525.Az
Bakıda “Dostluq və qardaşlıq carçısı Məxtumqulu Fəraqi” mövzusunda elmi konfrans olub
Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük türkmən şairi Məxtumqulu Fəraqinin 290 illik yubileyinə həsr olunmuş “ Dostluq və qardaşlıq carçısı Məxtumqulu Fəraqi” mövzusunda elmi konfrans keçirilib.
AMEA rəhbərliyinin və Türkmənistan nümayəndə heyətinin iştirak etdiyi konfransda, əvvəlcə Məxtumqulu Fəraqi və Türkmənistana dair kitablar nümayiş olunub.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, Məxtumqulu Fəraqi türkmən ədəbiyyatının klassikidir: “ Məxtimqulu Fəraqinin yubileyi ilə bağlı tədbirlər Bakıda başlayır, İranda davam edəcək və Aşqabadda yekunlaşacaq.
Tədbirdə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov ölkələrimiz arasında mövcud olan dostluq və hərtərəfli əməkdaşlığın dərin tarixi və mədəni köklərə malik olduğunu söyləyib. Səfir böyük türkmən şairi Məxtumqulu Fəraqinin 290 illik yubileyinin Bakıda keçirilməsinin iki ölkənin mədəni əlaqələrinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin Məxtumqulu Fəraqinin mədəni irsinə həm Azərbaycanda, həm Türkmənistanda, həm də İranda dərin hörmət və rəğbət hissi ilə yanaşıldığını söyləyib.
Konfransda Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun nümayəndələri Atamurad Saparmuradov, Meylis Cabbarov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı İsmixan Osmanlı və başqaları görkəmli şairin həyat və yaradıcılığından geniş söhbət açıblar.
S.ABDULLAYEVA
09.05.2014
çap et