525.Az

Qarabağ müharibəsi uşaq ədəbiyyatında


 

Qarabağ müharibəsi uşaq ədəbiyyatında <b style="color:red"></b>

Tarix ədəbiyyat üçün mövzu mənbəyidir. Ona görə də hər iki sahə arasında məntiqi bağlılıq və hətta deyərdim ki, uyğunluq var. Hər hansı bir ədəbi əsər müəyyən tarixi prosesdə meydana gəldiyinə və hər hansı bir tarixi dövrü və mərhələni əhatə etdiyinə görə mühüm tarixi əhəmiyyət kəsb edir. Bəli, əsər dövrünün məhsuludur.

Bu gün bizə yetkin siyasətlə çiyin-çiyinə dayana bilən yetkin ədəbiyyat lazımdır. Apardığım araşdırmalar nəticəsində deyə bilərəm ki, artıq Vətən müharibəsi mövzusunda yazılan əsərlər bu tələbə cavab verməyə başlayır. Bəli, demək olar ki, ədəbiyyatımızda yeni bir səhifə, yeni bir mərhələ başlayır. 

Qarabağ problemi bizim ədəbi-humanitar düşüncəmizdə o qədər aktuallıq kəsb edir ki, "Qarabağ müharibəsinin ədəbiyyatda inikası" milli ədəbiyyatşünaslıqda ayrıca olaraq, başlıca istiqamətləri ilə öyrənilməyə başlayır və uşaq ədəbiyyatında da özünü büruzə verir. 

Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, müvafiq mövzuya aid bir neçə maraqlı kitablar işıq üzü göüb. Məsələn, "Təhsil" nəşriyyatının 2009-cu ildə həyata keçirdiyi əhəmiyyətli nəşrlərdən biri də "Ağca və Cubbulu"dur. Əvvəlcə onu qeyd edək ki, bu nəşr 3 dildə - Azərbaycan, rus, ingilis dillərində (hər üç nəşr 60x84 formatında, 12 səhifə həcmində) və eyni tərtibatda işıq üzü gördü. Nəşrin redaktoru Gülər Mehdiyeva, rəssamı Törəxanım Ağabəyova, kompüter tərtibatı Təhmasib Mehdiyev, korrektoru Ülkər Şahmuradovadır. Əsərin qısa süjet xətti ilə tanış olaq: Əsərdə təsvir edilən Sürəyya cəbhə xəttində yerləşən kəndlərdən birində yaşayır. Sürəyya sakit, müəyyən qədər özünə qapalı bir qızdır. Onun bütün günü birlikdə olduğu sevimli gəlinciyi var. Gəlinciyin adı Cubbuludur. Sürəyyanın atası cəbhədədir. Sürəyya atasının yolunu səbirsizliklə gözləyir. Onun Cubbuludan başqa çox sevimli bir dostu da var. Bu, bütün günü onun yanında olan ağ göyərçindir. Sürəyya göyərçinini "Ağca" deyə çağırır. Sürəyya hər gün gəlinciyi Cubbulu ilə oynayanda Ağca da uçub onların yanında dayanır, sanki onun nə danışdığını anlayır. Onların yaşadığı kənd qızğın döyüşlərin getdiyi əraziyə yaxındır. Bir gün düşmən tərəfindən kənd atəşə tutulur, silahsız insanlar məcbur olub kəndi tərk edilər. Sürəyya anası ilə başqa kənddə yaşayan xalasıgilin evinə gəlir. Amma Sürəyya gecəni yatmır, dağıntılar altında qalmış gəlinciyi Cubbulunu, dostu Ağcanı gözlərinin qarşısına gətirib, ağlayır. Əsərin sonunda göyərçin Ağca onun sevimli gəlinciyi Cubbulunu dağıntılar altından çıxarıb, dimdiyində Sürəyyaya gətirir...

Yeri gəlmişkən qeyd edim ki, 2014-cü ildə Azərbaycandan Andersen mükafatına Sevinc Nuruqızının "Ağca və Cubbulu" əsəri təqdim edilib və bu əsər ilk onluğa daxil olan əsərlər sırasında olub. 

Həmçinin, bir neçə ildir ki, Cənubi Koreya Respublikasında Asiya Mədəniyyət Mərkəzinin "Uşaqlar üçün şəkilli kitab" layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində hər il üç Asiya ölkəsinin uşaq kitabı çap olunur. 2019-cu ildə Azərbaycana müraciət olundu və bizim ölkəmizdən Sevinc Nuruqızının müəllifi olduğu "Ağca və Cubbulu" əsəri müsabiqədən keçdi. 2020-ci ildə "Ağca və Cubbulu" Cənubi Koreyada "Sürəyyanın izində" adı ilə 3 dildə çap olundu: Koreya, ingilis və Azərbaycan dillərində və ölkəmizə göndərildi. 

Hazırda "Təhsil" nəşriyyatı "Ağca və Cubbulu"nu Zəfərdən əvvəl və zəfərdən sonra bölümləri ilə iki hissədə çap etməyə hazırlaşır. Əvvəlcə qeyd edim ki, bu kitab "Təhsil" nəşriyyatının uğurlu nəşrləri sırasındadır. Bu əsər ikinci sinif "Azərbaycan dili" dərsliyinə daxil edilib. Artıq hamımıza məlumdur ki, müharibədə əldə etdiyimiz Zəfərə görə "Azərbaycan dili" dərsliyinə onun iki hissəsini də daxil etmək daha uğurlu olar deyə Sevinc Nuruqızıdan əsərin ikinci hissəsini yazması xahiş olunub. 

Sevinc Nuruqızı da əsərin ikinci hissəsini yazıb bitirib. İkinci hissədə artıq Sürəyya böyüyüb. İxtisasca jurnalistdir. Bir gün işğaldan azad edilmiş Ağdama jurnalistlərin səfəri olur. Sürəyya da bu səfərə dəvət alır. Aldığı dəvət onu xəyalən qanlı-qadalı illərə geri qaytarır. Sürəyya paltar dolabında bir qutunun içində saxladığı uşaqlıqda oynadığı gəlinciyi Cubbulunu da özü ilə birlikdə götürür. Ağdama gələndə o, dağılmış evlərin içindən keçə-keçə öz evlərinin xarabalığını tapa bilir. Evlərini tanımasına da göyərçinlər səbəb olur. Göyərçin və günəş burda sülh rəmzi kimi istifadə olunub. Yaxın zamanda bu əsər də işıq üzü görəcək.

Digər əhəmiyyətli nəşr görkəmli uşaq yazıçısı Zahid Xəlilin müəllifliyi ilə "Dəmir yumruq dastanı"dır, "3 alma" nəşriyyatında 2021-ci ildə 200 səhifə həcmində çapdan çıxıb. Bu əsər Vətən müharibəsinə həsr edilib. Əsər bədii və publisistik üslubda qələmə alınıb. Dastan janrının poetikasından məharətlə istifadə edən Zəhid Xəlil əsəri nəzm və nəsrlə qələmə alıb. Z.Xəlil "Dəmir yumruq dastanı"nı Qoca Şairin, kitabda qeyd etdiyi kimi, özünün adından danışır. Gördüklərimizi, yaşadıqlarımızı yazıya alaraq uşaqlara ərməğan edən Z.Xəlil kitaba maraqlı struktur verib: kitab "Dastana giriş", "Dastanın başlanması", "Xalq yumruğa çevrilir", "Şahinlər döyüşə gedir", "İncə ürəkli, polad biləkli general", "Bayraqların bayramı", "Dəmir yumruğun gücü", "Ölməyən sevgilər", "Müharibənin ayaq izləri", "Qaratəpə-Lələtəpə-Qaraqaya", "Öncə Vətən!", "Koronavirusla mübarizə", "Yol Şuşaya gedir", "Qarabağın qara günləri", "Düşmənin Dəmir Yumruğa yalvarması", "Müharibəni kəsən söz", "Ağdam döyüşləri", "Kəlbəcərin azadlığı", "Gözün aydın, ay Laçın!", "Uşaq yol, tükənməz arzular", "Zəfər paradı", "Birliyin gücü", "Qoca şairin ümidi" adlı hissələrdən ibarətdir.   
Nəşrin mövzusu kimi, tərtibatı da yüksək səviyyədə işlənib. Kitaba daxil edilən illüstrasiyaların müəllifi Nurana Tahirovadır. Səhifələrdə yer alan mətnlərin mövzusuna uyğun olaraq şəkillərin kitaba daxil edilməsi mövzunun daha yaxşı qavranılmasında gözəl vasitələrdən biridir. Əsərin sonunda Zahid Xəlil müəllif kimi oxuculara çatdırır ki, dastanı danışan Qoca Şair mən özüm idim. Dastanın davamını da yazacağını kiçik yaşlı oxuculara söz verir. 

Digər əhəmiyyətli nəşrlərdən biri də Solmaz Amanovanın müəllifliyi ilə 2021-ci ildə 48 səhifə həcmində "Everest" nəşriyyatında çap edilən "Şuşanın sehirli açarları" kitabıdır. Kitabın redaktoru Aida Cahangirova, rəssamları İskəndər Məmmədov və Məryəm Novruzovadır. 

Kitabda Şuşanın tarixi abidələrini və təbiətini özündə əks etdirən "Şuşa qalası", "Yuxarı Gövhər ağa məscidi", "Aşağı Gövhər ağa məscidi", "Cıdır düzü", "Çətir şəlaləsi", "Saatlı məscidi" rəngarəng boyalarla işlənib, təsvirlər xəritədə yer alıb. 

Kitabın əvvəlində Solmaz Amanovanın "Əziz və mehriban uşaqlar!" adlı maraqlı müəllif yazısı diqqətimizi cəlb edir. Burada müəllif yazır: 
"Şuşa şəhəri qədim Qarabağın döyünən ürəyi, Qarabağ isə Azərbaycan xalqının milli qüruru, qəhrəmanlıq rəmzidir. 

Qarabağ zəngin muğamın, qədim abidələrin, incəsənət nümunələrinin, naxışları gözoxşayan xalçaların vətəni hesab olunur. Milli Azərbaycan Tarixi Muzeyində Şuşanın qala qapısının gümüş açarları saxlanılır. 

Qarabağ xanlığının banisi və ilk hökmdarı Pənahəli xan Cavanşirin (1693-1763) nəvəsi şairə Ağabəyim ağa misilsiz Xarıbülbülə həsr olunmuş nəğmənin yaradıcısıdır". 

Diqqəti çəkən digər əhəmiyyətli nəşrlərdən biri "Ting" nəşriyyatında 112 səhifə həcmində (I cild), 2021-ci ildə çapdan çıxan Çinarə Köçərlinin "44 gün Qarabağda" adlı uşaqlar üçün hekayələr kitabıdır. Bu kitabda müxtəlif yaşlı uşaqların əzizlərinin - ata, baba, əmi, dayı, qardaş və digərlərinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları, döyüş yolundan bəhs edən hekayələr toplanıb. Kitabda hərbi rütbələr, döyüşdə istifadə edilən texnikalar haqqında geniş məlumatlar və onların təsvirləri də yer alıb, eləcə də, Qarabağ torpaqlarının işğal və azad olunma tarixləri qeyd edilib. 3 cildlik nəzərdə tutulan "44 günlük Qarabağda" adlı kitab 1-ci və 2-ci cildlərin hər birində 16, 3-cü cildində isə 12 hekayə olmaqla 44 hekayədən ibarətdir.  

Məlumdur ki, həmişə parlaq həyati təzahürlərə maraq göstərmək uşaq təbiətinin əsas xüsusiyyətini təşkil edir. Uşaqlarda, cinayətə qarşı, onların daxili aləmləri ilə üzvi surətdə bağlı kin və nifrət hissi oyatmaq lazımdır. Lakin bu hiss, heç də uşaqları, cinayətin dəhşətləri qarşısında qorxuya salmamalıdır. 

Uşaqlara müharibə haqqında, bütün həqiqəti açıb, söyləmək lazımdır. Eyni zamanda elə etmək lazımdır ki, müharibə dəhşətləri qabarıq şəkildə və ayrıca bir hadisə kimi uşağın diqqətini cəlb etməsin. Bu dəhşətlər heç bir süni rəng almadan cərəyan edən əhvalatın öz içərisindən, təbii olaraq görünməlidir. Uşaqlar, gənc oxucular əsərdən necə qəhrəman olmağı, hansı yollarla düşmənə qalib gəlməyi öyrənməlidirlər.
 

 





06.01.2022    çap et  çap et