525.Az

Qarabağ amalı, yurd eşqi ilə yoğrulan sətirlər


 

VƏ YA ZÜLMƏTDƏN SIYRILANLARIN ÖMÜR DASTANI

Qarabağ amalı, yurd eşqi ilə yoğrulan sətirlər<b style="color:red"></b>

Rafiq ODAY, 
Əməkdar jurnalist, 
AJB Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Rahilə Veysəllinin yeni kitabı - "Zülmətdən sıyrılanlar" müəllifin yaradıcılığında mühüm fakt olmaqla bərabər, ümumən müasir ədəbiyyatımız müstəvisində də maraq doğuran nəşrdir. İndiyədək R.Veysəllinin "Ruh didərgin, can ağlayır", "Dünyada bir mizan var", "Mən demirəm, ürək deyir", "Vətən fədaisi", "Həsrət yanğısı", "Dərd şələsi" (I hissə), "Dərd şələsi" (II hissə), "İkiyə bölünmüş dünyam" və  "Günahdan doğulmuş müqəddəslər" kitabları nəşr edilib, bu isə onun oxucularla 10-cu belə görüşüdür. 

Rahilə xanım Füzuli rayonunun Aşağı Veysəlli kəndində anadan olub. Ömrünü uşaqların təlim-tərbiyəsinə, savadlanmasına həsr edən atası Rəşid müəllim həm də "Mail" təxəllüsü ilə gözəl şeirlər yazıb. Atasının yaradıcılığından ilham alaraq hələ gənc yaşlarından şeir yazmağa başlayan Rahilə xanım müxtəlif səbəblərdən bir müddət bu şeirləri istər dövri mətbuatda, istərsə də kitab halında çap etdirməyib. 

Təqdirəlayiq haldır ki, R.Veysəlli həm poeziya, həm nəsr, həm də publisistika sahəsində qələmini sınayaraq gözəl yaradıcılıq nümunələri ortaya qoya bilib. Bununla belə, mən onun nəsr əsərləri üzərində xüsusilə dayanmaq istəyirəm. Çünki bu qənaətdəyəm ki, Rahilə xanım heç bir misra da şeir yazmasaydı, publisistikada qələmini sınamasaydı belə, "Dərd şələsi", "Doğmalaşan yadlar", "Viran könüllər" povestləri, "Günahdan doğulmuş müqəddəslər" və "Zülmətdən sıyrılanlar" romanları ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tuta bilərdi. Bunu müəllifin ilk olaraq oxucuların ixtiyarına verdiyi və üç povestin yer aldığı "Dərd şələsi" kitabının geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanması və müəllifinə rəğbət qazandırması da sübut edir. 

Hər üç povestdəki hadisələr sovetlər dönəmində cərəyan edir və təxminən ötən yüzilliyin yarım əsrlik bir dövrünü - 40-90-cı illərini əhatələyir. Povestin yüz milyonlarla insanı bəla girdabına sürükləyən, müsibətlərə düçar edən İkinci dünya müharibəsi ilə başlayıb, özü ilə min bir ağrı-acı gətirən, bir milyon soydaşımıza qaçqınlıq, didərginlik həyatı bəxş edən Qarabağ müharibəsi ilə başa çatması sosializm quruluşunun bizə bəxş etdiklərinı aydınca göstərməklə yanaşı, saxta "xalqlar dostluğu" ideyasının da hansısa bir marağa xidmət etməsindən başqa bir şey olmadığını ortaya qoyur. Əsərin qəhrəmanları bütün bunları ağıllarına belə gətirmədən "Böyük Vətən"ə canla-başla xidmət edirlər. Əli silah tutanların hamısı könüllü olaraq müharibəyə gedir - hadisələrin cərəyan etdiyi Veysəlli kəndinin camaatı kimi.  

Əslində, bu kənd bütöv bir Azərbaycanın təcəssümü idi. Azərbaycan İkinci dünya müharibəsi illərində cəbhəyə 600 min nəfərdən artıq ərən oğlunu göndərib, onların da yarıdan çoxu geri qayıtmayıb. Qayıdanların da əksəriyyəti şikəst və əlillərdən ibarət olub. 

Veysəlli kəndindən isə bir nəfər də o cəbhələrdən geri qayıtmayıb. Elə əsərin aparıcı surətlərindən biri olan Xasay kişinin üç cəngavər oğlu kimi. Müharibənin odundan, alovundan keçən, dəfələrlə ölümlə pəncə-pəncəyə gələn, bir neçə dəfə mühasirəni yarıb çıxan, gözünün önündə 23 nəfər yoldaşını bir gecədə don vuraraq taxtaya döndərən bu müdhiş müharibənin yeganə canlı şahidi Rəşid müəllim idi ki, o da bu kəndə xalqın balalarına dərs vermək üçün rayon mərkəzindən göndərilmişdi.

Ümumiyyətlə, hər üç povestdə xeyirlə şər, haqq ilə nahaq, olana şükür edənlərlə harınlar, milli mentaliteti yaşayış norması qəbul edənlərlə bu çərçivəyə sığmayanlar paralel göstərilir. 

R.Veysəllinin nəsr əsərlərində hadisələr sona kimi psixoloji-dramatik gərginliklə davam edir. Müəllifin bir müsbət cəhəti də ondadır ki, oxucunu tez-tez gözlənilməzliklərə şahid etməklə intizarda saxlaya bilir. İlk səhifələrdə əsərin qəhrəmanı kimi zənn etdiyin adamın bir təsadüf nəticəsində dünyasını dəyişməsi, bir faciənin qurbanı olması, ümumiyyətlə, sonrakı mərhələlərdə daha nələrin baş verə biləcəyi marağı oxucunu daim intizarda saxlayır ki, bu da əsərin dəyərini artırmaqla sonacan oxunmasını zəmanət altına alır.

"Dərd şələsi" əsərində roman motivləri üstünlük təşkil etdiyindən, həmçinin, qəhrəmanların işğaldan sonrakı taleyi oxucuları maraqlandırdığından, eyni zamanda müəllifin özünün də birbaşa əsərdəki hadisələr və surətlərlə bağlı olduğundan, əsərə yenidən qayıtmaqla, ikinci hissəsini yazaraq, mükəmməl bir romana çevirməyə ehtiyac duyulurdu. Beləcə, Rahilə Veysəlli uzun axtarışlardan və araşdırmalardan sonra əsərin ikinci hissəsini araya-ərsəyə gətirdi və oxucuların ixtiyarına verdi, bununla da Qarabağ müharibəsi mövzusunda yazılmış azsaylı əsərlərin sırasına bir əsər də əlavə edilmiş oldu. 

Müxtəlif ailələrin faciəsini özündə ehtiva edən fəsillərdən formalaşan bu kitabı oxuyarkən gözlərim önündə iki əsrdən artıq bir müddət ərzində xalqımızın başına gətirilən müsibətlər, ermənilərin gələcəyə hesablanmış, bəd və çirkin niyyətlə bizim dədə-baba torpaqlarımızda yerləşdirilməsi, sonradan çörəyimizi yeyib, suyumuzu içən bu nankor şərəfsizlərin əli ilə başımıza gətirilən müsibətlər canlandı. Bu kitab əslində, bir yaddaş kitabıdır. Burada lal sükutla bərabər, dəli bir hayqırtı var. Yatmış ruhları, pas atmış hissləri, kif bağlamış düşüncələri silkələyib oyadan bir hayqırtı. Əsərin daşıdığı missiya da məhz elə bundan ibarətdir: bir kəndin və kənd camaatının timsalında bütövlükdə məmləkətimizin və xalqımızın başına gətirilənləri bir daha bilən və bilməyən hər kəsə çatdırmaq, lazım gəldikdə hayqırtı ilə özünü karlığa və korluğa vurmuş bütün dünyaya bəyan etmək.  

"Günahdan doğulmuş müqəddəslər" romanı isə Rahilə Veysəllinin son illərdə qələmə aldığı və həcm etibarı ilə, hələ ki, ən böyük əsəridir. Özünəməxsus faciəvi-dramatik, mənəvi-psixoloji gərginliklərlə dolu süjet xəttinə malik olan əsər bütövlükdə ibrətamiz həyat hekayəsini xatırladır. Əsərdə cərəyan edən hadisələr məkan olaraq Azərbaycanda baş verir və ümumilikdə günümüzün reallıqlarını əks etdirir. 

Təbii ki, hər bir qələm adamı hansısa bir əsər üzərində işləyərkən  qarşısına bir məqsəd qoyur və əsərin süjet xəttini də qoyulan məqsədə çatmaq üzərində qurur, hadisələrin gedişini bu məqsədin ruhuna uyğun istiqamətləndirir. Güman edirəm ki, əsəri  oxuyan hər bir oxucu qarşıya qoyulan məqsədə çatıldığını görür və bunun üçün müəllifin hansı bədii üsullara əl atdığının canlı şahidinə çevrilir. Əsərin bir müsbət xüsusiyyəti də ondadır ki, burada hər nəslin nümayəndəsinin ibrət və dərs ala biləcəyi yetərincə təsirli, nüfuzedici, düşündürücü məqamlar var. Əsərin əsas qəhrəmanı Nərgiz olsa da, bütün hadisələr, əsas etibarilə, onun ətrafında cərəyan etsə də, romanın hər bir personajının həyatı ayrıca bir ömür dastanıdır. Onu da deyim ki, əsər bir-birindən fərqli, bir-birindən qəribə, bir-birindən maraqlı hadisələrlə o qədər zəngindir ki, müəyyən məqamlarda müəllifin süjet quruluşuna, düşüncə tərzinə, məsələlərə yanaşma və müdaxilə yönünə, hadisələri müəyyən sonluğa bağlamaq qabiliyyətinə heyrətlənməyə bilmirsən. 

Hələ ki, son nəsr əsəri olan və  oxuculara təqdim edilmiş "Zülmətdən sıyrılanlar" kitabında yer alan eyniadlı romanında da Rahilə Veysəlli öz üslub və ənənəsinə sadiq qalaraq, Azərbaycan romanının gözəl nümunəsini yaratmışdır. Əsərdə cərəyan edən və baş verən hadisələr o qədər geniş və rəngarəngdir ki, oxucuda müəyyən məqamlarda çaşqınlıq yaranır, ixtiyarsız olaraq fikir və düşüncələrini sürəkli olaraq dəyişən bu hadisələrin axarına buraxır. Mən deyərdim ki, müəllif bir neçə roman və povestlik mövzunu bir romana sığışdırıb. Amma bu, romanın ümumi mənzərəsinə, süjet xəttinə xələl gətirməyib, əksinə, əsəri bir az da zənginləşdirib.

Digər nəsr əsərlərində olduğu kimi, "Həyatda heç nə cəzasız qalmır" dilemması üzərində qurulan "Zülmətdən sıyrılanlar" romanında da xeyirlə şərin, haqla nahaqqın mübarizəsi ön plana çəkilmiş, pisliyin də, yaxşılığın da heç vaxt itməməsi, bumeranq kimi nə vaxtsa edənin üstünə qayıtması, qarşısına çıxması, haqqın nazilsə də üzülməməsi, ədalətin həmişə zəfər çalması təkzibolunmaz dəlillərlə öz ifadəsini tapmışdır. Əsərdə xeyirxah qüvvələrin başında Malik müəllim, şər qüvvələrin başında isə Kazım kişi dayanır və bütün əsərboyu baş verən yaxşı və pis, xeyir və şər adına nə varsa, bu iki insanın ətrafında və bilavasitə bu iki insanın iştirakı ilə cərəyan edir. Romanda Malik, Gözəl, Saleh, Gültəkin, Xalidə, Aydın, Natiq, Fərhad, Vəli, Mələk, Qüdrət, Mərdan və başqaları xeyir qüvvələri, Kazım və onun dəstəsi, Mirzə, Elman, erməni Roza, Murad və digərləri isə şər qüvvələri təmsil edirlər. 

Zorla şər qüvvələrə tabe etdirilərək, müxtəlif çirkli işlərə sövq edilən, şər qüvvələrin məhv edilərək sıradan çıxarılmaları ilə normal həyata qayıdan, yaxşı əməlləri ilə cəmiyyət içində nüfuz sahibi olan personajların da taleyi əsər boyu oxucunu intizarda saxlayır və oxucu bu gedişatın nə ilə bitəcəyini tez bir zamanda bilmək istəyir. Bu hal əsəri bir az da oxunaqlı edir və oxucunun kitabı əlindən yerə qoymamasına vəsilə olur.  "Zülmətdən sıyrılanlar" əsərində də müəllif qarşısına qoyduğu məqsədə nail olmuş, əsər boyu zülm və zillət məngənəsində sıxılanları, göz yaşları içərisində boğulanları, ciddi itkilər bahasına olsa da, zülmətdən aydınlığa çıxara bilmişdir. Bu da elə haqqın nahaq, xeyirin şər üzərində qələbəsi, nəticə etibarilə, ədalətin zəfər çalması deməkdir.

 





07.01.2022    çap et  çap et