525.Az

Nizami Gəncəvi ənənələri Şəhriyar yaradıcılığında - Esmira Fuad yazır


 

Nizami Gəncəvi ənənələri Şəhriyar yaradıcılığında -<b style="color:red"> Esmira Fuad yazır</b>

Belə bir ideya var ki, sənət, ədəbiyyat və incəsənət kəhkəşanında ayrı-ayrı millətlərin informasiya alıb ötürmək imkanları heç də eyni səviyyədə olmur. Bu ideyanı təqribən belə izah etmək olar: tarixi inkişafın mərhələsindın asılı olaraq bəzi millətlər gerçəklik və varlıqla, elə təbiətin özü ilə bağlı bilgi və ümumi məlumatları enerji formasında qəbul edir, bu zaman digər millətlər həmin enerjini necə deyərlər "şüalandırmaq" mərhələsində olur. Yəni özbaşına, boş yerə heç nə yaranmır və yer kürəsi də öz oxu ətrafında elə-belə dolanmır. Hər şey enerjidir, hər şey onun yığılıb toplanması və ötürülməsi prosesindən başqa bir şey deyildir. Şeyx Nizami Gəncəvi dövründə artıq əsrlər boyunca toplanıb, üst-üstə, iç-içə yığılıb laylar yaratmış elm və mədəniyyət dəyərləri, antik dünyadan orta əsrlərə, ordan da birbaşa yeni dövrlərə paylanacaq işıq şüaları məhz Nizami kimi dühaların qismətinə düşdü. Digər tərəfdən XIX əsrdə Azərbaycanın işğalı və iki yerə ayrılması hadisəsini yada salaq. Fars və rus işğalına məruz qalan Odlar yurdu mədəni cəhətdən də düzlə yarğan arasında, dağla dərə arasında qalmış kimi oldu. Bu əsnada təbiət və varlığın özünü tənzimləmə prosesi işə düşdü. Cənubi Azərbaycanda iki yerə parçalıanmış ölkənin bölünməyən, ortaq türk mədəni irsinin inciləri ana dilində mükəmməl əsərlər yazan, dünyanı və varlığı izah edən şairlərin qələmində ifadə olundu. Ustad Məhəmmədhüseyn  Şəhriyar illər boyu susan dilin dərdini danışırmış kimi yazdı. Ancaq yuxarıda vurğuladığımız Nizami ilə bağlı analogiya burda da keçərlidir. Nizami kimi Şəhriyar da orta əsərlərdən üzü bəri qətrə-qətrə yığılan enerjini poeziya dilində, həm də Uluyurd insanının ana dilində bütün dünyaya ötürdü və hər iki təsadüfdə dahi Azərbaycan şairlərinin mətnləri çağdaş dünyanın özcə dilində aydın oxundu. Bir sözlə, hər iki şair sırf milli olduqları ilə bərabər, həm də bütün dünyanın hikmət dolu yazarları oldular. Onlar bu dünyada hamının (heç şübhəsiz, bəsirət gözü olan insanların) ürəkdən anladıqları musiqi dilinə yaxınlaşdılar. İndi keçək məsələnin faktoloji mənzərəsinə.      

Öncə onu qeyd edək ki, korifey sənətkarlar - Şeyx Nizami, Xacə Hafiz, Sədi Şirazi, Saib Təbrizi və M.Ə.Sabirin əsərləri lap kiçik yaşlarından ustad Şəhriyarın mütaliə, həm də qəlb yoldaşı olub. Türkcə ilk şeirini də o, məhz böyük Sabirin təsiri ilə 1913-cü ildə, 8 yaşında ikən yazıb və "Ədəb" jurnalında çap olunub. Əsərlərində novatorluqla ənənəviliyin vəhdətini yarada bilən müdrik şair Sədi-Rumi-Xəyyam-Hafiz, eyni zamanda Azərbaycan şifahi xalq ədəbiyyatı və Qətran Təbrizi-Nizami-Xətai-Nəsimi ənənələrinə söykənərək poeziyada yeni üslub, məktəb yaradıb və özünü yenilikçi sənətkar kimi də təsdiqləyə bilib. Xəlqiliyi, canlı xalq dilində yazıb-yaratmağı novatorluğun əsas təzahürlərindən sayan Şəhriyar, ümumiyyətlə, yeni və ən yeni İran şeirində bu hərəkatın realizm ədəbi cərəyanının inkişafı, formalaşması prosesi ilə əlaqədar olaraq genişləndiyini, inkişaf mərhələsi keçdiyini göstərib, konkret olaraq romantik və ya realist üslubda əsər yaratmaq formasını deyil, hər iki cərəyanın vəhdətində ənənəviçilik yolunu novatorcasına getmək prinsipini əsas götürüb...

Şəhriyar "Gecənin əfsanəsi" məsnəvisinin "Təxti-Cəmşidin yanması" bölümündə İran hökmdarları Dara/Dariyuşun şahlıq etdiyi sönməz növraqlı Təxti-Cəmşidin ərəb istilası, Çingiz xanın, İsgəndər Zülqərneynin hücumları nəticəsində dağıdılaraq sirlər qəbiristanlığına çevrilməsini, Dara ilə son döyüşü zamanı isə məğlub edilərək yandırılmasını, bu ölməz sənət əsərinin alovlar içində yanıb kül olmasını parlaq boyalarla, həm də böyük ürək ağrısı ilə təsvir edir... Bu fəci olayı Şəhriyar "mədəniyyətin qətlgahı, eşq-məhəbbətin basdırılması, fələyin ədalətə divan tutması, gülüstanın solması, dünya gözəli bir ayın batması, qurub-yaradan əllərin tikdiyi məbədin bir sərxoşun qırıb-dağıtması" kimi mənalandırır. Bütün əsər boyu öz didaktik mövqeyini, mütəffəkkir simasını, kamil sənətkar obrazını qoruyub-saxlayan şair son qənaətini - bütün Yer üzündə baş verən xəyanət və cinayətlərin, fəlakət və rəzalətlərin, savaş və qırğınların əsas səbəbkarının nadanlıq, cəhalət, tamah və acgözlük olduğu ismarışını bütün bəşəriyyətə ünvanlayır.

Şəhriyar sülhsevər, azadlıq sevdalı sənətkar idi. Vətənin hər guşəsini gülüstan, xalqının, qarındaşlarının təkcə öz ölkəsində deyil, bütün dünya xalqlarının öz məmləkətlərində firavan dolanmasını arzulayır, yumruq boyda ürəyinə yer kürəsinə, insanlığa ümman-ümman sevgi, məhəbbət sığışdıra bilirdi. Şair: "cənnəti də, cəhənnəmi də yaradan insanın özüdür", - düşüncəsi ilə bəşəriyyətə səslənir ki: 

Cənnətdir, olursa sülh ilə səfa,
Dünya cəhənnəmdir etsəniz dava...

Şeyx Nizami "İsgəndərnamə" poemasında ilk dəfə yaratdığı İsgəndər obrazının simasında ədalətli şah, insanların xoş rifahı, azadlıq və səadəti uğrunda mübarizə aparan haqsevər bir qəhrəman surətini təqdim edir. Mütəfəkkir şairin əsas məqsədi, o dövr üçün utopiya olsa da, ədalətli, müdrik hökmdar obrazı yaratmaq və cəmiyyətlərə ondan nümunə götürməyi tövsiyə etmək idi. Nizaminin İsgəndər obrazı ilə Şəhriyarın yaratdığı şah obrazı bir-birindən fərqlənir. Bütün müharibələrə, qəsbkarlara nifrət edən, hər cür fitnəkarlığı, soyğunçuluğu pisləyən, bir insanın ölümünü bütövlükdə cahanın ölümünə bərabər tutan, dünyada ancaq sülh və əmin-amanlığın, mədəniyyətin qalibiyyətini görmək istəyən Şəhriyar isə İsgəndəri Əhrimən, Yer üzünü fitnə-fəsad yuvasına, savaş, dava-dalaş meydanına çevirən şər qüvvə kimi təqdim edir. Sələfinin humanist, haqsevər, ədalətli bir şah-şəxsiyyət kimi qələmə aldığı qəhrəmanının, əslində insan qırğınları törədən, mədəniyyətləri, sevgiləri öldürən, dünyanı oda-közə döndərən cinayətkar olduğunu göstərir. Beləliklə də insanları, bütün bəşəriyyəti Əfzələddin Xaqani Mədain xərabələrindən ibrət almağa səslədiyi kimi, Şəhriyar da odlar, alovlar içində yanan "Təxti-Cəmşid"in viranəliklərindən nəticə çıxarmağa,  burada hər kəsin özünü, ibrət aynasında üzünü görməyə çağırır. 

"Mənim üslubum İraq səpkisindədir, lakin Türküstan və hind səpkilərinin də şeirlərimə təsiri vardır", - deyən Şəhriyarın misilsiz bədii lövhələr yaratmaq qüdrəti, əslində İraq və Türküstan səpkilərinin birləşməsindən pərvəriş tapmış Azərbaycan ədəbi məktəbindən qaynaqlanırdı. Şair Azərbaycan elatının köçəri həyatının mərdlik və qəhrəmanlığını, şəhər həyatının isə qaynarlığını və müdrikliyini özündə birləşdirən Azərbaycan-Nizami ədəbi məktəbində müdrikliklə epik vüsətin qaynayıb-qarışdığını təqdir edir, müsbət cəhət kimi dəyərləndirirdi. O, hələ sağlığında ikən nəşr olunmuş "Divan"ının IV cildinə yazdığı müqəddimədə real həyat lövhələri ilə zəngin olan, ictimai, ədəbi-fəlsəfi, əxlaqi-didaktik görüşlərini parlaq şəkildə əks etdirən "Gecənin əfsanəsi" poemasını məhz bu səpkidə yazdığını bildirib... 

Şəhriyarın "alagözlü öküzlər, sarı telli inəklər" epiteti daha bir mifoloji təsəvvürü yada salır: Əsatirə görə, Yer kürəsi öküzün üzərində dayanmış, qərar tutmusdur. Qeyd edək ki, bəzi heyvanları, o cümlədən, öküzü qədim tayfa və qəbilələr, həmçinin, çox qədim və zəngin mədəniyyətə sahib olan Oğuz türklərinin əcdadları totem sanıb, müqəddəs varlıqlar kimi sitayiş ediblər: Tarixçi-etnoqraf Qoşqarlı "Azərbaycanlıların maddi mədəniyyəti" adlı əsərində "Oğuznamə"yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz xanın Ay ilə Öküzün izdivacından doğulduğunu göstərir. Elə bu səbəbdən də son oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər. Əbülfəz Hüseyni və Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini də oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər. 

Tarixin dərin qatlarına enən şair demək istəyir ki, boz öküz, qara öküz, sarı inək, qızıl inək kimi nağıl personajlarının da bu tarixi inancdan və qədim zamanlarda öküzə totem kimi dərin etiqadından yarana biləcəyini unutmamalıyıq. Dahi Nizami isə bunu xatırlama yolu ilə deyil, açıq-aydın yazır: 

Büdrəyən, mürgü vuran bir öküz üstündədi Yer,
Hər nə qurduqsa qırır, qəbrə qoyur əksərini. 

Yəni dərin və hərtərəfli bilik, geniş dünyagörüşünə sahib olmuş şair hesab edir ki, yeri çiyinlərində saxlayan həmin öküzün ani büdrəməsi planetdə dəhşətli zəlzələ, burulğan və qasırğaların, sunamilərin yaranmasına səbəb olur...
Şəhriyar daha sonra Nizami Gəncəviyə söykənərək göstərir ki, şir əlindən tac alaraq şeir, sənət dünyasının sultanı olmuş qüdrətli şair Bulud Qaraçurlu Səhənd, həm də bu əlçatmaz şöhrət zirvəsinə əfsanəvi Simurq quşundan fənd alaraq ucalıb:

Ad alıb səndən o şair ki, sən ondan ad alıbsan, 
Ona hər dad verəsən, yüz o müqabil dad alarsan, 
Tarıdan hər zad alarsan. 
Adaş olduqda sən onla daha artıq ucalarsan, 
Şir əlindən tac alarsan, 
O da şeirin, ədibin Şah dağıdır, şanlı Səhəndi, 
O da sən tək atar ulduzlara şir ilə kəməndi,
O da Simurqdan almaqdadı fəndi...

Burada şair şifahi xalq ədəbiyyatından və böyük Nizaminin obrazlarından istifadədə yenə də orijinal bir yol seçir və "Şir əlindən tac almaq", "Simurq" detalları vasitəsilə təfərrüatı oxucunun təsəvvüründə canlandırır. Belə ki, "Yeddi gözəl" əsərinin qəhrəmanı Bəhram Gur səhər tezdən iki ac, yırtıcı şirin arasına qoyulmuş şahlıq tacını vəhşi şirlərin pəncəsindən alaraq taxt-taca sahiblənir. Şəhriyar fərəhlə bildirir ki, şair Səhənd də poeziya aləmində belə igidliklər göstərməyə qadirdir. Çünki poeziya dünyasının şöhrət zirvəsinə gedən yolu da məhz "aslanların arasından", sərt keşməkeşlərdən, dönüslərdən keçir. Əfsanəvi Sümurq quşu da elin bu xoş amallı, azadlıq ideallı şair övladlarından öz himayəsini əsirgəmir, çətinliklərdən qoruyur. Azərbaycan nağıllarında Sümurq, Zümrüd, Ənqa, Hüma kimi təsvir edilən bu quşonqon insanların xidmətində durur, onlara yaxşılıq, xeyirxahlıq edir, qəhrəmanları qanadlarının üstünə alaraq zülmət dünyasından işıqlı dünyaya qovusdurur, ("Məlik Məmməd", "Ağ atlı oğlan" və s.), onların arzularına çatmasına yardımçı olur. B.Q.Səhəndin Simurqdan fənd alması təsəvvüfi məzmun daşıyır. Şair Azərbaycan şifahi xalq ədəbiyyatından, folklordan, eləcə də Şərq mifologiyasından götürülmüş bu əfsanəvi obraz və rəmzlərlə zəngin olan əsərlərində özünün də müxtəlif məzmunlu rəmzlər, inanclar sistemini yaradıb. Burada Azərbaycan xalqının inanclar sistemində odda mələk olması ilə bağlı inanc da öz əksini tapır.

Şəhriyar yaradıcılığında məzmun və məramı, hətta sərlövhəsi belə eyni olan, lakin özünəməxsus bir üslubda qələmə aldığı bu kimi uğurlu iqtibaslara çox təsadüf edilir. Bu baxımdan da şairin yaradıcılığına Nizami ədəbi irsinin böyük təsiri diqqət çəkir. Mütəfəkkir şairin "Gecə gizlincə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi" məşhur qəzəlindən uğurla iqtibas edən Şəhriyar "Gecə xumarı" adlı poetik əsərini yazır:

Yuxuma dün gecə bir lalə üzar gəlmiş idi,
Gənc ikən sevdiyim o incə nigar gəlmiş idi.
Ey könül gülşəni, tufanlı zamanın keçmiş,
Yasəmənli çəmənə tazə bahar gəlmiş idi.
...Fərhadın tişəsi əfsanə deyib Şirindən,
Xosrovun qarşısına orda şikar gəlmiş idi.
Sərvi-nazım mənə bir an da yaxın düşmədi heç,
Qol-budaq  atmış idi, üstünə bar gəlmiş idi.
Göz açıb gördüm o gənclik səhərindən yox əsər,
Qocalıq gündüzü axşam kimi tar gəlmiş idi...

Hər iki dahi şairin eyni mövzuda yazdığı əsər məna və məzmununa, ictimai-sosial aspektinə görə bir-birindən fərqlənir. Görkəmli şərqşünas alim Böyükağa Hüseynov yazır ki, "təqlid və iqtibas ancaq qüdrətli şairlərin yaradıcılığında idarə edilməsi mümkün olan və müsbət nəticə verən bir hadisəyə çevrilə bilər. Az təcrübəli, xüsusən gənc şairlərin böyük əksəriyyətinə isə o, kor-koranə təsir göstərir, onların yaradıcılıq imkanlarını cilovlayıb məhdudlaşdırır və bu, şairləri adətən formalizmə yuvarladır..."

Burada şübhəsiz ki, həm də bir qəzəl ustadı kimi Şəhriyarın novatorluğunu da gözardı etməməliyik. Şəhriyar İranda çağdaş dövrün ən böyük qəzəl şairi sayılır. O, Şirazlı Hafizdən sonra təkrara və geriliyə məruz qalan fars qəzəlinə yeni ictimai məzmun gətirib və İran ədəbiyyatında yeni qəzəlin gəlişməsinə yol açıb. Belə ki, İran tarıxındə yeni qəzəli Şəhriyarsız araşdırmaq mümkünsüzdür. Çağdaş fars şairi Nadir Nadirpurun fikrincə, "müasir qəzəlin binası dörd sütuna söykənir. Təbrizli Şəhriyar, Zəncanlı Münzəvi, Behbehanlı Simin və Gilanlı Sayə. Şəhriyar danışıq dili, Azərbaycan ədəbiyyatı və dil yeniliklərindən istifadə edərək fars poetik dilini genişləndirib, Münzəvi isə Şəhriyarın neoklassik məktəbini izləyərək qəzəlin dilində və vəznində yeni ixtiralar edib. Yəni, müasir qəzəldə dörd şair özünə məxsus üsluba malikdir. Oxucu bu şairlərin adı çəkilməsə belə, onları tərzindən asanca tanıya bilir..."

Şəhriyar müxtəlif şairlərin əsərlərindən bəhrələnsə də, özünəməxsus, göz görüb əl çatmayan ulduzlu və xəyala təkan verən bir şeir dünyası yaradıb. Öz üslubunda ən müxtəlif ustad şairlərin üstünlüklərını mənimsəyib və yaşam boyası ilə yeni bir şeir yaradıb. Elə bu səbəbdən "ziyalılar arasında zamanın "Hafiz"-i, kütlə içində isə "Üstad" adlandırılıb. Nəhəng şairin dil baxımından yeniliklərini belə sıralamaq olar: Türk folklorundan geniş yararlanma. Örnək:
 
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş beylə ağardıqca daha başda ağarı... 
Turkun məsəli folkloru dünyada təkdir...
Xan yorğanı kənd içrə məsəldir mitil olmaz...
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən a balam, hər sarıköynək qızıl olmaz...

Yeni dil incəlikləri və təsvirlər. Aşağıdakı beytlərə diqqət edək: 

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı...
Göz yaşları hər yerdən axarsa, məni tuşlar,      
Dəryayə baxar, bəllidi çayların axarı...
Mehrabi -şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı...

Cümlənin mənasında problem yaranmadan bəzi hissələrin silinməsi. Çox yumşaq vəznlərdən istifadə edilməsi. Danışıq dilinə yaxınlaşması və danışıq, şivə sözlərindən qafiyə düzəltməsi. Rədifdən az istifadə etməsi. Şeirdə beytlərin strukturu, yəni, beytlərin məna cəhətdən ardıcıllığı. Bütün bu sadalananlar sayəsində poeziyada məhz Şəhriyar ədəbi məktəbi formalaşıb. Şübhəsiz ki, Şəhriyar məktəbi sadaladığımız yeniliklərin yaradıcısı olan ustad başda olmaqla, türkdilli şairlərdən ibarətdir və onların bir qismi farscada N.Yuşicdən ilham alıb, təsirləniblər. Şəhriyar qəzəl sahəsində böyük şair olsa da, onun ən dəyərli və modern əsərləri "Həzyane del", "Mumiyai", "Ey vay, madərəm", "Do Morği beheşti", "Əfsaneyi şəb", "Peyğam-o Eynşteyn", "Rəssam" və bütün yaradıcılığının zirvəsində qərar tutan "Heydərbabaya salam" və "Səhəndim", "Xan nənə"sindən ibarətdir. O, özü bu növ şeirlərə "Məktəbi Şəhriyar" adını verib. Bu məktəbin farsca qəzəl yazan davamçıları Nima Yuşicin "Əfsanə" şeirinin təsiri altında yazıb-yaradanlardır. 

"Mövlana Şəmsin barigahında" məsnəvisini sadəcə bir poeziya örnəyi kimi deyil, həm də Şəhriyarın klassik poeziya və fəlsəfəyə baxışı kimi də dəyərləndirmək mümkündür. Şeirin fakturasında bir bayram ovqatı olsa da, əsas məsələ bu deyil. Aydındır ki, şeirdə bu "bayram ovqatı"nı yaradan, onu az qala dekorasiyaya çevirən məhz şairin ruh yüksəkliyidir. Şair ilhamının qanadlandığı, təbinin coşduğu an xəyalında Mövlana Cəlaləddin Ruminin Şəms Təbrizinin diyarına-qədim Təbrizə gəlişini canlandırır və bununla da klassik dövrün ədəbiyyatını dəyərləndirmək üçün əlinə gözəl bir fürsət düşür:
 
Bu gecə Təbriz çırağbandir, bilin, 
Ol günəş çün burda mehmandır, bilin! 
Görmədim çıxsın gecə heç aftab, 
Bu oyaqlıqdır ilahi, ya ki, xab? 
Şurdur salmış o şəhrə həm bizə, 
Vay, Mövlana qonaq gəlib Təbrizə. 
Bu gecə ol ay qədəm qoymuş gözə, 
Bəxt-dövlət üz qoyubdur Təbrizə.

Şəhriyar ruh yüksəkliyi ilə "eşq sultanının artıq qapıda olmasını" xəbər verir. Bununla o, yüksək poeziyanın yaradıcılarını xatırlayır, onların poeziyada qalan əbədi və silinməz izlərini tərənnüm edir. Və demək lazımdır ki, bu məsnəvinin üzdə görünən qatı da məhz tərənnümdür, əsl mənası isə daha dərin qatlarda hifz olunur.

Ol ki, olmuş orda şəmsə mizban, 
Bu gecə Şəmsə olubdur mehman. 
İndicə bax, qapıdadır sultani eşq, 
Mərhəba, sonsuz gözəllik, cani eşq.  
Can fəda olsun sənə, canu dilim, 
Qoy gözüm üstə qədəm, ey sevgilim! 
Gəncsən viranə könlümdə mənim, 
Aləmə sən sığmasan, ey məskənim. 
Gəldi Mövlana Cəlaləddin bizə, 
Xoş gəlibsən mehrü mahım Təbrizə! 

Əsas məsələ bu məqamdan başlayır: biz balıq olsaq, sən dəryasan və bu, təkcə Mövlanəyə şamil edilmir. Həm də "Şəmsin şöləsi bir eşqi min eylər" ifadəsi heç də gəlişi gözəllik xətrinə deyilmir. Bir sözlə, Şəhriyar bu şeiri ilə böyük bir dünya yaradır, elə bir dünya ki, onun yeri, göyü, buludları, ağacları, insanları, zövq və gözəlliyi... bunların hər biri bir böyük şairin çöhrəsində qərar tutur. Məsələn, şairin fikrincə bu kəhkəşanda hər şeyin əsasında Şeyx Niami Gəncəvinin "Xəmsə"si durur:
 
Min eylir bir eşqi Şəmsin şöləsi. 
Məcuna su verdi şeiri Mövləvi
Dən ona vermiş bu Şəms mənəvi 
Çal-çağırdır burda hər yan, gör necə 
Gör nə də rəqsü səmadır bu gecə. 
Xətti məşuqundu həm şahidlərin 
Dəm, duasından alıb zahidlərin 
Dad Nizami "Xəmsə"sindəndir, alıb, 
Saibin bitiyi də bir duz salıb. 
Əməq almış alini Buxaradan 

Limonun dadın da molla Sadradan

(Məsnəvinin poetik tərcüməsi Yusif Əzəmiyə aiddir) 

Belə olduğu üçündür ki, Nizami yalnız seyr edilir, ancaq onun sözü, onun ilmə-ilmə işlədiyi, qurub-yaratdığı "Xəmsə" həyat rəmzidir, insanların nəfəsi, dünyada canlı və diri olan hər şeydir. Şəhriyar Şeyx Nizaminin əsərlərini orijinaldan oxuyub məna dərinliyinə baş vurub, özü üçün gərəkli gövhərləri seçib:

Bax, Nizami məclisə vermiş bəzək,
Sözləri şeir ilə səpmiş gül-çiçək
Nəzm alıb məclis Nizamidən bütün
Kasə-kasə mey də camidən bütün...
Gər Nizami çox qızıl sözlər yazıb, 
Sən ki, varsan o qızıl sözlər azıb...

"Gecənin əfsanəsi" məsnəvisindən Nizaminin yaratdığı ənənəvi obrazların Şəhriyar qələmində cilvələndiyinin də şahidiyik. Şəhriyar gecənin nələrə qadir olduğunu ilhamın qanadlarında vəsf edərək o qədər cazibədar romantik səhnələr, mənzərələr yaradır ki, özünün də adlandırdığı kimi, sanki oxucunun qulaqlarında gecənin simfoniyasını səsləndirir... və bu simfoniyanın əsas səsləri sırasının, obrazlar qalereyasının önündə məhz Nizami Gəncəvinin məşhur obrazları gəlir: 

O, görmüş rüxsarı ay Mənijəni, 
Quyuda həbs olan igid Bijəni.
Leylini görmüş ki, dağ-daşı gəzər, 
Məcnunun eşqilə canını üzər. 
Görüb Şiruyəni, deyərək qan-qan, 
Div kimi yavaşca düşür bacadan. 
Çingiz ordusunu görmüşdür gecə, 
Qiyamət qoparır döyüşdə necə. 
Görüb Təxti-Cəmşid necə odlanır, 
Gülür İskəndərin halına, yanır.

Eləcə də "Azərbaycan" qəzəlindən: "Bisutuni inqilabda şirin, vətən üçün Fərhad, Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan!"; "Cəmşidin piyaləsi" qəzəlindən isə: "Bu sairlər təbinin sehrini bilmək istəsən, Hər sözüm, hər söhbətim, kəlməm onunla canlanır. Rumi ney vermiş sözə, Şeyx Nizami qəmli çəng, Ruhudur şərqin əzəldən, Cəm onunla canlanır. Bir şahənşah adını dünyaya car etmiş bu cam" hissələrində Nizaminin parlaq obrazlarından ustad Şəhriyarın nə qədər böyük ustalıqla bəhrələndiyini və misraları arasında cilvələndirdiyinin şahidi oluruq. "Şatır oğlan" qəzəlindəki: "Lənət ol bad-i-xəzanə ki "Nizami" bağının, Bir yava gülbəsərin qoymadı kakillənsin!"

Şübhəsiz ki, Nəsimi, Füzuli, Vaqif, Sabir və Şəhriyar kimi ustadlarının şöhrət ulduzunun sönməməsinin səbəbi xalqın ruhunu dəqiq tutmalarında, onunla bir sinədə ürək kimi döyünmələrindədir. Yəqin ki, xalqın istəyi zaman-zaman dəyişir və müxtəlif dəyişmələrə məruz qalır. Buna  görə  də,  bu şairlərin əsərləridə növ müxtəlifliyi qabarıq müşahidə edilir, onların hər birində özünəməxsus forma və məzmun rəngarəngliyi mövcuddur. Bu mətnlərə xas olan forma və məzmun çalarları meydana gəldikləri zamanda yeni ədəbi cərəyan və təmayüllər yaratmışdır. Müasir dünyada yalnız əcdadlarının yolunu davam etdirənlər cağımızın tələbatına cavab verməklə ədəbiyyat sahəsində uğur qazana bilərlər. 

Nizami Gəncəvi kimi, Şəhriyar da poeziyada məktəb yaratmış qüdrətli söz ustadıdır. Nizaminin "Xəmsə"si, məlumdur ki, janr baxımından fərqli şəkildə adlandırılıb. "Xəmsə"ni yaradan beş əsərə poema, mənzum roman və ya dastan deyən tədqiqatçılar da olub. Fikrimizcə, "Heydərbabaya salam" və "Səhəndim" məhz Nizami dastançılığının ana dilində uğurlu davamıdır. Şəhriyarın qəzəl, qəsidə və poemalarında bir sıra poetik incəlik və özəlliklər müşahidə edilsə də, türkcə şeirlərinin ən önəmli elementi türklük hissinin güclü olmasıdır. Bu hiss Füzuli, Əliağa Vahid, Nəsimi və Sabirin dilində olduğu kimi, çox güclüdür. Onun 1900 beytlik türkcə divanı nə qədər dəyərli əsər olsa da, onların heç biri "Heydərbabaya salam" və "Səhəndim" səviyyəsinə yaxınlaşa bilməyib. Xalqın axıcı folklor dilinə çox yaxın olan və onlardan rişələnən bu iki əsər təkrarsız özəlliklərin daşıyıcısıdır. Çox hallarda şairlər xalqın dilində şeir yazmağa cürət etməyiblər. Şəhriyar isə əksinə, şeirlərində xalq dilindən cəsarətlə istifadə edib. Realist səhnələrin bolluğu ilə daha çox sevilən "Heydərbaba"nın şəhdi-şirəsini və məzmununu, əsasən xalq dilindən alıb. Bütün səhnələri gerçək həyata yaxınlaşdıran isə xalqın dilidir. Bu əsər duyğu, musiqi, təsvir, imaj və etiraz nidaları ilə boyaboydur, doludur. Əlcəzairli fransız nasiri və filosofu Alber Kamyu  "Rəssamlıq etiraz deməkdir, - deyirdi. Etiraz, əslində mövcud vəziyyətə nifrət bildirmək və yaxşı duruma maraq göstərməkdir. Bu etiraz Şəhriyarın "Heydərbabaya salam" və "Səhəndim" mənzumələrində çox güclüdür. "Hansı əsər sənin ürəyinə daha yaxındır?" - sorğusuna suriyalı yazar Qadət-Üssəmanın cavabı: "Sənin ürək sözünü, özündən yaxşı söyləyən əsər" - olmusdu.  Deməli, ən yaxşı əsər xalqın ürək sözünü, ruhunu ən yaxşı şəkildə ifadə edə bilən əsərdır. Elə bu xüsusiyyətə görə də Şəhriyarın şah əsərləri - "Heydərbabaya salam" və "Səhəndim" oxucu tərəfindən olduğu kimi, böyük sevgi və özləmlə qarşılanır. Çünki "Heydərbabaya salam"da doğma yurda məhəbbət, onun gözəl təbiəti, əlvan obrazları, xalqın adət-ənənələri sadə xalq dilində və onun ruhundan su içən heca vəznində ifadə olunub. Poema ana dilində yazılması ilə yanaşı, keçmişlə bağlı nostalji səhnələrinə görə də xalqa çox xoş gəlir, onu öz keçmişinə, ömrünün ötən çağlarına qaytarır, duyğularını oxşayır. Bu kimi əsərlər Azərbaycan xalqının keçmişlə bağlı duyğularının güzgüsüdür. Əgər "Heydərbabaya salam" keçmişə həsrət və nostaljidirsə, "Səhəndim" gələcəyin arzusu, utopiya və ideallar aləminin vəsfidir. Hər iki əsər nə qədər bənzərsiz olsa da, mütəxəssislərin fikrincə, "Səhəndim"in şeiriyyəti daha yüksək, dili axıcı və coşğundur. 

Bütün bunların yekunu olaraq deyə bilərik ki, Şeyx Nizaminin "Xəmsə"si əsrlər boyu ədəbiyyat incisi sayılaraq öz dəyərini aldığı kimi, onun yaradıcılıq ənənələrinin davamçısı olan xələfi-ustad Şəhriyarın da əsərləri hələ sağlığında ikən əbədiyaşarlığa vəsiqə qazanıb. 
 

 





14.01.2022    çap et  çap et