525.Az

Ənənələri yaşadan novator sənətkar - Əhsən Rəhmanlı yazır


 

USTAD XANƏNDƏ ƏLİBABA MƏMMƏDOVUN YARADICILIQ YOLUNA BİR NƏZƏR

Ənənələri yaşadan novator sənətkar -<b style="color:red"> Əhsən Rəhmanlı yazır</b>

Görkəmli xanəndəmiz Əlibaba Məmmədovun Azərbaycan muğam ifaçılığı və musiqi pedaqogikası sahəsində müstəsna xidmətləri var. Əlibaba Balaəhməd oğlu Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Maştağada iki il 128 saylı orta məktəbdə oxuyub, ailəsi Zabrat kəndinə köçdüyü üçün IV sinifdən təhsilini buradakı məktəbdə davam etdirib. Natamam orta təhsili (VII sinfi) bitirərək Sabunçu  qəsəbəsində yerləşən 1 saylı texniki peşə məktəbinə daxil olub, neft buruqlarında qazmaçı ixtisası üzrə təhsil alıb. Əla qimətlərlə oxuduğu üçün onu II kursdan Bakı Neft Texnikumuna keçiriblər. Onu yaxşı kadr kimi  Türkmənistana Nebitdağa göndərirlər. Burada özünü əsl kadr, yüksək bacarıqlı neftçi kimi göstərdiyi üçün müəssisənin direktoru Seçavoy Ə.Məmmədovu çağırıb söhbət aparır və onu Aşqabada ali məktəbə təsil almağa göndərəcəyini bildirir. Aşqabad şəhəri güclü zəlzələ nəticəsində dağıldığı üçün bu iş baş tutmur.

Əlibaba müəllim uşaqlıqda, gənclikdə istedadı ilə öz nəsil nümayəndələri, yaşıdları, həmkəndliləri, məktəb yoldaşları arasında fərqlənib və daim diqqəti cəlb edib. O, tar, nağara və klarnet alətlərində ifa etməyi öyrənib. Nebitdağdan Bakıya qayıdandan sonra Əlibaba müəllim klarnet ifaçıları ilə yoldaşlıq edərək toylara gedir. Həmin dövrdə Bakıda belə musiqi üçlüklərini - klarnet, dəmkeş balabançı və nağaraçalan - xanəndəni toy-nişan məclislərinə dəvət etmək adət şəklini almışdı.  Elə gənclik illərində Ə.Məmmədov da toylarda o zamanın tələbinə uyğun olaraq az müddət də olsa, nağaraçalan-xanəndə kimi çıxış edərək sevimli ifaçı kimi qarşılanır. Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus, zəngin, tələbkar muğam mühiti böyük rol oynadı. Sənətə ilk qədəmlərindən o, müntəzəm öz üzərində işlədi, həmişə axtarışda olaraq ifa qabiliyyətini və biliyini zənginləşdirdi. Qeyri-adi musiqi yaddaşı daim ona yardımçı olub, inkişaf yollarına işıq salıb. Hansısa qəzəli, melodiyanı öyrənmək ona heç vaxt çətin olmayıb. Odur ki, Ə.Məmmədovun repertuarı həmişə rəngarəng, çoxşaxəli və zəngin olub. Əzbərində xeyli qəzəllər və qoşmalar olduğu üçün konsertlər və toylarda daim yeni mövzulara yer verib.  

Ə.Məmmədovun əmisi Güləhməd Məmmədov da bir müddət xanəndəlik etmiş və Bakı kədlərinin toylarında oxumuşdu. Əlibaba müəllim doğma kəndi Maştağa toylarında əmisi Güləhmədi, tanınan xanəndələrdən Zülfü Adıgözəlovu, Mütəllim Mütəllimovu, Əbülfət Əliyevi, Hacıbaba Hüseynovu və başqalarını dəfələrlə dinləmiş və onda muğam sənətinə, xanəndəliyə böyük maraq oyanmışdı. 

Ə.Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində almışdı. O, burada fəal, özünə qarşı tələbkar tələbə olraq ustad Seyid Şuşinskinin dərs dediyi sinifdə muğamın sirlərinə dərindən bələd olmuş, özü də bu janra aid araşdırmalar edərək çox şey əxz etmişdi. Ə.Məmmədov S.Şuşinskiyə müxtəlif suallar verərək tutarlı cavab almayınca əl çəkməz, bəzən polemika açar, hətta mübahisə edərək ustadının dilindən eşidərək daha incə mətləblərə yiyələnərdi. O, çəkildiyi televiziya verilişlərində bu barədə söz açır. Gənc Əlibaba sinifdən kənar harada muğama aid nəyi eşidir, nəyə rast gəlirdisə, bunların doğru təsdiqini dərs zamanı ustadından eşidərək aydınlaşdırardı. Belə tələbkarlıq təbii ki, hər tələbədə, hər muğam öyrənmək istəyənlərdə olmur, gənc Əlibabada isə belə üstün cəhətlər var idi. Odur ki, o, əsl muğam ifaçısı, dərin biliyə malik sənətkar kimi yetişərək ömrün yaşlı çağlarında bu janrın tədrisində nümunəyə çevrildi və ustad adını qazandı. 

Ə.Məmmədov 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1978-1988-ci illərdə Azərbaycan Qastrol və Konsert Birliyinin solisti olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə çıxış edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova ilə bir sırada Əlibaba Məmmədov da  olmuşdu. Ə.Məmmədov orada "Bayatı-kürd" oxuyub. 

Bütün xanəndələrimiz kimi Ə.Məmmədov da  Azərbaycan radiosunun fonduna muğamlar yazdırıb. Onun böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı-Şiraz, "Hümayun", "Rahab", "Dəşti" və başqa muğam dəsgahlarının səs yazıları Azərbaycan Teleradio Verilişləri QSC-nın fondunda qorunur və yayımlanır. Ə.Məmmədov ən yaxşı, təcrübəli, həssas, bacarıqlı və əsl mahnı bəstəkarıdır. O, 100-dən artıq mahnı və təsniflər yaradıb ki, özünün, əksər xanəndələrin və yetirmələrinin repertuarında radio fonduna yazılıb, televiziya məkanında və səhnələrdə səslənib. Sənətkarın mahnıları Azərbaycan mahnı yaradıcılığnın tələbinə tam uyğundur və lazım olan bütün xüsusiyyətləri özündə cəmləşdirir. Əlibaba müəllimin bütün muğamlarımızın üzərində bəstələdiyi mahnılarının bu janrın qaydalarına uyğun olaraq bəmi, ortası, zili, nəqarəti, süjet xətti, dərin məzmunu və bədii-estetik dəyəri var. O, mahnı mətni seçmək və üzərində iş aparmaqda da çox pərgardır. Əlibaba müəllim bir bəstəkar olaraq sözlərlə işləməyi çox yaxşı bacarır, hansı şeiri hansı mahnının musiqisində işlətməyi ustalıqla təyin edir. Onun yaratdığı mahnı və təsniflər hazırda da repertuardan düşmür. Azərbaycanda keçirilən muğam müsabiqələri bir daha sübut etdi ki, Ə.Məmmədovun əsərləri yaşayır, istfadə olunur, bütün dövlər üçün müasir və aktualdır. Onun bəstələdiyi muğam dəramədləri və rəngləri də vardır ki, "Hümayun" ansamblının repertuarında səslənmiş və radio fondu üçün lentə alınmışdır. Azərbaycanda fəaliyyət göstərən bir sıra xalq çalğı alətləri ansamblları və muğam üçlüklərinin repertuarında da Ə.Məmmədovun dəraməd və rənglərinə rast gəlmək mümkündür. 

Ə.Məmmədovun Azərbaycan şairlərindən Füzuli, Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və başqalarının sözlərinə bəstələdiyi mahnılar axıcı, könül oxşayan, ruha qida verən, zövqü təmin edən, hissləri oyadan, böyük təsir gücünə malik olan nümunələrdir. İncə, həssas duyumlara, duyğusal hisslərə, dərin estetik mahiyyətə malik bu mahnıların hər biri doğrudan da böyük dəyər daşıyır. Onun təsniflərinin hər biri öz səviyyəsinə, tutumuna, dəyərinə görə xüsusi mahiyyətə malikdir. Ustad xanəndə olaraq o, təsnif pərgarıdır. Bu barədə danışanda onun "Rast", "Bayatı-Şiraz", "Şur", "Çahargah", "Segah", və "Dəşti" muğamlarının çalarlarında bəstələdiyi təsnifləri qeyd etmək və "Hümayun" təsnifini xüsusi vurğulamalıyıq.
XX yüzilin II yarısında o, muğam aləmində mahir təsnif yaradıcısı və ifaçısı kimi qəbul olunurdu. Bütün bunlar onun yalnız istedadının deyil, həm də novatorluğunun nəticəsi idi. 

Ə.Məmmədov vətənpərvərlik mövzusunda da mahnılar yazıb. Onun şair Əliağa Vahidin sözlərinə bəstələdiyi "Vətən yaxşıdır" mahnısı 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid olmuş gizir rütbəli Xudayar Yusifzədənin dilində, səsində böyük sevgi qazanaraq əsl dastana döndü və "Xudayar təsnifi" adını aldı. Düşünürəm ki, bu təsnifin izini tutub tədqiqat apararaq "Xudayar dastanı" yaratmaq olar. Bu iş isə yazarlarımızın, aşıqlarımızın üzərinə düşür. 

Ə.Məmmədov 1963-cü ildən A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbi (hazırda AMK-nın tərkibində Musiqi Kolleci), daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Biləcəridəki Uşaq İncəsənət Məktəbində muğamı tədris edir. O, bütün Muğam Müsabiqələrində münsiflər heyətinin üzvü olaraq öz obyektiv yanaşması, doğru tövsiyələri ilə seçilib, musiqi cameəsində və bütünlükdə xalq arasında dərin rəğbət qazanıb. 

Ə.Məmmədov 1968-ci ildə Dövlət Filarmoniyasının direktoru, maestro Niyazinin təklifi ilə burada "Hümayun" xalq çalğı alətləri ansamblı yaradıb. Ansambl səmərəli və zəngin fəaliyyət göstərmiş, filarmoniyada, Bakıdakı təhsil və mədəniyyət müəssisələrində, Azərbaycanın bütün bölgələrində, Zaqfqaziya respublikalarında, bütünlükdə isə Sovet məkanında konsertlər verib. Bu ansamblın müğənniləri Novruz Feyzullayev, Təhmiraz Şirinov, Zümrüd Məmmədova, Məmmədbağır Bağırzadə, Validə Mahmudova, Səxavət Məmmədov, Yusif Mustafayev və İlkağa Şahbazov olub. "Hümayun" 1978-ci ildən fəaliyyətini Azərbaycan Qastrol-Konsert Birliyində davam etdirib. 

Əlibaba Məmmədova 1963-cü il mayın 17-də Əməkdar artist, 1989-cu il mayın 18-də Xalq artisti fəxri adı verilib. 4 fevral 2000-ci ildə "Şöhrət" ordeni, 10 may 2009-cu ildə "Qızıl çinar" beynəlxalq mükafatı, 3 fevral 2010-cu ildə "İstiqlal" ordeni, 4 fevral 2020-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.

Ə.Məmmədov yorulmadan çalışıb səmərəli, sanballı, zəngin fəaliyyət göstərərək, Azərbaycan musiqi mədəniyyətinə öz misilsiz təhfələrini verərək adını musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazıb. 

 





12.01.2022    çap et  çap et