525.Az

Bir yer var... - Türkan Turan yazır


 

Bir yer var... -<b style="color:red"> Türkan Turan yazır</b>

Mövlananın çox sevdiyim bir fikri var, "Bir yer var, iyiliğin və kötülüğün ötesinde, seninle orada buluşacağız" - deyir. Dərin, işıqlı, insanı həyatdan dördəlli yapışmağa sövq edən, pisliklərin varlığını unutduran bir deyimdir. Elə ki, fikrin sehrindən çıxıb başını yana çevirirsən, görürsən ki, pisliklər yan-yana düzülüb üzünə irişir. Pisliyin yoluxucu xəstəlikdən daha sürətlə yayılan bir xüsusiyyəti var. Məhv etmək ehtirası ilə yaşayırlar bu "xəstəliyin" daşıyıcıları. Bir dəfə qırırlarsa, ardınca dağıntı gəlir, bir dəfə kəsirlərsə, sonrası yerlə-yeksanla tamamlanır, bir dəfə şiddət göstərirlərsə, sonrası qətlə calanır. Narkotik kimidir, qana qarışdısa, hər dəfə daha artığını tələb edir. Daha çox qışqırıq, daha çox fəryad duymaq, daha artıq qan, yara görmək istəyir. Sərhədləri yoxdur, dayanacağı nöqtəni bilmir. Başladığı "işin" axırına çıxana qədər davam edir. Məsələn, hər dəfə qadın qətillərindəki təfərrüatları araşdıranda bir insanın nə qədər pis, vəhşi, mərhəmətsiz, şüursuz ola biləcəyinin fərqinə varırsan. O an canını vahimə bürüyür. Bir neçə gün öncə keçmiş televiziya əməkdaşı Nahidə Həsənovanın əri Orxan Alıyev tərəfindən qəddarcasına öldürülməsi beynimdə pisliyi və yaxşılığı yenidən götür-qoy etməyə vadar etdi. Öz-özümə düşündüm ki, yaxşı insan belə bir cinayət törədə bilməz. Bu, yaxşı insanlar qüsursuzdur, adam öldürə bilməzlər anlamına gəlməsin. Yaxşı insan da adam öldürür, zərər verə bilir. Amma bu, ani bir məqamda, təsadüfən, bilmədən, qəza ilə baş verir və ömür boyu törətdiyi əməlin əzabını çəkir, özü-özünə cəzaların ən böyüyünü verir. Pis insan isə Orxan Alıyev kimi əvvəlcə arvadına fiziki, mənəvi, psixoloji şiddət göstərir, sonra bıçaqlayır, ürəyi soyumur, hamamın vannasında balta ilə doğrayır, ən axırda da onu videoya çəkib ətrafındakı insanlara göndərir, sosial şəbəkədə paylaşır. Bu qətli törədənə qədər onun arvadına necə bir cəhənnəm həyatı yaşatdığını təxmin etmək elə də çətin deyil. Şiddət göstərən, mütəmadi dava salan, heyvanlara zərər verən, uşaqları döyən, qadınları qanına qəltan edən, ağacları kəsən, rüşvət alan, başqasını aşağılayan, alçaldan, sosial şəbəkədə ona-buna ağzına gələni yazan, fərqli olana nifrət edən, irqçilik, bütün buna bənzər hallara haqq verənlər əlbəttə, yaxşı insan deyillər. İnsan yaxşı ilə pisin qarışımından ibarət bir varlıqdır. Tamamilə yaxşı və tamamilə pis deyə bir anlayış mümkün deyil. Zülmətin də işıq sızan bir yeri olur. Təbii ki, o zərrəni görən üçün... İnsanın nəyə meyl etdiyi, nəyi çoxaltmağa çalışdığı, nəyi seçdiyi onun həyatını formalaşdırır. Qurub yaratmağa çalışan adamlar bu işlərdən uzaqdırlar, çünki onların məqsədləri, hədəfləri bəllidir. Yaratmağı bilməyən insanlardır yox etməyə çalışanlar. Bu insanların içində idarə edə bilmədikləri bir şiddət dolaşır, onları güc oyununa girməyə sövq edir. "Yaradıcı şiddət" gücsüzlükdən doğan, gücsüzlüyü yaradan bir növdür. Buna sadizm də demək olar. Sadizmin kökündə isə sadəcə başqalarına acı vermək deyil, həm də digərinin üzərində iqtidar qurmaq, onun "Tanrısı" olmaq, onunla istədiyi kimi oynamaq, yönləndirmək dayanır. İnsanın içindəki pisliyi qidalandıran daxildə bəslədiyi şiddətdir. Hər keçən gün "insanlığın üz qarası" deyiləcək şəxslərin törətdiyi dəhşətli əməllərə şahid olmaq, xəbər tutmaq ağırdır. Bütün dünyada pisliyin faiz dərəcəsinin yaxşılıqdan daha artıq olduğunun hamımız fərqindəyik. Bunun artan xətt üzrə dayanmadan irəlilədiyini də görürük. Bu vəziyyətlə başa çıxmağın yolu insan həyatının, yaşamağın hər şeydən daha əhəmiyyətli olduğunun fərqinə varmaq, yaxşı olmaqdan ümidi kəsməməkdir. Yalnız bu halda yaxşılığın boyu pisliyi ötüb keçəcək. "Faiz dərəcəsinin" dəyişdiyi gün mütləq gələcək. Həmin vaxta qədər Mövlananın fikrinə sarılaraq yaşayaq. Bəlkə, bir gün "o yerdə" görüşdük!

 





16.01.2022    çap et  çap et