525.Az

Uğurun sirri: Qarşınıza çıxan fürsətləri qaçırmayın... - Sosial şəbəkədə yazılanlar


 

Uğurun sirri: Qarşınıza çıxan fürsətləri qaçırmayın... -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Kamran Ağabalayev, aktyor: 

- Novruz Qartalın nəşi özü kirayədə qaldığı evdən yox, qızı kirayədə qaldığı evdən çıxıb? Səbəb? Ev yiyəsi evində meyit istəməyib! Anladıq! 
Siz mənə başqa şeyi başa salın ki, KİMƏ və NECƏ girmək lazımdır ki, aktyoru adam yerinə sayan olsun, meyiti öz evindən çıxsın, marketə borcu olmasın, həftədə bir dəfə müşahidə üçün restoranda otura bilsin. Kimlərə girmək lazımdır? Hansı girilməli instansiyalar var? 

***

İttifaq Mirzəbəyli, jurnalist:

- Boris Avetisyan "Arminfo"nu ifşa edir: Sentyabrın 27-dən son günə qədər yazırdınız ki, hər gün rəqibin 500 canlı qüvvəsini məhv edirik. Onda hanı həmin 24 min öldürülmüş əsgər? Biz məğlub olmuşuq. Heç bizim itkilərimiz 10 mindən çox deyil. Niyə xalqı aldadırsınız?

***

Elman Cəfərli, jurnalist:

- Azərbaycanlıların hansısa bir sahə üzrə ekspert, biləyən kimi təqdim olunmaq istəyi qəribədir. Görürsən Sovet ordusunda olub, Moskvada xidmət edib deyə, özünü Rusiya üzrə ekspert kimi təqdim etmək istəyir. Ya Karakandada "stroybat"da qulluq edib, Qazaxıstan hadisələrini şərh etməyə cəhd göstərir. 

Keçən dəfə Bakıda sürüşmə olanda qonşu ölkələrdən birində yaşayan və 15 ildir özünü şair kimi təqdim edən, kitab təqdimatları keçirən bir şəxs qəfildən canlı yayım açıb dedi ki, bəs ixtisasca coğrafiyaçıdır, diplom işini torpaq sürüşməsindən yazıb. Son 10 ildə bəlkə də coğrafiya kitabının üzünü açmayan adam iddia edirdi ki,  jurnalistlər ona ekspert kimi sürüşmə ilə bağlı sual verə bilər.

***

Asif Nərimanlı, jurnalist:

- KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması məsələsində ziddiyyətli açıqlamalar verilir.

Tokayev bildirir ki, qüvvələrin çıxarılmasına yanvarın 13-də başlanılacaq və 10 gün ərzində proses başa çatacaq.

Sergey Şoyqu bildirir ki, KTMT qüvvələri Qazaxıstanda missiyasını vəziyyət sabitləşəndən sonra başa vuracaq.

Sülhməramlı kontingentinin komandanı, general-polkovnik Andrey Serdyukov da deyir ki, qüvvələrin Qazaxıstandan çıxarılmasına verilən tapşırıqların tam icrasından sonra başlanacaq.

Rusiyanın istədiyi sabitlik 10 gün içində təmin ediləcəkmi? Açıq qalan sualdır.

***

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Sonuncu Qacar hökmdarı Əhməd Şahın (1898-1930) Rusiya sarayından göndərilmiş "tərbiyəçisi", iranşünas K.N.Smirnov "Zapiski vospitatelə persidskoqo şaxa. 1907-1914 qq." (Tel-Aviv, 2002)  kitabında yazır ki, 1909-cu ildə Məşrutə inqilabının zərbələri altında hakimiyyətinin laxladığını və günün birində əldən gedəcəyini görən Məhəmməd Əli şah (Əhməd şahın atası, hakimiyyət illəri 1907-1909) Rusiya çarı II Nikolaya müraciət edərək Qacar səltənətini Buxara, yaxud Xivə əmirliyi statusunda Rusiya imperiyasının himayəsi altına almasını istəmişdi. Çarın cavabı haqda məlumat yoxdur. Yəqin ki, ölkənin şimalına nəzarət edən ingilislərin qorxusundan belə addım atmazdı.

***

Nəriman Qasımoğlu, hüquq müdafiəçisi:

- "New-York Times"dan indi oxuduğum məlumatın xülasəsini tərcümədə paylaşıram:

Ürək xəstəliyi kəskin şəkildə ağırlaşan 57 yaşlı amerikalı kişiyə genetik kodu dəyişdirilmiş donuzun ürəyi transplantasiya edilib.  

Cümə günü Baltimorda səkkiz saat davam edən bu əməliyyatdan sonra Merilend Universiteti Tibb Mərkəzi cərrahlarının dediyinə görə, xəstənin - Merilend ştatından olan David Bennettin durumu bazar ertəsi yaxşı idi.

Əməliyyatı həyata keçirən tibb mərkəzində ürək transplantasiyası proqramının direktoru doktor Bartley Griffith deyib: "Köçürülən ürək nəbzi yaradır, təzyiq yaradır. Bu, onun ürəyidir, işləyir. Həyəcanlıyıq, sabahın bizə nə gətirəcəyini bilmirik. Belə bir əməliyyat ilk dəfədir keçirilir".

***

Elxan Şahinoğlu, politoloq:

- ABŞ və Rusiya diplomatları arasında İsveçrənin Cenevrə şəhərində "təhlükəsizlik zəmanəti" ilə bağlı müzakirələr ağır gedir. Rusiyanın 3 tələbi var: 1. NATO daha genişlənməməlidir, Ukrayna və Gürcüstan təşkilata üzv qəbul olunmamalıdır; 2. ABŞ 1997-ci ildən bu yana NATO-ya üzv qəbul edilən ölkələrdən silahlı qüvvələrini və hərbi texnikasını çıxartmalıdır, başqa sözlə bu ölkələrdə Amerikanın hərbi bazaları ləğv olunmalıdır; 3. ABŞ Avropa ölkələrində Rusiyanı hədəf ala biləcək raket sistemlərini yerləşdirmək siyasətindən əl çəkməlidir.

Rusiyanın bu tələbləri faktiki ABŞ və Avropaya ultimatumdur. Rusiya 3 ağır tələbin qarşılığında yalnız Ukraynaya hücum etməyəcəyi təminatı verməyə hazırdır. Rusiya 1994-cü ildə Budapeştdə Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək addım atmayacağına dair sazişi imzalamışdı. Kreml həmin sazişi Krımı ilhaq etməklə və Donbasda separatizmə dəstək verməklə zibil yeşiyinə atdı. Bundan sonra kim zəmanət verər ki, Moskva Ukrayna ilə bağlı yeni sazişə də riayət edəcək?

Vaşinqton Moskvanın 3 tələbindən birinci ikisini bəri başdan rədd edib. Vaşinqtonun Ukrayna və Gürcüstanın NATO üzvlüyünə qəbul olunmayacağı təminatı verməsi faktiki Kreml qarşısında ağ bayraq qaldırması olar, Ağ Evin heç bir administrasiyasi Rusiya qarşısında zəif görünməmək üçün bu addımı atmaz. Vaşinqton Kremlin "Şərqi Avropadan hərbi bazalarını yığışdır" tələbini də yerinə yetirməz. "Ermənistandakı hərbi bazalarını qapat" - tələbinə Kremlin reaksiyası necə olacaqsa, Vaşinqtonun da "Şərqi Avropadakı hərbi bazalarını qapat" tələbinə reaksiyası eyni olub və olacaq. 

Vaşinqton Kremllə yalnız Avropada uzaq və orta mənzilli raketlərin yerləşdirilməsinin məhdudlaşdırılması mövzusun müzakirə etməyə hazır görünür. Ancaq Vaşinqton bunun qarşılığında Rusiyanın atacağı addımları özü üçün müəyyənləşdirməlidir. Kremlin isə iştahası artıb və bunu Vaşinqton da müşahidə edir. Rusiyanı durdurmağın yolu geri addım atmaq deyil, Kremlin artan tələblərinə qarşı müqaviməti gücləndirməkdir.

***

Aydın Mirzəzadə, millət vəkili:

- Bu günlərdə Vətən Müharibəsi Qəhrəmanlarından biri ilə söhbət edirdim. 44 gündə olanlardan bəzi məqamları danışdı. Sonda isə dedi:

- Cənab Prezidentin Vətən Müharibəsi Qəhrəmanlarına  təyin etdiyi müavinəti mən bir il almadım. Döyüşlərdə hərbi dəstəmizdən 10 nəfər şəhid oldu. Hər ay müavinəti bir şəhid ailəsinə göndərirdim. 

Yeni leytenant olanda ilk illər Birinci Qarabağ müharibəsində şəhid olmuş bir nəfərin evində kirayənişin qalmışam. Bir ayın da müavinətini onlara göndərdim. Eyni zamanda bilirdim ki, evlərində televizorları dəyişilməlidir. On ikinci ayın müavinətinə də onlara televizor alıb göndərdim.

***

Etibar Əliyev, millət vəkili:

- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Oljas Süleymenovu yuxudan oyadan telefon zəngi Qazaxıstanın böyük şairi yazır: "Antibiotiklərdən sonra yuxu həbləri ataraq yatmışdım. Soyuqdəyməm vardı. Saata baxdım. Gecə üç idi. Zəng dayanmırdı. Beynəlxalq zəngdi. Belə israrla adətən seçicilər söhbət etmək istəyirdilər. "Moskva" mehmanxanası Ali Sovetin moskvalı olmayan bütün deputatlarının sığınacağı idi. Buna görə, ölkənin hər yerindən gələn seçicilər telefonlarımızın susmasına imkan vermirdilər. Ancaq günortadan sonra, daha gecə saat üçdə yox. Telefonun dəstəyini götürdüm. Uzaqdan, əsəbi, tanış olmayan bir səs. Məni adla çağırır. Özünü də təqdim edir - Bəxtiyar Vahabzadə. Bəli, əlbəttə ki, bu adı bilirdim - məşhur şair, Azərbaycanın klassiki demək olar: "Oljas, tanklar Bakıya girdi!.. İnsanları əzirlər!.. Gəl, qardaş!.."

***

Qulu Məhərrəmli, jurnalist:

- Qazaxıstan hadisələri sevgili Azərbaycanın müstəqilliyini istəməyən Kreml aşiqlərini və milli satqınları yamanca şövqə gətirib, bəziləri sevinclərini gizlətmirlər də.

Bəli, Rusiyanın Cənubi Qafqaz və Orta Asiyada hərbi iştirakının artması faktdır. Bu fakt qorxu, təhlükə və siyasi diskomfort yarada bilər, amma və lakin SSRİ-ni bərpa edə bilməz...

***

Nigar Köçərli, "Əli və Nino" kitab mağazalar şəbəkəsinin rəhbəri: 

- Keçən həftə dostlarımla birgə İçərişəhərdə təzə açılmış "Qurban Səid" restoranına baş çəkdik. Restoranın təsisçisi mənim sevimli dostum Səbinə Uluxanovadır. Qurban Səidin "Haliçdən olan qız" romanının alman dilindən rus dilinə tərcüməsi məhz Səbinə xanıma məxsusdur. O, həmçinin, "Əli və Nino" romanını ilk dəfə rus dilinə tərcümə etmiş mərhum Mirzə Hüseynzadəyə romanın tərcüməsində yaxından kömək etmişdir. 

Səbinə xanım həm də o dövrün mühitini özündə əks etdirən ədəbiyyat, tarix, incəsənət ətirli gözəl restoran yarada bilib.

Burada  "Əli və Nino" ruhunda marağlı interyer, özəl musiqi tərtibatı, xoş və nostalji atmosfer... bir sözlə, hər şey adamın ruhunu oxşayır. 

Mən çay və şirniyyatın dadına baxdım. Nəfis idi.

Sizi də  İçərişəhərdə yerləşən əsrarəngiz  "Qurban Səid"  məkanı görməyə dəvət edirəm.

***

Fuad Əskərov, həkim:

- Görəsən, jurnalist xanım sonra peşman olub?

Bəy verən atın dişinə baxmazlar.

Telejurnalist Bill Geystdən soruşur: 

- Sizin uğurunuzun sirri nədədir?

Bill çek kağınızı çıxarır və boş vərəqin birini qopararaq jurnalistə uzadır:

- Xahiş edirəm, ürəyiniz istədiyiniz məbləği bura yazın.

Jurnalist isə onun əlini geri qaytararaq:

- Yox, yox. Mən bunu nəzərdə tutmamışdım.

Bill Geyts isə cavabında:

- Mənim uğurumun sirri odur ki, mən qarşıma çıxan fürsətləri qaçırmıram. Hansı ki, az öncə siz dünyanın ən varlı jurnalisti olmaq fürsətini qaçırdınız.
 

 





14.01.2022    çap et  çap et