|
|
|
|
Naftalan şəhəri respublikamızın sırf sağlamlıq məqsədli turizm məkanıdır. Buranın möcüzəvi şəfası ilə dünyada məşhur olan neftinin, eləcə də onunla kompleks halında aparılan unikal müalicə üsullarının faydasından yararlanmaq məqsədi ilə 2021-ci ildə Naftalan şəhərinə 15 min nəfərdən çox ölkə vətəndaşı, həmçinin 46 ölkədən 1700 nəfərdən çox xarici turist gəlib.
Xarici turistlərdən 1161 nəfəri Rusiyadan, 200 nəfəri Qazaxıstandan gəliblər. MDB məkanının təmsilçiləri ilə yanaşı, Naftalanın şəfa müəssisələrindən yararlanan əcnəbi turistlər arasında ABŞ, Almaniya, İsrail, Fransa, Səudiyyə Ərəbistanı, Yaponiya, Kolumbiya, İsveçrə, Monqolustan və digər ölkələrin vətəndaşları da olub.
Turizm mütəxəssislərinin dəyərləndirmələrinə görə, Naftalan qonaqlar tərəfindən gecələmə sayına görə turizm məkanlarımız arasında ən öncül mövqelərdən birinə sahib olub və bu dinamika 2022-ci il ərzində artmaqda davam edəcək.
Müqayisə üçün qeyd edək ki, 2020-ci il ərzində Naftalana cəmi 4727 nəfər daxili və xarici turist gəlmişdi. Ötən il isə bu rəqəm 16,7 min nəfərə çatıb. Təbii ki, bir il öncəki həddə pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ciddi təsiri olmuşdu.
Qeyd edək ki, Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 3 min nəfərədək turist qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Çox yaxın perspektivdə, tikintisi davam etdirilən bir sıra turizm obyektləri istifadəyə verildikdən sonra, Naftalanda gün ərzində 3,5 min nəfərdən artıq turistə otel və müalicə xidmətləri göstərmək mümkün olacaq.
Zakir Muradov,
Gəncə-Naftalan