525.Az

Səyyad Aranın 70 illiyi qeyd olundu


 

TANINMIŞ YAZIÇI VƏ İCTİMAİ-SİYASİ XADİM “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLDİ

Səyyad Aranın 70 illiyi qeyd olundu<b style="color:red"></b>

Yanvarın 14-də Azərbaycan Yazıçılar Birliyində yazıçı, publisist, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, Əməkdar jurnalist Səyyad Aranın (Salahlı) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açıq elan edən AYB katibi, yazıçı Elçin Hüseynbəyli bildirdi ki, Səyyad Aran öz yaradıcılığı ilə həmişə diqqət mərkəzində olan qələm adamlarından biri kimi oxucuların rəğbətini qazanıb: “Son vaxtlarda Səyyad Aranın iki kitabını oxumuşam. Xüsusən, “Başdaşı” romanı məni çox təsirləndirdi. O, Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə biganə qalmayıb, xüsusən, Qarabağ mövzusuna dəfələrlə müraciət edib. Xalqın milli problemlərini, ağrı-acılarını xüsusi həssaslıqla qələmə alıb, hadisələrə orijinal bədii don geyindirib”.

AYB-nin sədri, Xalq yazıçısı Anar yubilyarın uğurlu yaradıclığı ilə insani keyfiyyətlərinin paralelliyi barədə öz fikirlərini bölüşdü. S.Aranın bədii əsərlərində ortaya qoyulan məsələrin aktuallığı barədə söhbət açan Xalq yazıçısı, xüsusən, müəllifin “Təmizlik kağızı” əsəri haqqında düşüncələrini dilə gətirdi: “Repressiya hadisələrindən bəhs olunarkən, əsasən, ziyalıların, partiya işçilərinin başına gələn hadisələri qeyd edirlər. Bir neçə əsər var ki, repressiyanın kəndlərdə törətdiyi müsibətlərdən bəhs olunur. O baxımından, “Təmizlik kağızı” əsəri mənim diqqətimi cəlb eləmişdi. Hətta həmin əsərdən bəzi cümlələr də xatirimdədir. Bu roman milli tariximizi səciyyələndirən bir əsərdir. Son vaxtlarda qələmə aldığı “İrəvana gedən yollar” əsəri də olduqca təqdirəlayiqdir. Bu əsərdə şanlı Zəfərimizə inam, qələbənin ruhu var. Səyyad Aran bu gün hərb mövzusunda yazan ən yaxşı yazıçılarımızdandır”.

Xalq yazıçısı Anar Səyyad Aranı AYB-nin xüsusi diplomu ilə təltif edərək yubilyara xoş arzularını bildirdi.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının şöbə müdiri Rufiz Qonaqov partiya adından təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov adından ünvanlanan təbrik məktubunda Səyyad Aranın YAP siyasi şurasının üzvü kimi Azərbaycan ictimai-siyasi həyatında fəal mövqe tutması, milli-mənəvi dəyərlərə hörməti, Ulu öndər Heydər Əliyev ideyalarına sədaqəti, ziyalı və ləyaqətli vətəndaş mövqeyi yüksək qiymətləndirilib.

Xalq yazıçısı Çingiz Abdullayev S.Aranın müdrik insan olması, mənəvi təmizliyi barədə danışdı, şəxsiyyət və sənətkarlığının vəhdətdə olduğunu qeyd etdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Səyyad Aran haqqında fikirlərini bölüşərək yubilyara təbrikini çatdırdı: “Səyyad müəllim məndən 30 yaş böyükdür. Tale elə gətirib ki, mən Səyyad müəllimi 20 il əvvəl tanımışam. O zaman mən “525-ci qəzet”in müxbiri idim. Səyyad müəllimdən 50 illiyi münasibəti ilə müsahibə almışdım. Düz 10 il sonra, yəni 2012-ci ildə Səyyad müəllimlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində həmkar olmuşuq. Məhz 10 il sonra, 2022-ci ildə Yazıçılar Birliyinin “Natəvan” klubunda onun 70 illik yubiley tədbirində çıxış edirəm. 10 il sonra, Səyyad müəllimin 80 illik yubileyində də elə bu zalda ona təbrikimi ünvanlayaram.  Yazıçı Səyyad Aran, ictimai xadim Səyyad Salahlı, pedaqoq Səyyad müəllim... Bu üç müqayisədə pedaqoq Səyyad müəllim mənə daha doğmadır. Mən, sözün həqiqi mənasında, Səyyad müəllimdən çox şey öyrənmişəm. Səyyad Aranı 70 yaşı münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!”

Millət vəkili, akademik Nizami Cəfərov S.Aranın bədii yaradıcılığı, dil-üslub xüsusiyyətlərinin zənginliyi barədə söhbət açdı: “Səyyad Aran xalq dilini dərindən bilir. Hətta bədii əsərlərindən çıxış edərək aran dialektalogiyası ilə bağlı dissertasiya da yazmaq mümkündür. O, öz üslubu olan yazıçıdır. Əsərləri süjet xəttinə görə də olduqca maraqlı və oxunaqlıdır”.

Daha sonra Seyran Səxavət, Vaqif Yusifli, Əsəd Cahangir, Tehran Əlişanoğlu, Nikpur Cabbarlı, Elçin İsgəndərzadə, Yunus Oğuz və Qəşəm Nəcəfzadə yubilyar barədə fikirlərini bölüşərək ona təbriklərini çatdırdılar.

Mahmut Kaşğari Fondunun rəhbəri Elxan Zal Qaraxanlı öz ürək sözlərini dilə gətirərək Səyyad Arana fondun təsis etdiyi mükafatı təqdim etdi, ona həyat və yaradıcılığında uğurlar arzuladı.

Tədbirin sonlarına yaxın yayılan bir xəbər hamının sevincinə səbəb oldu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səyyad Adil oğlu Salahlı “Şöhrət” ordeni ilə təltif edildi. Bu xəbər həm yubilyarı, həm də digər tədbir iştirakçılarını olduqca sevindirdi, Sərəncamın elanı alqışlarla qarşılandı.
 
Nadir YALÇIN

 





14.01.2022    çap et  çap et