525.Az

"Konsertdə də özümü döyüş meydanındakı kimi hiss etdim" - Tarzən Fərid Atazadə


 

"Konsertdə də özümü döyüş meydanındakı kimi hiss etdim" -<b style="color:red"> Tarzən Fərid Atazadə</b>

2020-ci ilin payızı Azərbaycanın 30 illik həsrətinə son qoymaq üçün başlanan və 44 gündən sonra böyük Qarabağ zəfəriylə yekunlaşan Vətən müharibəsiylə tarixə keçdi. Bu böyük qələbənin üzərindən bir ildən çox zaman keçməsinə baxmayaraq, xatirələri, təəssüratları hələ də danışılır, yazılır. Təbii ki, bundan sonra neçə illər, qərinələr keçməsinə baxmayaraq, daha çox, daha böyük coşğuyla yazılacaq, söylənəcək. Bu müharibənin bir özəlliyi də o oldu ki, burda cəmiyyətin bütün təbəqələri birləşdi, vahid yumruq kimi bir-birinə sarıldı. Şair, müəllim qələmini, rəssam fırçasını, musiqiçi musiqi alətini, müğənni mikrofonu, aşpaz çömçəsini, usta malanı atıb silah tutdular. O əllər qələbə əzmiylə aylarca silaha sarıldı. Onda hamısının bir adı vardı: Azərbaycan ordusunun qəhrəman döyüşçüsü! Qalib əsgər! Həmin qəhrəman döyüşçülərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin "İncəsənət" şöbəsinin tar müəllimi, beynəlxalq müsabiqə laureatı Fərid Atazadədir. Fərid müəllim müharibə başlar-başlamaz uzun illərdir sarıldığı, köksünə sıxdığı tarını yerə qoyub könüllü şəkildə döyüşlərə qatılaraq, silaha sarılıb. Neçə vaxtdır, müharibədən qalib əsgər kimi qayıtmasına baxmayaraq, o günlərin təəssüratları hələ də onu tərk etməyib. O, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltf olunub . Bu günlərdə müəllimi olduğu Humanitar Kollecdə özünün ilk konsertini verən tarzən konsertinə də çox mənalı bir ad seçmişdi: "Sussun silahlar, oxusun tar". Həmin gün Fərid müəllimin sayəsində tar oxuyurdu özünün ən gözəl nəğmələrini. Konsertdən sonra tarzənlə tar sevgisi, konsertin ideya və məqsədi, Vətən müharibəsindəki iştirakı, həmçinin, pedaqoji fəaliyyəti haqqında geniş söhbətimiz oldu. Əlbəttə, söhbətimizə də elə Fərid Atazadənin tar sevgisindən başladıq:

- Tar sevgim uşaqlıqdan gəlir. Atam əvvəllər musiqiçi olub, amma sonradan bu sənəti davam etdirməyib. Amma arzusu övladının musiqiçi olması idi. Mən də valideynlərimin, xüsusən atamın istəyiylə bu sənətə yönəlmişəm. Həm bu sənəti seçməyimdə, həm də davam etdirməyimdə valideynlərimin çox böyük zəhməti olub. Buna görə onlara hər zaman minnətdaram. Uşaqkən nəyisə götürüb sinəmə sıxırdım, guya ki, tar çalıram. Ya da yaşadığımız rayonda çadır toyları olardı. Orda eşitdiyim mahnıları gəlib evdə tarda çalmağa çalışardım. Beləcə, musiqi məktəbinə yönləndim. İlkin musiqi təhsilimi bitirəndən sonra 2011-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum. Orda müəllimim beynəlxalq müsabiqələr laureatı, məşhur tarzən Bəhruz Zeynal olub. Hərbi xidmətdən sonra Milli Konsevatoriyaya qəbul oldum. Tara olan sevgim ustadlarımıza baxa-baxa, onlardan öyrənə-öyrənə daha da artdı. 

Bu sənətdə örnək olaraq özümə ustadım Bəhruz Zeynalı görmüşəm. Onun mənim üzərimdəki zəhməti çox böyükdür. Bu günə gəlib çatmağımda ən çox payı olan insandır. 

- Pedaqoji fəaliyyətə nə zamandan başlamısız?

- Əvvəl musiqi məktəbində dərs deməyə başlamışdım. 2019-cu ildən etibarən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecdə fəaliyyət göstərməyə başladım. Kollecin direktoru Nərmin Qaralovanın diqqət və qayğısı danılmazdır. Bu konsertin ideyası da ondan gəldi. Hazırlıq proseslərimizdə də çox böyük dəstəyi oldu. Ümumiyyətlə, bir müəllim kimi bildiklərimizi tələbələrə öyrətmək, qədim tar sənətimizin yaşadılmasında az da olsa, pay sahibi olmaq çox şərəflidir mənimçün. Çalışıram ki, tələbələrimə bu sənəti daha da sevdirim, onları həvəsləndirim. 

- Konsertdən söz düşmüşkən, konsertin adı sizin keçdiyiniz yolun bir növ göstəricisidir. Bu yolun tara aid olan hissəsinə hələlik ara verib, istıərdim silah olan hissəsindən - yəni sizin Vətən müharibəsindəki iştirakınızdan danışaq.

- 2020-ci il sentyabrın 27-dən etibarən müharibəyə qatıldım, könüllü şəkildə ön cəbhədə döyüşlərə başladım. Döyüş yolum Talış kəndi istiqamətindən başladı. Sonra Murovdağ, Suqovuşan, Ağdərə, Kəlbəcər istiqamətlərində döyüşlərimiz oldu. Çox şükür ki, Vətən müharibəmiz qələbəmizlə yekunlaşdı. Qarabağ bizim ən böyük ağrımız, sızıltısı heç səngiməyən yaramız idi. Biz məhz bu yaranı sağaltmaq üçün getdik döyüşə. Allah şəhidlərimizə rəhmət eləsin. Müharibə elədir ki, orda şəhid olmaq da, qazi olmaq da, sağ qalmaq da an məsələsidir. Elə gətirdi ki, onlar şəhid oldu. Hər birinin xatirəsi bizimlə əbədi yaşayacaq. Bu müharibədə Azərbaycan xalqı çox böyük birlik və əzm nümayiş etdirdi. Bizimlə birgə bütün xalq döyüşdü. Biz orda olanda hiss edirdik ki, arxamızca bütün xalq gəlir. Qadınlarımız, ana, bacılarımız bizə dəstək üçün necə can atırdılar, əllərindən gələni əsirgəmirdilər. Təbii ki, bütün bunlar vahid komandanlıqla idarə sayəsində baş tutdu. Ali Baş Komandanımız İlham Əliyevin müdrik sərkərdəliyi qələbəmizin ən böyük təminatçılarından oldu. Var olsun Azərbaycan xalqı, Ali Baş Komandanımız, ordumuz!

- Tarı silaha dəyişmək necə bir hiss idi?

- Mənə çoxları təəccüb edirdi ki, mədəniyyət insanı, sənət adamı hara, müharibə hara. Bəlkə bu, çoxlarına qəribə görünürdü, amma biz musiqiçidən əvvəl vətəndaşıq. Məni oraya aparan da vətənimə, torpağıma olan sevgim idi. Birinci Qarabağ müharibəsi zamanı, torpaqlarımız itiriləndə biz uşaq idi. O qan-qada, xalqımızın o ağrıları, məcburən yurd-yuvasından didərgin düşən insanlarımız bizim hamımızın ortaq dərdi idi. Atəşkəs elan olunsa da, düşmən dayanmırdı. Şəhidlər verməyə davam edirdik. Xüsusən, 2016-cı il Aprel döyüşləri, 2020-ci il iyul hadisələri gözümüzün qabağında baş verirdi və biz buna daha artıq susa bilməzdik. Mən də müharibə başlayan kimi təhsilimi, işimi dayandırıb döyüşlərə qatıldım. Məhz bir amalla: Qarabağ azad olunmalıdır! Müharibədən qayıdandan sonra isə hər kəsdən ancaq diqqət və qayğı gördük. 

- Müharibə qələbəylə yanaşı, şəhidləriylə də xalqımızın yaddaşında əbədi həkk olundu. İncəsənət sahəsi də az şəhid vermədi. Biri elə sizin kolleqanız tarzən Toğrul Hacıyev. 

- Bəli, Toğrul mənim tələbə yoldaşım olub, məndən 2 kurs yuxarı oxuyub. Onun qardaşı Ülvi kamaçna ifaçısıdır, dostumuzdur. Toğrulun şəhid olduğunu müharibədən gələndən sonra eşitdim və çox pis oldum, çox sarsıldım. Toğrul çox istedadlı və gələcəyi olan musiqiçi idi. Tək Toğrul deyil, neçə dostumun, tanışımın şəhidlik xəbərini müharibədən gəldikdən sonra öyrənmişəm. 

Bizim yanımızda da şəhid olan yoldaşlarımız oldu. Cəbhə dostluğu tamam ayrı bir şeydir. Döyüş meydanındakı hava çox başqadır. Çünki orda sənin atan da, anan da, qardaşın, dostun da məhz onlar - silah yoldaşlarındır. Sən onlarla çiyin-çiyinə vuruşursan. Sənin həyatın ona, onun həyatı sənə əmanətdir. Onların şəhidliyi gözümüzün qabağında olurdu. Amma bu belə bizi yolumuzdan döndərmirdi. Əksinə, biz onların qisasını almağa tələsirdik. Allah hər birinə rəhmət eləsin. Onlar ən uca zirvədədirlər. 

- Qalib əsgər olmaq necə bir hissdir?

- Qarabağı heç vaxt görməyən və onun işğalına gözünü açan bir nəsil olaraq onun azadlığında iştirak etmək çox böyük bir fəxr, qürurdur. Biz o torpaqlara hər kəsdən qabaq ayaq basdıq, özü də qalib əsgər kimi. Bu gün konsertdə də hərdən özümü döyüş meydanında kimi hiss edirdim. Bu fəxarət hissi yəqin ki, əbədi bizimlə olacaq. 

- Gələk konsertin üzərinə... Gözləntiləriniz özünü doğrultdumu?

- Hətta gözlədiyimdən də yüksək səviyyədə təəssüratlarım oldu. İnanmazdım ki, bu cür gözəl keçər və bu qədər xoş qarşılanar. Çox qısa zamanda hazırlaşmışdıq. Hətta burda bir musiqini öz tələbəmlə birgə ifa etdim. O, hələ birinci kursdadır. Amma ona güvəndim və etibar etdim ki, o, bu işi görə bilər. Hətta özünə də dedim ki, təsəvvür elə biz səninlə döyüş meydanına çıxırıq və bu yolu çiyin-çiyinə axıra kimi getməliyik. Şükür ki, pis olmadı. 

Konsertdə Vasif Adıgözəlovun "Qərənfil" mahnısının ifasını isə şəhidlərimizin ruhuna ithaf etdim. Çünki o mahnı məni məhz o günlərə apardı. 
Hətta deyim ki, mən konsertdən qabaq qəribə bir yuxu görmüşdüm. Görmüşdüm ki, şəhid ailələrimiz üçün konsert verirəm. Aralarında dostlarımızın valideynləri də var. Arzumdur ki, gələcəkdə belə bir konsert də verim. Şəhidlərimiz bizim unudulmaz bir hissəmiz, qəlbimizin bir parasıdır. 

- Bir pedaqoq kimi tar ifaçılığı sənətinin gələcəyinə ümidlisinizmi?

- Çox böyük ümidlərim var. Çünki istedadlı tələbələrimiz çoxdur. İnanıram ki, onlar bizim ulu tarı yaşadacaqlar. Heydər Əliyev Fondu və xüsusən, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın davamlı qayğısı, böyük diqqəti nəticəsində muğam sənətimiz, tarımız dünyada təbliğ olunur, tanıdılır. Artıq tarımızın səsi bütün dünyadan gəlir. Hətta xarici vətəndaşlar olur ki, tarı öyrənmək üçün bizə müraciət edirlər. Tar Azərbaycan xalqının milli sərvətidir. Şükür ki, biz bu sərvətimizi qoruyub-saxlaya bilirik və sonacan da saxlayacağıq. 

Şahanə MÜŞFİQ

 





07.01.2022    çap et  çap et