525.Az

Cənnət quşu - Xavər Havarın hekayəsi


 

Cənnət quşu -<b style="color:red"> Xavər Havarın hekayəsi</b>

Xavər HAVAR

Evimizə uça-uça gəldik. Taksinin arxa oturacağında həyat yoldaşım Səlimlə bir-birimizə qısılmışdıq. Tez-tez baxışır, bürüncəyin ucunu qaldırıb, üç gün öncə dünyaya gəlmiş qızımız Tunaya sonsuz sevgi ilə baxır, xoşbəxt-xoşbəxt gülümsəyirdik. 

Qəbələdəki bağçalı, külafirəngili evimizə çatdıq. Tunayımızı beşiyinə qoyduq. Dərindən nəfəs aldıq, bir-birimizə sarıldıq. Həyat gözəl idi! Bu gözəlliyi Tanrı eşqi, bəndə sevgisi ilə biz yaratmışdıq. 

Hər bayramda Səlim cüt göyərçinlərini uçurdur, fit çalıb havada süzdürür, mayallaq aşdırırdı. Bu dəfə də elə etdi. Qoşa göyərçinlər havada süzdükcə, Səlim ləzzətlə gülür, bağçadan mənə əl eləyirdi. 

Süfrə başında Səlim göyərçinlərdən birinin adını "Tunay" qoyduğunu deyəndə, canımı qarışıq hisslər aldı; Tunayımın hələ uça bilmədiyini düşünüb, onun göydən yıxılacağından bərk qorxdum.

Tunay günbəgün böyüyürdü. Qırxı çıxandan sonra onu hər gün bağçaya çıxarır, Səlimin əkdiyi güllər arasında gəzdirirdim. Tunayı bağçaya çıxaran kimi Səlim də göyərçinlərini göydə süzdürürdü.

Bir dəfə qonşumuz Məlahət bizə gəldi. O, on iki il idi, ərə getmişdi, uşağı olmurdu. Məlahət gətirdiyi oyuncağı stolun üstünə qoydu, beşikdə şirin-şirin yatan Tunayıma baxdı və elə dərindən ah çəkdi ki, içim titrədi.

Həmin axşam Tunayın dodaqlarının əfrafı gömgöy oldu. Narahatlıq içimi cuğladı. 

Səlim işdən qayıtmışdı, yenə də cüt göyərçinini fərəhlə göylərdə uçurdurdu. Eyvana çıxıb Səlimi çağırdım, cavab vermədi. Bağçanın ortasında dayanıb göyə baxırdı. Ona yaxınlaşıb, qolundan tutdum. Boğuq səslə dedi: "Göyərçinlərimdən birini qaçırdıblar". "Hansını?" - dərhal soruşdum. "Tunayı" cavabını eşidəndə qəhər məni boğdu.

Səlim tək qalmış göyərçini qonşuya tapşırdı, Tunayı təcili Bakıya apardıq. Həkim onu müayinə etdi, başını buladı... Həkimin dediyi hər söz ürəyimə xəncər kimi soxuldu. "Ürək qüsuru ilə doğulub. Əməliyyat üçün də gecikdirmisiniz. Müalicə yazaq, görək nə nəticə verir?". 

Müalicə bir ay çəkdi. Tunayın vəziyyəti ağırlaşdı... Hər gecə göylərə baxırdım. Hər gecə buludlar göydəki ulduzları bir-bir yedikcə, ümidim əriyirdi.

***

Yenə taksinin arxa oturacağında Tunayımı bağrıma basıb, evə qayıdırdıq. Yolun uzandıqca uzanmasını arzulayırdım. Əzabdan Səlimin üzü qaralmışdı.  

Üç gün sonra Tunayı bağçamızın ortasında, Səlimin əkdiyi güllərin arasında basdırdıq. Dizimizi yerə qoyub, qəbirin başında ağır hüznlə susmuşduq. 

Tək göyərçin havaya qalxır, sürətlə aşağı enir, özünü bizə çırpır, təzədən havaya qalxırdı.

 





11.01.2022    çap et  çap et