525.Az

Prezidentdən mühüm mesajlar


 

AZƏRBAYCAN ÖZ HƏRBİ GÜCÜNÜ ARTIRACAQ

Prezidentdən mühüm mesajlar <b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın12-də yerli televiziya kanallarına verdiyi geniş müsahibədə çox mühüm məsələləri əhatə edən sualları cavablandırıb. Dövlət başçısı ölkəmizin 2021-ci ildə əldə etdiyi iqtisadi uğurlardan, qeyri-neft iqtisadiyyatının inkişafından, işğaldan azad edilmiş ərazilərdə görülmüş işlərdən, nəzərtə tutulmuş planlardan, Ermənistan tərəfinin dövlət sərhədində son təxribatından, sülh müqaviləsinin imzalanması perspektivlərindən və digər vacib mövzulardan danışıb. Prezident deyib ki, sülh müqaviləsi imzalansa da, imzalanmasa da, Azərbaycan öz hərbi gücünü, qüdrətini daim artıracaq və artırmalıdır. Ermənistan tərəfinin bu məsələdə tərəddüd etdiyini söyləyən dövlət başçısı bildirib ki, onlar başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və qarşı tərəf buna hazır olmalıdır, Ermənistan düzgün seçim etməlidir. Rəsmi Bakı münaqişə başa çatandan sonra dəfələrlə bəyan edib ki, sülh müqaviləsi imzalamağa, münasibətləri normallaşdırmağa hazırdır. Lakin İrəvan mənasız yerə prosesi uzatmağa çalışır. Əslində vaxt qazanmağa çalışırlar ki, bu da onların əleyhinə işləyir. Qalan məsələlər həll olunmalıdır. 

Politoloq Cümşüd Nuriyev hesab edir ki, müharibənin hərbi fazası başa çatıb, amma informasiya fazası hələ də davam edir. Nə qədər ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayib, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı saziş imzalanmayıb, Zəngəzur dəhlizinin açılışı ilə bağlı tərəflər arasında razılığa gəlinməyib, hələ bu informasiya müharibəsi davam edəcək. O, qeyd edib ki, Azərbaycan mediası da bu informasiya müharibəsinin içərisindədir, aparıcı qüvvədir. "Lakin bütün hallarda informasiya müharibəsinə hərbi müharibədə olduğu kimi yenə cənab Prezident rəhbərlik edir. Cənab Prezidentin müsahibəsi təbii ki, Azərbaycanın cari proqnozlarıdır, yəni perspektivə hesablanmış görüləcək cari işlərdir. Burada əsas siyasi, iqtisadi, sosial hərbi istiqamətlər var. İnformasiya müharibəsi ilə əlaqədər olaraq Azərbaycan Prezidenti çox yüksək səviyyədə və peşəkarcasına müharibə aparır. Ötən gün Prezident İlham Əliyev tərəfindən yerli KİV-ə verilən müsahibə, ölkə başçısının Ermənistana mesajıdır. Təbii ki, bu müddət ərzində bir ildən bir az artıq müddətdə müharibə bitəndən sonra da Ermənistan dəfələrlə təxribat törədib. Azərbaycan tərəfi şəhid versə də, bu təxribatların qarşısını çox ustalıqla alıb. Səhv etmirəmsə, onlar keçən il 4 dəfə təxribat törədiblər, müharibə qurtarandan sonra 2 dəfə təxribat törədiblər. Hardasa hər iki aya 1 təxribat düşür, yəni rəsmi İrəvan hələ də ağıllanmayıb. Təbii ki, rəsmi İrəvanı ağıllanmağa qoymayan qüvvələr var. Cənubi Qafqazda siyasi maraqları olan həm böyük, həm də orta güclər var. Eyni zamanda dünyada gedən proseslər, pandemiya ilə bağlı çətinliklər, yaranmış iqtisadi-sosial gərginliklər bütün bunların fonunda bəzi dövlətlər öz daxili problemlərini məhz xaricə yönəltməklə bu problemləri aradan qaldırmaq istəyirlər. Bunlardan biri də Ermənistandır. Bilirsiniz ki, küləyin sürətini ölçmək üçün flüger adlı alət var ki, Paşinyan da siyasətçi deyil flügerdir. Hansı tərəfdən külək əssə o istiqamətə dönür, yəni kim onlara yardım edəcəklərini desə, adam dönüb həmin onun təbliğatçısı olur. Rəsmi İrəvan başa düşməlidir ki, bu yolun sonu yoxdur. Azərbaycan Prezidentinin də mesajı məhz bu istiqamətə yönəlmişdi. Cənab Prezident heç əvvəllər demədiyi sözlərə belə toxundu. Ermənistan birmənalı şəkildə bütünlüklə Azərbaycan torpağında bərqərar olub. Azərbaycan üçün bu məsələlər çox önəmlidir. Ermənilər anlamalıdırlar ki, onlar Azərbaycanla rahat şəkildə yola getməsələr, onların nəinki Qarabağ, Ermənistanda qalmasının özü böyük sual altına düşəcək".

Deputat Elman Məmmədov isə bildirib ki, ermənilər müəyyən kənar himayədarlarının, havadarlarının kölgəsində yaşayıblar. Onun sözlərinə görə, bu gün də bu himayədarlıq davam edir: "Ermənilər özlərinə yox, onlara arxayın olaraq öz çirkin, murdar, düşmənçilik hərəkətlərini davam etdirirlər. Yəni cəbhəboyu ərazilərimizdə təxribatlar törədirlər. Təbii ki, onlar cavablarını artıqlaması ilə almalıdır. "Dəmir yumruq" onların başını əzməlidir. Ermənilər insan kimi xoşluqla, sülh yolu ilə başa düşən toplum deyil. Bu gün təxribatlar təkcə sərhəd bölgələrində deyil, həmçinin rus hərbçilərinin himayəsi altında respublikamızın ərazisində də təxribat törədirlər. Bütün bunların qarşısı alınmalıdır. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycanın sərhəd bölgələrini, hərbi postları təhlükədən qorunur. Amma burada bizə mane olan qüvvələr var. Rus hərbçiləri burada ermənilərə himayədarlıq edir, onlarla birlikdə təlim keçirirlər. Laçın dəhlizindən mülki geyimdə erməni hərbçiləri gəlib-gedirlər. Ümumilikdə bütün bunların qarşısı alınmalıdır. Bu istiqamətdə cənab Prezident İlham Əliyev tərəfindən çox ciddi tədbirlər görülür. Onlar heç zaman bu terrorçu əməllərindən əl çəkməyəcəklər. Bunun tək bir yolu var. 44 günlük müharibə dövründə olduğu kimi onları darmadağın edərək sülhə məcbur etməliyik. Cənab Prezident dəfələrlə beynəlxalq platformalarda qeyd edib ki, artıq müharibə bitib, indi qonşuluqdan, sülhdən danışmaq vaxtıdır".

PƏRVANƏ

 





14.01.2022    çap et  çap et