525.Az

Ünvanı da vətəndir, sevdası da...


 

ŞAİR-PUBLİSİST NƏZAKƏT MƏMMƏDLİNİN YUBİLEY YAŞINA SÖZ ƏRMƏĞANI

Ünvanı da vətəndir, sevdası da... <b style="color:red"></b>

İllərlə, zamanla aram elə də pis deyil. Adətən, nəyi nə vaxt yaşadığımı xatırlamağı bacarıram. Bircə, sevdiyim, doğma bildiyim insanlarla tanışlığımın tarixi bizi doğmalaşdıran zamanın dolanbac yollarında düşüb itir, sonra nə qədər axtarsam da, tapa bilmirəm ki, bilmirəm. Nəzakət Məmmədli də həmin insanlardan biridir. Sizinçün "Yada düşdü" jurnalının təsisçisi və baş redaktoru, şair, publisistdir o. Mənimçünsə, aramızdakı yaş fərqinə baxmadan, müxtəlif mövzularda rahat söhbət edə biləcəyim, bircə baxışımdan əhvalımı duymağı bacaran, məsləhətlərini, öyüdlərini heç unutmadığım əzizimdir. Onu öncə yazılarından, sonra ortaq tanışların söhbətlərindən, sonra qarşılıqlı dialoqlarımızdan, sonra isə aldığım müsahibələrdən tanımışam. Hər birində demək olar ki, eyni Nəzakət çıxıb qarşıma: səmimi, gülərüz, qayğıkeş, həssas, kövrək, işgüzar. 

2020-ci ilin payızında Qarabağ uğrunda gedən Vətən müharibəmiz vaxtı hər birimizin gözümüz, qulağımız, diqqətimiz cəbhədəydi. Nə yediyimizi bilirdik, nə içdiyimizi. Nə gecəmiz vardı, nə gündüzümüz. Demək olar ki, hər evdən, hər ailədən, hər nəsildən bir nəfər cəbhədə idi. həm əzizlərimizin narahatlığı, həm də vətənimizə qovuşmaq arzusu bütün hisslərimizə hakim kəsilmişdi. Elə bu narahat, təlaşlı günlərimizin birində Nəzakət xanımla həmsöhbət olduq. Öyrəndim ki, onun üç övladı ön cəbhədədir. İki oğlu yüksək rütbəli zabit kimi, qızı hərbi həkim kimi. Gəlinləri də rütbə daşıyan Nəzakət xanım həmin müharibə dövründə bütün övladlarını ön cəbhədə vətənin köməyinə göndərən məğrur ana, qaynana idi. Düzü, buna heç təəccüblənmədim. Yadıma elə Nəzakət xanımın öz misraları düşdü, səsləndi qulaqlarımda - vətən bayatısı kimi:

Düşmənə "göz dağı"san, gücümsən, qüvvətimsən.
Ürəyimin təpəri, gərəyim, köməyimsən.
Vətənin "dar günü"ndə səsinə hay verənsən,
Bu torpağa, bu elə, bu Vətənə bağlısan.
Səni Vətənə verdim,
Sən Vətənin oğlusan!

"Ürəyinin təpərini" düşmənə göz dağı, Vətənə arxa-dayaq göndərən ananın səsi isə elə kövrək, elə həlim gəlirdi ki... Övladı döyüşdə olan bütün analar kimi. Azərbaycan anası çox dözümlüdür. Övladına "öncə vətən" deməyi bacaran və onu bu ruhda böyüdən qadındır. Amma nəticədə balasına canından can, qanından qan verən anadır. Həmin dövrdə bütün analarımızın narahatlıqlarını nəzərə alıb həm də onlara bir təskinlik və həmrəylik olar deyə Nəzakət xanımla görüşüb üç övladı cəbhədə olan zabit anası kimi fikirlərini öyrənmək istədim. Təklifimi çox xoş qarşıladı və biz görüşdük. Onda özünə bildirməsəm də, gördüm ki, bu zamanda arıqlamış, gözlərinin altı çuxura düşmüşdü. Amma üzü yenə də gülürdü, başı dimdik idi. Suallarıma cavabından da ana qüruru, ana vüqarı tökülürdü: "Dostoyevskinin bir fikri var ki, övlad dünyanın ən böyük səadətidir. Bəli, mən də bu fikirlə razıyam. Bu dəqiqə bir ana kimi böyütdüyüm o üç övladın arzularının təşnəsində yanıram ki, tezliklə balalarım sağ-salamat, zəfərlə qayıtsınlar. Onların seçdikləri peşə çətin və şərəflidir. Böyük oğlum ilk dəfə - 14 yaşında - hərbçi olmaq istədiyini deyəndə evdə hamımız narazı olmuşduq. Çünki çox yaxşı oxuyurdu. Ona görə istəyirdik, təhsilini davam etdirsin. O isə inadkarlıqla dedi ki, bu dəqiqə vətənə savadlı, peşəkar zabitlər lazımdır. Mən onda inadından dönməyən oğlumun qarşısında elə aciz göründüm ki... İndi də ondan nə qədər narahat olsam da, o qədər qürurluyam. Bir şeirim var: "Mən zabit anasıyam". Fəxr edirəm ki, zabitlər anası, zabitlər qayınanasıyam. Gəlinlərim də rütbə daşıyırlar. Bununla fəxr edirəm.

Bu hisslər evdən, o uşağın doğulduğu ocaqdan qaynaqlanır. Mən də hər zaman bütöv Azərbaycan arzusunda olmuşam. Babam Ərdəbildən gəlib. Mən balaca olanda evimizdə bir radio vardı. Həmişə görürdüm ki, rəhmətlik atam günorta saatlarında o radioda Arazın o tayını tutub musiqiyə qulaq asır. Onun həmin vaxt gözündən axan yaşlar indi də gözümün qabağındadır. Öz-özümdən soruşurdum ki, atamı ağladan nədir? Amma ondan soruşmurdum. Sonralar bu suala özüm cavab tapdım ki, vətən həsrəti, nisgili imiş. Bu nisgil ona öz atasından miras qalmışdı. Bu vətən sevgisi mənə babamdan, atamdan qalan sevgi idi ki, mən onu övladlarıma aşılaya bildim. Atamın arzusu idi ki, öz atasının gedə bilmədiyi Ərdəbilə getsin. Onların arzusunu mən həyata keçirmişdim. Yollar açılanda ilk səfər etdiyim yer Ərdəbil olmuşdu. Budur vətənpərvərlik. Əgər bir insan vətən üçün canını verə bilmirsə, ondan heç nə gözləməyə dəyməz".

Bu cümlələr Nəzakət Məmmədlinin boyuna biçilmişdi. Çünki biz "min ildir" onu beləcə dilində, sözündə, şeirlərində, əməllərində "Vətən" haraylı tanıyırdıq. Hələ müharibədən öncə məşhur şeirinin hər bəndinin sonunda vüqarla, qürurla "Mən zabit anasıyam!" deyən xanımdır o:

Beşiyini asmışam, gözümtək qorumuşam,
Yuxusuz gecələri gündüzlərə qatmışam.
Şirin-şəkər balama həzin layla çalmışam,
Beşiyimə, laylama, övladıma bağlıyam,
Mən zabit anasıyam!

Yazıçı Elçin Hüseynbəyli nahaqdan demir ki, Nəzakət xanımın yaddaşı vətən yaddaşıdır, ağrısı vətən ağrısıdır, sevinci vətən sevincidir. İşğal dönəmlərimizdə Vətənin dərdinə ağı kimi "Vətən, bizi bağışlama!" deyən deyildimi:

Ağ günümdən bircə-bircə seç günü,
Göydən niyə daş yağmadı köç günü?!
Köçkünüyəm, yüz illərin köçkünü,
Vətən, bizi bağışlama!
Cıdır düzü deyib, könül dağladım,
Şuşa deyib sellər kimi çağladım.
Xarıbülbül qaldı xara, ağladım,
Vətən, bizi bağışlama!

Nəhayət, vətənin bizi bağışlayacağı o möhtəşəm gün də gəlib çıxdı. Nəzakət xanımın iki zabit oğlunun da daxil olduğu minlərlə igid, cəsur oğullarımız, müzəffər Ali Baş Komandanın rəhbərliyiylə qəhrəman Azərbaycan Ordusu Qarabağımıza öz azadlığını qaytardı. Hamımız qələbəyə sevindik, zəfərimizlə qürur duyduq. Sonra başladı azad olunan torpaqlara ziyarətlər. Müxtəlif zamanlarda müxtəlif təbəqələrdən olan insanlar qrup-qrup o müqəddəs torpaqlara səfər etdilər. Onların arasında üç zabit anası, vətən sevdalı şair, torpaq həsrətli xanım Nəzakət Məmmədli də vardı. Bir zamanlar:

Qarabağda bayrağımız öyünə,
Ayaqyalın gedim o toy-düyünə.
Öpsün Vətən torpağını gözlərim,
Dəysin Vətən torpağına dizlərim,

- deyə arzulayan Nəzakət xanımın o munis arzusu gerçəkləşmişdi. İndi Qarabağımızda bayrağımız da öyünürdü, onun gözləri də Vətən torpağını öpürdü. İllərdir, vətən həsrətli şeirlər yazan barmaqlar indi nəhayət, sevinc duyğulu misralara köklənmişdi, deyirdi:

Ürəklərdə ümid, naxış toxuyur,
Əllər zəfər nəğməsini oxuyur,
İndi Vətən Şuşa ətri qoxuyur,
Qarabağa bahar gəlir, İlahi. 
Gəlsin bahar, gülsün bahar elində,
Xudayarın nəğməsi var çölündə.
Nəzakət, min alqış var dilində, -
Qarabağa bahar gəlir, İlahi.

***

Keçmişə, mənəvi dəyərlərə bağlı xanımdır Nəzakət Məmmədli. Məhz bunun nəticəsidir ki, 10 ildir "Yada düşdü" jurnalını nəfis tərtibatda, böyük sevgi və özənlə hazırlayır. Təsisçisi və baş redaktoru olduğu "Yada düşdü" jurnalı 10 ildir oxucularının qarşısına bir-birindən dəyərli imzalarla, bir-birindən maraqlı yazılarla çıxmaqla yanaşı, həm də onlara keçmiş dərgi, məcmuələrin nostaljisini yaşadır. 

Həm də "Respublika Xatirə Kitabı"nın baş redaktorudur Nəzakət xanım. Bu kitabda isə Azərbaycanımızın tarixini, keçdiyi şərəfli yolu və bu yolun qəhrəman yolçularını yaşatmağı özünə missiya seçib. 

Yanvarın 13-ü Nəzakət xanım 60 illik yubileyini qeyd edir. Onun haqqında bu yazımı daha əhatəli və çoxşaxəli yaza bilərdim, amma duyğularım Nəzakət Məmmədlinin Vətən eşqində "ilişib qaldı". Bu da təsadüfi deyil, əlbəttə. Təpədən-dırnağa vətən sevdalı, torpaq məhəbbətli olan əsl ziyalıdan başqa cür danışmaq da olmazdı. O, həm də "525-ci qəzet"in ən yaxın dostlarından biridir. Zaman-zaman şeirləri, yazıları qəzetimizin səhifəsində oxucularıyla görüşür. Həm də bir müddətdir "Yada düşdü" jurnalının 10 illik, Nəzakət xanımın 60 illik yubileyi münasibətilə yazılar yazan qələm əhli bu yazılarını məhz "525-ci qəzet"də çap etdirirlər. Bu da ona olan sonsuz sevginin və hörmətin təcəssümüdür. Bu sevgini, hörməti isə özü qazanıb dumduru və saf xarakteri, insani keyfiyyətləri, qəlbə yatımlı şeirləri ilə. 

Yubileyi münasibətilə əzizim, doğmam Nəzakət Məmmədlini həm öz adımdan, həm də "525-ci qəzet"in kollektivi adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, bütün diləklərinin hasil olmasını arzulayıram! 
 

 





12.01.2022    çap et  çap et