Qazaxıstan prezidenti Qasım-Comərt Tokayevin terrorçuları məhv etmək üçün xəbərdarlıqsız atəş açmaq əmri verməsi artıq dövlət başçısının əleyhinə yönəlməyə və legitimliyini şübhə altına almağa başlayıb. Dünyanın aparıcı media orqanları və siyasi xadimləri prezident Qasım-Comərt Tokayevin sözlərini geniş müzakirə edirlər. Bu zaman tarixə nəzər salınaraq, oxşar ifadələr müzakirəyə çıxarılır. Qeyd edilir ki, oxşar fikri nasist Almaniyasının təbliğat naziri Jozef Göbbels də səsləndirib: "Mən sizi vicdan əzabından azad edirəm və aşağı irqlərdən olan insanlara qarşı amansız olmaq əmri veriəm". Görünür, məhz bu bənzətmənin nəticəsidir ki, prezident Qasım-Comərt Tokayevin terrorçulara xəbərdarlıq etmədən atəş açmaq əmrinə Almaniya Federativ Respublikaısnın ədliyyə naziri Marko Buşman çox sərt reaksiya verib. Alman nazir tviter üzərindən yayımladığı açıqlamada belə yazıb: "Nümayişçiləri öldürmək üçün xəbərdarlıq etmədən atəş açmağa icazə verən hər kəs sivil dövlətlərin sırasını tərk edib". Qeyd edək ki, bu, çox ciddi ittihamdır və rəsmi Qazaxıstan üçün ağır nəticələri olacaq.
Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında isə deyilir ki, rəsmi Berlin "öldürmək üçün atəş aç" əmri ilə bağlı bütün xəbərləri diqqətlə öyrənəcək. "Qazaxıstan hökuməti və bütün yüksək vəzifəli şəxslər mülki insanların müdafiəsinə cavabdehdirlər".
Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makron da birgə açıqlamalarında Qazaxıstan hakimiyyətini zorakılığa son qoymağa çağırıblar."Qazaxıstan xalqının hüquqları və təhlükəsizliyi qorunmalıdır".
Qazaxıstan prezidenti Qasım-Comərt Tokayevin əmr və açıqlamalarının araşdırılması isə onun üçün çox ağır nəticələr doğuracaq. Qazaxıstan prezidentinin hadisələrin qızğın dövründə səsləndirdiyi fikirlər sonradan rəsmi mənbələrdən də silinib. Alma-Ata şəhərinə 20 min əcnəbi terrorçunun hücum etməsi haqqında prezident Qasım-Comərt Tokayevin açıqlaması bütün rəsmi mənbələrdən götürülüb. Üstəlik, prezidentin terrorçuların məhv edilmiş silahdaşlarının meyitlərini götürmək üçün morqlara basqın edərək cənazələri oğurlamalrı haqqında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının onlayn sammitində səsləndirdiyi sözlər çox böyük təəccübə səbəb olub. Əgər prezident etirazçılar arasında bir neçə nəfər terrorçunun olduğunu söyləsəydi, bu, heç kimdə şübhə doğurmazdı. Ancaq yalnız bir şəhərə, Alma-Ataya 20 min terrorçunun hücum etməsi haqqında məlumat dövlət başçısının reallıq hissini itirdiyini göstərir.
Qazaxıstan prezidentinin KTMT-dən yardım istəməsinin hüquqiliyini şübhə altına alan ABŞ-ın mövqeyi isə Qasım-Comərt Tokayevin legitimliyini daha da sarsıdır. Əgər yaxın günlərdə Qazaxıstan prezidenti bu vəziyyəti dəyişəcək addımlar atmasa və son günlər yol verdiyi səhvləri təkrarlamaqda davam etsə, Qasım-Comərt Tokayev də Belarus prezidenti Aleksandr Lukaşenko kimi beynəlxalq aləmdən tam təcrid olunacaq.
çap et