525.Az

Bakının Qarabağ küçəsi əsaslı təmir olunub - Foto/Video


 

Bakının Qarabağ küçəsi əsaslı təmir olunub - <b style="color:red">Foto/Video</b>

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Qarabağ küçəsindən gedir.

AAYDA-dan 525.az-a verilən məlumata görə, Qarabağ küçəsinin əsaslı şəkildə təmir olunmuş Gülarə Qədirbəyova və Əliağa Vahid küçələri arasında yerləşən hissəsinin uzunluğu 900 metr təşkil edir.

Məlumata görə, genişləndirmə aparılmaqla icra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 3 650 kv. metr sahədə bərpa olunub, küçə boyu hər bir tərəfdə və yol ayrıcına 4 min p/metrdən artıq yeni səki daşı düzülüb.

Küçə boyu 12 min kv. metr sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 40 p/metr boru, 18 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 42 baxış qapağı yenisi ilə əvəz olunub.

Bundan başqa küçə boyu yol ayrıcında yerləşən yaşıllıq ərazi abadlaşdırılıb, vətəndaşların yaşıllıq ərazi ilə rahat və təhlükəsiz hərəkəti üçün 900 metr uzunluğunda xüsusi piyada zolağı salınıb.

Son mərhələdə isə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parklanma yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Ümumilikdə isə 2021-ci il ərzində Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmiri aparılıb.

Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

 

 





11.01.2022    çap et  çap et