Qazaxıstanda mavi yanacaqla "alovlanan" xaosu əvvəlcədən planlaşdırılmış dövlət çevrilişi kimi dəyərləndirmək olar. Bu, Qazaxıstanın mənəvi lideri, Elbaşı Nursultan Nazarbayevi devirmək, səlahiyyətlərini əlindən almaq, siyasətdən birdəfəlik uzaqlaşdırmaq üçün qurulan bir oyundur ki, onun Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən kənarlaşdırılması çox şeydən xəbər verir.
Nursultan Nazarbayev son illər SSRİ-nin dərin izlər buraxdığı ruslaşmış qazax xalqına öz milli kimliyini qaytarmağa çalışırdı. Bu baxımdan Qazaxıstanın kiril əlifbasından imtina etməsi prinsipial qərar idi. Nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatının qurulması fikri 2006-cı ildə N.Nazarbayev tərəfindən təklif olunub, baş verənlər açıq-aşkar türkləşmə siyasəti aparan adama və BÖYÜK TURAN ideologiyasına qarşı təxribatdır. Bu durumda Qazaxıstanın ölkədə asayişi bərpa etmək üçün KTMT-dan, dolayısıyla tarixən ona qarşı ərazi iddiasında olan Rusiyadan hərbi yardım istəməsi təsadüfi deyil. Rusiya meyilli Tokayevin heç zaman imperialist xislətini gizlətməyən Putin Administrasiyasına sığınması razılıq əlamətidir.
Baş verənləri təkcə qalxan qiymətlərə etiraz kimi yox, tarixin bütün dövrlərində mövcud toplumların "qorxulu yuxusu" olan türkün artan nüfuzuna etirazı kimi dəyərləndirmək olar.
İddialara əsasən, postsovet ölkələri nəzdində Rusiyanın rəhbərlik edəcəyi yeni ittifaq yaranacaq.
Yeri gəlmişkən, hadisələrin bu qarışıq fonunda, buğdanın tapılmayan vaxtı Nikol Paşinyan qazax xalqına "əriştə kəsmək" üçün Mərkəzi Asiyada "peyda" olur. Hadisələrin mərkəzində! Görünür, Azərbaycanla son müharibədən məğlub ayrılan Paşinyanın qazaxlara verəcəyi çox "töhfəsi" var.
Və nəhayət ki, "heç kəsin ağlına gəlməyən" təklifi dünən Rusiya Dumasının dağıstanlı deputatı Sultan Həmzəyev irəli sürdü. O deyib: "Şəxsən mən siyasi vəzifəmdən kənar, sadə Rusiya vətəndaşı kimi Qazaxıstanın tarixi Vətəni - Rusiyaya birləşdirilməsinin Qazaxıstanda referenduma çıxarılmasını dəstəkləyirəm. Çoxmillətli Rusiya bizim ümumi dəyərimizdir".
Əlbəttə, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək. Hələlik isə görünən odur ki, dünya siyasi arenasında ciddi proseslərin başlaması qaçılmazdır...
Aynur ƏFƏNDİZADƏ
çap et