Elmira Axundova : “Ömrümün qalan hissəsini Heydər Əliyev obrazının bədii və publisistik təcəssümünə bağışlayıram”.
Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2014-cü ilin Dövlət mükafatlarına təqdim edilən işlərin siyahısında yer alan Milli Məclisin (MM) deputatı, tanınmış yazıçı-publilist, əməkdar jurnalist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin ictimai müzakirəsi davam etdirilməkdədir. Kitabın növbəti ictimai müzakirəsi Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bir sıra deputatların və alimlərin birgə iştirakı ilə təşkil edilib.
MM-in İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova bildirib ki, təqdimatın burada keçirilməsi heç də təsadüfi deyil.
“Ona görə ki, məhz bu təhsil ocağı ictimai-siyasi həyatda oynadığı rolla başqalarından çox seçilir. İstərdik ki, hər birimiz üçün çox önəmli olan bu kitab haqqında, kitabdakı həqiqətlər haqqında, Azərbaycan insanına yaxın olan bu tarixdə baş verən hadisələr haqqında sizlər də öz sözünüzü deyəsiniz.
Çünki kitab hər birimizin doğması və əzizi, müstəqil Azərbaycan dövlətinin banisi, həyatımızda misilsiz rol oynayan bir insanın keçdiyi böyük həyat yoluna həsr olunub. Hər bir kəsin ulu öndər qarşısında bir vəfa borcu, bir vicdan borcu var.
İstər adi vətəndaş olsun, istər alim olsun, istər hansısa icra strukturunda çalışan insan olsun. Hər kəs bu illər ərzində gördüyü həqiqətləri dilə gətirmək arzusunda olur. Təsadüfi deyil ki, Azərbaycanın qürur və şərəf yeri olan Heydər Əliyev haqqında Azərbaycanda çoxlu sayda kitablar yazılıb. Bu kitabların müəlliflərinin hər biri öz arzu, istək və xatirələrini vərəqlərə yazaraq onu başqaları ilə bölüşmək istəyib.
Bu cür kitablar çoxdur. Ancaq biz bu gün Elmira xanımın tamamilə fərqli bir baxışdan yazdığı kitabın müzakirəsini keçiririk. Bu kitab Elmira xanımın həyat missiyasının bəlkə də ən böyük layihəsidir. 10 il ərzində ulu öndərin yanında çalışmış insanların onun haqqındakı xatirələrini, onu tanımayan, ancaq kənardan tanıyan insanların düşüncələrini, fikirlərini bir araya toplamaq, onları sistemləşdirmək və ardıcıllıqla gələcək oxucuya çatdırmaq nə qədər çətin və məsuliyyətli işdir...”-deyə, o, bildirib.
MM-in deputatı Hüseynbala Mirələmov deyib ki, bu kitab H. Əliyev haqqında böyük bir dastan, ensiklopediyadır.
“Heydər Əliyevin uşaqlığından dünyasını dəyişənə qədər böyük bir dövrü əhatəli şəkildə ehtiva edir. Bu kitab gənc rəhbərlər üçün gözəl dərs vəsitidir. Heydər Əliyevin idarəçilik qaydası və metodları kitabda tam dəqiqliklə əks olunub.
Kitabda görünməyən tərəflər var. Hələ sovet dövründə gənclər istəyirdilər ki, Azərbaycanın şimalı ilə cənubu birləşsin. KQB bu gəncləri həbs edirdi, amma Heydər Əliyev onların tutulmasına imkan vermirdi. Bu milli ruh, azərbaycançılıq oradan başlanırdı.
Digər bir məqam ondan ibarətdir ki, Heydər Əliyev sanki gələcəkdə Azərbaycanın müstəqil olacağını uzaqgörənliklə duyaraq Bakıda Naxçıvanski adına hərbi məktəb yaratdı. Bu böyük uğur idi.
O vaxtlar Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması işıq üzü gördü. O poemaya görə Bəxtiyar Vahabzadə həbs edilməli idi. Amma Heydər Əliyev onu nəinki həbs etmədi, hətta xilas etməklə onu qorudu, xalq şairi etdi, dövlət mükafatı ilə təltif etdi...”-deyə, o, qeyd edib.
MM-in digər deputatı Musa Qasımlının dediyinə görə isə H. Əliyev haqqında nə qədər əsərlər yazılsa da, onun həyatını tam ehtiva edə bilməyəcək, Əliyev şəxsiyyəti hər zaman onlardan ucada qalacaq.
“Bu kitaba mən fundamental əsər deyərdim. Bir yerdə toplanan cildlər Azərbaycanın müstəqilliyi haqqında əsərlərdir”-deyə, M.Qasımlı söyləyib.
Tədbirin sonunda çıxış edən E. Axundova öz növbəsində deyib ki, kitab həqiqətən H. Əliyevin xeyir duası ilə yazılıb.
“Mən onu təhrik etmək üçün hərdən deyirdim ki, Yeltsin də, Qorbaçov da özü haqqında neçə-neçə kitab yazıb. Amma o, deyirdi ki, onlar özləri yazmır, onlar üçün yazırlar. Mən isə hər şeyi özüm edirəm, sadəcə olaraq memuara vaxtım yoxdu. Lakin 2000-2001-cü illərdə o, artıq bu barədə düşünməyə başlamışdı. Mən 2003-cü ilin aprelində “Həqiqət anları” kitabını yazanda o, mənə zəng edərək xeyir dua verdi və dedi: “Sən yaz, bu səndə heç də pis alınmır”.
Mən ilk olaraq düşündüm ki, Heydər Əliyevlə işləmiş, onu tanıyan partiya yoldaşları, əməkdaşları, yaxınlarından müsahibələr alım. Və çox yaxşı ki, bu işə başladım. Təsəvvür edin, müsahibə aldığım insanlardan artıq çoxu həyatda yoxdur.
Bunları yığdıqdan sonra fikirləşdim ki, daha nə etmək olar. Yadıma düşdü ki, Heydər Əliyevin şəxsi arxivi var. Cənab prezident İlham Əliyevin tapşırığı ilə həmin arxivdə işləməyə mənə icazə verdilər. Həmin arxivdə 400-ə qədər iri qovluqlar vardı. Qəzetlərdən parçalar, stenoqramlar, afişlər, mədəniyyət xadimləri ilə yazışmaları və s. yer alırdı.
Tanınmış siyasi liderlərin bioqrafiya ustası, məşhur rus tarixçisi Roy Medvedlə söhbətdə o, mənə dedi ki, Heydər Əliyevin həyatı ilə bağlı onda çoxlu sualları var idi. Mənim çoxcildliyimi oxuyanda bütün suallara cavab tapdığını bildirdi.
Mənim bu kitab üzərində işim yenə də davam edir. İndiki hədəfim kitabı qısaldaraq 3 cilddə hazırlayıb müxtəlif xarici dillərə tərcümə etmək və dünyaya yaymaqdır. Bəzən məndən soruşurlar ki, Heydər Əliyev haqqında nə qədər yazacaqsan. Mən isə deyirəm: “Ümummilli lider deyərdi ki, mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram. Mən isə bildirirəm ki, mən də ömrümün qalan hissəsini Heydər Əliyev obrazının bədii və publisistik təcəssümünə bağışlayıram”-deyə, E.Axundova əlavə edib.
çap et