525.Az

Kiçik dostluqlar böyük dostluqlara yol açır - Kəmalə Xəlilqızı yazır


 

Kiçik dostluqlar böyük dostluqlara yol açır  -<b style="color:red"> Kəmalə Xəlilqızı yazır</b>

O gün işdən evə gələndə qonşu ilə rastlaşdım. Heç yarım saat keçməzdi, eşitdim ki, həmin adam ürək çatışmazlığından (infarkt) rəhmətə gedib. 

Yəni biz elə dünyada yaşayırıq ki, bir saniyə sonra nə baş verəcəyini bilmirik. Bəs belə olduğu halda düşmənçiliyə, qərəzçiliyə ehtiyac varmı? Olmaz ki, həyatımızı, dünyamızı gözəlləşdirmək üçün yaxşılıq edək? Olar və bunu edən insanlar da var...

İllər əvvəl İran İslam Respublikasına səfərə getmişdim. Böyük Firdovsinin, Sədinin, Hafizin, Şəhriyarın vətənini ziyarət etmək, müqəddəs Məşhədi, şərqin incisi İsfahanı, əzəmətli Tehranı, doğma Təbrizi görmək uşaqlıq arzum idi.

Oğlumun səhhətində kiçik bir problem var idi və bu səfərimdə onun müayinəsi üçün yüksək ixtisaslı həkim tapmalı idim. Təsadüfən (həyatda heç nə təsadüfü deyil) bunu yaxın qonşuma danışdım (nəvəsini müalicə üçün tez-tez İrana aparırdı). 

Qonşum mənə Təbriz şəhərində ona köməklik göstərmiş və həmin həkimi tanıyan iranlı bir tanışının nömrəsini verdi:

- Təbrizə çatanda bu nömrəyə zəng edin, həmin adam sizə kömək edər.

Cənubi Azərbaycan dedikdə, təbii ki, ilk öncə gözümüz önünə Təbriz gəlir. Çünki Təbriz Cənubi Azərbaycanın tarixi nişanəsi, döyünən ürəyidir. Lakin ədalət naminə demək lazımdır ki, Azərbaycan tarixində Ərdəbilin, Qəzvinin, Zəncanın, Urmiyanın da öz yeri var.

İrana ilk səfərim də elə Təbrizdən başlamışdı. Təbrizdə olanda isə həkimə getməyə tələsmirdim. İlk dəfə gördüyüm yerləri doyunca gəzmək istəyirdim. 

Mənim İran haqqında ilk təəssüratım göz oxşayan yaşıl çəltik zəmiləri ilə bağlıdır. Onlara baxmaqdan doymurdum. İşıq və böyük şəhərlərdə su bolluğu da diqqətimdən yayınmadı. Neft ölkəsi üçün işıq bolluğu izah olunandısa, içməli su mənbələri az olan bir ölkə üçün isə su bolluğu dövlət qayğısı ilə izah oluna bilər. Mənə bəzən elə gəlirdi ki, İranda işıq və suda israfçılığa yol verilir. Lakin fikirləşəndə bəraət qazandırıram. Çünki işıq - abadlıq, su - təmizlikdir. Bu işlərdə də qənaət etmək olmaz.

Mən yol kənarlarında, parklarda bir dənə də olsa sönmüş, sınmış elektrik lampalarına rast gəlmədim. Bu, məndə xoş təəssürat yaratdı. Gecəyarısı olmağına baxmayaraq, həyatın qaynaşması da yadda qalan oldu. 

Gəzib doymasam da, vaxt məhdudluğunu nəzərə alıb həkimə getmək lazım idi. Qonşumun verdiyi nömrəyə zəng etdim və 19-20 yaşlı gənc bir oğlan gəldi. Bununla da bu ailə ilə dostluğumuz başladı. Heç bir qohumluq əlaqəsi olmasa da, ən yaxın qohumdan əziz olduq. 

Əgər bu dostluq on ildən artıq bir müddətdə davam edirsə, deməli, onun təməli möhkəm qurulub. Çünki bu dostluğun bünövrəsi mənəvi dəyərlərə söykənir. Bu dostluqda maddilik də mənəvi dəyərlərlə idarə olunur.

İllərdir mövcud olan sıx dostluğun səbəbkarı ailənin başçısı Rəsul bəyin yüksək insanı keyfiyyətlərə malik olmasıdır. Bu yazımı Təbriz şəhərində yaşayan iş adamı Rəsul Ağdam Ənsərudiyə həsr etmək istəyirəm. 

Rəsul bəy 1959-cu ilin yanvar ayının 23-də Təbriz şəhəri yaxınlığında yerləşən Ənsərud kəndində anadan olub. Atası uşaqlıqda rəhmətə getdiyindən ata qayğısı görməyib. Odur ki, 3 qardaş və 2 bacının qayğıları ananın üzərinə düşüb.

Rəsul bəy ilk saflıq, zəhmətsevərlik dərsini adını belə güclə yazan anasından aldığını qürurla bildirir. Çox işlətdiyi "yüz dərənin başını bir düz kəsər", "işlədiyin yerdə çox qazananlardan yox, çox hörmət olunanlardan ol!" - atalar sözünü də ilk dəfə anasında eşitdiyini bildirir. Məktəbdə heç də nümunəvi şagird olmayıb, dəcəl, dalaşqan olub.

Gənc yaşlarından həyatda özünün mövqeyi, sözü olub. Elm dalınca getməsə də, kiçik biznesini qurub. İranda dəri məmulatları istehsal edən yaxşı sahibkarlardan biridir. 

İlk görüş günü evin böyük oğlu Nasir bizi həkimə apardıqdan sonra evlərinə dəvət etdi. Təbriz haqqında ilk təəssüratlar məndə xoş ovqat oyatmışdı. Ona görə tanımadığım bir evə getməyə risk etmirdim. Mən bu ovqatın xasiyyətinə bələd olmadığım, qonağı olduğum ailə üzvlərinin pozacaqlarından nigaran idim. Məndən olsa idi, elə bu ovqatla da geriyə dönərdim. Lakin mən bura ovqat dalınca gəlməmişdim. Odur ki, hadisələrin sonradan necə inkişaf edəcəyini izləməkdən başqa əlacım yox idi.

Hadisələr isə artıq inkişaf etməyə başlamışdı.

 Vaxtın azlığı qısa müddətdə bu ailə, onun başçısı, üzvləri haqqında daha çox informasiya toplamağı tələb edirdi. Burada çox şey mənim indiyə qədər gördüklərimdən, eşitdiklərimdən fərqlənirdi. Evdəki səliqə-sahman, qayda-qanun, nizam-intizam, sakitlik, rahatlıq ailə başçısının, ailə üzvlərinin yüksək zövqündən, özlərinə və başqalarına tələbkarlıqdan, məsuliyyət hissindən, mənəviyyatından xəbər verirdi. Burada təəccüblü bu yüksək keyfiyyətlərin bir insanda, bir ailədə cəmləşməsi idi. 

Bu ailədə yazılmamış, lakin hamının riayət etdiyi bir əxlaq, mənəviyyat Kodeksi var idi. Bu Kodeksin yaradıcısı, şübhəsiz, Rəsul bəy olmuşdu. Lakin bu Kodeksdə evin xanımı - Rüqayyə xanımın da əlavələri var idi.

Rəsul bəyin zəhmətkeşliyi, halallığı, xeyirxahlığı, səmimiliyi övladları üçün qəbul olunmuş və onların xasiyyətlərinin əsas cəhətlərinə çevrilmişdi. Rüqayyə xanımın evdarlığı, paklığı, həya və isməti qız övladları üçün bir nümunə idi.

Bu ailənin qonaqpərvərliyi sözlə ifadə olunası deyil. İstənilən Allah qonağı bu evin qapısını aça bilər. Təbrizə gələn bütün dost-tanışım Rəsul bəyin evinin qonağı olub. Əgər bu ailədə İrana gələn ən ağır xəstələrdən tutmuş gəzməyə gələnlərin neçə günlər qulluğunda dururlarsa, hansı məqsəddən, təmənnadan söhbət gedə bilər? Bu qonaqpərvərlik heç məqsədlə, umacaqla bağlı deyil. Odur ki, Allah bu ailənin ruzisini həmişə verib və verəcək.

Bu ailə dedi-qodudan, qeybətdən, giley-güzardan, paxıllıqdan uzaq bir ailədir. Rəsul bəyin evindən həmişə şirin söhbət, gülüş səsləri gəlir. Bu əsl xoşbəxtçilik deyilmi? Bu ailədə mənəvi dəyərlər xasiyyət, vərdiş səviyyəsinə yüksəlib. Böyük alimlərin, pedaqoqların, hətta cəmiyyətin bacarmadığı bir işi Rəsul bəy, Rüqayyə xanım bacarıb. Rəsul bəyin tərbiyə üsullarında bir az sərtlik var, lakin bu sərtlik həddi aşmır. Rəsul bəyin hirsləndiyi nadir hallarda Rüqayyə xanımın təmkini, vaxtında, yerində deyilən sözü hər şeyi yerbəyer edir. Onlar necə də bir-birlərini tamamlayırlar!

On ildən artıq bir müddətdə demək olar ki, ildə 3-4 dəfə Rəsul bəyin evini ziyarət edirəm və mən artıq özümü bu evdə qonaq kimi görmürəm. Mən və ailəmizin bütün üzvləri bu ailənin üzvlərinə çevrilmişik, qaynayıb qarışmışıq. 

Ürəyimdə bir dostum var. Mən bu sadə, təvazökar, istiqanlı, mehriban, sədaqətli, pak, təmənnasız insanlarla, yüksək mədəniyyət sahiblər ilə dostluqdan duyur, fəxr edirəm.

Bu ailənin yaratdığı sevgi, açdığı isti qucaq mənim bütün qohum-dostlarımı özünə cəlb edib. Bu sevgi o qədər böyüyüb ki, kiçik bir ailədən çıxıb, böyük iki ölkəni  - İran və  Azərbaycanı bürüyüb və inanıram ki, bu dostluq illərlə, əsrlərlə  davam edəcək.  

Bir dəfə atam rəhmətlik İrana səfərə hazırlaşırdı. Birdən azyaşlı oğlum soruşdu:

- Baba, hara gedirsən?

- Təbrizə - dedi.

- Mənim Təbrizimə?

Təbriz haqqında bundan artıq səmimi, məhəbbətlə dolu başqa bir ifadə tapmaq olmaz. Oğlum hamımızın ürəyindəkini ifadə etdi. 

Belə bir inanc var ki, sevdiyin yerə bir daha qayıtmaq istəyirsənsə, orada axan çaya, dənizə metal pul atırsan. Mən də həmişə Təbrizdən ayrılanda "Şah gölü" parkındakı gölə metal pul atıram və inanıram ki, bir daha ora qayıdacağam. 

 





07.01.2022    çap et  çap et