525.Az

Magistraturaya qəbul prosesi: ümumi mənzərə və yeniliklər


 

Magistraturaya qəbul prosesi: <b style="color:red"> ümumi mənzərə və yeniliklər</b>

Dövlət İmtahan Mərkəzi (DİM) bütün istiqamətlər üzrə imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir, imtahanlarda istifadə olunan tapşırıqlar bazasını, habelə bilik və bacarıqların daha dəqiq yoxlanılmasına imkan verən qiymətləndirmə alətlərini təkmilləşdirir, yeni formatda yoxlama-ölçmə materiallarından istifadəyə üstünlük verir. Ali təhsilin magistratura səviyyəsinə qəbul mexanizminin daha da təkmilləşdirilməsi, imtahanda istifadə olunan yoxlama-ölçmə materiallarının etibarlılıq səviyyəsinin yüksəldilməsi üçün hər il cari ildə keçirilən imtahanların nəticələrinin elmi-statistik təhlili də aparılır. Bu təhlillər əsasında ixtisaslı və peşəkar mütəxəssislərdən ibarət ekspert qrupunun iştirakı ilə imtahan proqramlarında, zərurət olarsa, müəyyən dəyişikliklər edilir, eyni zamanda imtahanın məzmunu ilə bağlı elmi-metodik işlər həyata keçirilir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, magistraturaya qəbul imtahanının, son iki ildə olduğu kimi, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada beynəlxalq təcrübəyə uyğun yalnız bir mərhələdə keçirilməsi və imtahanda məntiqi təfəkkürün, informatika və xarici dil üzrə biliklərin yoxlanılması nəzərdə tutulur. Növbəti imtahanda da bakalavrların bu sahələr üzrə biliklərinin yoxlanılması üçün qiymətləndirmə aləti olaraq test üsulundan istifadə olunacaq. 

DİM sədrinin sözlərinə görə, 2022-2023-cü tədris ili üçün də test imtahanı iki dəfə - bir dəfə fevral və ya mart ayında, ikinci dəfə isə may və ya iyun ayında təşkil etməyi planlaşdırılır: "Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistratura ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların qəbul imtahanındakı nəticələri Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən etdiyi müsabiqə şərtini ödədikdə, onlar Mərkəzin elan etdiyi müddətdə qabiliyyət imtahanında iştirak etməlidirlər. İxtisaslaşma seçimi isə qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq. Qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticəsi müsabiqə şərtlərinə uyğun olan bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar".

M.Abbaszadənin sözlərinə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını qəbul imtahanını verdikdən sonra DİM-in elan etdiyi müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından "məqbul" qiymət alan bakalavrlar seçə biləcəklər: "İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli"nə uyğun həyata keçirilir. Seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə bakalavrların imtahandan topladıqları bal əsasında aparılır. Hər bir bakalavr ixtisaslaşmaların müsabiqəsinə öz istəyinə uyğun olaraq cari ildə iştirak etdiyi ya birinci, ya da ikinci imtahanda topladığı balla qoşula bilər".

M.Abbaszadə vurğulayıb ki, magistr olmaq istəyənlərin xarici dil üzrə yazı və danışıq bacarıqları 2024-cü ildən yoxlanılacaq. Magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq: "Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur. 

M.Abbaszadə bildirib ki, ən mühüm istiqamətlərdən biri də imtahan verənlərə elmi-metodik köməyin göstərilməsi, onların zəruri məlumatlarla təmin olunmasıdır. DİM-in rəsmi internet səhifəsində ardıcıl olaraq imtahan proseslərinin təşkili və keçirilməsi ilə bağlı zəruri məlumatlar, metodik materiallar və tövsiyələr, imtahanda istifadə olunan qiymətləndirmə alətlərinin hər bir tipinə və növünə aid tapşırıqlar yerləşdirilir, onlayn sınaq imtahanları təşkil olunur. DİM-in prioritet fəaliyyət istiqamətlərindən biri də jurnalların və vəsaitlərin dərc olunmasıdır ki, bu nəşrlər imtahana hazırlaşanlar üçün əsas məlumat və bilik mənbələrindəndir: ""Magistr" jurnalının saylarında magistraturaya qəbul qaydaları, eyni zamanda məntiqi təfəkkürün yoxlanılması, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, eləcə də məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir. Magistraturaya qəbul elanı, məntiqi təfəkkürün yoxlanılması, informatika və xarici dillər üzrə test modelləri, ixtisaslaşma seçimi cədvəli və digər zəruri materiallar isə jurnalın növbəti saylarında dərc olunacaqdır".

Magistraturaya qəbul prosesində tətbiq ediləcək  dəyişiklik barədə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, sözügedən proses yalnız xarici dil fənninə yox, eyni zamanda, gələcəkdə Azərbaycan dili fənni ilə bağlı da tətbiq edilməlidir:  "Azərbaycan təhsil sistemi 1992-ci ildən etibarən test üsulu ilə qəbul planı həyata keçirir. İndi  bizim şagirdlərimiz ali məktəblərə qəbul olmaq üçün test imtahanından istifadə edir. Aydındır ki, bu üsul əzbərçilik üzərində qurulub.Bu ciddi bir problemdir".

Təhsil eksperti hazırda magistraturaya qəbul olan şəxslərin sərbəst yazı qabiliyyətinə, fikir ifadə etmə bacarığına o qədər də malik olmadığını diqqətə çatdırıb:

"Onların əldə etdikləri informasiyalar əzbərçilik üzərində qurulub. Ona görə bu gün ən ciddi problemimiz onlarda yazı, fikir ifadə etmə vərdişlərini formalaşdırmaqdır".

K.Əsədov magistraturaya qəbul qaydalarında tətbiq ediləcək  yeniliyi kifayət qədər  müsbət qarşıladığını söyləyib və səbəbini açıqlayıb:  "Nəzərə alaq ki, bizim magistratura pilləsində təhsil alan gənclərimiz elmi məqalələrini xaricdə dərc etdirməlidir. Onlar yalnız hər hansısa qrammatik qaydanı, sözləri əzbərləməklə buna nail ola bilməzlər.Yazı vərdişləri onlarda yeni bacarıqları ortaya çıxaracaq. Beləcə bizim magistraturaya və gələcəkdə doktorantura qəbul olacaq, eyni zamanda, elmlə məşğul olacaq peşəkar gənclərimizin prosesə qoşulmağına imkan verəcək".    

Məleykə Abbaszadənin söylədiyinə görə, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli fərmanı ilə ölkədə dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılıb. Bu illər ərzində Komissiya böyük bir inkişaf yolu keçib, zəngin texniki bazaya, müasir informasiya texnologiyalarına, geniş elmi-metodoloji potensiala və yüksək intellektli kadr heyətinə yiyələnib, bütövlükdə Azərbaycan cəmiyyətinə xidmət edən yeni, demokratik tələbə seçimi sistemi yaradıb. Bu sistem nə qədər möhkəmlənirsə, onun faydalılığı və effektivliyi də bir o qədər artır, nə qədər təkmilləşirsə, cəmiyyətdəki nüfuzu də bir o qədər yüksəlir. Bu gün Azərbaycan cəmiyyətində biliyin qiymətləndirilməsinin mövcud sisteminin obyektivliyinə, ədalətliliyinə möhkəm inam formalaşıb. Bu da tələbə qəbulunda biliyin qiymətləndirilməsini həyata keçirən dövlət qurumu olaraq DİM-in qazandığı ən böyük nailiyyətlərdəndir. İmtahanların obyektiv və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək DİM-in iş prinsipidir: "Biz əzbərçiləri, biliklər toplayıb onları tətbiq etməyi bacarmayan, misalları həll etməyi bacarmayan, qərar qəbul etmək imkanı olmayan insanları yox, tədris prosesində öz fikirlərini şifahi və yazılı ifadə etməyi bacaran, əldə etdiyi bilikləri praktikada tətbiq etməyə qadir olan, yeni və mütərəqqi informasiyalara açıq olan insanları seçməyə çalışırıq. Əsas məqsəd qəbul kampaniyasının gedişində obyektivliyi, düzgünlüyü, şəffaflığı qoruyub saxlamaqdır. Fikrimcə, DİM üzərinə düşən ağır və məsuliyyətli işin öhdəsindən lazımınca gəlir".

Sevinc QARAYEVA
 

 





11.01.2022    çap et  çap et