525.Az

Diqqətin metafizikası - Göyərçin Kərimi yazır


 

I HİSSƏ

Diqqətin metafizikası -<b style="color:red"> Göyərçin Kərimi yazır</b>

Göyərçin KƏRİMİ

Məqaləni yazmaqda məqsəd diqqətin növ və funksiyalarından bəhs etmək deyil. Bu işin öhdəsindən psixoloqlar çox ustalıqla gəliblər. Niyyətimiz onların, yəni psixoloqların haqqında danışdıqları bir mövzuya münasibət bildirməkdir. Bu, diqqətin psixologiyada ixtiyaridən sonrakı, yəni postixtiyari, yaxud qeyri-ixtiyari diqqətin təkrarı kimi öz təsdiqini tapan üçüncü növü - postdiqqət (termin müəllifə məxsusdur) haqqındadır.
Bu mövzunu araşdırmaq fikrinə düşməyimin səbəbini "Diqqətə diqqət" sərlövhəli yazımda izah etməyə çalışmışam. "Diqqətə diqqət" məndə "Diqqətin metafizikası"na cığır açdı ki, mövzu haqqında ilk dəfə yazırammış kimi, təbii, araşdırmalardan əvvəl, az qala Arximed sayağı "evrika, evrika" deyə çağırmaq da istədim.

Google-da axtarışı, əsasən, üç dildə apara bilirəm: Azərbaycan, türk, rus dillərində. Məlum oldu ki, psixologiyanın predmeti kimi geniş işıqlandırılan bu mövzu heç də düşündüyüm kimi "evrika" deyilmiş, amma "yarımevrika" hüququmun yəqinliyində israrlıyam.   

Xatırladım ki, ixtisasca müəllim olduğum üçün ali məktəbdə Ə. Əlizadə kimi görkəmli psixoloqdan dərs almışam.

Diqqətin funksiya və növləri haqqında düşünəndə o qədər nəhayətsiz fikir başlanğıcları  aşkar etdim ki, özümü onların arasında dəryada üzən yağış damcısı kimi hiss etməyə başladım. İnsan ömrünün məhdudluğu, yaşın yorğunluğu, üstəgəl müxtəlif xəstəliklərin, naqis mühitin təsiri olmasaydı, dəryanı mövcud şəraitdə bütünlüklə yağış damcısının ixtiyarına təslim etmək olardı. Lakin oxucuya maraqlı olsun deyə diqqətin psixoloji xüsusiyyətləri, növləri haqqında bir qədər bəhsdən sonra əsas mətləbə keçmək fikrindəyəm.  

Beləliklə, diqqət bütün duyğu və dərketmə qabiliyyətinin bir mövzunu işıqlandırma səfərbərliyinə deyilir.

Mətləbə keçməzdən əvvəl oxucuların nəzərinə çatdırım ki, mən bu mövzuya iki istiqamətdən yanaşıram: anlayışa diqqət, qavrayışa diqqət. Bunlardan hər birinin ayrı-ayrı sahəsi var.  

Anlayış deyəndə bir neçə, yaxud saysız-hesabsız qavrayışların mücərrəd cəmi, yəni dünya hadisələrində bilavasitə iştirak etməyən obyektlərə diqqət nəzərdə tutulur.

Qavrayışa - obyektə diqqət, qeyd etdiyimiz kimi, özünün xarakterik xüsusiyyətləri baxımından daha çox psixologiyanın mövzusudur və təbii, böyük alimlər tərəfindən yetərincə işıqlandırılıb. Mənim araşdırdığım müəlliflərə gəlincə, onlar anlayışa deyil, qavrayışa diqqəti öyrənməyə cəhd göstəriblər. Fikrimcə, diqqətin metafizikası mövzu baxımından məhz anlayış çərçivəsində öz təşəkkülünü tapmalıdır. Postdiqqət termini altında izah olunanlar zahirən diqqətin metafizikasına oxşar olsa da, gerçək dünyanın hadisələrinə tətbiq olunduğu üçün onunla üst-üstə düşmür.

Qavrayışa - obyektə diqqət  
 
Müvafiq duyğu orqanlarının müəyyən hadisə, yaxud predmet üzərində cəmlənməsinə diqqət deyilir. İnsanın idrakı yuxuda da fəaliyyətdədir, lakin diqqət həmişə bu fəaliyyətə qoşulmur. O da məlumdur ki, biz diqqətli olaq, olmayaq, daima eşidir, baxır, fikrə gedir, hansısa işlə məşğul ola bilirik. Amma hadisələr və obyektlər məhz diqqətin köməyilə müəyyənləşdirilib "istifadəyə yararlı" vəziyyətə gətirilir. Bu məsələdə insanın şəxsi tələbatı ilə obyektin səciyyəvi xüsusiyyətləri arasındakı uyğunluq, vəziyyətin dəyərlilik dərəcəsi, davamlılıq müddəti mühüm rol oynayır. Məsələn, insanların 99,9 faizi Neptunda baş verən hadisələrlə maraqlanmır. Qalan 0, 8 faizilə Neptunun səciyyəvi xüsusiyyətləri arasında, nəinki uyğunluq, heç əlaqə vasitəsi də mövcud deyil. Bu onu deməyə əsas verir ki, ümumi ola, ya xüsusi, fərqi yoxdur, öz töhfəsini, əsasən, arzu və istəklərin həyata keçirilməsinə yönəldən diqqət, maraqdan çox obyektə tələbatdan, ehtiyacın ödənilmə mümkünlüyündən asılıdır. Qısası, diqqətli olmaq üçün mövzu dairəsi, ehtiyac, istiqamət, məqsədyönlü arzuetmə, şəxsin səciyyəvi xüsusiyyətləri vacib amildir. Diqqət olmasa, nə göz obyekti olduğu kimi görər, nə qulaq lazım olanı eşidər, nə burun qoxu duyar, nə ağız dadın necəliyini fərq edər, nə lamisə əşyanın sərtliyini, mülayimliyini yoxlayar. Hətta heyvan da tələbatını diqqətin sayəsində ödəyir. Orqan çatışmazlığına uyğun olaraq karlar və korlarda diqqət hərtərəfli, daha yüksək formada inkişaf edir.

Diqqətlilik insanlara, hadisələrə, cisimlərə münasibət baxımından baş versə də, insanın aldığı tərbiyə, öz üzərində işləmə, təkamül sürəti, tənəzzül dərəcəsi, sərvət meyilliliyi, əqidə prinsipiallığı, dünyagörüşü də bu məsələdə həlledici xüsusiyyətə malikdir. Diqqətli olmaq üçün ən vacib göstərici, əlbəttə, insanilik faktorudur.  

İdraki proses sayılan diqqət o biri idraki proseslərin də fəaliyyətini tənzimləyərək psixoloji hadisələrin müvəffəqiyyətlə əks etdirilməsinə şərait yaradır. Fəaliyyət növünün çətinliyindən, mürəkkəbliyindən asılı olaraq diqqətin saxlanma müddəti çoxala da bilər, azalar da. Digər tərəfdən, diqqətin müşahidə müstəvisinə daxil olan obyekt canlı da ola bilər, cansız da; təbiət hadisəsi də ola bilər, qeyri-təbiət hadisəsi də. 

Diqqətin əksi olan diqqətsizlik şəxsiyyətin xarakterik xüsusiyyətləri və müəyyən xəstəliklərin inkişafı səbəbindən baş verir.
 
Diqqətin funksiyaları
 
Diqqət fəaliyyətin tərkibindən asılı olaraq məlumatın qəbul edilməsi - obyektin tanınması baxımından ikiyə ayrılır. Birincisi, obyektə xaricdən diqqətdir ki, adından da göründüyü kimi, ancaq zahiri görünüşün təsviri üçün mühümdür: ağacın portreti. İkincisi, qavrayışdaxili, yəni intellektual diqqət növüdür ki, obyektin daxili xüsusiyyətlərini öyrənməyə yönəlir: ağacın təsnifatı. İntellektual diqqət düşündürücüdür, lakin bəzi istisnalar xaric, onu da anlayışa diqqətlə eyniləşdirmək olmaz.

Davamlı, yaxud situativ olmasından asılı olmayaraq diqqət məlum predmetin insan fəaliyyətindəki roluna və prosesin tələb etdiyi müddətə görə təyin edilir. Başqa sözlə, diqqət bir nöqtə, fikir, hadisə üzərində o vaxta qədər təsirini saxlayır ki, proses yekunlaşır. Əlbəttə, bütün obyekt və hadisələr dəyişikliyə məruz qaldığı üçün tam yekunlaşma deyə bir sərhəddən söhbət gedə bilməz.

Diqqətin əsasını, yuxarıda qeyd etdiyimiz kimi, məqsədyönlü arzuetmə və məlum predmet üzərində mərkəzləşmə təşkil edir ki, bu zaman şüurumuz lazım olan obyekt və fəaliyyətə doğru yön alır. Lakin şüurlu, şüursuz, diqqət elə prosesdir ki, məlumatların arasından ehtiyacına uyğun olanı seçir. Hətta qeştalt psixologiyada da diqqətin iki əsas növündən biri məlumatın seçilməsi, yəni diqqətin seçilmiş obyekt üzərində mərkəzləşməsi prinsipidir. Diqqətin obyekt üzərində konsentrasiyası, əsasən, obyektə olan dərin maraq və fəaliyyət növündən başlayıb dünya haqqındakı təsəvvürlərlə dəqiqləşir.

Diqqətin obyekti nə qədər əhatə etməsi, davamlılıq müddəti, həcmi, bir obyektdən digərinə keçidi, məlumat dəyişikliyi hadisələrin xüsusiyyətlərilə həmahəngdir. Yuxarıda söylənilənlərə istinadən belə bir fikrə gəlmək olar ki, diqqətin funksiyalarından biri, daha doğrusu, birincisi, obyektin, yəni məlumatın müəyyən olunmasıdır. Diqqətin növlərinə uyğun olaraq məlumatın əldə edilmə prosesi də müxtəlif istiqamətlidir: təsadüfi, məqsədyönlü, mücərrəd. Yəni diqqət dünyəvi hadisələrin, cisimlərin, varlıqların öyrənilməsinə vasitə olduğu qədər də mücərrəd obyektlərin dərk olunmasında idraki təminatçıdır: anlayışa diqqət.

Yuxarıda qeyd etdyimiz kimi, işin növündən, icra səviyyəsindən asılı olaraq diqqətin obyekt üzərində saxlanılması az vaxt da tələb edər, uzunmüddətli də ola bilər. Məsələn, bitkinin boyatma prosesini əyani izləməkdən ötrü diqqət uzun zaman tələb edir, lakin gülü budağından qoparmaq üçün bir neçə saniyə kifayətdir. Birinci misalda, həm diqqətin obyekt üzərində mərkəzləşməsi, həm də saxlanılması - nəzarət funksiyası işə düşür. Mürəkkəb psixoloji fəaliyyət olaraq bu funksiyalar diqqətin bütün hadisələrə nüfuz etməsinə, iradi baş tutan əməliyyatların mahiyyətcə izah olunmasına, eləcə də, müvafiq proseslərin məqsədəuyğun şəkildə təşkilinə rəvac verir.

Diqqətin cəmləşdirilməsi fərdin hiss etmə, intellektual fəallığının səviyyəsini yüksəldir ki, bu da öz növbəsində predmet və hadisələrə seçici yanaşmaq fürsəti yaradır. Diqqətin ən böyük funksiyası olan seçicilik hər hansı məsələdə, həm obyektləri necəliyinə görə bir-birindən ayırır, həm də fəaliyyətin səmərəliliyini təmin etmək üçün optimal variant seçir. Seçici diqqət hər hansı audial, vizual, kinestetik duyğuya verilən reaksiyadır ki, digər qəbul edilən məlumatların arasından yalnız birinə doğru yönəlmiş olur. Bu ona bənzəyir ki, hava limanında müxtəlif səs və müraciətlərin səslənməsinə baxmayaraq, ancaq öz uçuşunla bağlı məlumatları yadında saxlayırsan. Diqqətin müvafiq növü vacib olanı seçməklə gündəlik həyatımızda təsadüf etdiyimiz yüzlərlə lazımsız qıcıqlandırıcını dəf etməyimizə yardımçı olur və nəinki hadisələrin ayırd edilməsində, həm də hifz olunub qorunmasında insanların köməyinə çatır. İki hadisə və predmetin oxşarlıq, yaxud fərqlilik məsələsi də seçici diqqətin vasitəsilə müəyyən olunur.

Diqqət eyni zamanda bir neçə obyekt arasında paylana bilər. Paylanmış diqqət bütün obyektlər üzərində eyni həcmdə formalaşmır. Məsələn, beynin ayrı-ayrı hissələrini fərqli müşahidə obyektləri məşğul etməsinə baxmayaraq, diqqət onlar üzərində bərabər paylanmır. Daha doğrusu, diqqət paylanır, lakin onun həcmi üst-üstə düşmür. Müəllifin yazı prosesində telefonun mikrafonu vasitəsilə öz növbəsini izləməsi buna əyani misaldır. Avtomobil idarə edən hər kəs üçün diqqətin paylanması əsas şərtdir. Diqqətin paylanması eyni vaxtda iki və daha artıq müxtəlif işi yerinə yetirmək bacarığıdır ki, bir məqsədə tabe olan obyektlər üzərində uzun və fasiləsiz təsirin sayəsində mümkün olur. Paylanma diqqəti seçilmiş obyektdən başqalarına keçid etsə də, keçid edilmiş obyektlər ümumi məqsədə xidmət edir. Məsələn, tapşırığı yerinə yetirərkən şagirdin diqqəti dərsliyə, qaydalara, rəqəmlərə, riyazi işarələrə yönəlsə də, misalın həll prosesi fasiləsiz davam edir. Çünki burada bütün köməkçi obyektlər ümumi məqsədə - misalın həllinə vasitəçi olurlar.  

Diqqətin həcmi aydın dərk olunan obyektlərin ölçüsü ilə təyin edilir. Eyni vaxtda neçə müşahidə obyektini nəzarətdə saxlamaq mümkündürsə, diqqətin ümumi həcmi də həmin obyektlərin sayına bərabərdir, lakin yuxarıda qeyd etdiyimiz kimi, həcm ayrı-ayrı obyektlər üzərində bərabər toplanmır. Həcmin böyüklüyü prosesin qloballığı ilə ekvivalentdir.

Yaşadığımız süni intellektlər dövründə hazır proqramların köməyilə eyni vaxtda, eyni həcmdə bir çox sahəyə diqqət ayırmaq mümkündür, çünki bu zaman beynin düşündürücü yox, icraya nəzarət funksiyası fəaliyyətə başlayır.  

Paylanma funksiyası diqqətin bütün növü üçün eyni dərəcədə əhəmiyyət kəsb edir.  

Diqqətin bütün növü üçün keçərli sayılan digər funksiyası məlumatın faydalılıq naminə əvəzlənməsidir. Dayanmadan inkişafda olan texniki tərəqqi məhz məlumatın əvəzlənməsi funksiyasına görə diqqətə borcludur. Baş verənlər, yaxud predmet və hadisələr o zaman dəyişikliyə məruz qalır ki, daha köhnə variantlar öz səmərəliliyini itirmiş olur, yaxud müəyyən proseslərin aktuallığı növbəti mərhələlərdə effektivliyin itirilməsi şübhəsini yaradır. Filosof Seyid Hüseyn Nəsri qeyd edir ki, planetdə həyat üçün təhlukəli olan və bəşəriyyətin gələcəyinin aydın olmamasını şərtləndirən bütün meyillər yalnız "diqqət mərkəzini dəyişməklə", Tanrı ilə daha sıx əlaqə yaradılması yolu ilə başqa səmtə yönəldilə bilər və bunsuz bəşər ailəsinin vəhdətini təsəvvür etmək mümkün deyil. 

 





14.01.2022    çap et  çap et