525.Az

Tibb bacısı - ağ bayraq kimi - Nadir Yalçın yazır...


 

Tibb bacısı - ağ bayraq kimi -<b style="color:red"> Nadir Yalçın yazır...</b>

Qazaxıstanda baş verənlər barədə təntənəli, odlu-alovlu danışmaq çətindir. Bir xalqın rifahının pozulması, aqressivləşib güzaranına üsyan etməsi və bu üsyan nəticəsində insan itkisi, nahaq qan, camaatın üzərinə yeridilən tanklar acınacaqlı tablo yaradır. Xalqın nədənsə narazı olması və bu narazılıq səbəbi ilə etiraz etməsi, bu etirazın kütləviləşməsi normal prosesdir və tarixən yüzlərlə belə etirazlar olub. Qazaxıstanda alovlanan aksiyaların süni şəkildə yaradılıb-yaradılmamasından asılı olmayaraq, həll yolu istiqamətində atılan addımlar ürəkaçan olmadı. Lap aksiyalar süni şəkildə, kiminsə göstərişi ilə yaradılmış olsa belə, yüzlərlə günahsız insan bu axına qoşuldu və təbii ki, onların hər birinin özlərinə görə haqlı səbəbləri var idi. 

Yanvarın 2-də maye qazın ikiqat bahalaşmasına görə başlanan aksiyalar iğtişaş, silahlı qarşıdurma səviyyəsinə çatdı. Xalqı güllə qabağına qoymaq, birinci növbədə, bir kəsin öz milli mənsubluğuna, daha sonra tutduğu mövqeyə xəyanətidir. Prezident Tokayev kimlərəsə sığınmağı niyə üstün tutdu? Ümumiyyətlə, qaranlıq qalan suallar çoxdur. Camaatı dörd müxtəlif dövlətin hərbçilərindən təşkil olunmuş sülhməramlıların ayağına verməmişdən qabaq qazax xalqının sözünə etimad etdiyi elə bir ağsaqqalı yox idi ki, hökumətlə xalq arasında orta xətti bərpa edə bilsin? Yaxud Tokayev xalqın narazı olduğu məqamları aradan qaldıraraq tamam başqa üslubda əhaliyə müraciət edə bilməzdimi? Qazaxıstanın prezidentinin çıxışı həmin xaosun sərhədlərindən məsafəcə xeyli uzaqda olan bizi də qıcıqlandırırdısa, yerli əhaliyə beş qat artıq mənfi təsir edirdi. Ona görə də, ölkədə bir sıra kadr dəyişikliyinə, qiymətlərdə yumşalmaya baxmayaraq, insanlar sakitləşmədi. Sözsüz, o da gün kimi aydındır ki, etirazçılar arasında fürsətdən istifadə edərək odu körükləyənlər də az olmayıb. Xalqı silahla ram etməyə çalışan hökumət nə qədər günahkardısa, etirazlaçıların arasındakı qeyri-səmimi qüvvələr bir o qədər məsuliyyət daşıyır.

Kütləvi nifrət birdən-birə yox, tədricən formalaşır. Qazaxların böyük lider adlandırdığı Nursultan Nazarbayevin heykəlinin xalq tərəfindən uçurdulması sözügedən acınacaqlı tablonun ən tünd və müəmmalı çalarlarından idi. Bəs bu vaxta qədər Nazarbayevə göstərilən böyük ehtiram həqiqi deyildimi? Məncə, paytaxtın adını dəyişib Nursultan edəndə bir gün belə bir hadisənin baş verəcəyini təxmin etməli idilər. Bu cür anti-demokratik, diktatura rənginə boyanmış addımlar insanları şüuraltı olaraq qarşıdurmaya sürükləyir, qəzəbləndirir və xalqda gizli kin yaradır. Hamı zəncirvari bir-birindən asılıdır. Bir balaca qığılcım bu gizli kinin aşkara çıxmasına zəmin yaradır. Əfsus ki, nə "böyük lider" Nazarbayev, nə hazırkı prezident Tokayev, nə də digər qazaxıstanlı ağsaqqallar səriştə sərgiləyə bilmədilər, çətinlik qarşısında aciz qaldılar.

Sosial şəbəkələrdə yayılan görüntüləri çox böyük həssaslıqla izləyirik. İğtişaşlar zamanı 160-dan çox insan həyatını itirib, neçə-neçə insan yaralanıb, ziyan dəyən əmlakların sayı-hesabı yoxdur. Biz yaralı millətik. Kiminsə torpağı işğal olunursa, onun halına acıyırıq, çünki o sarıdan ağzımız yanıb. Kiminsə məmləkətində qan tökülürsə, travmalarımız təzələnir, ağrılarımız yenilənir. Çünki biz 20 Yanvar faciəsinin şahidi olmuşuq. Təbii ki, Qazaxıstandakı hadisələrlə 20 Yanvar faciəsini müqayisə eləmək düz deyil. Səbəblər, hadisələrin gedişatı, mənzərələrin mahiyyəti tamam fərqli idi. Amma hər halda ağır günlər yada düşür. 

Yayılan videolardan biri isə, təkcə Qazaxıstandakı silahlı qarşıdurmanın yox, bütün bu tipli insan tələfatı ilə nəticələnən qanlı əməllərin ağrılı mahiyyətini izah edir. Ağ xalatlı tibb bacısı əlində ağ bayraqla sülhməramlılara yaxınlaşır. Onların arasına daxil olur və bu cümlələri deyib gur və kövrək səsi ilə həyəcan təbili çalır:

-Siz neynirsiniz? Orda insanlar ölür!

-Bəsdir, Allah xatirinə, xahiş edirəm...

-Cavan uşaqlardır, kiminsə atası, qardaşı, oğludur!

Bu, dəhşətdir və bu mənzərələri vecinə almayanlar, yumşaq desək, həyatı, insanlığı, bəşərin ağrılarını duymurlar. Həmin tibb bacısı özü bütünlüklə ağ bayraqdır. O, yaralıları sağaltmağa çalışır, məlhəm düzəldir. İnsanların acılarını hamıdan çox həmin tibb bacısı duya bilir. Ona görə də, onun həyəcanlı çağırışını bütün dünyanın, bütün insanların qulağına bağırmaq lazımdır. Yer kürəsinin yaralarına kim məlhəm tapacaq?..
 

 





11.01.2022    çap et  çap et