın Şərqi ziyalandıran böyük simaları qeyd etməklə kifayətlənirik. Eləcə də təsdiqləyirik ki, xilaskar dövlət başçısı, uzaqgörən siyasətçi, Ulu öndərimiz Heydər Əliyevin adıyla şaxələnən, əbədi bir çinar kimi qol-budaq açan Əliyevlər nəslinin göstərdiyi müstəsna xidmət və ləyaqət bu gün bütün xalqımıza və hər bir azərbaycanlıya məxsus sərvətdir!

Mən Naxçıvanda 10 gün qalıb (1986) bu qədim diyarı qarış-qarış gəzmişəm. Səfər qeydlərimi silsilə şəklində o zamanlar çalışdığım "Sovet kəndi" qəzetində, sonralar "Sınıq güzgü" kitabımda dərc etdirmişəm. Orada Əshabi-Kəfdən, Duzdağdan, Əlincədən, "Badamlı", "Sirab", "Vayxır" mineral su mənbələrindən, Əcəmi seyrəngahından, Möminə xatun türbəsindən, Sədərək sınırından baxanda Türkiyə ərazisində əzəmətlə ucalan, həmişə başı çalmalı Ağrı dağından, Qazançı, Saltaxta, Xanağa kəndlərindən, İlanlı dağdan, Nehrəmdə Cəlil Məmmədquluzadənin xatirəsini yaşadan nişanələrdən bəhs etmişdim. Naxçıvanda olarkən Əli Şamilov, Əkbər Əliyev, Cəlil Vəzirov, Akif Axundavla çay süfrəsi arxasında saatlarla çəkən söhbətlərimizi xatırlayıram. Qüdrətli qələm sahibləri, Nurs və Əylis doğumlu Məmməd Arazın, Əkrəm Əylislinin mənə, eləcə də özləri ilə bərabər, özlərindən sonra gələn ədəbi qüvvələrə qayğıları barədə mətbuatda dönə-dönə yazılıb. Universiteti bitirdiyim il Məmməd Araz mənə tələbnamə verib, hansısa bir rayon qəzetinə göndərilməyimin qarşısını almış, Bakıda qalıb çalışmağıma yardımçı olmuşdu. Məmməd əmi ilə bir süfrə başında əyləşib çörək kəsdiyimi xatırlamıram. Lakin hələ gənc olduğum vaxtlarda böyük ürəkli şair Məmməd Araza balaca ürəyimdə elə güclü məhəbbət vardı ki, o duyğuları yalnız və yalnız dostluq adlandırmaq olardı. Xatırlayıram, bizim ədəbi nəsil Əkrəm Əylislinin cazibədar, Buzbulağın suyu kimi saf hekayə,  povest və romanlarının işığında uçur, onunla görüşlərə can atır, təmaslarımızdan isə zövq, bilik, enerji alırdıq. Naxçıvan əsilli digər və çox sayda qələm əhlini də dost saya bilərəm: Namiq Həsənov, Zeynal Vəfa, Hidayət Səfərli, Mövsüm Mövsümov, Məmməd Məmmədov, Muxtar İmanov, Kamran Əliyev, Cəfər Cəfərov, Natiq Səfərov, Cavanşir Eloğlu, Rüstəm Behrudi, Sərdar Zeynal, Elçin Səlcuq, Səfər Alışarlı... 

Dünyadan köçənlərə rəhmət və qalanlara sağlam can, uzun ömür arzusu ilə söhbəti yenə naxçıvanlı dostum, ən azı 35 il ərzində mütəmadi olmasa da, müəyyən münasibətlərlə (ad günü, xeyir-şər məclisləri, ədəbiyyat tədbirləri) bir masa ətrafında qərar tutub unudulmaz saatlar yaşadığım o insanın, Faiq Hacıyevin üzərinə gətirirəm.

Faiq müəllim özü, ailə mühiti, ümumiyyətlə avtobioqrafiyası  barədə danışmağı demək olar ki, sevmir. Bildiyim kasad məlumat bundan ibarətdir ki, o, 1947-ci ildə Naxçıvanda, yaxşı bir ailədə doğulub, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini Ramiz Rövşən, Seyran Səxavət, Sabir Rüstəmxanlı, Mövlud Süleymanlı, Möhbəddin Səməd, Camal Yusifzadə, Çingiz Əlioğlu kimi bu günün ciddi ədəbi simaları ilə təqribən eyni vaxtlarda oxuyub və onlarla dərin, mənalı dostluq eləyib. Mənim Faiq müəllimlə tanışlığımın səbəbkarları da yuxarıda adları sıralanan ədiblər olmuşlar.

Faiq Hacıyev uzun illər Naxçıvan da daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrində hüquq-mühafizə orqanlarında, dövlət təhlükəsizliyi sistemində yuxarı vəzifələrdə çalışıb. Amma biz, onun dostları görüşlərimiz zamanı heç fərqində deyildik ki, özünün xidmət sferasında Faiq Hacıyevin ranqı, vəzifə mərtəbəsi, rütbəsi nədir, necədir.

İfrat sadəlik, bərabərhüquqluluq, səmimiyyət, qonaqpərvərlik, həqiqətpərəstlik onun tutduğu vəzifələrin ən yüksəyi olub və indi də belədir. Dostluğumuz öz yerində, hətta təminat verməyə borcluyam ki, onu şəxsən tanımayanlar belə Faiq Hacıyev kimi soydaşı olduğuna görə bir rahatlıq duyğusu keçirə bilər.

O, sözün gerçək mənasında həqiqi ziyalıdır; Faiq Hacıyevə görə yüksək insani məziyyətlərə malik olmaq, xeyirxahlıq, savadlılıq, uzaqgörənlik kimi keyfiyyətlər hər hansı bir insanın mahiyyətini dəyərləndirmək üçün başlıca meyarlardır, açar sözlərdir.

İnanmıram ki, kimsə ondan inciyib, Faiq müəllimin könlünə dəyən hansısa bir ifadəyə, hərəkətə isə vicdanı üstündə olan kəs yol verə bilməz.
Faiq Hacıyev bizim Azərbaycanda mənim tanıdığım ən həssas və elitar oxuculardan, eyni zamanda ciddi ədəbiyyatın alovlu təbliğatçılarından biridir. Dəfələrlə dostumun mütaliə dairəsinin miqyasına heyrətimi onun özünə, açıq şəkildə bildirmişəm.

O, tələbə dostlarının (S.Rüstəmxanlı, S.Səxavət, R.Rövşən, Ç.Əlioğlu...) yaradıcılığını məxsusi, bir az da qürur hissi ilə dəyərləndirir, onların bütün kitablarını, ədəbi jurnallardakı çıxışlarını dəqiqliklə izləyir, əsərlərin bir çoxundan müəyyən parçaları əzbərdən xatırlayır.

Çox xoşdur ki, hardasa bir yazımı oxuyub bəyənəndə mənə də dərhal telefon açıb təşəkkürünü elə formada bildirir ki, guya bu əsəri yazmaqla məhz ona böyük bir yaxşılıq eləmişəm. Faiq müəllimin necə istəkli, gərəkli bir dost, hələ lap gənclikdən mükəmməl bir insan olduğunu müşahidə etmək üçün yazıçı Seyran Səxavətin "Qaçaqaç" romanında Faiq müəllimə həsr olunmuş təfərrüatlı təsvirlər yaxşı ki, qələmə alınıb və bu baxımdan artıq, o, gözəl ziyalı, istedadlı dövlət xadimi, ədəbi söz vurğunu, əla dost Faiq Hacıyev zəmanəmizin müsbət milli-ədəbi obrazları sırasına daxildir.

Təbii ki, Faiq məllimi cəmiyyətin gözündə yüksəldən səbəblər Göydən yağmayıb və Yerdən çıxmayıb. Məncə, o, bütün yaxşı göstəricilərinə görə onu yetirən, böyüdən, şəxsiyyət kimi formalaşması yolunda zəhmətlərə qatlaşan, bir çox üstünlükləri isə ona irsən ötürən nəslinə, şəcərə mühitinə minnətdar olmalıdır.

Və nəhayət, istəkli Faiq Hacıyevin 75 illik yubileyi (1947, 6 Yanvar, yəni günü bu gün) münasibəti ilə ona mənən bağlı olan dostların hamısının məsuliyyətini öz üzərimə götürərək qələmə aldığım, onun parlaq şəxsiyyəti ilə müqayisədə xeyli sönük görünən yazıya nöqtə qoyuram.

Və bir qədər də bizim əziz, doğma qardaşımıza bənzəyən Naxçıvan dağlarına həsr elədiyim şeirlə başlanan qeydlərimi 7 il öncə Faiq Hacıyevə həsr olunmuş digər bir şeirimlə bitirsəm, yerinə düşər və söz vaxtına çəkər zənnindəyəm!

Xəyalən boylanıb əsmər üzünə,
bu şeiri yazıram onun adına...
Sanki bahar yeli əsir üzümə -
Şadlanır duz günü, 
        cümə, adına!

Əl tutub, köksünə sıxanda səni,
Varlığın bürünür yaz havasına.
Qovur dost üzünü bürüyən çəni,
Hər kəsi dindirir öz havasına.

Ovuc xətlərində tale yozulur,
Ovcunda gətirir keçmişi mənə.
Qardaşdan yaxındı desəm, az olar...
Sözdən də yaxındı bu kişi mənə!

Bəlkə də seyiddi...
        cəddindən artıq? -
Payız fərqimiz var, qış fərqimiz var.
Ona ərk edirəm həddindən artıq,
Çox da ki, arada yaş fərqimiz var.

Hərdən düşünürəm, çıxdaş eləyib 
mənim o qüdrətdə varmı tanışım?
Adamı uzaqdan sərxoş eləyir
Dəyirmi üzündən süzülən işıq!

Sərbəst girişində azadlıq postu,
dədəm, babam tikən qırx çeşməli ev!
Seyranın, Ramizin tələbə dostu,
mənimsə oxucum - Faiq Hacıyev...

5 yanvar, 2022
 

 





06.01.2022    çap et  çap et