525.Az

Fəlakətin xəbərdarlığı - Xaqani Cəfərlinin siyasi şərhi


 

Fəlakətin xəbərdarlığı -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RTVI kanalına müsahibəsində Moskva ilə NATO arasında danışıqların Kreml üçün uğursuz keçməsi haqqında ifadələrindən sonra Moskva birjasında keçirilən əsas hərraclar zamanı Rusiya fond indeksləri 4 faizdən 6 faizə düşüb. Şimali Atlantika Alyansı ilə aparılan danışıqların dayandırıla biləcəyi haqqında nazir müavinin sözləri biznes dünyasını qorxudub və bir saat ərzində RTS indeksi 3 faizdən, Moskva birja indeksi isə 2 faizdən çox dəyər itirib. Bundan başqa, Rusiya rublu avro və dollar qarşısında xeyli zəifləyib. Avro 2,5, dollar isə 2,3 faiz bahalaşıb. Halbuki neft və qazın qiymətlərinin artmasına görə son günlər Rusiya rublunun möhkəmlənməsi müşahidə olunurdu. İndi isə rublun və birja indekslərinin dəyər itirməsi Rusiya üçün böyük iqtisadi fəlakətin xəbərdarlığı ola bilər.

ABŞ Konqresinin Demokrat Partiyasından olan bir qrup üzvü Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsi təqdim edib. Prezident Vladimir Putinə qarşı qadağaların da ilk dəfə olaraq yer aldığı sanksiya Rusiya iqtisadiyyatını tamamilə çökdürə bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu sanksiyaların iki dövlət arasında əlaqələrin qırılmasına səbəb olacağını bildirib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezin başçılığı ilə Demokratlar Partiyasından olan 25 nəfər konqresmen tərəfindən hazırlanmış və "Ukraynanın suverenliyinin qorunması haqqında akt" adlanan qanun layihəsi Rusiyaya qarşı çox ağır qadağaların tətbiqini nəzərdə tutur. Konqresdə çoxluğa malik Demokratlar Partiyasının təqdim etdiyi və şəxsən prezident Co Bayden tərəfindən dəstəklənən qanun layihəsinin Rusiyanın Ukraynaya hərbi təcüvüzü başlayacağı halda qəbul olunacağına şübhə doğura bilməz.

"Ukraynanın suverenliyinin qorunması haqqında akt"ın qanuna çevriləcəyi halda prezident Vladimir Putin başda olmaqla Rusiya hökumətinin aparıcı şəxslərinə, Baş nazir Mixail Mişustinə, xarici işlər naziri Sergey Lavrova və müdafiə naziri Sergey Şoyquya, Baş Qərargah rəisi Valeri Gerasimova, eləcə də ordu birləşmələrinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq ediləcək. Onlara qarşı viza qadağası tətbiq edilməklə yanaşı, ABŞ ərazisindəki sərvətləri və banklardakı dollar hesabları dondurulacaq.

Bundan başqa, Maliyyə Nazirliyi, Dövlət Departamenti və kəşfiyyatın altı ay ərzində prezident Vladimir Putinin, onun qohumlarının və yaxın iş adamlarının əmlakları haqqında ətraflı hesabat dərc etmək tapşırığı da sənəddə öz əksini tapıb. Şərti adı "Navalnının siyahısı" olan siyahıya Rusiyanın ən varlı 35 şəxsinin adı daxildir. Putinin yaxın qohumlarının və Rusiyanın zənginlərinin də sərvətlərinin üzərinə həbs qoyula bilər.
Ölkənin siyasi rəhbərliyi və zənginləri ilə yanaşı, maliyyə sektoruna qarşı da ağır sanksiyalar nəzərdə tutulub. Sənəddə "Qazprombank", "Sberbank", "Alfa-Bank", VTB, VEB.RF, RDİF də olmaqla Rusiyanın 11 iri bankına qarşı qadağaların tətbiq olunması da öz əksini tapıb.

Ağ evin də dəstəklədiyi qanun layihəsində bu qadağalarla yanaşı, Rusiyanın əsas və ikinci dərəcəli suveren borcları ilə əməliyyatların qadağan edilməsi, Rusiyanın hasilat sənayesinə qarşı sanksiyalar, habelə Rusiyanın SWIFT beynəlxalq bank sistemindən istifadə etməsinin əngəllənməsi təklif edilir. Bu, faktiki olaraq Rusiyanın SWIFT beynəlxalq bank sistemindən çıxarılması anlamına gəlir ki, keçmiş prezident Dmitri Medvedev bu addımı müharibə elanı ilə müqayisə edib.

Rusiyanın hasilat sənayesinə qarşı sanksiyalar isə ümumiyyətlə, iqtisadiyyatın dayanmasına gətirib çıxara bilər.

Bundan əlavə, sənəddə Pentaqona və Dövlət Departamentinə Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün müdafiə yardımının köçürülməsini sürətləndirmək çağırışı da qanun layihəsində yer alıb. Rusiyanın hərbi təcavüzə başlayacağı halda ABŞ büdcəsindən Ukraynaya əlavə olaraq 500 milyon dollar vəsaitin ayrılması da sənəddə öz əksini tapıb.

Qanun layihəsi Kremlin dezinformasiyasına qarşı səyləri genişləndirməyi, həmçinin, Rusiyanın təcavüzü ilə təhdid olunan əsas regional tərəfdaşlarla əlaqələri gücləndirməyi təklif edir.

Əgər xarici işlər nazirinin müavini Sergey Ryabkovun bir müsahibəsi Rusiyanın maliyyə sektoru sirkələnməsinə səbəb olubsa, "Ukraynanın suverenliyinin qorunması haqqında akt"ı qanun layihəsinin qəbul edilməsinin fəlakətə səbəb olacağı çox aydın görünür.

Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlasa, ABŞ-ın qəbul edəcəyi qadağalara Avropa Birliyinin və Böyük Britaniyanın da qoşulacağına şübhə yoxdur. Artıq bununla bağlı Brüssel və Londondan ard-arda açıqlamalar gəlməkdədir.

Vaşinqton Avropa Birliyi və Böyük Britaniyadan başqa, Yaponiya, Cənubi Koreya, İsrail və Hindistanı da bu sanksiyalara qoşulmağa sövq edə bilər. Venesuela və İranın vəziyyətini göz önünə gətirdikdə ABŞ-ın qadağalarının Rusiyanı hansı fəlakətlə üz-üzə qoyacağını düşünmək elə də çətin olmaz.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan Rusiyanın Latın Amerikasında, Venesuela və Kubada hərbi struktur yerləşdirə biləcəyinə Vaşinqtonun çox sərt cavab verəcəyini bəyan edib. Rusiyanın bu addımı İsveç və Finlandiyanın NATO-ya qəbulunu, digər namizədlərin üzvlük prosesini sürətləndirəcək.

Aydın görünür ki, Rusiya-ABŞ və Rusiya-NATO danışıqları Moskva ilə Qərb dünyası arasında gərginlikləri aradan qaldırmağa yardım etmədiyi kimi, gələcəklə bağlı bədbinliyi də artırır. 

 





15.01.2022    çap et  çap et