525.Az

"Kiyev" ədəbi jurnalında Nizami Gəncəvi haqqında məqalə dərc olunub


 

"Kiyev" ədəbi jurnalında Nizami Gəncəvi haqqında məqalə dərc olunub<b style="color:red"></b>

Ukraynada çıxan "Kiyev" ədəbi jurnalında "Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi Ukrayna araşdırmaları və tərcümələrdə" sərlövhəli  məqalə dərc edilib.

525.az xəbər verir ki, yazı jurnalın 2021-ci ilin dekabr sayında, Nizaminin 880 illik yubileyilə bağlı çap olunub. Məqalənin müəllifi jurnalist, Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçarukdur.

"Kiyev"  ədəbi jurnalı Ukrayna Milli Yazıçılar İttifaqı tərəfindən təsis edilib və 1983-cü ildən dərc olunur. Jurnalın baş redaktoru tanınmış ukraynalı şair, nasir, jurnalist, ədəbi mükafatlar laureatı Teodoziya Zarivnadır.

Məqalədə Marina Qonçaruk Nizaminin həyat və yaradıcılığı, əsərlərinin  Ukrayna dilinə tərcümələri, xüsusən də Leonid Pervomayskinin ("Leyli və Məcnun" poemasının tərcüməsi), Vasil Barkanın ("Xosrov və Şirin" poemasından parça), Vasil Mısıkın ("Sirlər xəzinəsi" poemasından parça), Nikolay Tereşenkonun ("Yeddi gözəl" poemasından parça), Mikola Miroşniçenko və Aleksey Kononenkonun tərcüməsində Nizaminin qəzəlləri, həmçinin Yevgeniy Mironovun tərcüməsindəki şeiri haqqında geniş məlumat verir,. 

Məqalədə ukraynalı alimlərin, şərqşünasların Nizami haqqında araşdırmalarına nəzər salınıb, Aqantaqel Krimskinin "Nizami və müasirləri" monoqrafiyasına, o cümlədən, Mıkola Qulak, Lev Lopatınski, Aleksandr Navrotski, Valeri Marçenko, Mikola Miroşniçenko Mikola Bajana, Qriqoriy Xalimonenko, Zəminə Əliyeva və başqalarının yazılarına diqqət yetirilib. 

Burada Azərbaycan ədəbiyyatının görkəmli tərcüməçisi Miroşniçenkonun Nizaminin ukrayna dilinə tərcümə etdiyi  "Sübhədək" qəzəlinə yer verilib. 
Məqalədə qeyd edilir ki, "Nizami yaradıcılığının ukraynalı tədqiqatçıları ilə tanış olduqca özüm üçün heyrətamiz kəşflər etdim: Nizaminin Azərbaycan şairi olması fikrini Ukrayna alimlərinin əksəriyyəti əsaslı şəkildə müdafiə edirlər. Təəssüf ki, bugün çoxları həyat və yaradıcılığı Azərbaycan ilə bağlı olan görkəmli ukraynalı alim, publisist, tərcüməçi, dövlət xadimi, Kirill və Mefodi Qardaşlığının təsisçilərindən biri Nikolay Qulak (1821-1899) unudulub. O, 1886-cı ildən Gəncə şəhərində yaşamış, burada da dəfn olunmuşdu. Bir çox dil bilirdi, o cümlədən, Azərbaycan dilini. O həmçinin, Azərbaycan ədəbiyyatını tədqiq və tərcümə edirdi, ələlxüsus da Füzuli və Nizami Gəncəvi yaradıcılığını. 

Haqlı olaraq, Nikolay Qulakın ən məşhur fundamental əsərlərindən biri "Görkəmli şair Nizavi Gəncəvi və "Rusların Bərdə səfəri" poemasının tədqiqatı" (1889) hesab edilir. M. Qulakın elmi irsində Azərbaycan xalq folklorunun tədqiqatı mühüm yer tutur. 

Hələ Tiflisdə ikən, Qulak Azərbaycan və fars dillərini öyrənir və Nizaminin "Leyli və Məcnun" poemasının, sonradan isə "İskəndərnamənin" rus dilinə tərcüməsini öhdəsinə götürmüşdü. Bilindiyi üzrə, o, "Leyli və Məcnun" poemasının nəsr tərcüməsinə etinasız yanaşıb, Azərbaycan ədəbiyyatının şah əsərinin nəzmlə tərcüməsini o vaxtlar Qafqazda yaşayan xalası oğlu Aleksandr Navrotskiyə tapşırır. Məhz bu tərcümədən rusdilli oxucular "Kəşkül" qazetinin (Cəlal Ünsizadənin redaktoru olduğu qəzet) səhifələrində dahi Nizami Gəncəvinin yaradıcılığı ilə tanış olurlar".  

Görkəmli ukraynalı yazıçı Roman İvanıçuk "Dördüncü fəza" (1984) tarixi romanını Mikola Qulaka həsr etmişdi. Bu romana görə, o, incəsənət sahəsinin ən yüksək mükafatına - Taras Şevçenko adına Milli Mükafata (1985) layiq görülmüşdü. Həmçinin romanda Mikola Qulakın Mirzə Fətəli Axundovla çoxsaylı görüşləri və Nizami Gəncəvi haqqında söhbətləri öz əksini tapmışdı.

Kitabda, həmçinin, Mikola Qulakın Cəlal Ünsizadə ilə Bərdə yolçuluğunda etdiyi söhbətlər yer alıb. Cəlalın o dövrün bir çox alimi kimi Nizaminin fars şairi hesab edib- etmədiyi sualına belə cavab verir: "Yox, mən onu milliyyətcə azərbaycanlı hesab edirəm. Polyak şairlər də latin dilində yazıb-yaradırdılar... Nizami poemalarında öz milli geyimlərini geyinmiş azərbaycanlılar yaşayır. Onlar azərbaycanca düşünürlər, sadəcə, onların yerinə şair fars dilində danışır, çünki Füzulinin zamanı hələ gəlməmişdi. Bizdə Şevçenkoya qədər kilsədə slavyan dilində yazırdılar... Bəs Nizaminin Firdovsinin mövzularını təkrar etməsi? Göte də "Faustu  köhnə süjetlər əsasında yaratmışdı".   

Məqalənin müəllifi, Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçaruk bildirir: "Ukraynalı alimlərin tədqiqatlarıyla daha yaxından tanış olduqca, anladım ki, qarşıda hələ çox iş var. Düşünürəm ki, "Nizami ili" Ukraynada mühüm hadisələrlə zəngin idi, Ukraynanın Nizamişünaslığa qayıdışı çox vacib idi və əminəm ki, işlər bu il də davam edəcək. Hesab edirəm ki, bizim Nizami ilində Ukraynada hər şeyi yenidən dərk etməyə, əvvəlki fundamental tədqiqatlara yenidən baxmaq vaxtımız olmayıb".   

 





11.01.2022    çap et  çap et