525.Az

Universitetlərin idarə olunmasına yeni və mütərəqqi baxış


 

UNEC-İN REKTORU, PROFESSOR ƏDALƏT MURADOVUN BU MÖVZUDA FİKİRLƏRİ MARAQLA QARŞILANIB

Universitetlərin idarə olunmasına yeni və mütərəqqi baxış<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov ölkə universitetlərinin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud olan sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər, əldə olunan nəticələr barədə fikirlərini bölüşüb. Rektor bildirib ki, ölkəmizdə təhsilin, o cümlədən, ali təhsilin inkişafı Ümummilli lider Heydər Əliyev strategiyasının ən vacib tərkib hissəsidir. Prezident İlham Əliyevin uğurlu siyasəti, o cümlədən, imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", həmin Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı" və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın gündəlik diqqəti nəticəsində ölkəmizin ali təhsil sistemi təkmilləşmiş, beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyada, ali təhsilin beynəlmiləlləşməsində uğurlar qazanılmış, Boloniya sisteminə qoşulmuş, özəl ali təhsil sistemi bərqərar olmuşdur. Bu istiqamətdə Təhsil Nazirliyinin müsbət rolunu da qeyd etmək yerinə düşərdi. Apardığımız təhlillər göstərir ki, ali təhsil sisteminin bütövlükdə təkmilləşməsində uğurlarla yanaşı, bu sistemin ən vacib elementi olan universitetlərdə -idarə olunmasında, elmi fəaliyyətin və tədrisin təşkilində hələ də bir sıra sovet mirası ciddi problemlərdən biri olaraq qalmaqdadır: "Düşünürəm ki, universitetlərı sovet mirasından xilas etməklə onların inkişafına yeni impulslar vermək mümkündür".

Ədalət Muradovun sözlərinə görə, UNEC də daxil olmaqla sovet mirasının ölkədə sovetlər dönəmində yaradılan və fəaliyyətini davam etdirən ən azından bütün dövlət universitetlərinə xasdır: "Yəni, söhbət konkret olaraq hər hansı bir universitetdən getmir. Beləliklə, sovetlər dönəmində yaradılan dövlət universitetlərinin idarəetmə mədəniyyəti dəyişməz olaraq qalmaqdadır. Belə ki, idarəetmə sistemi əsas məqsəd olaraq universitetlərin güclü tərəflərini müəyyən etməklə onları daha da inkişaf etdirmək əvəzinə, mövcud olan zəif tərəflərin aradan qaldırılmasına köklənib. Başqa sözlə, universitetlərin rəqabət üstünlüklərinin müəyyən edilməsi və həmin üstünlüklər hesabına irəliyə çıxmaq imkanları diqqətdən kənarda qalır. Zəif məqamların aradan qaldırılmasının prioritet hesab edilməsi dünya səviyyəli universitetlər səviyyəsinə yüksəlməyi çox-çox çətin və hətta mümkünsüz edir".

Ə.Muradov bildirib ki, ali təhsil müəssisələrinin idarəetmə sistemində hələ də inzibati nəzarət sistemi akademik özünüidarəetmə sistemi ilə müqayisədə üstünlük təşkil edir. Dövlət universitetləri hələ də tabeli təşkilatlar kimi qəbul edilərək əsasən inzibati yolla idarə olunur. İl ərzində universitetlər tərəfindən icrası məcburi olan çoxlu sayda əmrlər, sərəncamlar və tövsiyyələr qəbul olunur. Univesitetlərin müasir idarəetməsi sistemində onların birbaşa tənzimlənməsindən imtina edilir və haqlı olaraq bu kimi tənzimləmələr zərərli və təhlükəli hesab edilərək ümumiyyətlə qəbul edilmir: "Universitetlərin Ali İdarəemə Orqanı Elmi Şura olaraq qalmaqdadır. Elmi Şura eyni vaxtda həm Ali Akademik İdarəetmə, həm də Ali İnzibati İdarəetmə orqanı kimi səlahiyyətlərə malikdir. Eyni fikir universitet rektorlarına da aiddir".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, universitet sistemində yenilikçiliyin əsasən rəhbərliyin fəaliyyətindən asılıdır: "Hansı rektor yenilikçi, daim yeniliyə açıq, köhnə fənləri, tədrisi yeni forma ilə əvəz edirsə, deməli orada sovet mirası yoxdur. Amma hansı universitetin səsi-küyü gəlmirsə, passivdirsə, deməli orada hələ də bu sistem mövcuddur. Ali təhsil müəssisəsində bu mirasın, köhnə idarəçilik formasının qalmaması üçün rektoru yenilikçi bir şəxs olmalıdır. Köhnə düşüncə ilə yeni universitet, idarəçilik yaratmaq çətindir".

Şahlar Əsgərovun dediyinə görə, müəyyən yanaşma ortaya qoymaq, fikir irəli sürmək üçün cəmiyyətə, dövrə baxmaq lazımdır, dövr sürətlə dəyişir. Belə sürətlə dəyişən bir dövrdə köhnə proqramlar neçə il dəyişə bilər? Nitəcə olaraq bu proqramlar da sürətlə dəyişməlidir. Köhnə ixtisaslar sıradan çıxır, sıraya yeni ixtisaslar daxil olur. Bunun üçün yeni ixtisasların proqramlarını hazırlayıb təsdiq etmək lazımdır. Ənənəvidən distant tədrisə keçidin zəruriliyi diqqət mərkəzində saxlanılmalıdır, yeni laboratoriyalar qurulmalıdır. Şübhəsiz ki, idarəetmədə də yeniliklər olmalıdır. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Azərbaycan universitetlərinin idarə edilməsində köhnə tədris proqramlarından istifadə olunması, ümumilikdə təhsilin məzmununun yenilənməməsi, digər tərəfdən dərsliklərlə bağlı olan problemlər kifayət qədər çoxdur. Çox az sayda  universitetlərimiz var ki, onlar özlərinin yeni dərsliklərini, tədris proqramlarını formalaşdıra biliblər. Əlbəttə universitetlərin demək olar ki, hamısında tədris proqramları formalaşıb. Amma onlardan çox azı günün tələblərinə cavab verə biləcək. Məsələn, ADA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  və s.  kimi universitetləri nümunə göstərmək olar: "Amma təəssüf ki, böyük əksəriyyətində köhnə tədris proqramları, müasir tələblərə cavab verməyən dərsliklər, eyni zamanda universitetlərin pedoqoji heyyətinin yeni tələblərə cavab verməməsi kimi məsələlər həllini tapmayıb. Təsadüfi deyil ki, artıq həmin ali təhsil müəssisələrinin məzunları əmək bazarında çox böyük çətinliklərlə üzləşirlər. Halbuki, bu gün Azərbaycan əmək bazarında kifayət qədər işçiyə tələbat var. Düşünürəm ki, burada ali təhsil müəssisəsinin rəhbərliyindən də çox şey asılıdır".

İlqar Orucovun sözlərinə əsasən, ali təhsil müəssisələrinin yeniliyə açıq olması məsələsi, orada kontingentin yenilənməsi çox vacibdir. Amma elə universitetlər var ki, orada bunları etmək çətindir. Çünki o istiqamətdə kadrlar yoxdur, yəni pedaqoji kadr çatışmazlığı var. Hansı ki, bu proqramları, dərslikləri, məzmunu onlar tətbiq etməlidirlər: "Əlbəttə ki, hansısa xarici bir universitetdən kopyalamaq da mümkün deyil. Ona görə də düşünürəm ki, bu istiqamətdə ali təhsil müəssisələri öz üzərlərində ciddi işləməlidirlər və yeniliklərə açıq olmalıdırlar. Əslində  bir çox müsbət nümunələr var, amma çox təəssüf ki, yetərli deyil. Bu səbəblədir ki, bizim ali təhsil müəssisələrimizin beynəlxalq rəqabət qabiliyyətliliyi, rəqabətə davamlılığı məsələsi xeyli problemdir. Əslində burada universitetlərə muxtariyyətin verilməsi məsələsi də özünü göstərir. "Ali təhsil haqqında" qanun layihəsi hələ ki, parlamentdə qəbul olunmayıb. Amma düşünürəm ki, ali təhsil müəssisələrinə muxtariyyətin verilməsi burada öz sözünü deyə bilər".
Gənc alim universitetin fəaliyyətinin tənzimlənməsində rəhbərin rolunun vacibliyini vurğulayaraq, universitetlərin fəaliyyətini dəyərləndirib:
İlqar Orucov qeyd edib ki, universitet idarə edən şəxsdən də çox şey asılıdır. Əlbəttə, universitetin maliyyə tutumluluğu məsələsi də burada öz sözünü deyir. Ali təhsil müəssisələrinə ayrılan maliyyə vəsaitinin azlığı da problemlər yaradır, bunu da qəbul etmək lazımdır. Amma bizim xeyli sayda yaxşı, yenilikçi universitet rəhbərlərimiz var: "Azərbaycanda ali təhsilin flaqmanı ola biləcək universitetlər var. Hansı ki, onların ənənələri var, yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkirlər. Dünyada elmi texniki tərəqqi, təhsildə inkişaf çox sürətlidir. Bizim sürətimiz də bu inkişafla ayaqlaşmaqda geri qalır, bu məsələlər həqiqətən də həllini gözləyən məsələlərdir. Ölkə başçısı hər zaman siyasi rəhbərlik səviyyəsində mövzunu diqqət mərkəzində saxlayır, yeniliklərə önəm verilir.

Fəlsəfə doktoru vurğulayıb ki, ali təhsil müəssisələrində rəqabət qabiliyyətliliyinin artırılması üçün dövlət proqramı qəbul olundu. Gənclər doktorantura təhsili almaq üçün xaricə göndərilir, onların xərcləri dövlət hesabına ödənilir: "Artıq xaricdə təhsil üzrə dövlət proqramı hazırlanır. Hansı ki, bu proqramlarda biz çox sayda yaxşı kadrlar formalaşdıra bildik, amma sonrakı mərhələdə ali təhsil müəssisələri özlərinə cəlb edə bilmədilər. Halbuki, onları özün cəlb edib doktorantura təhsili vermək, yetişdirmək olardı. Universitetin inkişafı üçün yaxşı rəhbərdən çox şey asılıdır. Təhsilin inkişafı həm də ölkənin inkişafı deməkdir. Kifayət qədər ali təhsil müəssisələrimiz var ki, onlar gözləntiləri doğrultmurlar və tələblərə cavab vermirlər".

Sevinc QARAYEVA
 

 





13.01.2022    çap et  çap et