525.Az

Çətin və asan- "Məşhurların xanımları"


 

Rəhilə Gülgün

Çətin və asan- <b style="color:red">"Məşhurların xanımları"</b>

Az-çox tanınan şairin, yazıçının, ümumiyyətlə, istənilən tanınmış adamın xanımı olmağı bizim nəslin gənclik dönəmində (söhbət yetmişinci illərdən gedir) hansı gənc qız arzulamazdı?! O cümlədən, mən. Adıma şeir qoşulmasını istəməmişəm desəm, yalan olar. Amma bu xəyalın gerçək olacağını ağlıma gətirməmişəm. Deməli, taleyim, alın yazım olub.

az, çox, düz qırx bir ildi ki Vaqiflə bir yerdəyik. Bu iki igidin ömrüdü. Beş tələbəlik ilini çıxsaq qalan 35 il ailə payına düşür. Son nəfəsimə qədər davam edəcək həyat hekayəmin birgəlik tarixindən bir qəzet səhifəsinə sığan paylaşa bilərəm? Elə böyük istedad sahibi deyiləm ki, balaca sözlə böyük dünya yaradım...

lll

Aranda, yurdumuzun ərazicə kiçik, həddən ziyadə isti bir yerində, payızda doğulmuşam. Valideynlərimdən çox payıza bənzəyirəm .

Zərdabın əlli evlik kəndində, sadə ailədə bəxtəvər körpəlik yaşamışam.  Allah sevgisi ilə işıqlanan köhnə kərpic evimizdə nənə mərhəməti qanıma hopub. Babamın nağıllarından qanad taxıb uçmuşam. Dünyanın bütün xeyirxah yaxşı adamları Safura nənəmdən, Şamil babamdan sonra gəlir. Bu sıralama son nəfəsim üzülənə qədər dəyişməz qalacaq. Bununla belə Allahın lütf edib verdiyi ömrümün bu günə qədərki hər anı yaxşı adamların arasında keçib.

Atam-anam da sağ olsun, yaradanın izni ilə məni bu dünyaya gətirib, cəfamı çəkiblər. Onlara borcluyam. Amma bu günümə qədər həyatda yaxşı nəyə nail olmuşamsa bir elin ağsaqqalı Şamil babamın, altı para kəndin ağbirçəyi, çoxlarının iman-güman yeri Səfurə nənəmin xidmətidir.. Nənə-baba yanında böyüməyin ləzzətini onu dadanlar bilir. Bəxtim onda gətirib ki, hər kəsə örnək nənə-baba ocağında böyümüşəm. Onların tutduğu yol, ailə təcrübəsi yerişimə çıraq tutub. Onlardan hər şeyə yaxşı yöndən baxmağı öyrəndiyim üçün həyatın ən çətin sınaqlarına tablaşdım. Hər cümə günü mələk misalında olan o insanları anmaq həyat tərzimdir. Onların ruhu yolumu aydınladır,  gücümü artırır, həyata, ailəmə, uşaqlarıma, yaxşı olan varsa onlara bərk-bərk sarılıram. Nənəmə babama bağlı xatirələrim onların ruhu qədər toxunulmaz, əyilməz sınmazdır.

lll

İndi düşmən tapdağında inləyən Kəlbəcər bir vaxtlar aran camaatının yaylaq yeri olardı. May ayının sonundan avqustun axırınacan, rəhmətlik nənəmin dediyi kimi, allı-güllü yeylaxlarda- Ağcaqızın, Sariyerin dağ yamaclarında binə tutar, yayın dadını doya-doya çıxarardıq. On beş yaşadək hər yay o cənnət məkanın buz bulaqlarının suyundan içmişəm, sıldırım qayalara dırmaşıb dupduru səmaya əl yelləmişəm, dərələri, dağları, zümrüd meşələri, yamyaşıl məxmər yamacları əldən-dildən düşənəcən dolaşmışam, di gəl ki, doymamışam. Beçə balın,əmliyin dadı damağımda, kəklikotunun, qantəpərin, sarıçiçəyin, baldırğanın ətri indi burnumdadı...

Bir Sara nənə obrazı yaşayır uşaqlığımın yaddaşında. Ətli-əndamlı, zəhmli bir arvad idi. Başına bağladığı nimdaş yaylığının altından alnına sallanan qıvırcıq, gümüşü saçları ona vahiməli görkəm verir, ətəkləri topuğuna dəyən, rəngini çoxdan itirmiş qat-qat paltarı həmişə mer-meyvə, siqaret iyi verən konfetlə dolu, iri cibli arxalığı onu küpəgirən qarıya bənzədirdi.  Onu görən kimi qorxur qaçıb nənəmin böyrünə qısılırdım. Mən Sara nənədən qorxmurdum. Ondan xoşlamadığım iy gəlirdi. Mən o,qoxudan qaçırdım. Çox sonralar bunun mal-davar qoxusu olduğunu anladım. Sara nənənin xeyli inəyi, camışı vardı nənəmin dediyinə görə bu heyvanlar onların mudarası, yəni dolanışıq yeriydi. Onlar bu heyvanların südünü, qatığını, qaymağını satmaqla dolanırdı.

Nənəmlə Sara nənə bacılıq olmuşdular. Evimizdən ona, nəvəsinə çoxlu pay-pürüş aparardı. Sara nənə əvəzində,bəlkə təmənnasız hər gün bizə təzə sağılan süd, beçə balı qaymaq gətirər, nənəm qədər israr eləsə pulunu almaz, məni göstərib deyərdi:

Xətrimə dəyirsən, seyid qızı, bax o balacaya nənə payıdı. Uşağa fikir ver, bajı, bir dəri bir sümükdü. Dünyagörmüş adamsan, qarışdır balı qaymağa, doldur isti təndir çörəyinin arasına, ver yesin, əmələ gəlsin. Sara arvaddan qaçdığıma, onu həndəvərimə buraxmadığıma görə nənəm məni məzəmmət eləyər deyərdi:

Bala, onun görünüşünə baxma, yaxşı adamdı, mərd arvaddı, kişi qızıdı...

O vədələr bunları anlayacaq yaşda deyildim mənə görə o yenə pis nağıl qoxusu verirdi.

Kürd qızı  Sara arvadın dərdli hekayətini illər sonra öyrəndim.

On beş yaşın içindəydim. El yenə yaylaqdaydı. Aranlılar dağlılarla sarmaş-dolaş olmuşdular. Mənim gözüm Sara nənəni, onun, kəmağıl məzəli oğlu Yaqubu, çiynindən səhəngi heç düşməyən gəlini Qarateli, bir onun pırpızbaş oğlu yeganə yaylaq dostum Qurbanı axtarırdı. Ona çoxlu kitab, Yaquba saçaqlı konfet gətimişdim. Nənəm yaylığının ucu ilə nəmli gözlərini siləndə hər şeyi anladım. Sara nənə bir bulanıq gözləri ilə məni süzüb, nənəmə:

Seyid qızı, nəvən namxuda yaman yekələnif, qəşəhcə qız oluf, gözün üstündə olsun,-deyib bir daha göz vurmayacaqdı.

Doqquz oğuldan səkkizi nakam getmişdi bu dünyadan. Sonbeşiyi, Yaqubu gözündən ayırmaz, onu kimsəyə, Yaqubdan on yaş böyük arvadına belə etibar eləməz, körpə uşaq kimi öz əli ilə yedirib içirər,hara getsə yanınca aparardı...Haqqın dərgahına köçmüşdü mənim Sara nənəm. Çəmən-çiçək solmuş, başı buludları dələn qoca dağlar sisdən-dumandan görünməz olmuş, yaylaq anlamını itirmişdi... Mən o yay Sara nənəni bağrıma basıb doyunca öpəcək, qoxusunu dağ havası kimi sinəmə çəkəcək, Sara nənə, mən səni Səfurə nənəmi istədiyim qədər istəyirəm,-deyəcəkdim. Bəxtəvər yaddaşımda hələ Kəlbəcər nisgili yaşayır, böyüyür. Sara nənəmin ruhuna and olsun ki, bu nisgil bitəcək! Kəlbəcərlilər öz yurdlarına dönəcəklər. Nəvələrim Nəzrinə, Səfərə, Elmiraya, İsgəndərə birdə balaca nənəm-nəvəm Səfurəyə Kəlbəcərin gözü sayılan Taxtabaşında Sara xatun dastanını nağıl söyləyəcəyəm...

lll

Böyük şəhərə Vaqif şərqşünas, mən hüquqşünas  olmaq arzusu ilə gəlmişdik. Allah məni onun bəxtinə yazdığı üçün, o, 1972-ci ildə müsabiqədən keçə bilməmiş, növbəti il mənimlə təkrar imtahana gəlmişdi. Başqa cür necə ola bilərdi ki... Axı o mənim alın yazımdı...

1973- ildə hər ikimiz indiki Bakı Dövlət Universitetinin(o zaman Azərbaycanda yeganə universitet idi) jurnalistika fakültəsinin tələbəsi olduq.

Onu üçüncü kursadək demək olar ki, görmədim, duymadım. Sadəcə hər kəs kimi o da tələbə yoldaşım idi. Onun könlündə zaman yer almışam, ürəyini zaman titrətmişəm, deyə bilmərəm. Özü daha yaxşı bilir. Odlu-alovlu bir eşq yaşadıqmı?.. Yox!

Bir yaz günü dərs fasiləsində mənə bükülü vərəq ötürdü. Haçan arxamdakı partada oturduğunu hiss etməmişdim. Vərəqi açdım, zarafat  sandım. Biz heç dost da deyildik. Utancaq, söz deyəndə qıpqırmızı qızaran oğlanın mənimlə işi? Kağızda bir bənd şeir vardı o misralar könlümü yerindən oynatmağa yetdi. Əgər belə demək olarsa, həmin gündən siçan-pişik oyunumuz başladı. Mən ondan, o məndən qaçdı. Bir gün baxışlarımız toqquşdu siçan- pişik oyunu bitdi. zaman əl-ələ tutduq, zaman eyni yolun yolçusu olduq, Vaqif xatırlayır, mən...

Bir baxdıq oğul-uşaq sahibi, ev-eşik yiyəsiyik. Qırx ildən çoxdu doğru bildiyimiz yolla əl-ələ, çiyin-çiyinə əmin addımlarla gedirik. Ölüm bizi ayıranacan bu belə olacaq. O qədər yaxınıq ki, indi mən onun yerinə nəinki vəd verə, söz deyə, hətta and içə bilərəm.

Söz yazmağa var ki... Su içmək qədər asandır. Kəlmələri muncuq kimi ard-arda düzürsən sıralanıb gedir. İlk baxışdan illər asan yazılan kəlmələr kimi sürətlə ötür. Gözünü açıb-yummağa, geriyə boylanmağa macal tapmırsan. Ən əsası isə budur ki, geriyə boylananda keçdiyin yolda, yaşadığın ömürdə səni utandıracaq,qəhr edəcək, heç zaman arasını açmaq istəmədiyin bir səhifə yoxsa, sənə dikilən gözlərə şəstlə baxa bilirsənsə, demək ömrü bada verməmisən!

Asan yaşamamışıq. Enişlər, yoxuşlar, zamanın acımasızlığı, maddi sıxıntılar, evsizlik, kasıbçılıq... Bunlar bizim iradəmizin, səbrimizin qarşısında heç idi. Biz kirayədə yaşadığımız nəmli zirzəmilərdə belə yaşadığımız bol günəş işığı düşən mənzilimizdəki qədər xoşbəxt olmuşuq. Xoşbəxtlik ərmağan verilmir. O qazanılır. O insandan əmək istəyir, zəhmət istəyir. Hər kəs eşitsin duysun; Qapını döyüb başına tac qoyan, səni süd gölündə üzdürən sehrli qüvvə yoxdur olmayacaq.

İstəkli bəndə olduğuma, mənə könlünün xoş saatında həyat verdiyinə inanıram. Allahımdan, taleyimdən razıyam. yaxşı ki, Vaqifi mənim baxtıma yazıb. Nənə-babamdan sonra, yalnız onun simasında insanın dünyanın əşrəfi olmasına dübarə inandım. Vaqif böyük yanında böyükdü, uşaq yanında uşaq, şeytan qarşısında isə həmişə mələkdi. Qarışqanı tapdamağa qıymaz. Ən yorğun, lap üzgün vaxtında belə ürəyimi qırdığını, baldan acı bir söz dediyini xatırlamıram. Mərhəmətli, gözü-könlü toxdu. Biri təzə ev tikər, ona sevinər, biri oğul evləndirər, qız köçürər ona fərəhlənər. Geniş qəlbində hər kəsə yer var. Dosta, qohuma, qardaşa...Mənim yerimsə fərqlidir. İstəsəniz bunu  bir zarafat sayın, hər zarafatda bir gerçək olduğunu isə yaddan çıxarmayın.  

Bənzərsiz insan Vaqifin üç övladının anası olmaqla yanaşı, həm Azərbaycan ədəbiyyatında özünəməxsus yer alan, cəmiyyətdə bir şəxsiyyət olaraq yaxşı görünən dolğun bir şairin xanımıyam. Qürur duymuram desəm, doğru olmaz. Onu sevənlər, yaradıcılığına dəyər verib, şəxsiyyətinə hörmətlə yanaşanlar sadəcə bir Vaqifi, şair Vaqif Bəhmənlini tanıyırlar. Mənsə, həm şair, həm insan Vaqifi ovcumun içi kimi tanıyıram. Onunla dil tapmaq çox asandı. Saçı boş yerə ağartmamışam ki... İkicə dəqiqəyə onu quzu balasına döndərə bilirəm. Amma bütün hallarda şair Vaqif Bəhmənliyə baxıram bu zaman görürəm ki, nəinki məni, hətta qəribi ağlamaq tutur. Allaha and olsun ki, şairlə yaşamaq çətin deyil, heç asan da deyil... Çox istərdim ki, bu söhbətimiz şair Vaqif Bəhmənlinin həqiqətən yalnız mənə yazıldığına inandığım şeirləri ilə davam etsin.  

  

 

Rəhilə xanım üçün doqquz şeir

 

 

BİR ƏBƏDİ SEVGİ

 

Bir əbədi sevgim var

dəyişmərəm ağrısını

dünyanın ən böyük

xoşbəxtliyinə.

Bir əbədi sevgim var

ürəyimdə,

damarlarımda,

gicgahımda döyünər.

 

Bir əbədi sevgim var;

qaranlığı

min qat yaxşıdı

göy üzünün

gülümsər aydınlığından,

kirpiklərinin kölgəsi

çox-çox sərindi

cənnət bağından...

 

Bir əbədi sevgi

yalanlardan uzaq,

riyadan uzaq...

Kəpənək qanadları kimi

davamsız

röyadan uzaq.

Bir gün ağlasam

gülləndirən

gözümün yaşlarını,

ölsəm bir gün

dilləndirən

qəbrimin daşlarını

bir əbədi sevgim var.

Bir əbədi sevgi...

yaranışdan yaranıb

evimə, eşiyimə,

ömrümə

nur calamağa,

Səhərlər oyadır

günəş telləri kimi

ilıq barmaqlarıyla,

çay dəmləyir mənə,

Sonra da başlayır

oğlumun beşiyini

   yırğalamağa

bir əbədi sevgi...

 

UŞAQLAR KƏNDDƏDİ

 

Sükut hakim olur yola, dalana,

Evimiz boşalır bir dəfə ildə.

Əlüstü deyirik xəbər alana:

Uşaqlar kənddədi, nənəsigildə.

 

Eyvanda səbətə qalaqlanıb, bax

Yalançı tüfəng , ayı da, fil .

Ləzzətlə dincəlir oyun-oyuncaq

Uşaqlar kənddədi, nənəsigildə.

 

Rəhilə unudur qazan asmağı,

Hikkəli kəlmələr cücərir dildə.

Bircə səbəbi var qoşa susmağın;

Uşaqlar kənddədi, nənəsigildə.

 

Açıq pəncərədən yola göz dikir

Pas tutmuş güldanın içində gül .

Qarışır beynimdə neçə söz, fikir

Uşaqlar kənddədi, nənəsigildə.

 

Poçtda xanımlara boğaz çəkirəm

Ay bacı, rayonu... telefon əldə.

Bu dərdi beləcə, hər yaz çəkirəm...

Uşaqlar kənddədi, nənəsigildə.

 

HƏMİŞƏ GÖZƏL

 

Paltar vannasından çıxmayan əlin

qırışdı, desəm, incimə.

İşıq saçan qızıl telin

qarışdı, desəm, incimə.

Güləş gözün kədərlə

barışdı, desəm, incimə.

Çox yaşıl gülümüzü

olsun xəzəl eləyib;

Həyat səni, əzizim,

bir az da gözəl eləyib.

 

SƏNƏ DƏRD YARAŞIR

 

Bizi alqışın saxlar

Deyimmi, deməyimmi?

Gül şaxısan, uşaqlar

Zərif kəpənəyindi.

 

Mələklər köynək sərir

Cənnət gülünə, sanam:

Səni gözəl göstərir

Paltar yuduğun vanna.

 

Qismətin bahar sənin

Püşkünə seçilibdir.

Dünyada var sənin

Boyuna biçilibdi.

 

Gələr, ya gözə gəlməz

Hardandı bu yaraşıq?

Sevincin sözə gəlməz,

Sənə dərd yaraşır...

 

ÖZÜMÜZ OLANDA

 

Sayı min-min, qat

ı çin-çin

Arzumuz olanda yaxşıydı.

Çəpər dibində, çiçəyim,

İzimiz olanda yaxşıydı...

 

Körpə könlə qada salan,

Baxmaq ilə oda salan

Bir cüt şamı yada salan

Gözümüz olanda yaxşıydı.

 

Gecə keçsin, kimdi yatan,

Kimdi bizdən xəbər tutan?

Kol qanadan, tikan batan

Dizimiz olanda yaxşıydı.

 

Alışığı sən gətirən,

Çırpısını mən gətirən,

Gecəmizə gün gətirən

Közümüz olanda yaxşıydı.

 

Qəm piltəli iki çıraq...

Alışmağa yoxdu maraq!

Basdı bizi oğul-uşaq

Özümüz olanda yaxşıydı,

İkimiz olanda yaxşıydı.

 

HƏYAT HAQQINDA

 

yaxşı ki, anam olub,

yaxşı ki, atam olub,

yaxşı ki,

mən olmuşam sonra da.

 

yaxşı ki, anan olub,

yaxşı ki, atan olub,

yaxşı ki,

sən olmusan sonra da.

 

yaxşı ki, Vətənimiz eynidi

İlk yuvamız torpaq olub, yer olub.

Üstümüzə qanad sərib göy üzü,

yaxşı ki, günəşimiz bir olub.

 

yaxşı ki, uçmamışam qayadan,

yaxşı ki, yanmamısan odda sən.

yaxşı ki, düşməmişəm ağacdan,

yaxşı ki, batmamısan suda sən.

 

Bir sevginin hərarəti, istisi

Beynimizi qarışdırıb yaxşı.

Dilim yanar taleyimə pis desəm,

Tale bizi görüşdürüb yaxşı.

 

Bu səadət ölənəcən bəsimdi

Sənin necə... arzun hələ çoxdumu?

Yanar qəlbə sərinlikdi, nəsimdi

yaxşı ki, səsi gəlir oğlumun.

 

yaxşı ki, bir ata var hardasa

Güclə dözən körpəsinin nazına.

yaxşı ki, bir ana var hardasa

Şirin-şirin layla çalır qızına...

 

BARMAĞINI QATLA GÖRÜM

 

Ürəyim gül parçasıdı:

Hər edib, dilim edib.

İnsaf kimi seçəsidi,

Kim kimə çox zülm edib??

Barmağını qatla görüm.

 

Hicran ki, var şükür yenə...

Bu da bir növ ərmağandı.

Dağ sinəmdə çatıb minə,

Əllərində barmaq ondu

Barmağını qatla görüm.

 

Mənə yağan, məndən yağan

Acı qalsın, şirini say.

Uşaqlığı qoy qırağa,

On yeddidən birini say

Barmağını qatla görüm.

 

Qəm düzündə xışı çəkən

Yaddan çıxıb dönüb yada.

Dərdi məndən yaxşı çəkən

Adam varmı bu dünyada? –

Barmağını qatla görüm.

 

Aramızdan yel əsib

Namərd olub duymamışam?

Yar yolunda indiyəcən

Kim özünü qurban kəsib,

Mən canıma qıymamışam

Barmağını qatla görüm?

BU BİZİKMİ

 

Dörd divarın soyuğundan

qar yığırıq,

buz çəkirik, əzizim,

ağrıdı, bu ağrılar

biz çəkirik, əzizim?

 

Hanı, hanı uçduğumuz

uça-uça

göy üzünü qucduğumuz, əzizim?

Bunca bizi yoran nədi,

Gözümüzə durub-durub

dizimizi qıran nədi, əzizim?

 

Saçlarını topa yığan

Bantın hanı,

İçi kitab, dəftər dolu

çantan hanı, əzizim?

 

Gül bağından gül adına

gül üzənin necoldu?

Sarı sünbül saçlarına

gül düzənin necoldu?

 

Əldə qırıq acı badə,

Şirin çağlar düşmür yada

Rüzgarların caynağında

Dörd cüt qanad getdi bada, əzizim...

 

Gəlmişikmi, görmüşükmü,

olmuşuqmu bu dünyada, əzizim?

 

Yadlara bax...

Qəşş eləyir,

doğmalar da gülür bizə ?

Bu iki deyingən qoca bizikmi

əyləşmişik diz-dizə?..

Allah, ölüm ver bizə,

Allah, ölüm ver bizə!..

 

lll

 

Çöldə tufan. Çölü kəsir

Evim çox-çox aralıda...

İçəridə içim əsir;

Könül qapım aralıdı...

 

Çöldə tufan. Mobil səsi

Telefonda sənin adın.

Yad ellərdə doğma kəsi

S

oruşacaq doğma qadın...

 

Qapım açıq. Çöldə tufan

Huşummu var, Allah kəssin...

Durum örtüm, uzaq yoldan

gələn səsin üşüməsin.


Hazırladı
: 

Məhəbbət HACIYEVA

 





12.05.2014    çap et  çap et