525.Az

"Xəyanətlərin ən pisi insanın özünə etdiyidir" - Azər Qismət


 

"Xəyanətlərin ən pisi insanın özünə etdiyidir" -<b style="color:red"> Azər Qismət</b>

Müsahibimiz tanınmış teleaparıcı və yazıçı  Azər Qismətdir.

***

- Azər bəy, qismətə inanırsınız? Təxəllüsünüzün bu inamla bağlılığı var?

- Qismətə inanıram. Mərhum atam Həsənağa kişi baş mühəndis idi. Bizim nəslə inşaatçılar nəsli deyilərdi. Niyə qismət məsələsində atamdan başladığımı izah edim. Biz 2 qardaş idik: Azər və Qismət. O qardaşım gənc yaşda dünyasını dəyişdi. Boks üzrə respublika çempionu olmuşdu. Mən qələm tutan, o,  idmançı idi. Evdə hamımız ondan çəkinərdik. Bircə qaşını çatması ilə hərəkətlərimizi nizamlayardıq (gülür). Atam sağlığında bizə baxıb deyərdi ki, "Qismət pullu olacaq, sən isə pulsuz. Amma sən hörmət qazanacaqsan, çox adam qonaq çağıracaq, oturmaq istəyəcək, əlin düşərli olacaq, evlərə nurunu aparacaqsan, söhbətini dinləməyə meyl göstərəcəklər. Nurlu adamın pulu az olur". Bax, bu sözlərini unutmuram. Hərdən düşünürəm ki, valideynlərimiz uşaqlarının gələcəyini təxmin edə bilirlər. Bəlkə də hansısa övladı digərindən azacıq çox istəmək də, gələcəkdəki gücsüzlüyünə arxa-dayaq durmaları ilə bağlıdır. Bununla da qismətə inanmağa başladım. Əvvəlki təxəllüsüm Erkül idi. Hekayələrim Azər Erkül imzası ilə nəşr edilərdi.

- Yəqin detektivliyə marağınız çox olub ki, Erkül Puaronun adını yaşatmaq istəmisiz?

- Ola bilsin, detektiv əsərləri çox oxumağımdan da irəli gəlirdi. Həm də o təxəllüsdə azərbaycansayağı nəsə vardı. Tərkibindəki "kül" sözünə görə. Qardaşım Qismət gənc yaşında vəfat etdiyinə görə anam xahiş etdi ki, onun adını yaşadım. Beləliklə, sonrakı illərdə məqalə və əsərlərim Azər Qismət imzası ilə getdi.

- Kənardan çox sakit görünürsünüz. Amma sakit bir insanın da ilk azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri olduğunu xatırlamaq qəribə gəlir adama. Azər Qismət əslində kimdir?

- Çox sakitəm. İldə 2-3 dəfə əsəbiləşərəm. Görünür, uşaqlıqdakı hadisə məni sakit və qapalı edib. Hətta bir dəfə zarafatla yazmışdım ki, qapalı insanları yaratmaq Tanrının incik vaxtına düşüb.

- Uşaqlıqda nə baş vermişdi ki?

- Hardasa 5-6 yaşımda dilim tutulmuşdu. O vaxtlar kənd və rayonlarda əsasən qapılar açıq olardı, bağlamazdılar. Hətta həyətdən qonşuya açıq qapı da olardı. Xatırlayıram ki, həyətdə qumdan ev düzəldirdim, bu vaxt qapı açıldı, bir qaraşın qadın başını içəri saldı. Qaraçı idi, dilənməyə gəlmişdi. Həyət-bacaya diqqətlə baxdı. Soruşdu, anan hardadır? Dedim, o başda. Maşallah, həyətimiz çox geniş idi. Birdən yaxınlaşdı və məni qoltuğuna vurub qaçırdı. Çırpındım, ağzımı yumdu. Küçəmizin başında da nəşəxor oğlan vardı. Həmişə tində durub siqaret-zad çəkərdi. Başımı arxaya çevirəndə gördüm həmin oğlan qaça-qaça gəlir. Rəhmətliyin adını unutmuşam, uzaqdan görüb ki, çırpınıram, arxamızca qaçıb. Qaraçıya bir təpik vurdu, o da məni atıb qaçdı. Hardasa 1 gün dilim tutuldu, danışa bilmədim. Sonra məndə kəkələmə yarandı. Məktəbə gedəndə də kəkələmə dayanmadı. Səhv etmirəmsə, atama demişdilər ki, öz-özünə gedəcək, səbirli olun. Ölkənin elə bir ocağı qalmadı ki, aparmasınlar. Elə bir ağır seyid qalmadı ki, görməyim. Amma kəkələmə dayanmırdı. Yazıq Bikə müəlliməm deyirdi ki, dur bir cümlə de, sənə 5 yazacağam. O cümləni deyirdim, qiymətimi yazırdı. Uşaqlara acıqlanardı ki, Azərə gülməyin. Çox gülərdilər. Bununla da qapalı oldum. Elə o vaxtdan çox danışan deyiləm. Bəzən kiməsə hisslərimi hərəkətlərlə ifadə edirəm. Sözlə ifadə etmək alınmır. 

- Şən və Haırcavablar Klubu barəsindəki sualım cavabsız qaldı.

- Onu universitet illərində yaratdıq. Həm ssenari müəllifi idim, həm də parodiya edirdim. Polad Bülbüloğlunu, Ayaz Salayevi, Vasili Livanovu, Fikrət Adıgözəllini, Çelentano, Toto Kutunyo. İnanmazsız, ilk dəfə parodiya etdiyim şəxs Kamal Abdulla olub. Veriliş aparırdı, necə diqqətlə baxırdımsa, artıq səsim səsinə bənzəyirdi. İndi alınmaz, məşq etmək lazımdır. Parodiya diplomlarım tələbə vaxtı evdən-evə köçəndə itdi-batdı. Komandamızın adı "UŞU" idi: Universitetin Şən Uşaqları. Bəziləri elə bilirdi ki, uşu dərsi keçirik, hazır kimano ilə gələnlər də olmuşdu. Qapalı olmağım həm də yazıçılığı bəxş etdi mənə. İçimdə süjetlər qururdum, əhvalatlar uydururdum. Hansısa pis hadisə yaxşı işlərə vəsilə olurmuş.          

- Telejurnalistikaya marağınız hardan gəlirdi?

- Sırf Qarabağ hadisələrinə görə jurnalistikaya qədəm basdım. O illərdə Azərbaycanın haqq səsi eşidilmirdi. Çox pis formada səsimizi batırırdılar. Arzulayırdım ki, jurnalist olaydım, informasiya blokadasını yaraydım. Yeri gəlmişkən, jurnalistika fakültəsini seçdiyimə görə atam mənimlə 2 il danışmayıb. İstəyirdi, inşaatçı olum. Deyirdi, ac qalacaqsan, həm də nəslimizin ənənəsini pozma. 2 il imtahan verdim, daxil ola bilmədim. Həmin 2 il ərzində atamın tikinti idarəsində fəhlə işlədim. Əmək kitabçamı fəhləliklə açdım. Fakültədə isə yoxladılar, dedilər ki, telejurnalistika ixtisası üzrə seçilmisən. Diplomumda da elə yazılıb: telejurnalistika.   

- Jurnalistikanın sizi peşman etdiyi olub?

- İndi çox peşmanam jurnalistikaya gəlməyimə. Çünki bu peşənin nizamı pozulub. Əvvəllər bizə öyrədərdilər ki, efir müqəddəsdir, ora hər aparıcını çıxarmaq olmaz, hər danışıq efirə getməz. Təəssüf ki, indi qəssab da, traktorçu da cibində jurnalistika vəsiqəsi gəzdirir. Biz nəsə yazanda yeni nəsil deyir ki, naftalin iyi verir. 40 yaşı keçən kimi daha aparıcılığa da yararlı sayılmırıq. Halbuki xarici ölkələrdə yaşlı aparıcılar üstünlük təşkil edir. Çünki yaşlı insanın sözü daha inandırıcıdır. Daha çox inandırmaq qabiliyyəti var. Kaş, vaxtında bir sənətin qulpundan yapışaydım.     

- Bəs yazıçılıq?

- Yazıçılığa meylim uşaqlıqdan yaranıb. "Bir gecəyə qurtardım" tipli kitablar çoxalıb. Elə kitablar maraqlıdır, əyləncəlidir, amma düşündürücü deyil. Elə kitab oxumaq lazımdır ki, oxucu həyatının hansısa anında ona yenidən qayıda bilsin. Oxucular həyatda hansısa qəhrəmanla rastlaşanda desinlər ki, bax, filan yazıçı da bunu yazmışdı. Bir gecəyə oxunan kitabdan ildə 5-ni yazarıq, satışından pul əldə edib pis də dolanmarıq. Amma vicdanımıza sığışdırmırıq, belə qaramat cəmiyyətə işıq salmalıyıq, qaramat adamları düşündürməliyik, yüksək zövq formalaşdırıb sivil cəmiyyətin qurulması nişanəsini ortaya qoymalıyıq. "Odnorazovıy stəkan" tipli əsərlərin yazılması dövrüdürsə, onu yazmaq məndə alınmır. Adam özünə xəyanət etmək istəmir. Xəyanətlərin ən pisi insanın özünə etdiyidir.

-  Cənabları gülümsəməyə səsləyən cənabın özünün yalandan gülümsədiyi, ya da gülümsəməyə belə halının olmadığı vaxtlar olurmu? Necə çıxırsız o ruh halından?

- Həyatım heç də həmişə rahat keçmir. Lakin nə olursa olsun, problemlərimi insanlara bəlli etməyi sevmirəm. Adamların dərdi özünə bəsdir. Heç işdə baş verənləri də evdə danışmıram. İşin öz yeri, evin öz yeri. Bəzən elə gülümsəyirəm ki, insanlar problem içində olmağımı bilmir. Gülümsəyirəm ki, ona xoş olsun. Ancaq tək qalanda qara bulud kimi dolmuram. Həyətdə kirpilərim, pişiklərim var. Ruh halımı qorumağa çalışıram. Yatmazdan əvvəl bir cizgi filminə baxıram. Ruhum pozulsa, yaza bilmərəm. Yazıçı müştəbeh olsa, daha yaza bilməz, bu, onun üçün özünə elan etdiyi ölüm hökmüdür. Heç kim görə bilməz ki, kiməsə nasirlik məsləhəti verirəm. Çünki yazmaq hamıda eyni ola bilməz, baxışlar fərqlidir. Həm də öz əsərlərimdə tuta bildiyim səhvləri bəzən əksəriyyət görmür. Özüm görürəm və özümü gizlicə danlayıram.   

- Adətən müasir ədəbiyyatımızda novella yazarı kimi tanınırsınız. Bu janra maraq hardandır?

- Novella janrına maraq telejurnalist ixtisasımdan irəli gəlir. Televiziya dili qısa və konkret olur axı. Deyiləsi sözləri kadrlar əvəz edir. Belə konkretlik məndə novellaya maraq oyatdı. Kimləsə ünsiyyət quranda da konkretlik istəyirəm, məsələnin mahiyyəti birbaşa ifadə edilsin. Əslində, Azərbaycanda novella janrı ciddi qəbul edilmir. Ona gülməcə adı verirlər ki, "hamı yazar, yaxud ciddi ədəbiyyat deyil" - deyə düşünürlər. Halbuki Avropada novella ciddi janr sayılır və yazılması çox çətindir. 3-4 səhifədə konkret məram ifadə edilməlidir.Televiziyada işlər o qədər çox olur ki, yalnız novella yaza bilərəm. Uzun-uzadı əsərlər üçün gərəkdir ki, uzun zaman olsun.

- Sizcə, "həyat da bir novelladır" deyə bilərikmi?

- İndiki dövrdə həyat novellaya bənzəyir. Hər şey konkret və əlçatandır, üstəlik, novella təsiri bağışlayır, istər adamların başına gələnlər gülməcə xarakteri daşıyır, istərsə də tezbazar tipində. Sevgi də, ünsiyyət də novelladır, tez başa gəlir. Əvvəlki illərdə isə romana bənzədirəm insanları. O qədər uzun prosesdən keçirdi ki... O qədər maraqlı olurdu ki, aylarla baxıb müşahidə edərdin. 

- Həyatınızda çuğullarla tez-tez qarşılaşırsınız?

- Çuğulların sayı olduqca çoxalıb. Texnoloji yeniliklər yeni çuğullar sinfini formalaşdırıb. Kimə baxırsan telefonla bir-birinin səsini yazır. Qoca çuğullar qulaqlarını şəkləyib dinləyirlərsə, gənclər buna ehtiyac görmür, texnoloji yeniliklərlə izləyirlər. Ancaq deyəsən, "Çuğullar 2" romanını da yazacağam. Çünki indi yeni çuğulluq növlərini görürəm. Gözümdən qaçan məqamlar olub. İnşallah, onların da halına əncam çəkərik (gülür). Çuğulluq edənlərin sayı artdıqca, "Çuğullar 3" romanı da yazılacaq. Müqəddəslik, etibarlılıq əldən gedir. Bir azdan o sözlər arxaik sözlər siyahısına düşəcək. 

- Son romanınız "İlbizlər"in təqdimatında romanın yaranmasının maraqlı tarixçəsini danışmışdız. İstərdim, onu oxucularımızla da bölüşək.

- Bu roman metroda yazılıb. Təəccüblənməyin, doğrudan onu metroda yazmışam. "Əhmədli" və "Elmlər Akademiyası" stansiyaları arasında. Köhnə model telefonla. Həmin telefonla 40 novella və "Çuğullar" romanımı da yazmışdım. Deyirlər ki, o telefonu at. Ata bilmərəm, onunla birlikdə hadisələri yaşamışıq. Səbəb nə oldu? Metroda basabas olurdu, qışqırtı, kiminsə nalayiq hərəkətləri. Bundan əsəbləşirdim. Avtomobilim olsaydı, rahatlıqla işə gedərdim. Başladım əsəri yazmağa ki, bunları unudum. Yadıma ilbizlər düşdü. Neçə il bundan əvvəl İsmayıllının Zərnava kəndində körpü uçmuş, kəndin rayonla əlaqəsi kəsilmişdi. Ora gedəndə gördüm ki, 4 nəfər meşədə ağaclardan ilbiz yığır. Soruşdum, onları neyləyirsiz? Dedilər, filan müəssisəyə verəcəyik. Meşədən keçib çəkilişlərimizi etdik, lakin o hadisə yadımda qaldı. Başladım ilbizlərdən yazmağa. Əvvəlcə bunu darıxdığım üçün edirdim. Getdikcə anladım ki, nəsə əsər alınır. "İlbizlər" romanımın təqdimatını tez edəcəkdim. Pandemiya ilə bağlı metro bağlandı. İstədim, əsərin ardını yazım qurtarım. Lakin nə qədər çalışdımsa,  metrosuz alınmadı. Hər gün dua edirdim ki, metro açılsın. Nəhayət, açıldı və romanı sona çatdırdım. 

- Bir müsahibənizdə deyirsiniz ki, bəzən elə qəhrəmanım olub, neçə il yuxuma girib. Qəhrəmanlarınızla münasibətiniz necədir?

- Çox qəribədir ki, belə hal olub, indi də var. "Qramofon"  hekayəmin qəhrəmanı sonda özünü asır. İllərlə yuxuma girib ki, məni niyə öldürdün? Yaxud "Gicbəsər ər" novellamın qəhrəmanı da yuxuma girir. Heç nə demir. Görürəm ki, yol ilə gedir, hamı da ona gülür.  Yeri gəlmişkən, deyim ki, əvvəlki əsərlərimdə sonu ölümlə qurtaran hekayələrim çoxluq təşkil edərdi. Sonra sonu yaxşı qurtaran əsərlər yazdım. Əlbəttə, sonunu ölümlə bitirib süni ağlaşma qurmaq olardı, adamlarımızın çoxu ağlaşmanı sevir axı. Müşahidə etdim ki, hər yer ağlaşmadır, mahnılarımız, verilişlərimiz, seriallarımız. Çalışdım, adi hekayəmdən üzləri gülsün, motivasiya alsınlar. 

- Azərbaycanda oxucu problemi var, ya tamaşaçı?

- Oxucu problemi yoxdur. Sadəcə kitab industriyasını inkişaf etdirmək lazımdır. Nasirlər, onların kitabları reklam edilməlidir, müzakirələr getməlidir, tol-şoular sərgilənməlidir. Bunlar olsa, oxucunun da marağı artacaq.

Şahanə MÜŞFİQ
 

 





12.01.2022    çap et  çap et