525.Az

Rusiyanın tələbləri havada qaldı - Xaqani Cəfərlinin siyasi şərhi


 

Rusiyanın tələbləri havada qaldı -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Rusiyanın NATO və ABŞ-a ultimativ şəkildə təqdim etdiyi "Regional  təhlükəsizliyə dair yeni razılaşma" təklifi ilə bağlı Cenevrədə aparılan danışıqlar nəticəsiz yekunlaşdı. İki gün davam edən danışıqlarda Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ı isə dövlət katibinin müavini Vendi Şerman təmsil edib.

Rusiya ilə danışıqlarda ABŞ-ı Dövlət Departamentinin nümayəndəsinin təmsil edəcəyi məlum olduqdan sonra siyasi təhlilçilər birmənalı olaraq Vaşinqtonun heç bir güzəştə getməyəcəyini bildirdilər. Dövlət katibi Entoni Blinken Rusiyaya qarşı münasibətdə güzəştsiz mövqeyilə fərqlənir. Hətta Cenevrə görüşü ərəfəsində dövlət katibi danışıqlardan heç bir nəticə  gözləmədiyini, "Rusiyanın Ukraynanın başına tapança dayadığını" və gərginliyin azaldılması üçün Rusiyanın Ukrayna sərhədindəki ordularını geri çəkməli olduğunu bildirmişdi. Bu açıqlama o demək olurdu ki, ABŞ heç bir güzəştə getməyəcəyi kimi, Rusiyadan bəzi tələbləri də var.

Cenevrə görüşündən sonra dövlət katibinin müavini Vendi Şerman mətbuata açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar heç kimin hansısa bir ölkənin NATO-ya üzv olub-olmaması barədə qərar çıxarmasına icazə verməyəcək. Bununla da Ukrayna və Gürcüstanın heç vaxt NATO-ya üzv olmayacağına dair Rusiyanın tələbi rədd edilib. ABŞ Rusiyaya bir daha xəbərdarlıq edib ki, Ukraynanı işğal etməyə cəhd göstərsə, sərt sanksiyalarla üzləşəcək. Dövlət katibinin müavini həmçinin onu da bildirib ki, ABŞ və Rusiya hələlik konkret razılaşmaları müzakirə etməyə hazır deyillər, danışıqlar isə tərəflərin bir-birini anlamaq məqsədi daşıyıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Cenevrə görüşündən sonra danışıqların mürəkkəb keçdiyini bəyan edib, Ukrayna və Gürcüstanın heç vaxt NATO-ya qəbul edilməyəcəyinə dair "dəmir-beton zəmanət" istədiklərini bir daha dilə gətirib. Ən maraqlı məqam isə Sergey Ryabkovun Rusiyanın Ukraynaya hücum etmək niyyətinin olmadığı və ola da bilməyəcəyi haqqında açıqlamasıdır. Danışıqlar ətrafında vəziyyətin ümidsiz olmadığını qeyd edən Sergey Ryabkov yanvarın 12-də Brüsseldə NATO ilə aparacaqları danışıqlardan sonra  Rusiyanın mövqeyinin dəqiqləşəcəyinə işarə edib.

Ötən il dekabrın 16-da Rusiya ultimativ şəkildə ABŞ və NATO-ya "Regional  təhlükəsizliyə dair yeni razılaşma" təklifi təqdim edib, qısa müddətdə cavab verilməsini istəmişdi. O zaman Rusiya rəsmiləri tələb edirdilər ki, ABŞ bir neçə gün ərzində bu təklifə cavab verməlidir. Eyni zamanda, veriləcək cavabın müsbət olmayacağı halda Rusiyanın hərbi tədbirlər görəcəyi ən yüksək səviyyədə bəyan olunurdu. Rusiya prezidenti Vladimir Putin şəxsən bildirmişdi ki, Vaşinqton Moskvanın istəklərini müsbət cavablandırmasa, hərbçilərin ona təqdim edəcəyi tədbirin görülməsinə qərar verəcək.

Ancaq o zaman bir çox nüfuzlu ekspertlər bildirdilər ki, Vaşinqton Mosvanın açıq şantaj xarakteri daşıyan bu təklifinə tabe olmamalıdır. Rusiyanın bütün təkidlərinə baxmayaraq, ABŞ dərhal heç bir cavab vermədi və yalnız danışıqlar aparmağa razı oldu. Danışıqların da çərçivəsini müəyyən edən Vaşinqton cavab tədbiri kimi onu da bildirdi ki, danışıqlar yalnız Ukrayna ətrafındakı gərginliyin azaldılmasından sonra nəticə verə bilər. Bundan başqa, dərhal Rusiyanın hərbi tədbirlərə əl atacağı halda ABŞ-ın hansı sanksiyalar tətbiq edəcəyi ilə bağlı mətbuata məlumatlar sızdırıldı. ABŞ-ın Avropadakı müttəfiqləri də Vaşinqtonun mövqeyini dəstəklədiklərini ən yüksək səviyyədə açıqlamağa başladılar. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell rəsmən bildirmişdi ki, Rusiya Ukraynaya qarşı hərbi təcavüzə əl atacağı halda təmsil etdiyi qurum çox sərt sanksiyalara əl atacaq. Rusiyanı qorxudan məqam isə Finlandiya və İsveçin NATO-ya üzv ola biləcəklərinin gündəmə gəlməsi oldu. Moskvada anladılar ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünün qarşısını almağa çalışdıqları bir zamanda Finlandiya kimi geostrateji əhəmiyyət baxımından çox önəmli bir ölkənin Şimali Atlantika Alyansına üzvlüyü Rusiya üçün qorxunc yuxunun reallığa çevrilməsi demək olardı. Belə görünür ki, Rusiya Qərblə münasibətdə yaranmış gərginliyi artırmağın təhlükəli olacağını anlayaraq bir qədər geri addım atmaq qərarına gəlib. Rusiya öz tələblərini səsləndirməklə, bu tələbləri müzakirə müstəvisində saxlamaqla simasını qorumağa çalışacaq. Digər tərəfdən, Rusiya postsovet məkanını öz təsir dairəsi kimi saxlamaq üçün müəyyən əməliyyatlar da həyata keçirə bilər. Çox böyük ehtimalla, Avropanın təsir dairələrinə bölünməsinə nail ola bilməyən Rusiya postsovet məkanında mövqelərini gücləndirmək yolunu seçəcək. Digər tərəfdən, Rusiya postsovet respublikalarını daha dərin inteqrasiyaya sövq etməyə çalışacaq. İstisna deyil ki, Rusiya Belarusla yaratdığı İttifaq Dövlətinə başqa postsovet respublikalrını da cəlb etməyə çalışacaq. Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqarsiyanı da gücləndirməyə cəhd edəcəyini gözləmək olar. Moskvada gözəl anlayırlar ki, postsovet respublikaları da seçim ərəfəsindədir və onların Rusiyanın əksinə seçim etmək şansı çoxdur. Bunun qarşısı alınmasa, Rusiyanın özündə siyasi böhran yaranacağı da Kreml rəsmlərinə aydındır. Buna görə də ehtimal etmək olar ki, yaxın zamanlarda Rusiyanın əsas diqqəti postsovet respublikalarına yönələcək.  
 

 





12.01.2022    çap et  çap et