Mina RƏŞİD
...Filosof Diogen gündüzün ortasında əlində çıraq gəzərmiş. Soruşanda ki, kimi, nəyi axtarırsan? - "Adam axtarıram", - deyə cavab verərmiş. Gör neçə əsr keçib aradan, amma yenə bu məşhur filosofun fikirləri həmişə təzə qalır yaddaşımızda... Soruşarsınız ki, bəs bu qədər inkişaf edən dünyamızda adam dəyişməyib ki?.. Əlbəttə, çox dəyişib. Amma mən gördüklərimdən, yaşadıqlarımdan, olduğum mühitdən danışıram... Yəni, mən də sizin kimi, necə deyərlər, adam içindəyəm.
...Deyirlər hər şey bünövrədən başlayır. Odur ki, bu gün təhsilin səviyyəsini artırmağa, gənclərin elm və texnikanın nəaliyyətlərinə yiyələnməsinə çalışırıq. Amma bu surətlə dəyişən dünyamızda elə xoşagəlməz hadisələrlə rastlaşırsan ki, istər-istəməz düşünürsən, biz çətin dəyişərik. Əvvəlcədən deyim ki, şahidi olduğum hallardan bir addım da kənara çıxmadan sözümə başlayıram.
Müəllim ilk dəfə məktəbə qədəm qoyan balacaların yanında valideynlərinə deyir ki, şirinlik gətirin. Məktəbin həyətində uşaqları düzüb təlim keçən kişi müəllim şagirdə qışqırır, "ay eşşək, səninlə deyiləm?". Kiçik sinif şagirdləri olan oğlan uşaqları məktəb həyətinin tən ortasında bir-biri ilə elə ədəbsiz ifadələrlə danışır, elə söyüşlər söyürlər ki, heç vaxt belə söyüşlər eşitməmişəm. Bu uşaqlar və müəllimlər.
İndi siz valideynlərə baxın. İki qadın keçir yanımızdan. Bir anda onlardan neçə ədəbsiz söz eşidirsən. Qadınlar söyüş söyməkdə kişiləri çoxdan ötüb-keçiblər...
...Mağazaya daxil olursan. Çörək alıb çıxana qədər satıcı qadından eşitdiyin dəhşətli söyüşlərdən başını götürüb bayıra qaçırsan. Səhəri düşünürsən ki, yəqin, dünən işləri gətirməyib, əsəbi olub. Bu gün utanacaq səni görəndə. İçəri keçəndə quruyub qalırsan. Satıcı, xanım deməyə adamın dili gəlmir, görürsən ki, televizorda şən bir mahnı oxuyan ifaçıya qoşulub elə oxuyur ki, elə bil, dünya vecinə deyil. Onun yerinə xəcalət çəkə-çəkə mağazanı tərk edirsən...
...Bir də gördün səhər tezdən bir qadın özünü avtobusa atdı və başladı telefonla qışqıra-qışqıra söyməyə. Hamıya məlum olur ki, qadının evinə gecə basqın olub. Özü də doğma adamları. İndi onları söyür məktəbə gedən uşaqların və bütün yaş qrupundan olan adamların arasında. Bir qadın isə güclə öz ərini qatilə çevirməyə çalışır. Avtobus sürücüsü ilə elə əlbəyaxa olub ki, sürücü dayanır, qadın yox. Elə bil, barıt boxçasıdı. Sonra da ərini çağırır ki, əlini qana bulasın. Hamı qorxusundan avtobusdan düşüb qaçır. Hamilə qadının isə ürəyi sıxılır. Balaca uşaqlar qorxudan titrəyirlər.
...Bu gün isə bir ayrı cür avtobus macərası ilə rastlaşdım. Bir də gördüm qulağımın dibində gənc bir oğlanın səsi gəlir. "Bu gün görüşək?" Yəqin, qız cavab verir ki, Allah qoysa. Bunu ondan bilirsən ki, oğlan telefonda dəfələrlə təkrar edir: "Bəs Allah qoymasa?" Arxaya keçirəm və bu oğlanın sifətinə baxıram. Qapqara, elə bil mazutdu. Gözləri sönük, mənasız... Hardan peyda olub, gəlib Bakıya çıxıb, hələ görüşə də tələsir. Görüşəcək, evlənəcək, uşağı məktəbə də gedəcək, nə qədər çətin məsələ və misal həll etməyə çalışacaq. Ana dilindən abstrakt tapşırığa gözünü döyəcək və doyunca söyəcək...
Mən əslində adamın dəyişməsinə inanan biriyəm. Amma o adamın ki, içində bir balaca qığılcım olsun. Yoxsa könlü-gözü dünyaya qapalı adamlar ömrü boyu dəyişməz. Gözündə qara pərdə olan adam heç vaxt boz rəngdən başqasını tanımaz. Bunu yaşadığım mühitdə hər an görürəm və hiss edirəm. Bu boz mühitdə yaşamağa məcbur biri kimi...
...Bura adam səhrasıdı,
Boşluq üstə qalaça.
Burda kimsə gözə dəyməz-
Adamlar bapbalaca.
Son zamanlar xüsusilə iki qrup adamlar diqqəti çəkir. Bir qisim ancaq əyləncəyə, digər qisim isə yas saxlamağa meylli adamlar. Əyləncəyə meylli olanlar ən adi bir şeyi də şənliyə çevirməyə çalışırlar. Ancaq bəzək-düzək, kef, başqa heç nə, nə insanlıq, nə qonşuluq, bir sözlə mənəviyyat olmayan boş bir həyat... Digər qisim də həyatı döndərib qara zindana. Bütün günü yas əhval-ruhiyyəsi, könül xoşluğu, sevinmək qətiyyən olmaz. Ancaq hər an kiminsə, nəyinsə yasını saxlamalısan. Əslində həyat özü bir iztirabdı, kədərdi. Adam ona bir rəng qatmağa çalışır ki, boğulmasın, yaşaya bilsin. Adamlar niyə Allahın insana bəxş etdiyi həyatı bu günə salıblar? Biri büründükcə bürünür, biri soyunduqca soyunur. Amma bu ona cahil deyir, o buna. Əslində cahil kimdi?...
Doğrudan da, hər şeydə orta hədd gözəldi. Necə ki, uca Allah belə buyurub. Nə mələk ol, nə şeytan, yetər ki, İNSAN olasan.
çap et