525.Az

Şəhid ruhuna vəfa borcumuz və sənət töhfəmiz


 

Şəhid ruhuna vəfa borcumuz və sənət töhfəmiz<b style="color:red"></b>

İstedadlı musiqişünas alim Əhsən Rəhmanlının "525-ci qəzet"in 2022-ci il 12 yanvar sayındakı "Ənənələri yaşadan novator sənətkar" adlı maraqlı məqaləsi çağdaş xanəndəlik sənətimizin azman ustadı Əlibaba Məmmədova, onun keçdiyi şərəfli sənət və yaradıcılıq yoluna, Azərbaycan mədəniyyətinə göstərdiyi uğurlu xidmətlərinə həsr olunmuşdu. Tədqiqatçı alim bu məqalədə çox mətləblərə aydınlıq gətirmişdi.

Etiraf etməliyəm ki, bu məqaləmi yazmaq arzum musiqiçi-bəstəkar Əhsən Rəhmanlının həmin məqaləsinin təsiri ilə gerçəkləşdi. Məqalənin bir məqamında Əlibaba Məmmədovun bəstəsi olan, qəzəlxan-şairimiz Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə yazılmış mahnıdan söz açılmışdı. Əlibaba Məmmədov bir zaman "Vətən yaxşıdır" adlandırdığı bəstəsinin daha sonra "Xudayar təsnifi" kimi oxunmasına razılıq verməsi ilə də xalqımızın təqdirini qazandı. 

Bütün xalqımıza məlumdur ki, 44 günlük Vətən savaşımızda canı ilə, qanı ilə müqəddəs Qarabağ torpaqlarımızın mənfur düşmənlərdən azad edilməsi uğrunda vuruşan qəhrəman Vətən övladlarımızın arasında Xudayar Yusifzadə adlı şəhid qardaşımız da var idi.

Qəhrəman övladımız, qürur mənbəyimiz Xudayar Yusifzadə

 

Azərbaycan tarixində şəhadət qanı ilə adını əbədi tariximizə həkk etmiş igid övladımıza Allahdan rəhmət diləyirəm! Müharibənin qanlı-qadalı günlərində Xudayarın oxuduğu "Vətən yaxşıdır" mahnısının onun qəhrəman dostları tərəfindən çəkilməsi və şəhadət şərbətini içdikdən sonra xalqımıza bu görüntünün göstərilməsi hər bir vətənsevər insanımızın könül dünyasını lərzəyə saldığı kimi, məni də qəm libasına bürüdü. "Kaş ölməyəydi, həyatda sağ qalaydı, xanəndəlik sənətini yaşadaydı" deyə bu təəssüf qarışıq, kədər dolu fikirlərim heç məni tərk etmədi. Ürəyimdə heykəlləşdi, gözlərimdə sənət əsəri kimi rəsmləşdi, xəyalımda əfsanələşdi Xudayar qardaşımız. Xudayar övladımızın ruhu qarşısında necə mənəvi borcumu verərəm deyə hey düşünürdüm. Fəqət bir yol tapa bilmirdim. Şükürlər olsun ki, mənəvi borcumu vermək imkanı gerçəkləşdi. 

Kiçik bir açıqlama gətirmək istəyirəm oxuculara. Qaziantep Konservatoriyasından məzun olmuş iki istedadlı tələbəm - Dünya Təkin və tarzən Yusif  Altundan söz açıram. 2015-ci ildə TRT-nin düzənlədiyi 3 aylıq müsabiqədə 6000 iştirakçı arasında qalib olan 5 nəfər səs sənətçisi xanımlardan biri Dünya Təkin idi. 2021-in oktyabrında Yusif Altunla mənə zəng edib bir ricada bulundular. "Xudayar təsnifini" ilk dəfə Türkiyənin "TRT Müzik" ekranından səsləndirmək istədiklərini bildirdilər. Fəqət bu musiqinin notunun olmaması səbəbi ilə mənim onu təcili nota yazmağımı xahiş etdilər. Təbii ki, Xudayar adını duyduğumda bir anlıq duyğulandım və qəhrəman şəhidimizə olan mənəvi borcumu yerinə gətirmək fürsətini qaçırmamaq üçün bir neçə saat ərzində mahnını dəqiq nota yazdım və internet adreslərinə göndərdim. 

Qeyd etməliyəm ki, Dünya Təkin  Zəfər Albayraqla birlikdə TRT-də "Dilhan" adlı proqramın aparıcısıdır. 

Nəhayət, "Xudayar təsnifi" TRT-Müzikin proqramında yer aldı.  

Tarzən Yusif Altun “Xudayar təsnfi”nin instrumental giriş bölümünü çalarkən

 

TRT-Müzikdə ilk dəfə səsləndirilən lent yazısını internetdə dinlədiyim zaman ifadan məmnun qalmaqla yanaşı, sonda Xudayarın adının da zikr edilməsi məni yenə kövrəltmiş oldu. Tələbəm Dünya isə Vahidin şeirinə bir misranı əlavə etməklə, igid övladımız Xudayar Yusifzadəyə vəfa borcunu bir daha yerinə  yetirdi: 

"Xudayar qardaşım qəhrəman oldu,
Adı da, özü də dastana döndü".

İfanın linkini təqdim edirəm:  https://www.youtube.com/watch?v=Z1VDgyLdBuo

Dünya Təkin “Xudayar təsnifi”ni oxuyarkən. TRT studyası 27 Noyabr 2021

 

Özü bu dünyada olmasa da, ismi Türkiyədə və türk dünyasında səsləndirilməklə qəhrəman övladımızın adının duyurulması, təbii ki, Şəhidlik zirvəsinə ucalmış mərd övladımızın onu sevənlərin qəlbində, ruhunda mənən yaşamasının isbatı idi. Və şükürlər olsun ki, şəhid qardaşımız Xudayar Yusifzadəyə mənəvi borcumu az da olsa verməyə nail oldum.

Xudayarın və digər igidlərimizin əfsanəvi qəhrəmanlıqlarından ilhamlanaraq "Azərbaycan əsgəri" şeirimi və bəstəmi "Ürəyimin nəğmələri" adlı kitabımda təqim ərmağan etmişəm:
 
Qarabağın xilaskarı,
Azərbaycan əsgəri.
Səngərdə oyaq əsgəri,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Vətən uğrunda şəhidsən,
Şəhidliyinlə şahidsən.
Dünyada təksən, vahidsən,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
 
Sən millətimin özüsən,
Sərhəddə baxan gözüsən.
Xalqımızın Haqq sözüsən,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri. 
    
Koroğlutək qoşunu çək,
Yağının sinəsinə çök.
Gavurun başına od tök,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
 
Qadan-bəlan mənə gəlsin,
Arzularım sənlə gülsün.
Vur zərbəni, düşmən ölsün,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
 
Yağı düşmən alçaq, alçaq!
Al tüfəngi, başına çax,
Şuşamdan qov, olsun qaçaq,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
 
Sərrast vuran ələ qurban,
Doğru deyən dilə qurban.
Qələbəli ilə qurban,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
 
Torpağımda gül bitir sən,
Türk dünyasına yetir sən.
Bu savaşı sən bitir, sən!
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.

 

 





15.01.2022    çap et  çap et