525.Az

Rusiyanın Qazaxıstan planı - Sosial şəbəkədə yazılanlar


 

Rusiyanın Qazaxıstan planı -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Vahid Mustafayev, jurnalist:

- RAND-ın hesabatına görə, Rusiyanın Qazaxıstan planı hələ 2020-də məlum idi.

Qazaxıstanda baş verən hadisələrlə əlaqədar əziz izləyicilərim mənim şəxsi mövqeyimi bilmək istəyirlər.  

Beləliklə, son illərdə Rusiyanın keçmiş SSRİ respublikalarında öz hərbi qüvvələrini yenidən yerləşdirmək siyasətini, itirilmiş mövqelərini bərpa etmək istəyi ciddi beynəlxalq analitik mərkəzlərinin hesabatlarında daim yer tapır. Buna sübut olaraq Rusiyanın 2008-ci ildə Gürcüstanda Cənubi Osetiya və Abxaziya, 2014-cü ildə Ukraynada Krım və Donbas, Belorusiyada son seçkilər, Azərbaycanda Qarabağ 2020-ci il və s. əməliyyatları nümunə gətirilir.

2020-ci ildə ABŞ-ın RAND (tədqiqat və inkişaf) strateji araşdırmalar mərkəzi Birləşmiş Ştatlarının hakimiyyəti üçün Rusiyanın yaxın iki ildəki hərəkətlərinin mümkün ssenarilərini hazırlayıb. Bu sənəd ABŞ-ın "Rusiyanı cilovlamaq" siyasətinin işlənib hazırlanmasında vacib rol oynayıb və oynamaqdadır. 

Hələ 2020-ci ildə dərc olunan RAND-ın bu hesabatında (https://www.rand.org/pubs/research_reports/RR2563z1.html) Rusiyanın Qazaxıstan üzərində nəzarəti ələ keçirməsi ssenarisi ciddi təhlil olunub. Təxmin (proqnoz) müəlliflərinin fikrincə, "Rusiya ən yaxın tarixində tektonik dəyişikliklərə" sürüklənəcək. RAND-ın hesablamaları və proqnozuna görə, Rusiya özünün cənubi-şərq sərhədlərini gücləndirmək, eyni zamanda Qazaxıstan kimi zəngin ölkəyə nəzarət etmək və Çinlə sərhədlərini bərpa etmək üçün Almaataya 14 min əsgər gətirməlidir. Rusiyadan Qazaxıstana müvəqqəti gətiriləcək hərbi texnikanın konkret miqdarı da göstərilib. Xatırlatmaq lazımdır ki bu barədə RAND hələ 2020-ci ildə proqnoz verib... Amma mənim yaşımda olanlar bilirlər ki, "daimi" bir şey etmək istəyənlər onu həmişə "müvəqqəti" kimi təqdim edirlər.

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevə qarşı Rusiya yönümlü mediada gedən mənfi propaqanda - onun son vaxtlar Avropa, ABŞ və Türkiyə ilə olan isti münasibətlərindən irəli gəlir. Görünür, rəsmi Moskvaya Ukrayna kimi ikinci itki lazım deyil desək, yazının əvvəlində yazılanları vurğulamış oluruq.

O ki qaldı Qazaxıstana, burada vəziyyət hakimiyyət üçün əlverişli olan ssenari üzrə inkişaf edir. Əsas müqavimət mərkəzləri nəzarətə götürüldü, başda Rusiya olmaqla KTMT qoşunları ölkəyə müvəffəqiyyətlə daxil oldu. 

Hadisəni kənardan izləyənlərdə yeganə sual yaranır: bu, kimə lazım idi? Cavab çox asandır - bu, bütün bunları təşkil edə bilənə lazım idi və məhz ona fayda gətirəcək!

Nazarbayev qaçdı, respublikada onun əlaqələri zəiflədi. Texniki cəhətdən Qazaxıstanda dövlət çevrilişi baş tutdu və hakimiyyətə sözsüz ki, çevrilişi edənlər gəldi və ya yerlərində qaldı...

Allah günahsız ölənlərə rəhmət eləsin və qardaş Qazaxıstanı belə bəlalardan qorusun!

***

Yeganə Hacıyeva, jurnalist:

- "Hərbi hakimiyyətin" tərkibi:

Qazaxıstana soxulmuş Rusiya hərbi qüvvələr aşağıdakılardan ibarətdir:

- 98-ci hava-desant diviziyası, 

- 31-ci hava-desant briqadası, 

- 45-ci

 hava-desant briqadası, 
- QRU-nun xüsusi təyinatlı qüvvələrinin 3-cü briqadası, 

- QRU Xüsusi Təyinatlı Qüvvələr 24-cü Briqadası, 

- 414-ci Dəniz Batalyonu, 

- 15-ci Xüsusi Təyinatlı "Senej" qrupları.

***

Tural Cəfərov, yazıçı:

- Neçə gündür hadisələri anlamağa çalışıram, ancaq bir hiss heç zaman dəyişmir: Qazaxıstandakı hadisələr qəzəb doğurur. 

Qazaxıstan həm Rusiya, həm Çin, həm də ABŞ-la balanslı siyasət aparmağı bacaran bir ölkə idi (Bu ölkədə ən böyük xarici investor ABŞ-dır). Qazaxıstanın rus orbitinə keçməsi heç də asan olmayacaqdır. Ancaq Çin də ofsaydda deyil, belə ki, internetin kəsilməsi çinli ekspertlərin işidir. 
Qasım rus dilində xalqına çağırış edərək onun üstünə üstünə rus əsgərlərini çağırdı. İtkilərlə bağlı dəqiq məlumat olmasa da, yüzlərlə qazaxın həlak olduğu güman edilir. Qanlı Yanvar Qazax satrapı (canişin) üzərində qara ləkə kimi qalacaqdır.

Qazax xalqı milli oyanışını tam gerçəkləşdirməmiş, milli özünüdərkə tam nail ola bilməmişdir. Bu qara günlərin, ağrılı müsibətin Qazax şüurunun oyanışında, milli intibahında yeni bir səhifə açması ümidiylə...

"Yadına sal kimlərdənsən? Adın nədir? Sənin atan Donenbaydır! Donenbay!"

Nayman Analar ölməsin!

***

Asif Nərimanlı, jurnalist:

- Rusiya kəşfiyyatı Qazaxıstan hadisələrini məhbusların əli ilə törədib. "Gulagu-net" ictimai layihəsinin yaradıcısı, hüquq müdafiəçisi Vladimir Oseçkin FSB-dəki mənbəsinə istinadən bununla bağlı ciddi iddialarla çıxış edib.

Oseçkin bildirir ki, "Təhlükəsizlik qüvvələri etirazı gözdən salmaq və Rusiya qoşunlarının Qazaxıstana yeridilməsinə əsas yaratmaq üçün məhbuslardan istifadə etdi".

Və o, FSB-dəki mənbəsindən aldığı məktubu dərc edib. Məktubda deyilir: 

"Qazaxıstanda baş verənlər şok effekti yaratdı. Çünki cəmi iki gün əvvəl hər şeyin öz-özünə sakitləşəcəyinə əmin idi. Etiraz təhlükəsizlik qüvvələrinin gücünü üstələyəndə həbsxanalardan xüsusi olaraq talanların təşkili üçün azad edilmiş məhbuslar prosesə cəlb edildilər. Təhlükəsizlik qüvvələrinə hücumun təşkili məhz onlara həvalə edilmişdi. Buna görə də ölənlərin sayı ilə bağlı problem var. Öldürülənlər arasında bu hadisələr üçün xüsusi olaraq azad edilən və azadlıqda olan məhbusların sayı çoxdur. Lakin onlar tapşırılan vəzifəsini mükəmməl şəkildə həyata keçirdilər: xeyli sayda sənədləşdirilmiş talan faktları, hüquq-mühafizə orqanlarına hücumlar, təhlükəsizlik əməkdaşlarına qarşı vəhşicəsinə repressiya faktları var, başları kəsilmiş meyitlər və bunu əks etdirən videolar var. Bu, xarici qüvvələrin yeridilməsi üçün lazımi əsas yaradır və sıravi etirazçıları ruhdan salır, qərarsız qalan qazaxların etirazlara empatiyasına mane olur. Buna görə ən şiddətli talanlar, qanlı hücumları və etirazçılara qarşı amansız atəşin açılması yalnız paytaxtda idi, digər şəhərlərdə hər şey fərqli idi...." Mənbənin məktubunda qeyd olunur ki, məhkumların nəzarətdən çıxması böyük problemlərə yol aça bilər.

Oseçkin FSB-dəki mənbənin son iki ildə ona dəqiq məlumatlar verdiyini, bu baxımdan, məktubun şübhə doğurmadığını qeyd edir. Və əlavə edir ki, Rusiya xüsusi xidmət orqanları əvvəldən "müttəfiqlərin yardımı" bəhanəsi ilə Qazaxıstanın Rusiya tərəfindən mənimsənilməsi üçün hibrid ssenarini həyata keçirilməsini planlaşdırırdı.

***

Cavid İsmayıl, jurnalist: 

- Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov vətənə xəyanət ittihamı ilə həbs olunub. O, milliyyətcə uyğurdur, ölkəsinin ən varlı adamlarındandır. Siyasətə biznesdən gəlib. Qazaxıstanda adi məmur olmayıb, hər zaman Nursultan Nazarbayevin kölgəsi və boz kardinalı sayılıb. 2000-ci ildən - 35 yaşından siyasi arenada olub. Nəqliyyat və rabitə naziri, iki dəfə baş nazir, prezidentin köməkçisi və Prezident Administrasiyasının rəhbəri olub. Sonuncu vəzifəsinə 2016-cı ildə təyin olunub. İğtişaşlar başlayandan bəri həbs olunan ən yüksək rütbəli məmurdur. Nazarbayevin bir nömrəli adamının həbsi və toqquşmaları onun belinə yükləmək cəhdi mənzərəni anlamaq üçün buludları qismən dağıdır.

***

Aydın Quliyev, jurnalist:

- Nazarbayevlə bağlı daha bir müəmma... bəlkə 30 illik müəmmaların ağır bədəli?.. "Elbaşı" "Müəmmabaşına"  çevrilir...

"Elbaşının" elin "baş bəlasına" çevrilməsinə doğru bir addım da atıldı. Qeybin 6 günlüyündə Nursultan Nazarbayevdən yarımçıq və müəmma dolu xəbər çıxdı. Guya onun mətbuat katibi deyib ki, Nazarbayev ölkəsindədir, hətta Tokayevlə danışır, ona məsləhətlər verir, xalqı Tokayevin ətrafında birliyə çağırır. Kreml KİV-i də bu xəbəri xüsusi bir həvəslə tirajlayır. İndiyə qədərki 6 gündə Nursultansız baş verənləri bir daha sərf-nəzər edəndə bugünkü xəbər cümlələrinin tam əksini düşünmək daha doğru görünür. Nə qədər çətindir ki, Nazarbayevin özü görüntü ilə üzə çıxsın və izah versin?! Əgər hər şey onun öz iradəsindədirsə, xalqa müraciətin ayrı formasını da seçə bilərdi. Ancaq görünür ki, ya öz iradəsi altında deyil, onu zorakı şəkildə qazax xalqına qarşı törədilən cinayətin ortağına çevirirlər, ya da Tokayevlə əlbir hərəkət edərək elə ilk əvvəldən qazax xalqına qarşı cinayət ssenarilərinin hazırlanmasının içində idi... Əgər onu zorən öz xalqına qarşı döndəriblərsə, təcrid ediblərsə, bunu başa düşmək olar. Ancaq 30 il Elin başına çıxmış adamın nədən, hansı məntiqlə öz xalqına qarşı cinayətin iştirakçısına çevrildiyini başa düşmək olmur. Onu auləsi iləmi təhdid ediblər? Ailə təxminən yoxdur, bədbəxtin əzəldən oğlu olmayıb, oğul əvəzi kimi kürəkəni hakimiyyət xatirinə öldürtdürdü, bir qızını həbs etdirdi, digərini siyasət odlarına atdı. Şantaj olunası bir şey qalmayıb. O zaman niyə səsi çıxmır?

50 il bir xalqın başında olasan, özündən sonra hakimiyyətə hazırladığın varis səni belə asanlıqla təcrid edə, belə asanlıqla cinayətkara çevirə, ya təcrid edə... həm də şəxsi faciədir...

Hazırkı vəziyyətdə təhlillər Nazarbayevin sağ-salamat üzə çıxacağı ehtimalının da çox zəif olduğunu deyir. Ya qəhrəman kimi üzə çıxaraq "məni girov götürdülər" deməlidi, ya da "Tokayevlə bir idim" deyərək etdiyi cinayəti rüsvayçılıqla boynuna almalıdır. Hansını görəcəyik?

Nursultanın neçənci müəmmasıdır?

1991-ci il 8 dekabr. SSRİ-nin dağıdılması üçün Belovejsk sazişini Yeltsin, Kravçuk və Şuşkeviçlə birgə Nazarbayev də imzalamalı idi. Razılaşmışdılar. İmza yerindən qabaq Nazarbayev Qorbaçovun kabinetində peyda olur və imza mərasiminə qatılmır, Yeltsinin isə telefonuna cavab vermir, heç bir inandırıcı izah da vermir. Bu, bir müəmma... Rusiya, Ukrayna və Belarus SSRİ-nin dağılmasını rəsmiləşdirəndən sonra 8 dekabr-20 dekabr aralığında Mərkəzi Asiyanın 4 türk respublikası arasında Türküstan Birliyi yaratmaq ideyası baş qaldırır. Nazarbayev bu ideyadan da qaçır və "Slavyan birliyinə"   qarşı "Türk birliyi" yaradaq - deyə qorxunc reaksiya verir. Bu ikinci müəmma... 1991-ci ilin 21 dekabrında 4-cü ölkə qismində Belovejsk sazişini imzalayır... Bu üçüncü müəmma... Qazaxıstanı müttəfiq Sovet respublikalarının sırasında ən axırıncı olaraq müstəqil elan edir. Bu dördüncü müəmma... Nəhayət, od-alova yaxılmış bugünkü Qazaxıstanda yoxa çıxmaq müəmması...

Bəlkə Nazarbayev qazax xalqının başında 30 il oynadığı bilinən və bilinməyən müəmmaların ağır bədəlini ödəyir?!. "Elbaşı" "Müəmmabaşına" dönür...
 

 





11.01.2022    çap et  çap et