525.Az

Qazax Müəllimlər Seminariyasının qayıdışı


 

TARİXİ MAARİFÇİLİK OCAĞIMIZ ADA UNİVERSİTETİNİN "BİR MÜƏLLİMİN MANİFESTİ" LAYİHƏSİ ÜZRƏ ƏSASLI TƏMİR OLUNUR

Qazax Müəllimlər Seminariyasının qayıdışı<b style="color:red"></b>

Ölkəmizin bölgələrində elə ünvanlar var ki, onların tarixçəsinin milli intibahımızla birbaşa bağlılığı var. Onlara həssas və nəcib münasibət göstərilməsi hər birimizin, xüsusən də həmin yadigarların qorunması və gələcəyə salamat və abad çatdırılması üzrə səlahiyyətli insanların vətəndaşlıq borcudur. Bu cür şərəfli məkanlardan biri də Qazaxda yerləşən ilk milli seminariyamızdır. Bu ocaq həm də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin ilk maarifçi qaranquşu olub.

Xəbər verildiyi kimi, ADA Universiteti  2021-ci ilin may ayında "Bir müəllimin manifesti" adlı layihə təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təlim-tədris ənənələrini yaşatmaq üçün onun tarixi binasının bərpasını və təhsil missiyasının davam etdirilməsini öz üzərinə götürüb.  Həmçinin ötən ilin oktyabrın 1-də milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan bu tarixi təhsil ocağının binasının  qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və onun tərəfdaşları (Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, NEQSOL Holding" şirkəti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası) arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə niyyət sazişi də imzalanıb.

Bir müddət əvvəl   "Bir müəllimin manifesti" layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasının əsaslı təmiri işlərinin icrasına başlanılıb.  Qazax rayonunun rəhbəri Rəcəb Babaşov və yerli  hakimiyyət qurumlarının digər məsul şəxsləri Qazax Müəllimlər Seminariyası binasının tikinti-bərpa sahəsinə baş çəkərək, görülmüş işlərlə yaxından maraqlanıblar.

Seminariya binasının bərpası üzrə işlərin rəhbəri Pərviz Mehrəliyev tikintinin gedişi barədə ətraflı məlumat verərək, onun sürətlə davam etdirildiyini bildirib.

Beləliklə, tarixi ziya ocağımızın müasir tariximizlə qovuşacağı gün uzaqda deyil.

Diqqətli oxucular yəqin ki, 2020-ci ilin avqust ayının 12-də "525-ci qəzeti"də dərc olunmuş "Qazax Müəllimlər Seminariyasının binası nə vaxt abadlaşdırılacaq?" adlı yazımızı da xatırlayırlar. Orada bu tarixi məkanın bərpası məsələsinin istər elm və təhsilimizə töhfə, istər də mənəvi tərəflərindən söhbət açmışdıq. Axı bu seminariyanın tarixçəsi tərəqqipərvər milli təhsilimizin güzgüsüdür.   

Tarixdən məlumdur ki, 1876-cı ildə Rusiya imperatoru II Aleksandrın fərmanı ilə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası açılmış və çarın 1880-ci il mayın 13-də imzaladığı daha bir fərmanla seminariyanın nəzdində, faktiki olaraq azərbaycanlı tələbələrdən ibarət "müsəlman bölməsi" də fəaliyyətə başlamışdı. 

Azərbaycan Cümhuriyyəti (1918-1920) yarandıqdan sonra təhsilimizin milli əsaslara keçməsi zərurəti yaranır. Bu baxımdan, Qoridəki tanınmış seminariyanın Azərbaycan bölməsinin Vətənə gətirilməsi məsələsi gündəmə gəlir. Bu işdə görkəmli maarifçi, alim və ictimai xadim Firidun bəy Köçərli böyük rol oynayır. Onun  bilavasitə səyi və təşkilatçılığı ilə Azərbaycan bölməsi Qazaxa köçürülür və orada fəaliyyətə başlayır.

Cümhuriyyətimizin maarif naziri Nəsib bəy Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39 saylı əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru Firidun bəy Köçərli 1918-ci il oktyabrın 1-dən Qazax Müəllimlər Seminariyasının ilk direktoru təyin edilir.

Qazax Müəllimlər Seminariyası istər Cümhuriyyət, istər də sovetləşmə dövrlərində bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı köklü təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Hətta 1920-ci ildən seminariyanın nəzdində qızlar qrupu da açılıb. 1925-ci ildən seminariya Qazax Pedaqoji Texnikumuna çevrilib və fəaliyyətini 1959-cu ilədək davam etdirib.

ADA Universitetinin "Bir müəllimin manifesti" təşəbbüsü çərçivəsində maarifçilik tariximizin qürurlu ünvanlarından olan Qazax Müəllimlər Seminariyasının binasının bərpa edilməsi ilə onun yenidən, müasir təhsil üsulları səviyyəsində fəaliyyəti təmin olunacaq.

Zakir MURADOV,
Gəncə-Qazax

 

 





14.01.2022    çap et  çap et